Zeynəb Otiti Obanor təxminən 4 il əvvəl Nigeriyanın öndə gedən 4 krallığından biri olan İfa Sülaləsinin Kralı ilə evlənib. 2 il sonra o, Kraldan boşanan Kraliça kimi tarixə düşüb.
Evliliyin bitməsinə səbəb Kraliçanın qadınlara qarşı zorakılığa son qoyulması üçün təşkil olunan yürüşdə iştirak etməsi olub. Kralın özü və yaxın ətrafı bunu ölkə qanunlarına zidd adlandırıb.
Amma Zeynəb Otiti Obanorun isə Kraliçalıqdan anladığı başqadı: “Əgər kralin həyat yoldaşı olmaq istəyrisizsə bəzi məsələlərə göz yummalısınız. Mən bunu edə bilmərəm. Kraliçalıqdan anladığım şey sarayda oturmaq deyil, insanlara xidmət etməkdir”. Kraliça Zeynəb Otiti Obanor bu günə qədər qadınların iqtisadi imkanları və uşaqların təhsili ilə bağlı bir çox layihələr həyata keçirib.
Nigeriya qanunlarrına görə, Kralla ailə quran xanım ömürlük Kraliça sayılır. O, kraldan boşansa belə bu tituldan imtina edə bilməz. Nigeriya Kraliçası Zeynəb Otiti Obanor da bundan sonra siyasi vəzifələrini və insanların rifahı üçün gördüyü işləri davam etdirəcəyini deyir.
“Mən özümə güvənən bir qadınam. İnsanlara kömək etmək, cəmiyyətə töhfə vermək istəyirəm. Planlarım var. Evdə oturacaq adam deyiləm. Bunu hər kişi müsbət qarşılamır. Bəzi kişilər həyat yoldaşlarının irəli getmələrini istəmir, onların bir addım geridə qalmalarının tərəfdarıdır. Amma bu mənim seçdiyim həyat deyil”.
Nigeriyanın nə kimi problemləri var sualına isə Kraliça Zeynəb Otiti Obanor maraqlı faktlarla cavab verib:
“Afrikada din çox vacib rol oynayır. Burada oğlanlar bir növ Tanrıya bərabər tutulur. Belə bir mədəniyyətdə böyüyən kişilərin çoxu təəssüf ki, ətrafdakı qadınlara bacı və ya həyat yoldaşı kimi yanaşmır. Afrika və ya Orta Şərqdəki qadınlar üçün ən böyük problem, öz həyatları ilə bağlı bir söz sahibi olmamaqdır. Hansısa fikir ifadə etmək istədikdə toplum üzərimizə gəlir” deyə Kraliça əlavə edib.
Boşanmadan əvvəl mənim də oxşar problemlərim var idi deyən Zeynəb Otiti Obanor üzləşdiyi problemləri nəql edib:
“Qadınların zorakılığa qarşı keçirdiyi küçə yürüşündə iştirak etdim. Bu mənim üçün vacib məsələdir. Hər gün ən azı 100 qadın yanıma gəlir və çox fərqli problemlərini dinləyirəm. Bir lider olaraq mən də onların qarşısında məsuliyyət hiss edirəm. Buna görə “3 qadından 1-i” məişət zorakılığına qarşı kampaniya apardım. Bu əvvəllər edilməmiş bir şey idi. Əslində bizi boşanma nöqtəsinə də bu gətirdi. Çünki, “Bir kraliça necə küçəyə çıxıb xalqla birlikdə etiraz edə bilər?” deyə düşündülər. Ətrafımdakı bir çox insan, o cümlədən keçmiş həyat yoldaşım bu hərəkətimə sərt reaksiya verdi. Dedim ki, bu kraliça və ya elit olmaq deyil, qadın həyatına aiddir və kiminsə, xüsusən güclü mövqeyi olan birinin bu barədə bir şey etməli olduğunu söylədim. Ancaq başa düşmək istəmədilər. Bunun kraliça statusuma zərər verəcəyini düşünürdülər”.
Hazırda Kraliça sosial yönümlü layihələrini davam etdirir. O apardığı “3 qadından 1-i” kampaniyası çərçivəsində qaynar xətt yaradıb. Şikayətlərə baxmaq üçün qadın polis məmurlarından ibarət qruplar təşkil edib Lakin problemin qarşısının alınması üçün Kraliça cəmiyyətin, əsasən kişilərin düşüncə tərzinin dəyişməli olduğunu deyir. Boşandıqdan sonra məsuliyyətinin daha da artıdığını deyən Kraliça qadınların ondan çox şey gözlədiyini ifadə edib:
Məsuliyyət daşıyıram və səhv etməməliyəm. Bir səhər yuxudan durub “artıq kraliça olmaq istəmirəm” demək kimi şansım yoxdur. Öz iradəmlə seçdiyim bir şey deyil bu, taleyimdir. Bir seçimim olsaydı, bəlkə də kraliça olmaq istəməzdim. Digər tərəfdən, insanlara kömək etmək üçün bunun mənə bir hədiyyə olduğunu düşünürəm”.
konkret.az