Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yaddaşlarda iz buraxan deputatlar: Kim necə xatırlanacaq, kim necə "yad ediləcək"



Beşinci çağırış Milli Məclis üzvlərinin əksəriyyəti cəmiyyət tərəfindən arzuolunmaz şəxslər kimi qəbul edilir

 

Milli Məclis dünən rəsmən qanunvericilik fəaliyyətini dayandırdı. Artıq yeni qərarları altıncı çağırış parlament qəbul edəcək. Maraqlıdır, ictimaiyyət beşinci çağırış parlament deputatlarını necə xatırlayacaq? Hansı deputatlar nələri ilə yadda qaldılar?

 

Bu suala cavab tapmaq üçün sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Respondentlərin cavablarını olduğu kimi təqdim edirik:

 

Elyar İslamoğlu: “Bir neçəsini çıxmaq şərtilə, qalanlarını yalnız özünü düşünən, var-dövlət yığan, mandatdan sui-istifadə edərək varlanan, uşaq pulunun bərpasına, təqaüd yaşının azaldılmasına laqeyd yanaşan, xalqı, milləti düşünməyən, bütün dövrlərin ən fəaliyyətsiz, tez-tez xalqı qıcıqlandıracaq açıqlamalarla yadda qalan millət vəkilləri olaraq xatırlayacağıq”.

Könul Aypara: “Yadımda qalan dunya şöhrəti qazanmış Rəfael Cəbrayılov oldu (gülür – red.) Hələ mandatını girov qoyan deputat yer üzünə gəlməmişdi. Yaxşı əməli olan kimsəni xatırlamıram. Azacıq Aydın Mirzəzadə və Adil Əliyevi fəal gördüm”.

 

Leyla Abdullayeva: “Məsələn, Zeynəb Xanlarova ancaq yaltaqlığı ilə yadda qaldı. İncəsənət xadimləri ilə Prezidentin görüşündəki çıxışı insanlarda ona qarşı böyük nifrət oyatdı. Bir də Qaxın deputatı Azər Kərimli işlədiyi dövrdə heç bir iş görmədiyinə görə daim yaddaşlarda qalacaq”.

Image result for zeynəb xanlarova milli məclisdə

Mayis Əlizadə: “2000-ci ildən bəri mandat daşıyanların arasında şəxsən mənim yadımda ən çox qalan məqam - Asim Mollazadənin bir böyük adamın gülüşünü yamsılaması olub”.

 

Gültən Qədirli: “Çox az deputat var ki, öz seçildiyi rayon üzrə nəsə edib. Əksəri rayonu üçün heç bir iş görmür və yadda qalmayıb. İş görüb yadda qalmaq əvəzinə, görməməklə yadda qalırlar”.

 

Həbibə Abdulla: “Həmişəki kimi, ən çox yadımda qalan sevimli deputatımız Qənirə Paşayeva oldu. Əsl deputatlığı ilə, seçicilərinin problemlərinə qayğıkeşliklə yanaşması ilə, Milli Məclisdə daha çox sosial problemlərin həllinə yönəlik çıxış və təklifləri ilə, aktivliyi ilə. Daha bir neçə nəfər də var ki, bu istiqamətdə müəyyən qədər təşəbbüsləri oldu, səsləri eşidildi. Bir də mənim yaddaşımda çox pis qalan deputat Çingiz Qənizadə oldu, bizə çamur atması ilə. Məhkəməyə verməyə hazırlaşsaq da, sonradan bəzi ortaq dostların (güman ki, öz xahişi idi) təkidli xahişlərindən sonra dayandıq”.

Image result for Çingiz Qənizadə

Raminə Eyvazqızı: “Hadı Rəcəblinin sərsəmləmələri, gündəmdə vacib problem olsa belə, hamı onun sözlərindən qıcıqlanırdı, əsəbləşirdi. Bəlkə də darıxacağıq (gülür – red.)”.

 

Elmar Huseynov: “Mili Məclisin 125 deputatı olsa da, cəmiyyət yaxşı mənada 5-6 deputatı tanıyıb həmişə. Fikrimcə, bunlar da İsa Həbibbəyli, Qənirə Paşayeva, Fazil Mustafa, Qüdrət Həsənquliyevdir ki, ictimai məsələlərdə daim onların çıxışlarını görmüşük. Amma bu, o demək deyil ki, YAP-ı təmsil edən millət vəkilləri susub. Məsələn, Aydın Mirzəzadə, Siyavuş Novruzov kimi deputatlar haqqında bu sözləri demək olmaz. Bir müddət parlament müxbiri olmuşam. Orda deputatların jurnalistlərə necə münasibət bəslədiklərini gördüm. Qənirə xanım yaxşı mənada jurnalistlərlə yüksək səviyyədə münasibət qurmağa çalışırdı. O, jurnalistlərlə tək-tək maraqlanır, hər hansı problem varsa, kömək etməyə həmişə hazır olduğunu deyirdi. Ona görə Qənirə xanım parlament jurnalistlərinin xüsusi rəğbətini qazanmışdı. Düzdür, belə deputatlardan bir neçəsinin adını çəkmək olar. Amma ümumi götürdükdə, faiz nisbəti çox aşağıdır. Arzu edirəm, yaxın gələcəkdə seçiləcək deputatlarımız insanlarla yaxından münasibət qurmağı, onların ümumi problemlərini öyrənməyi və Milli Məclisdə qaldırmağı, cəmiyyətin problemlərinə ayna tutmağı, bacarsınlar”.

Image result for Aqil Abbas

Züleyxa Nadir: “Yadımda bir neçə deputat qalıb. Qənirə Paşayevanın fəaliyyətini unutsaq, ən azı ədalətsizlik etmiş olarıq. Cəmiyyətin önündə gedən bu xanım deputat həmkarlarından çox fərqləndi. Və hər zaman haqqında düşünmüşəm ki, 125 deputatın 50-si onun kimi işləsə, ölkədə "qurd quzu ilə otlayar". Aqil Abbas daha çox söyülən, "döyülən" deputat kimi yəqin hələ uzun illər yaddan çıxmayacaq. Onun zaman-zaman söylədiyi haqlı-haqsız fikirləri birmənalı qarşılanmasa da, ictimaiyyət üçün maraqlı adamdır. Əgər bu dəfə Aqil Abbas mandat ala bilməsə, saytlar kimdən yazacaq? (gülür – red.) Hadi Rəcəbli də əndirabadi fikirləri və görüntü xatirinə çıxışları ilə yaddaşıma hopdu. Bahar Muradovanın üç il əvvəl bahalaşma ilə bağlı söylədiyi, "hər kəs ayağını yorğanına görə uzatsın" məsləhətini də unutmamışam. Hər dəfə ölkədə bahalaşma olanda bu xanım deputatı xatırlayıram. Bir də "sən niyə susursan?" deyə sual vermək istədiyim deputatlar var ki, adlarını xatırlamıram...”.

 

Qalib Əsədov: “Mənim yadımda spiker Oqtay Əsədov qaldı - həkimin göstərişlərinə dəqiq əməl edən, mehriban, pozitiv, sadə və səmimi pasient kimi”.

Əntiqə Rəşid Aslanova: “Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın Nazirlər Kabinetinin, 1 gün ömrü olan meşələrdə bəzi meyvələrin yığılmasının qadağan edilməsi barədə qərarına münasibəti xalq arasında qəzəb doğurdu. İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Belə etmək olmaz. Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır? Meyvəni istifadə etmək olar, daha bunu vəhşicəsinə dərmək yolverilməzdir. Aradan uzun müddət kecmədi ki, deputat oğlunun - Həbib Axundovun, dəyəri milyonlarla manat olan daha bir obyektinin üzə çıxması barədə məqalələr dərc olundu. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsindəki 5 mərtəbəli obyektin tikintisi zamanı deputat oğlu onlarla ağacı qırıb yerində həmin tikintini aparırdı. Bu həqiqəti bilə-bilə, kasıb təbəqənin meşədən meyvə yığmasına sərt münasibət göstərmək vicdansızlıqdan başqa bir şey deyil”.

 

Çingiz Özgür: “Daha çox "qatıqlamalarla" və "quş buraxmalarla" yadda qaldılar. Bir də vəsiqə girov qoymaq söhbəti çox yaddaqalan idi”.

 

Fərəc Məlikov: “Xalqın yaddaşında soğan əkənlər, fəhləlik eləyənlər, ayaqlarını yorğanlarına görə uzadanlar, “az ye” deyənlər, “ancaq uşaq dünyaya gəlməyən ölkələrdə uşaq pulu verilir” deyənlər, striptiz biznesmenlər, milləti “otxod” adlandıranlar və nəhayət yaltaqlıq üzrə dünya rekordu vurmuş analoqu olmayan deputat yığını kimi yadda qalacaqlar”.

Image result for Qənirə Paşayeva

Xəqani Paşayev: “Buraxılmış parlament deputatlarından Qənirə Paşayevanın fəaliyyətini çox bəyəndim. Xüsusilə, Azərbaycanın digər Türk dövlətləri ilə əlaqələrinin möhkəmləndirilməsində Qənirə xanımın rolu böyükdür. Əsl diplomat qadın təsiri bağışladı. Ona zamanəmizin Sara xatunu desək, yanılmarıq. İnanıram ki, növbəti seçkilərdə də seçiciləri ona etimad göstərərək namizədliyini irəli sürəcək. Qənirə xanım uşaq, qadın hüquqlarının müdafiəsində, əsasən də, Qarabağ məsələsində çox aktiv fəaliyyət göstərib. Ən əsası, Azərbaycan dövlətini harada təmsil edibsə, çox yüksək bacarıq nümayiş etdirib. Həm intelekti, həm vətənpərvərliyi, həm də savadı və nitqi valehedicidir”.

 

Seylan Orucov: “Bu parlament qaçanlar, uçanlar, üzənlər, süzənlər, yatanlardan ibarət deyildi. Parlamentdə fikir müxtəlifliyi olmalıdır ki, müsbət nəticə əldə edilsin, bunlar ancaq yaltaqlanmaqla məşğul idilər”.

Image result for milli məclis

Mübariz İbrahimli: “Bu parlamentdə 5 nəfər tapılmadı ki, Milli Məclisin buraxılmasının əleyhinə səs versin. Hamısı robot kimi kənardan idarə olunur”.

 

Məhərrəm Hacı: “Parlamentlər tarixində bənzəri olmayan etiraf: "Biz yararsızıq, bizi buraxın!!!"”.

 

Cəmilə Quliyeva: “Özləri getdilər, bəs yığdıqları? Büdcəyə qayıtdımı? Villaları bir kimsəsizin, biçarənin, pis vəziyyətdə yaşayan şəhid ailəsinə verildimi? Yox, yenilər də bunlardan dərs götürəcəklər”.


Ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10