Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çingiz Aytmatovun qadınları...



Hələ orta məktəbdə Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanından “Manqurt əfsanəsi”lə bağlı hissəni oxumuşdum. Kitabı tam oxuyana kimi mənə elə gəlirdi ki, roman həmin bu manqurtdan, juanjuanlardan, Ana Beytdən, qədim qazaxların həyatından bəhs edən bir əsərdir. Əsəri bitirəndən sonra məlum oldu ki, “Manqurt əfsanəsi” romanın cəmi 20-30 səhifəsini əhatə edir. Bununla belə bu əfsanə, romanın manqurt hissəsi dildən-dilə dolaşır, Çingiz Aytmatov adı ilə yanaşı işlənir. Bəlkə də Çingizin ən böyük ədəbi uğurlarından biri bu kiçicik bir hissə ilə özünə məşhurluq qazana bilməsidir.

Məncə bunun başqa səbəbləri də var; bu əfsanənin uydurmadan çox real hadisəyə bənzəməsi, hadisələrin orta əsrlərdə baş verməsi (oxucularda orta əsrlərə qarşı həmişə xüsusi bir maraq olur), bu hadisədə insana uyqulana biləcək cəza vasitələrinin ən qəddarının verilməsi, “manqurt” ifadəsinin özünün tarixi, psixoloji, sosioloji, çalarlarının olması.

Çingiz Aytmatov Sovet dövrü ədəbiyyatının böyük yazıçılarındanolmuşdur. Hətta bir ara “Nobel”ə namizədliyi belə irəli sürülmüşdü. Soljenitsn “Nobel”ə ədəbi bacarığından çox, siyasi mövqeyinə görə sahib olmuşdu. Aytmatovun “Nobel”ə namizəd olmasında da onun seçdiyi mövzuların-Avropa (burada Rusiya da nəzərdə tutulur) üçün yeni, işlənilməmiş, xam mövzuların təsiri vardı. Aytmatov əsərlərində, orta Asiya xalqlarının həyat tərzini, unudulmuş adət - ənənələrini, mərasimlərini, folklorlarını əks elətdirsə də, həddən kənara çıxa bilmirdi. İlk baxışdan özünü adət - ənənələrin keşiyində duran bir adam kimi büruzə verən yazıçı əsərlərində türkçülükdən danışacaq qədər uzağa getmir. Əslində isə özünü adət-ənənələrin qayğıkeşi göstərən yazıçı heç olmaya bir abzas türkçülükdən yazmalı idi.

Aytmatov türkçülükdən yazacaq qədər cəsarətli deyildi, əks təqdirdə ədəbi qəhrəmanı Abutalıb Kuttubayovun gününə düşəcəyini bilirdi. Soljenitsn isə Aytmatovda olmayan cəsarəti ortaya qoydu və ömrünün bir hissəsini həbsdə keçirirsə belə Nobeli aldı.

Sartr əqidəsini maddiyyatdan üstün tutduğu üçün “Nobel”dən imtina eləmişdi. Aytmatov isə “Nobel”ə namizəd olan vaxtlarda görüşünə gəlmiş bir qrup Azərbaycan yazıçısına onlar Aytmatovdan Qarabağ münaqişəsi haqqında fikrini almaq istədikdə “Mənim bu hadisələrdən xəbərim yoxdur” cavabını vermişdi. Bu münaqişə haqqında “artıq” bir şey deyəcəyi təqdirdə “Nobel”i itirəcəyindən qorxurdu. Belə çıxır ki, Çingiz Aytmatov yuxarıları qıcıqlandırmayacaq qədər adət-ənənə, dəyər keşikçisi, keçmişinə, öz soy – kökünə sayğıyla yanaşan biri olub. O zaman Aytmatovun işini itirməməkdən ötrü atasının son arzusunu yerinə yetirmək istəməyən Sabitcandan nə fərqi olur?

Oruell sayaq

Mariya Varqas Lyosanın “Gənc romançıya məktub” adlı kitabı var. Lyosa roman yazmağın qaydalarından, onu təşkil edən elementlərdəndanışır. Kitabdakı qaydalardan biri də zamanlararası sıçramalardır. Zamanlararası sıçramalar romançıya hadisələr arasında daha rahat hərəkət etməyə, daha geniş konstruksiya qurmağa imkan verir, romanı daha da zənginləşdirir.

Aytmatovun “Gün var əsrə bərabər” romanını bu kriteriyadan nəzərdə keçirdikdə əsərin son dərəcə mükəmməl alındığını görürük. Roman boyu müəllif oxucunu gah əlli il əvvələ - qəhrəmanın cavanlığına, gah orta əsrlərə, gah da gələcəyə, kosmik aləmə aparır. Oxucu təsəvvüründə həm orta əsrlər dövrünü, həm də kosmik aləmi, dünyadankənar sivilizasiyaları, gələcəyi canlandırmağa çalışır.

İlk adı “Boranlı razyezdi” olan əsərdə hadisələr Sarı –Özək çöllərində yerləşən beş-altı evdən ibarət kiçik bir qəsəbədə baş verir. Qəsəbədən bir neçə kilometr aralıda isə kosmik agentlik yerləşir. Bu agentlikdən kosmosa raketlər buraxılır, elmi təcrübələr aparılır. Sovet hökumətinin var qüvvəsi ilə bütün elmi-texniki nailiyyətləri kosmik fəzanın fəthinə cəlb elədiyi bir vaxtda yaxınlıqdakı kiçicik qəsəbədə insanların yaşaması üçün normal şərait yoxdur. Onlarınnəqliyyat vasitələri hələ də dəvə olaraq qalır və bu qəsəbədə yalnız taleyin üz çevirdiyi Qazanqap, Yedige, Abutalıb Kuttıbayov kimi adamlar yaşamağa məcburdurlar. Bu cəhənnəmdə heç kəs öz xoşuna yaşamaz. Əsər boyu oxucunu yazıçının tapıb çıxardığı maraqlı təzadlar müşayiət edir.

Çingiz Aytmatov əsərlərinin mövzusu insan, onun iç dünyasıdır. Senzuranın qınağı ilə üzləşməmək üçün də ən rahat mövzu elə bu idi. Lakin “Gün var əsrə bərabər”də yazıçı bir az irəli gedə bilib. O sistemdən yazıb, sistemin tətbiq etdiyi qaydalardan, idarə etmə üsullarından yazıb.

“Paritet” kosmik agentliyi, Meşəlidöş planeti, o planetə səfər edən avstronavtlar öncə əsərə yamaq kimi görünsə də yazıçı onu elə tədricən əsərə elə “tikir” ki, o yamaq kimi yox “paltar”ın lazımı detallarından biri kimi göz oxşayır. Yeni sivilizasiyalarla tanışlıq, onların nailiyyətlərinin öyrənildiyi təqdirdə bir neçə il ərzində bəşəriyyətin min ilə əldə edə biləcəyi nailiyyətlərə sahib olması mümkün ikən ABŞ və SSRİ kimi super-güclər bu inkişafa qarşı çıxırlar. Çünki bu inkişaf tempi onların bəşəriyyət üçün uyğun gördükləri tempə uyğun gəlmir və sivilizasiya sıçraması baş verəcəyi təqdirdə dünyanın onların idarəsindən çıxacağını, ən pis halda isə dünyanın yadplanetlilərin təsiri altında düşəcəyini düşünürlər.

Aytmatov atasının yas mərasimində “mənfi obraz” – manqurt kimi qələmə verilən Sabitcanın dili ilə hakim güclərin iç üzünüaçır. Düzdür burda elə bir yenilik söyləmir Sabitcan. Sabitcanın gələcək haqqında söylədikləri, sistemin insanlara daha ciddi şəkildə nəzarət edəcəyini, hətta insanının hisslərinə belə nəzarət ediləcəyini söyləsə də bütün bunları yarım əsr əvvəl Corc Oreull “1984” romanında söyləmişdi. Bu daÇingiz Aytmatovun sistemə “qarşı xəfif” etirazı.

Zootexnikliyin yazıçılığa faydası

“Gün var əsrə bərabər” bir tülkünün ov axtarması ilə başlayır. Tülkü sinə - sinə çöllükdə gəzir, həm özünü təhlükədən qoruyur, həm də ov axtarır. “Ağ gəmi”də isə ana maral əsərin əsas obyektlərindən biridir “Əlvida, Gülsarı” əsərinin adını eşidəndə elə bilmişdim orda qadından danışılır. Sən demə o əsərdə də Aytmatov bir atla bir qocanın taleyindəndanışırmış.

Aytmatovun cavan vaxtlarında bir müddət zootexnikliklə məşğul olduğu məlumdur. Şübhəsiz peşəsinin ona bir faydası toxunub. Onun heyvanları əsərin koloroitini artırmaqdan çox bədii obraz kimi verilib. Tülkü də, ana maral da, Gülsarı adlı at da Aytmatovun qəhrəmanlarıdır, onlar da hiss edirlər, düşünürlər öz davranışları ilə hadisələrə birbaşa təsir edirlər.

Aytmatovun qadınları

Böyük Vətən Müharibəsindən bəhs edən Azərbaycan əsərlərində müharibənin yaxından – uzaqdan toxunduğu qadın qəhrəmanları hər zaman sevgililərinə qarşı sadiqlik nümayiş etdiriblər. İstisnalar tapmaq çox çətindi. “Tütək səsi”ni misal gətirmək olar. Və daha bir neçə əsəri.

Ümumilikdə belə bir mənzərə yaranır ki, sanki Vətən müharibəsi və eləcə də Stalin repressiyası zamanı ərini, nişanlısını, sevgilisini itirmiş qadınlar heç zaman seksual baxımdan həyatlarını davam etdirməyə çalışmamışlar.

Aytmatovun qadınları isə bir başqadır. Onun qadınları ərlərini, sevgililərini müharibədə itirsə də yaşamağa davam edir, hər şeydən əvvəl özünün də qadın olduğunu və bir kişiyə möhtac olduğunu anlayır. Buna görə də “Ana Tarla”dakı ərini itirmiş Aliman heç müharibədən bircə il keçməmiş seksual hisslərini boğa bilmir və yoldan ötən bir çobana təslim olur. Aildə isə bu hadisəni öz xeyri üçün istifadə etməyə çalışan, oğlu oğurluq üstə həbs olunmuş bir qadındanbaşqa heç kəs dinmir.

Cəmilə müharibədə olan ərini tərk edir və öz sevgilisi ilə qaçır.Müharibədənbir neçə il sonra Tanabay ərini müharibədə itirmiş Bübücanla yaxınlıq edir. Bübücan əvvəlcə Mahsun Kırmızıgül təbiri bu sevdanın sonu olmadığını anlasa da – Tanabay ailəli idi – öz hisslərini boğa bilmir, gecələri Tanabayın həsriti ilə yatağında qovurulur.

Ən qəribəsi isə odur ki, müəllifin özündə də istər Alimana, istər Cəmiləyə, istərsə də Bübücana qarşı heç bir mənfi münasibət yoxdur. O da ərləri müharibədə ölmüş bu qadınlara haqq qazandırmağa çalışır, onlara “sizin əriniz bu vətən uğrunda döyüşür, canından keçir, faşizmə qarşı vuruşur, siz bütün ömrü boyu ən məhrəm hisslərinizi buxovlayaraq yaşamağa məhkumsunuz” demir. Bu cür fikirləri isə həmən qadınları top atəşinə tutaraq bir çox yazıçılar söyləyiblər.

Obama və Putin üçün yazdı

Elə kitablar var ki, onlar sanki konkret bir sahənin adamları üçün yazılıb. “Sergi ata” hə şeydən əvvəl din adamları üçün yazılıb. Onlar dini kitablardan əvvəl mütləq “Sergi ata”nı oxuyub sonra dini biliklərə yiyələnməlidirlər.

“Gün var əsrə bərabər” isə sanki dünyamızı idarə edən, bu gün dünyanın bir yanında “sülh” yaradan, sabah o biri yanında müharibə başladan, milyonlarla insanı öz imperialist maraqları üçün qurban verən super-güc dövlətlərin rəhbərləri üçün yazılıb.

Bəli, sən haranısa istila etmək üçün bir raket uçurtmağa hazılaşırsan, o raket bazasından bir neçə kilometr aralıda isə sadə insanlar yaşamasından xəbərsizdən. Elə onlar da sənin işləklərindən xəbərsizdirlər. Onları yalnız gündəlik qayğıları düşündürür, bəlkə axşama bir qarın çörək, dostlarla xoş ünsiyyət, gözəl bir xanıma sevgi, dostluqda sədaqət, qonşuluqda mehribançılıq, daha nələr nələr.

Bu raketlər indi başqaları üçün uçur. Amma dünyanın başqa yerində, başqa adi insanların qonşuluğunda havaya buraxılan raketlər də onlar yaşayışına “qon”a bilər.

Bir düyməyə basmaqla bir anda dünyamızı məhv edə biləcək çılğınların dünyasında yaşayırıq. Bu kitab hər şeydən əvvəl onlar üçündü, məhz onlar üçün. Bu gözəl dünyamızın xilası üçün.   /kulis.az/






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10