
Niyə mənim ölkəmin insanı da belə mühitə layiq olmasın...?
Bakıdan Almaniyaya can atan soydaşlarımızın orada qurulan o qədər xəyalları var ki... Və bu xəyalların darmadağın olmasında, çox vaxt özümüz günahkar olur. Məsələn, təyyarələrə doldurulub geri göndərilənlərin nümunəsi.
Amma nə yaxşı ki, bizi bu ölkədə layiqli təmsil edən, alman cəmiyyətinin hörmətini qazanan soydaşlarımız da az deyil. Bu barədə daha sonra. Bəs bizimkilər niyə Almaniyaya can atırlar?
Berlinə ayaq basanda bizi köhnə sovet məhlələrini, küçələrini xatırladan mənzərə qarşıladı. Elə bura da keçmiş sovet ölkəsinin bir insanı kimi dəvət olunmuşdum. Biz o sadəliyi qoruya bilməsək də, müasir zamanda dünyanın qabaqcıl ölkələrindən biri olan Almaniyaya, paytaxt Berlinə bu sadəlik çox yaraşır.

İnsanımız nə zaman qeybətlə bəslənməyi, “susuzluğunu” mübahisələrlə yatırmağı dayandıracaq? Biz doğrudan da qiymətli vaxtımızı və enerjimizi alan bu hallardan, stereotiplərlə yaşamaqdan birdəfəlik qurtulmalıyıq.
Berlin metrosu
Bura ilk anda qarışıqlığı ilə adamı çaş-baş qoyan, daha sonra yavaş-yavaş öyrəşdiyin ictimai nəqliyyatdır. Heç sıravi alman da ölkəsində olan metrostansiyaların sayını bilmir. Maraqlıdır, elə deyilmi? Bilirsiniz niyə? Çünki buranın insanlarına uşaqlıqdan əzbərçilik öyrətmirlər, əvəzinə qayda-qanun reflekslərini aşılayırlar.

Bəxtimdən suala tutduqlarımın çoxu ingiliscəni bilirdi, bilməyən də yardım etməyə çalışırdı. Berlinin ictimai nəqliyyatı o qədər əlverişlidir ki, adamı bezdirən, aldadan taksi xidmətləri yaratmaq ağıllarına gəlməyib. Berlində olduğum müddətdə maraqlandım ki, niyə taksilər belə azdır. Dedilər, avtobuslar, yerüstü, yeraltı qatarlar (ikimərtəbəli metrostansiyalar), tramvaylar elə gözəl system üzrə işləyir ki, taksiyə ehtiyac qalmır.

Ən maraqlısı odur ki, on illər əvvəl qurulmuş metrostansiyalar necə var, elə də zahiri vəziyyətdədir. Nə hər il dövləti dirəyirlər ki, bizə pul ayır, nə də mərmər, zər-ziba pulunu “yemək” xatirinə stansiyaları aylarla təmirə bağlamaqla camaatın əsəbi ilə oynayırlar. Sadəlik, rahatlıq, nəzarət mexanizmi və məsuliyyət. Sonuncu ilə aramız olmasa da, bunu artıq dərk etməliyik.
İctimai nəqliyyat mədəniyyəti
Metrostansiyalara (eləcə də başqa ictimai nəqliyyat vasitələrinə) giriş çox rahatdır, səni yoxlayan polis postu, günlük, həftəlik gediş-gəliş kartlarına daimi nəzarət edən yoxdur, amma əvəzində bir-birinə inanan insan cəmiyyəti var. Hamı, yenə də təkrarlamağa vadar olduğum MƏSULİYYƏT sahibidir. Bilirlər ki, işdir yoxlayan olsa, pulsuz getmədiyini sübuta yetirməlisən. Bir də baxırsan ki, itlə yanaşı oturmusan, baxışları mülayim, davranışları mədəni… O heyvan belə, ətrafa müsbət enerji saçır.


Məncə, bu qədər tərifnamə yetər. Çünki təriflədikcə adam öz ölkəsində bu üstünlükləri daha çox istəyir, vəziyyət nə vaxt düzələcək məsələləsini düşündükcə isə bir az da havalanırsan. Nə bilim, bəzən qibtə hissi adamı eləcə dilxor edir. Axı mənim Vətənimin insanı da belə stressiz mühitə layiqdir, ya da layiq olmağı haqq etməlidir.
Bunu Berlinə yaraşdırmadım
Gəlin, Berlinə yaraşmayan bir məsələdən də danışım. Qaldığım oteldə 2 gün internet olmadı. Necədir sizin üçün? Bəli, ağzımız sulanaraq hərdən baxdığımız Avropada, lider şəhərlərdə də təəccüblü hallar olur.

Və bir maraqlı məqam: Metroda vay-fay (Wi-Fi) var, amma insanlar internetdən istifadəyə çox da meyl etmirlər. Özlərini kitab, qəzet oxumaqla xoşbəxt edirlər.
ayna.az