Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakının boğazına “xəncər” dirəyiblər – Bu da NƏTİCƏ



“Hər bir obyekt zonalaşma baxımından münasib ərazilərdə tikilməli, şəhərsalma və tikinti normalarına uyğun olmalıdır”

 

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Bakı-Sumqayıt yolunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən maşınlar, helikopterlər və təyyarə cəlb olunsa da, yanğını uzun müddət söndürmək mümkün olmayıb. Nəticədə bazar tamamilə yanaraq külə dönüb.

 

Hadisə səbəbindən Bakının yeganə şimal giriş-çıxışı olan Bakı-Sumqayıt yolu tamamilə bağlandı. İnsanlarla saatlarla yollarda qaldılar, hərəkət iflic oldu, istehsal müəssisələri ziyan gördü, bir sözlə, ölkə maddi və mənəvi travma yaşadı.

 

Baş verənlər zaman-zaman ortalığa çıxan bir sualı yenidən aktuallaşdırdı: Strateji əhəmiyyətli sayılacaq magistralın üstündə, yolun tam bitişiyində, magistralı daraldacaq və nəqliyyatın hərəkətinə maneə yaradacaq məsafədə obyektlərin tikilməsi hansı məntiqin məhsuludur? Şahidi olduq ki, yanğınsöndürən maşınların öz işini görə bilməsi üçün yol tamamilə hərəkətə bağlandı...

 

Milli Məclisin (MM) İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov açıqlamasında deyib ki, istənilən növ tikinti normalara və qaydalara uyğun olmalıdır: “Hər bir tikinti yerləşdiyi ərazidən asılı olmayaraq zonalaşma baxımından münasib ərazilərdə tikilməli, şəhərsalma və tikinti normalarına uyğun olmalıdır. Bu normalar özündə həm arxitektura, həm şəhərsalma, həm texniki təhlükəsizlik, həm də yanğın təhlükəsizliyi baxımından standartlara uyğun olmalıdır”.

“Bu standartlara uyğun olan tikililərdə belə, təhlükələrin baş verməsi minimuma endirilir. Tikinti normaları da ona görə nəzərdə tutulur ki, məhz belə hallar baş verdiyi təqdirdə itkilər minimuma endirilimiş olsun”, - o bildirib.

 

Kərimovun sözlərinə görə, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi sahibkarın qanuni istifadəsinə aiddirsə, o özü tikilinin yerləşdiyi ərazi ilə bağlı qərar verməlidir: “İstənilən halda, bu da şəhərsalma normalarına və qaydalarına uyğun olmalıdır. Çünki istənilən tikinti obyekti şəhərsalma qaydalarına əməl olunmaqla, tikinti məqsədləri üçün ərazilərin təyinatı baxımından qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində aparılmalıdır”.

 

“Ümumiyyətlə, Bakı-Sumqayıt yolu şəhərin şimal istiqamətində yerləşən dövlət əhəmiyyətli bir yoldur. Əgər bu yolun genişlənməsinə zərurət varsa, bu, dövlət ehtiyacları üçün torpaqların alınması qaydalarına uyğun həll olunmalıdır. Çünki həmin yolun üstündə kifayət qədər tikinti obyektləri var. Təbii ki, bu tikililərin dövlət ehtiyacına alınması, dövlətin müəyyən maliyyə vəsaitləri ayırmasını da tələb edir”, - deyə müsahibimiz əlavə edib.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini Vüqar Oruc isə şərhində bildirib ki, istifadəyə uyğun olmayan ərazilərdə yerləşən tikinti obyektləri, əslində bu cür yanğınların baş verməsinin əsas səbəblərindən biridir: “Çünki standartalara və qanunvericiliyə görə, hər hansı bir tikinti işləri aparılan zaman müvafiq qaydalara əməl olunmalıdır. Yerli icra hakimiyyəti orqanları istənilən ərazidə tikinti işlərinin aparılmasına icazə verməməlidir. O cümlədən çoxsaylı müştəriləri, aktiv alqı-satqı prosesi olan tikililərdə xüsusi olaraq təhlükəsizlik məsələləri nəzərdən qaçmamalıdır. Yəni həmin tikinti proseslərinə elə yerlərdə icazə verilməlidir ki, gələcəkdə rast gəldiyimiz bu faciə ilə eynilik təşkil edən hadisələr baş verməsin. Bunun üçün də müvafiq strukturlar ilk növbədə mövcud qaydalara əməl etməlidir”.

Ekspert hesab edir ki, tikinti prosesləri yerləşdiyi ərazilərə görə ciddi nəzarətə alınmalıdır: “Məlum olduğu kimi kiçik məmurlar xırda maraqları üçün istənilən növ tikinti işlərinə icazə verir və şərait yaradırlar. Bunun nəticəsində də sahibklarlar müştəriləri cəlb etmək üçün, əsasən yol kənarlarında və təhlükəsizlik qaydalarına əməl etmədən tikinti işləri aparırlar. Bu, ciddi şəkildə nəzarətə alınmalıdır”.

 

“Heç kimə sirr deyil ki, bu günə qədər tikinti təhlükəsizliyi ilə bağlı sənədlər çox zaman formal xarakter daşıyıb. Tikinti şirkətlərinin sahibləri də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı prosedurlar keçmək əvəzinə, müəyyən bir yer seçib tikinti işlərinə başlamağı üstün tutublar. Lakin tikinti işləri bitəndən sonra məsələnin qanuni tərəfini həll etməyə çalışıblar. Bu, həm də bizim yollarımızla eynilik təşkil edir. Necə ki, yol çəkmə prosesində əvvəlcə yolu çəkirlər, sonra çəkilən yolu söküb kanalzasiya sistemi çəkirlər, bir növ bu da onun kimi bir prosesdir. Yalnız iş yekunlaşandan sonra qanuna müraciət edirlər”, - V.Oruc vurğulayıb.

 

O, əlavə edib ki, artıq yeni tikintilər üçün müvafiq icra hakimiyyətləri və Fövqaladə Hallar Nazirliyi birləşib normal qaydada, formal xarakter daşımayaraq, təhlükəsizlik qaydalarına tam riayət edərək, son illərdə baş vermiş hadisələri nəzərə almalıdır: “Çünki bir binada baş verən yanğın, yalnız həmin binanın sahibinə ziyan vurmur, eyni zamanda sözügedən binadan istifadə edənlərə də zərər verir. Aydındır ki, bu da ölkədə ciddi narazılıqlara səbəb olur. Ona görə də çalışmaq lazmdır ki, bu cür halların qarşısı əvvəlcədən alınsın”.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10