Cenub.az Kulis.az-ın yazıçı-dramaturq Əli Əmirli ilə müsahibəni təqdim edir.
- Əli müəllim, bu yaxınlarda “Ağdamda nəyim qaldı” adlı kitabınız çap olundu. Bu torpağı, vətəni işğal altında olan yazıçının hesabatı idi, ya mənəvi ehtiyac?
- Yox, mən bu əsəri Ağdamın işğalı ilə bağlamaq istəməzdim. Əsər yazılanda mənim artıq 67 yaşım vardı. Əsər bu yaşa gəlib çatmış yazıçının çoxdan içərisində qalmış, həyatının müəyyən məqamlarına aid unudulmuş xatirələrinin ifadəsidir. Şübhəsiz ki, əsərdə bəhs olunan mühit Ağdam mühitdir. Orada mənimlə, mənim ətrafımla bağlı baş verən hadisələr, əhvalatlar Ağdamın fonunda nəql olunur. Özümdən, tanıdığım adamlardan yazanda istər istəməz onları mühitdən aralaya biməzdim. Ağdam obrazı o əsərdə öz-özünə yaranırdı. İndi biz həmin əsəri oxuyanda işğalda olan Ağdamı görürük. Daha doğrusu həm də işğaldan əvvəlki dövrünü görürük. Hansı ki, həmin dövr artıq bir şəkil kimi solğunlaşır. Əsərdə əlbəttə ki, Ağdamın işğalı ilə bağlı ağrı da var, xiffət də. Bu səbəbdən də kitabdakı əhvalatlar oxuculara məhz işğal baxımından təsir edir.
- Qarabağ müharibəsi Əli Əmirli yaradıcılığına nə dərəcədə təsir göstərib?
- Qarabağ mənim yaradıcılığımda hər yerdə var. Amma sizin dediyiniz rakursdan yanaşanda 1993-cü ildə yazdığım “Bala bəla sözündəndir” pyesimdən başqa heç bir əsərimdə Qarabağ mövzusuna müraciət etməmişəm. Bu pyesi də yazarkən məsələyə komik prizmadan yanaşmışam, vətənin müdafiəsində qorxaqlıq göstərən, qaçan insanları tənqid eləmişdim. Daha doğrusu, onları gülüş hədəfinə məruz qoymuşam. O dövrdə əsər insanlar çox güclü təsir etmişdi. Mən öz tərəfimdən müharibəyə məhz bu cür yanaşmışdım. Amma ondan sonra müharibə mövzusuna demək olar ki, müraciət etməmişəm. “Ağdamda nəyim qaldı” romanı da əslində müharibə mövzusu deyil. Sadəcə olaraq xatirimdə qalan, gənclik illərindən qəlbimdə, xatirələrimdə yaşatdığım Ağdamdır. İstər-istəməz Ağdamda nəyim qaldı deyəndə işğalda olan Ağdamdan söhbət getmir. Bu, daha çox on yeddi yaşında Ağdamdan çıxan gəncin oralarda nəyi qalıb anlamındadır.
- Bu gün dramaturgiyaya maraq azdır. Gənclər isə əsasən romançılığa meyl edir. Müasir dramaturgiya barəsində danışanda ən çox sizin və Elçinin adı yada düşür. Sizcə dramaturqlarımız niyə bu qədər azlıq təşkil edir?
- Dramaturgiya bədii ədəbiyyat janrlarının içərisində ən çətinidir. Və dramaturgiya ilə məşğul olmağın çoxlu şərtləri var. İlk növbədə hələ uşaq yaşlarından teatra bələd olmaq lazımdır. Siz indicə Elçinin və mənim adımı çəkdiniz. Baxmayaraq ki, bizim başqa dramaturqlarımız da var, amma nədənsə dramaturgiya deyilən kimi Elçin və Əli Əmirli yada düşür. Elçin İlyas Əfəndiyevin, dramaturqun ailəsində böyüyüb. O, gözünü açıb teatrı görüb. Mənim özüm də teatral mühitdə böyümüşəm. Hələ gənclik illərindən teatrı sevirdim, dramaturgiya ilə çox məşğul olurdum, çoxlu əsərlər oxuyurdum və teatrda nümayiş olunan bütün tamaşalara gedib baxardım. Mənim necə dramaturq olmağım “Ağdamda nəyim qaldı” kitabında öz əksini tapıb.
- Əli müəllim, vaxtıyla Nazirlik dram əsərləri ilə bağlı müsabiqə elan etmişdi. Müsabiqənin şərtlərinə əsasən yaş həddi otuz beşə qədər təyin olunmuşdu. Amma müraciət edən olmadığından sonradan bu yaş həddi götürüldü.
- Birinci dəfə nazirlik yaş həddi müəyyən edəndə heç kim yox idi. Otuz beşə yaxın pyes qəbul olunmuşdu. Sizi inandırım ki, o pyeslərin içərisində xoşa gələ biləcək heç nə görmədim. Müşahidələrimdən belə qənaətə gəldim ki, pyes göndərənlərin yetmiş faizi ümumiyyətlə dramaturgiyanın nə olduğunu bilmir. Hətta belə bir pyes vardı, əvvəli pyes kimi başlasa da, sonunda “filmin sonu” sözləri yazılmışdı. Yəni vəziyyət bu qədər gülməli idi. Ona görə deyirəm ki, dramaturgiyanı bilmək, mənimsəmək üçün əvvəldən bu mühitin içərisində olmalısan. Çünki dramaturgiya çətin janrdır. Bilirsiniz, kənddən çıxıb şeir qoşmaq, müəyyən təhsil alandan sonra hekayə də yazmaq olar. Ancaq pyes yazmaq üçün müəyyən mədəni səviyyə, mühit lazımdır.
- Axı İlyas Əfəndiyev də kənddən gəlmişdi...
- Qanunauyğunluqlar və istisnalar var. Aydın məsələdir ki, Sabit Rəhman da, İlyas Əfəndiyev də kənddən paytaxta gəlmişdilər. Amma bununla yanaşı onlar teatrı kifayət qədər mənimsəmişdilər. Teatrdan xəbəri olmayan insan heç vaxt pyes yaza bilməz. Dramaturq çoxlu pyes oxumalı, geniş mütaliəsi olmalıdır. O, teatrın, səhnənin nə olduğunu yaxşı biləndən sonra pyes yazmalıdır. Yəni bu mənada yenə də deyirəm, insanın çıxdığı mühitdən çox şey asılıdır.
Dramaturgiya ədəbiyyatın ən konservativ, ən mühafizəkar növüdür. Misal üçün, 2500 il əvvəl Aristotelin dramaturgiyanın qaydaları haqqında dedikləri bu gün də yaşayır. Çərçivə daxilində istənilən yenilikləri etmək olar, amma müəyyən bir çərçivə var ki, ondan çıxmaq düzgün deyil. İndi və burda prinsipi ilə əsər yazılır və tamaşa da o cür qoyulur. Nə pyes gələcək üçün yazılır, nə də tamaşa gələcək üçün hazırlanır. Hər şey bugünkü nəsil üçündür. Əgər pyeslər yaşayacaqsa, bu yazıçının, dramaturqun daha uzaqgörən, daha dərin istedad sahibi olmasından xəbər verir. Bu gün mənim əsərlərim teatrlarda çox səhnəyə qoyulur. Amma bilmirəm ki, mən olmayandan sonra, misal üçün iyirmi ildən sonra bu əsərlər yenidən səhnəyə qoyulacaq, ya yox. Baxmayaraq ki, bəzi əsərlərimin artıq iyirmi yaşı var, onlar iyirmi dəfə müxtəlif teatrlarda tamaşaya qoyulub. Yəni pyeslər bu gün üçün maraqlıdır, gələcəkdə nələr olacağını bilmirik. Bu baxımdan indi dramaturgiyaya maraq azalıb söhbəti doğru deyil. Əksər yazıçılar öz əsərini səhnədə görmək istəyir. Yaza bilməmək ayrı məsələdir, dramaturgiyaya maraq isə ayrı.
- Bəlkə burada teatrların gənclərlə işləməməsinin də rolu var?
- Axı gənc əsəri gətirib teatra versin ki, teatr da ona desin yaxşıdır, ya pis. Əgər əsər yoxdursa, dramaturq əsər yazmırsa, teatr yazarı çağırmayacaq ki, gəl pyes yaz. Teatra əsər çox gəldiyindən seçim imkanı da var. Mən teatra kifayət qədər bələd adamam. Bilirəm ki, hər gün nə qədər pyes gəlir. Onların hamısına pyes demək olmaz. Gələn əsərlər hamısı teatrın tələblərinə cavab vermir.
- Əslində bu məsələ teatr üçün ciddi maneədir. Davamlı olaraq klassik əsərlərə müraciət repertuar boşluğunu doldursa da, elə əsərlər var ki, bugünkü cəmiyyəti əks etdirmir, bu günlə səsləşmir.
- Siz gəlməzdən əvvəl rejissor Bəhram Osmanov burda idi. Mən hələ bu günə qədər ondan eşitməmişəm, desin ki, səhnəyə qoymağa əsər yoxdur. O, əgər azərbaycanlı müəllifin əsərini tapmasa, xarici müəllifin əsərini işləyəcək. Və yaxud da klassiklərimizə müraciət edəcək. Aydın məsələdir ki, azərbaycanlı tamaşaçı müasir dramaturqun əsərini görmək istəyir, ona daha böyük maraq göstərir. Mənim “Şah Qacar” pyesim bu ilin sentyabrında yetmiş birinci dəfə idi ki, nümayiş olundu. Və yaxud da başqa müəlliflərin əsərləri repertuara düşəndən sonra dəfələrlə oynanılır. Yəni hər bir teatr yaxşı əsər axtarır, yaxşı əsərə ehtiyac duyur. Üstəlik də bizim teatrlarda elə bir tünlük yoxdur ki, hansısa rəqabətdən, inhisardan söhbət getsin. Qətiyyən belə deyil. Bütün teatrlar yaxşı əsər axtarır. Yaxşı əsər tapmaq da çox çətindir. Ümumiyyətlə, həmişə belə olub. Azərbaycan ədəbiyyatında ən məşhur dramaturqların adlarını saymaq istəsək, maksimum on nəfər olacaq, ya yox. 60-cı illərdə Sabit Rəhman, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı, hərdən Bəxtiyar Vahabzadə pyeslər yazırdı. Bəxtiyar Vahabzadənin ondan çox əsəri səhnəyə qoyulub, amma ona da dramaturq kimi müraciət olunmur.
- Ötən əsrin ortalarından sonrakı dövrün teatr boşluğunu daha çox İlyas Əfəndiyevin əsərləri doldururdu.
- İlyas Əfəndiyevin Akademik Milli Dram Teatrında mən bildiyim qədəri ilə on beş, on altı əsəri səhnəyə qoyulub. Sabit Rəhmanın da ona yaxın əsəri tamaşaya qoyulub. Üstəlik, bu tamaşalar çox baxılan tamaşalar idilər. “Əliqulu evlənir”, “Nişanlı qız” və s. Bunlar zamanında çox baxılan və populyar tamaşalar idi. Bu gün dramaturgiyaya maraq ölür ifadəsi düzgün deyil. Sadəcə pyes yazmaq çətindir.
- Əli müəllim, bəs hal-hazırda dünya praktikasında vəziyyət necədir?
- Bu gün Rusiyada onlarla, yüzlərlə dramaturq var. Amma mətbuatı izləsəniz görəcəksiniz ki, onlar da yaxşı pyes sarıdan həmişə şikayətlənirlər. Rusiya böyük məkandır, təkcə Moskvanın özündə yüzdən artıq teatr var. Bunların hamısına dramaturq lazımdır. Amma yaxşı dramaturq tapmaq həmişə çətin olub. Ona görə də dramaturgiya sahəsini qınamaq doğru deyil. Zorla dramaturq yetişdirmək olmaz. Mən İncəsənət Universitetində kino dramaturgiyasından dərs deyirəm. Tələbələri dramaturq kimi yetişdiririk. Ancaq bu gün çoxlu serial ssenarisi yazan tələbələrim çoxluq təşkil edir. Serialların çoxu onların ssenarisi əsasında çəkilir. Pyes yazan tələbəm isə bir, iki nəfərdir. Onların əsərləri də tamaşaya qoyulmayıb. Baxmayaraq ki, pis yazmırlar. Bu yaxınlarda mənim bir tələbəmin “Azərbaycan jurnalı”nda pyesi çap olunacaq. Maraqlı pyesdir, amma format teatr üçün deyil. Bu mənada dramaturq yetişdirmək çox çətindir. Beynin dramaturji tərzi olmalıdır. Misal üçün bu gün nəyə baxıramsa, hansı mövzuya nəzər salıramsa, onu pyes kimi görürəm. Amma yazmıram. Gərək o mövzu maraqlı olsun, tamaşaçını cəlb etsin. Həm də məni ağrıdan məsələ olmalıdır ki, tamaşaçını da ağrıtsın. Həm də teatr əsərə pul qoyub onu səhnələşdirirsə, gərək əsər də teatra pul gətirsin, bilet satılsın. Və yaxud dəvət olunan tamaşaçı yarımçıq getməsin. Səhnə lakmus kağızıdır. Əsərin qiymətini də tamaşaçı verir. Ona görə də niyə dramaturq yetişmir söhbəti predmetsiz söhbətdir. Fikir versəniz, görəcəksiniz ki, heç kim demir niyə romançı yetişmir. Çünki roman sərbəst janrdır.
- Yəni siz bu məsələləri həm də janrın çətinliyinə bağlayırsınız?
- Əlbəttə. Romanın içərisində hər cür manevrlər etmək olar. Hətta sözün olmayanda belə romanı uzada bilərsən. Obrazın içinə də girə bilərsən. Onun fikirlərini deyə bilərsən, xatirə janrına da keçə bilərsən. Amma pyes belə deyil. Pyes əvvəldən axıra qədər elə davam etməlidir ki, saat yarım içərisində böyük bir şəxsiyyətin həyatını göstərmək mümkün olsun. “Nuri-didə Ceyhun” pyesində mən saat yarımlıq zamanda Ceyhun Hacıbəylinin bütün həyatını, yetmiş ilini əhatə edirəm. Zamanı, məkanı vermək çox çətindir.
- Sizin üçün dramaturq Əli Əmirli doğmadır, yoxsa yazıçı Əli Əmirli?
- Hər ikisi doğmadır, amma bu gün dramaturq Əli Əmirli kimi özümü daha rahat hiss edirəm. “Ölü doğan şəhər” romanımı yazandan sonra dramaturgiyaya keçdim və prozaya qayıtmadım. Qorxurdum, ehtiyat edirdim ki, köhnə qaydada nəsr yazsam, qəbul olunmayacaq. İndi isə iyirmi beş ildən sonra “Ağdamda nəyim qaldı” əsəri ilə nəsrə gəldim. Bu əsəri də sırf nəsr əsəri olaraq qəbul eləmirəm. Bu daha çox bioqrafikdir. Ona görə də dramaturq kimi özümü yaxşı hiss edirəm. Hesab edirəm ki, elə demək istədiklərimi də dram əsərlərim vasitəsi ilə deyə bilirəm.
- Belə fikir də tez-tez səslənir ki, dramaturgiya daha çox teatr yaradıcılığıdır, nəinki ədəbiyyat. Bu fikrə münasibətiniz maraqlıdır.
- Dramaturgiya üç ədəbi növdən biridir. Tutaq ki, Belinski dramaturgiyanı bədii yaradıcılığın şahı hesab edirdi. Mənə görə, əvvəl poeziya, sonra nəsr, sonra dramaturgiya gəlir. Dram əsəri şübhəsiz ki, səhnə üçün yazılır. Əgər səhnədə pyes göstərilməyəcəksə, onun o qədər də qiyməti olmur. Pyesin ləzzəti onun səhnələşməsindədir. Dramaturq tamaşa yaratmır ki, o, pyes yazır. Həmin sözləri tamaşaya çevirən rejissordur, aktyordur. Əgər pyesin müəllifi mənəmsə, tamaşanın müəllifi rejissordur. Tamaşa iyirmi teatrda səhnəyə qoyulursa, deməli həmin əsərin iyirmi səhnə müəllifi var. Və yaxud da “Anna Karenina” romanı otuz dəfədən çox ekranlaşdırılıb, amma hər dəfə roman əsasında yeni ssenari yazılıb. Pyesin şərtləri belə deyil. Şekspir 450 il əvvəl yazdığı pyes, ədəbi material bu gün onun yazdığı kimi səhnəyə qoyulur. Rejissor yozumu artıq başqa məsələdir. Pyes olduğu kimi qalır. Bu mənada pyes ədəbiyyatla teatr arasında bir janrdır, növdür.
- Daha çox hansıdır?
- Daha çox ədəbiyyatdır. Çünki pyesi elə belə oxumaq da mümkündür. Vacib deyil ki, onu səhnəyə qoyasan.
- Rejissorlarla iş birliyiniz necədir?
- Mənim otuz illik dramaturq təcrübəm var. Məndə rejissorlarla işləmə prosesi üçün xeyli immunitet yaranıb. Teatra verdiyim pyeslə mənim arama çox adam girir. Bundan sonra artıq pyes müəllifdən uzaqlaşır. O, rejissorun, rəssamın, bir dəstə aktyorun materialına çevrilir. Bura teatrın direktorunu, tamaşaçıları da əlavə etsəm, əsərlə mənim aramda dediyim kimi xeyli adam dayanacaq. Baxmayaraq ki, pyesin üzərində mənim adım gedir, amma bu qədər fəaliyyətdən sonra pyes sanki mənim olmaqdan çıxır. Hər bir rejissor əsərə öz prizmasından yanaşır. Zaman keçir, pyes qalır, amma onun yozumu dəyişir. Ona münasibət dəyişir. Misal üçün “Dəli yığıncağı”nı Bəhram Osmanov qırx il əvvəl Mehdi Məmmədov qoyduğu kimi qoysaydı, o tamaşa maraqsız olacaqdı. Bugünkü tamaşaçı onu qəbul edə bilməyəcəkdi. Hərdən Ələsgər Ələkbərovun “Vaqif” tamaşasındakı Vaqif rolunu tərifləyib göylərə qaldırırlar, amma biz “Vaqif” tamaşasını bu gün həmin quruluşda səhnələşdirsək, heç aktyor rolu elə ifa etmək istəməyəcək.
Bu yaxınlarda Vaxtanqov teatrının quruluşunda “Yevgeni Onegin” tamaşasına baxdım və gördüm ki, rejissorun quruluşunda əsər tamam başqa yöndə təqdim olunmuşdu. Poemadan aldığım gücü tamaşadan almadım. Amma buna baxmayaraq rejissoru qınamaq, ona təzyiq göstərmək olmaz. Sadəcə onu teatrşünaslar tənqid edə, fikir bildirə bilərlər. Əgər səhnə rejissora verilibsə, o, səhnədən öz istək və düşüncəsinə görə istifadə edə bilər. Buna görə də mən rejissorlarla həmişə sülh şəraitində olmuşam.
- Əli müəllim, çağdaş ədəbiyyatdan kimləri izləyib oxuyursunuz, hansı müəlliflər sizi təsirləndirir?
- Son vaxtlar çalışıram ki, gənc ədəbiyyatı izləyim. Şübhəsiz ki, xatirimdə qalan maraqlı müəlliflər var. Bəzi müəllifləri yazıçılıqdan çox jurnalistikada, köşə yazılarında daha çox bəyənirəm. Nəsrdə isə son dövrlər diqqətimi çəkən imza Təranə Vahiddir. Çox gözəl yazıçıdır. Şərif Ağayarın adını çəkə bilərəm. Poeziyada ad çəkməyə çətinlik çəkirəm. Hesab edirəm ki, bir qədər çox mütaliə etmək və dəyərləndirmək lazımdır. Amma çalışqan və özünü göstərən yazıçılar şübhəsiz ki, var. Mən ən çox diqqətimi cəlb edənlərin adını çəkdim təbii ki.
- Adlarını çəkdiyiniz müəlliflərdən hansı əsərləri oxumusunuz?
- Vaxtilə Şərif Ağayarın hekayələrini oxumuşdum. Daha sonra “Haramı” romanını oxudum. İndi bilirəm ki, onun iki, üç romanı çıxıb, amma çox təəssüf ki, onları hələ oxumamışam. Təranə Vahidin isə məndə “Cənnətdən yuxarı” adlı kitabı var. O kitabı vaxtaşırı oxuyuram. Kitabın ön sözünü də mən yazmışam. Bildirmişəm ki, Təranənin hekayələri gözəl şeir kimidir. Onu vaxtaşırı oxumaq olur. Təranə gözəl insanlığından başqa, həm də gözəl yazıçıdır. Hesab edirəm ki, onun yaradıcılığı bizim ədəbiyyatımızda hadisədir. Bizdə ədəbi tənqiddə mətnlər daha çox münasibətlərə görə təhlil olunur. Vəzifədə işləyən, təsir gücü çox olan, daima haqqında danışılan adamlardan yazırlar. Çox təəssüf ki, indi tənqidimiz təmənnalıdır. Amma yaxşı yazılan əsərin qiymətini bilənlər də var. Sadəcə, danışmaq, vaxt sərf etmək istəmirlər.