Səbəb nədir: sürücü, yoxsa piyada məsuliyyətsizliyi?
Rəsmi məlumata görə, 2019-cu ilin ötən 11 ayı ərzində Bakıda 488 yol-nəqliyyat hadisəsi baş verib ki, onlardan 294-ündə piyadalar avtomobillə vurulub. Bu qəzalar nəticəsində 107 nəfər həlak olub, 187 nəfər yaralanıb. Təkcə bu il dekabrın 10-da Bakıda bir gün ərzində 4 piyada vurularaq öldürülüb. Məsələyə dair artıq rəsmi qurumlar da həyəcan təbili çalır, xəbərdarlıqlar edirlər. Bəs səbəb nədir - sürücü, yoxsa piyada məsuliyyətsizliyi?
Xatırladaq ki, bugünlərdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov qeyd edib ki, piyadalar çox zaman sutkanın qaranlıq saatlarında işıqlandırılmamış yerlərdə maşın altına düşür:
“Amma yerüstü və yeraltı keçidlərin yaxınlığında da piyadaların vurulması halları olur”. Vaqif Əsədov da qeyd etmişdi ki, hadisələrin çoxunda günah təkcə sürücülərdə yox, həm də piyadalarda olur:
“Piyadalara tövsiyə edirik ki, yol hərəkəti qaydalarını pozmasınlar, xüsusilə də günün qaranlıq və işıqlandırılmayan ərazilərində hərəkət edərkən piyadalar üçün nəzərdə tutulan səkilərdən, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etsinlər, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməməyə çalışsınlar, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər.
Ekspertlər də qeyd edir ki, piyadalar əsasən keçidlərdən istifadə etmədikdə qəza ilə üzləşirlər. Qeyd edək ki, hazırda qadağan olunan yerlərdə və ya işıqforun qırmızı işığında yol keçdiyinə görə piyadalar 18-20 manat həcmində cərimə olunur. Lakin bu məsələ də piyadaların keçidlərdən istifadə etməməsinin qarşısını ala bilmir.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a danışıb:“Ümumiyyətlə, piyada vurulması hadisələri bir çox səbəblərdən baş verir. Təbii ki, burada piyadaların məsuliyyət məsələsi öndə gəlir. Əksərən görürük ki, bir çox piyadalar yol hərəkəti qaydalarını qəbul etmirlər, ya da ki həmin qaydalardan məlumatları yoxdur. Piyadalar istədikləri cür yolu keçir, hərəkət edirlər. Təbii ki, bunun sonradan fəsadları da ağır olur.
Digər səbəblərdən biri infrastrukturun qaydasında olmamasıdır. Məsələn, piyadalar üçün normal şərait demək olar ki, yoxdur. Yol hərəkəti qaydalarında qeyd olunub ki, piyada keçidləri arasında məsafə yaşayış məntəqələrində 150-300 metr, yaşayış məntəqələrindən kənarda isə maksimum 300-700 metr olmalıdır. Heydər Əliyev, Nobel prospektlərində müşahidə apardıqda görürük ki, heç 700 metrdən bir piyada keçidi yoxdur. O cümlədən Bakı kəndlərində bu məsələ problemdir və insanlar əziyyət çəkir. Belə hallarda aidiyyəti qurumları məhkəməyə vermək lazımdır ki, nəhayət, onlar məsuliyyəti dərk etsinlər. Onlar dövləti, yol təhlükəsizliyi komissiyasını aldadır. Çox təəssüf ki, bəzən komissiya kor-koranə işlərə imza atır, normal yollar çəkilmir, amma komissiya onu istismara qəbul edir.
Daha bir məsələ, keyfiyyətsiz boyalarla piyada keçidləri çəkilir. Lakin 3 aydan bir həmin boyalar avtomobillərin təkərləri altında itib-batır. Axı bu boyalardan dünyanın hər yerində istifadə olunur. Amma bizdən fərqli olaraq xarici ölkələrdə həmin boyalar itmir. Sonradan məlum olur ki, yollara keyfiyyətsiz boyalar çəkilir.
Digər məsələ yolların işıqlandırılması ilə bağlıdır. Müşahidə edirik ki, saat 12-dən sonra işıqlar söndürülür. Bəzi qəzaların səbəbi də məhz işıqlandırma ilə bağlı olur. Halbuki 3 ay bundan əvvəl ölkə başçısı müşavirələrin birində qeyd etmişdi ki, yolları işıqlandırmaq lazımdır. Hətta bütün məhəllədaxili yolların işıqlandırılmasının təmin olunmasını qeyd edib. Amma Azərbaycan Avtomobil Yolları deyir ki, bunu Bakı Şəhər İcra Hakimiyyəti etməlidir, o biri tərəf isə agentliyin üzərinə atır".
Ekspert sürücü məsuliyyətsizliyindən də söz açıb: “Sürücülər bəzən avtomobilin qış rejiminə hazır olub-olmamasını yoxlamadan uzaq səfərlərə çıxır, avtomobilin hava filtrini təmizləmir, bu zaman salonda pis hava yaranır ki, bu da sürücünün rol arxasında yuxulamasüna səbəb olur. Digər tərəfdən təkərlər qaydasında olmur.
Peşəkar olmayan sürücülər tez-tez səfərlərə çıxır, qarlı-buzlu yollarda rayonlara gedirlər. Nəticədə ağır qəzalar baş verir. Adi avadanlıqlar olur ki, onu vaxtında təmir etmirlər. Məsələn, qarlı havada yola çıxarkən mütləq təkər üçün nəzərdə tutulan zəncirlərdən istifadə etmək lazımdır. Elə avtomobil var ki, buzun üstündə heç bir saniyə də dayana bilmir. Azacıq sürüşmə olan kimi, arxa-qabağı bir-birinə qarışır. Bəzən sürücülər yolda hansı nişan qoyulubsa, sürəti ona görə uyğunlaşdırır. Lakin yol-hərəkəti qaydalarında bildirilir ki, sürücü mütləq pis hava şəraitində sürəti uyğunlaşdırmalıdır. Sürücü sürəti normal hala salmalıdır ki, ən azı 150 metr önü görsün. Piyadalar da çiskinli havada, görüntü məhdud olduğu zaman harada gəldi yolu keçir. Bəzən sürücü onu görmür və piyadanın vurulması hadisəsi baş verir".