Susmaq hər zaman “qızıl” deyilmiş; politoloq: “Parlament sözünün mənası danışmaq, müzakirə aparmaqdır...”
2015-ci ildə keçirilən parlament seçkilərində formalaşmış Milli Məclisin iclaslarında 4 il ərzində danışmamağa, susmağa üstünlük verən, passivlik göstərən deputatlara növbəti seçkilərdə namizədliklərini irəli sürməmək tövsiyə olunub. Məlumata görə, susqun deputatların adları YAP-ın namizədlər siyahısına daxil edilməyəcək.
Son bir-iki ildə ölkə rəhbərliyinə qarşı sosial şəbəkələr üzərindən hücum edən Avropadakı söyüş müxalifətinə cavab verməyən, ölkə prezidentinin müdafiəsi istiqamətində çıxış etməyən, yazı yazmayan deputatlar da kənarda qalacaqların siyahısındadır.
Qeyd edək ki, artıq xeyli vaxtdır parlamentin hazırkı tərkibinin ən azı yarısından siyasi hakimiyyətin narazı olduğu barədə mediada xəbərlər yayılırdı. “Yeni Müsavat” olaraq da hələ üç ay öncə yazmışdıq ki, növbəti seçkilərdə indiki deputatların ən azı 50 faizi mandatsız qalacaq. Hakimiyyət onların parlamentə düşməsinə “qırmızı işıq” yandıracaq. Böyük ehtimalla, hakim partiyanın deputatlığa namizədlər siyahısında indiki deputatlarının ən azı yarısının adı olmayacaq. Bitərəf adlanan və YAP-dan sonra parlamentdə çoxluq baxımından ikinci sırada olan bitərəf deputatların da yarıya qədəri namizəd olmayacaqlar. Qaydaları pozub namizədliyində israr edənlər isə şübhəsiz ki, mandat əldə edə bilməyəcəklər.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədovun “Azərbaycanda çox savadlı, müasir biliklərə yiyələnmiş, vətənpərvər hisslərə sahib gənc nəsil formalaşıb. Bu yanaşmadan çıxış etsək, parlament seçkilərində gənclərdən ibarət olan YAP deputat korpusunun formalaşması partiyanın diqqət mərkəzində olacaq. Azərbaycan xalqını parlamentdə təmsil etməyə ən layiq olan insanlardan söhbət gedir. Biz çalışacağıq bu gəncləri irəliyə çəkək, onları təşviq edək ki, YAP-ı parlamentdə təmsil etsinlər” açıqlaması da passiv, susqun deputatların mandatsız qalacağı ehtimalını artırır.
Politoloq Qabil Hüseynli də hesab edir ki, aktiv olmayan, danışmamağa üstünlük verən deputatların çoxunun bu dəfə mandatsız qalacağı ehtimalı yüksəkdir:
“Parlament sözünün tərcüməsi danışmaq, müzakirə aparmaqdır. Bu illər ərzində həmin deputatlar özlərini elə apardılar ki, sanki parlamentdə deyillər, deputat mandatı daşımırlar. Deputat məsələlərin, qanun layihələrinin müzakirəsində aktiv iştirak etmirsə, təşəbbüskarlıq göstərmirsə, hakim partiyanın deputat siyahısı ilə və ya dəstəyi ilə seçilib lazımi anlarda ölkə rəhbərliyini müdafiə etmirsə, əlbəttə ki, o cür deputatdan razı qalmaq mümkün deyil. Ona görə də həmin deputatların növbəti dəfə mandat əldə etməsi, yəqin ki, çətin olacaq. Cənab prezident də bəyan edib ki, yeni reallıqlar var və hazırda daha fərqli, sürətlə inkişaf edən dünyada yaşayırıq. Bu səbəbdən hazırda çox bacarıqlı, bilikli, savadlı kadrlara ehtiyac var. Onların potensialından istifadə olunmalıdır”.
Onu da qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində bildirib ki, artıq hansı dairədən kimin namizədliyinin irəli sürülməsi bəllidir. YAP deputatların 5 illik fəaliyyəti ilə bağlı statistik təhlilini aparır. Onların parlamentdəki çıxışları, seçiciləri ilə görüşləri, mətbuatla işləməsi, beynəlxalq təşkilatlarda işi, sosial şəbəkələrdə fəaliyyəti və s. təhlil edilir. Buna uyğun olaraq da hər ay hesabat hazırlanaraq partiyada müzakirə olunur. Təhlil əsasında onların fəaliyyəti növbəti seçkilərdə nəzərə alınacaq...
musavat.com