Cenub.az xəbər verir ki, Amerika alimləri ayda cəmi bir dəfə qəbul etmək lazım gələn oral kontraseptiv hazırlayıblar.
Yeni həb bir ay ərzində mədədə qalaraq yumurtaların yetişməsinə imkan verməyən hormonlar ifraz edir. Mədə şirəsinin təsirini neytrallaşdıran antiasid maddə ilə örtülməsi həbin həzm olunmasına imkan vermir.
Araşdırmanı Bill və Melinda Gates-lərin fondu maliyyələşdirib. Araşdırmaçılar ümid edirlər ki, yaxın illərdə həbin insanlar üzərində sınaqdan keçirilməsi mümkün olacaq.
Yeni icadın müəllifləri – Harvard Universitetinin və Massachusetts Texnologiya İnstitutunun mütəxəssisləri deyirlər ki, yeni kontraseptiv hamiləlikdən qorunmaq istəyən qadınlara daha çox azadlıq verəcək, hormonal həblərin qəbulu rejimini pozmaq riski aradan qalxacaq.
Hormonal kontraseptivlər nə dərəcədə effektlidir?
Bütün dünyada milyonlarla qadın hamiləlikdən qorunmaq üçün hormonal həblərdən istifadə edir.
Nəzəriyyəyə görə bu həblər 99% etibarlı olmalıdır, yəni kontraseptiv həblərlə qorunan hər 100 qadından yalnız biri hamilə qala bilər.
Ancaq sorğular göstərir ki, qadınların, demək olar ki, yarısı həbi qəbul etməyi unudur və ya bunu düzgün olmayan saatda edir. Buna görə də hormonal həblərin real effektivliyi 91 faizə enib (Yəni bu həblərdən istifadə edən hər 100 qadından 9-u hamilə qalır).
Uzunmüddətli təsirə malik kontraseptivlər əvvəllər də olub, məsələn, hər iki aydan bir vurulan inyeksiyalar, hər iki həftədən bir dəyişdirilən plastrlar. Ayda bir dəfə qəbul edilən həb isə ilk dəfədir təklif edilir.
Yeni həb necə təsir edir?
Yeni vasitənin prototipi ulduz formalı kapsul şəklindədir, balıq yağı kapsulları kimi onu da udmaq çətin olsa da mümkündür.
Mədədə bu “ulduz” altı ləçəkli gülə çevrilir, ləçəklərin hər biri hormon deposudur. Kapsul bağırsağa keçə bilməyəcək qədər böyükdür. Hormonlar öz “qəfəslərini” bir neçə həftə ərzində tərk edirlər, boş qalmış qabıqsa orqanizmi tərk edir.
Harvard Tibb Məktəbinin əməkdaşı doktor Giovanni Traverso həbin qəbulundan sonra mədədə gedən prosesləri belə izah edir: “Araşdırmalarımız göstərir ki, həzm və ifraz məsələlərində problem olmamalı, yemək borusu qapanmamalıdır. Təhlükəsizlik bizim üçün əsas məsələdir”.
Araşdırmanın nəticələri “Science of Translational Medicine” jurnalında dərc edilib.
Gates-lərin fondu prototipin dərmana çevrilməsi mərhələsini də maliyyələşdirir – bununla biotexnoloji “Lyndra” şirkəti məşğul olur. Şirkətin mütəxəssisləri artıq “ulduzu”, daha doğrusu, onun ancaq qabığını bir neçə pasiyentin üzərində sınaqdan keçirməyə başlayıblar.
Əczaçılar əmin olmaq istəyirlər ki, həbin orqanizmə bu formada çatdırılması təhlükəsizdir və digər hallarda, məsələn, malyariyanın müalicəsində də istifadə oluna bilər.
Ginekoloqlar nə düşünürlər?
Kraliyyət Mamaça və Ginekoloqlar Kollecinin seksual və reproduktiv sağlamlıq fakültəsinin professoru Diana Mansour kontraseptivin gələcəyi ilə bağlı müsbət fikirdədir:
“Ayda bir dəfə qəbulu kifayət edən oral kontraseptiv konsepsiyası cəlbedicidir, qadınların seçim imkanlarını artırır. Nəzəri baxımdan o, hər gün qəbul edilən həblərdən daha effektiv ola bilər. Dərmanın hazırlanması prosesi hələ ilkin mərhələdədir. Biz bu sahədəki araşdırmaların davamını səbirsizliklə gözləyirik”.
Yeniyetmələr üçün “Brook” xeyriyyə təşkilatının rəhbəri Anatole Menon-Johansson-un da yeni həbə münasibəti pozitivdir:
“Bu, kontrasepsiya sahəsində böyük irəliləyişdir. Əlçatan üsulların çoxalması çox yaxşıdır. Ancaq ifraz ediləcək hormon dozasının yumurtalığın yetişməsinə imkan verməyəciyinə əmin olmaq üçün araşdırmalar davam etməlidir. Sonra da onu sınaqdan keçirmək lazım gələcək”.
Mişell Roberts,
BBC-nin səhiyyə məsələləri üzrə əməkdaşı