Bina sakinləri o ünvanda elə bir hadisə baş vermədiyini bildirdilər
Dünən Səhiyyə Nazirliyi Bakı Dövlət Universitetinin (BDU) daha iki tələbəsinin ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilməsi barədə xəbər yaydı. Əvvəlcə KTM-ə yerləşdirilən tələbələrin BDU-nun yataqxanasında yaşadıqları deyilsə də, məlumat sonradan inkar edildi. Bildirildi ki, Təcili Tibbi Yardıma çağırış Yasamal rayonu Zahid Xəlilov 54 ünvanından daxil olub.
Biz də eləmədik tənbəllik, üz tutduq deyilən ünvana. Ünvana çatdığımızda isə, sözün əsl mənasında, şok olduq. Çünki ötən əsrlərdən qalma, artıq ömrünü başa vurmuş, istifadəyə yararsız köhnə yataqxana binası ilə üz-üzə dayanmışdıq. Ünvanı dəqiqləşdirmək üçün həyətdəki bina sakininə yaxınlaşdıq və məlum oldu ki, düz gəlmişik, Z.Xəlilov 54 buradır.
Adının açıqlanmasını istəməyən sakindən daha sonra xəstəxanaya yerləşdirilən tələbələr barədə soruşduq, məlumatsız olduğunu bildirdi. Ancaq onu da qeyd etdi ki, binanın 3,4 və 5-ci mərtəbəsində bir neçə mənzildə tələbələr kirayə qalır.
Məcbur olduq ki, özümüz binanı mərtəbə-mərtəbə gəzib araşdıraq. Binanın yarıqaranlıq, uçuq-sökük mərtəbələrində, demək olar ki, bir-bir mənzilləri döyüb kirayə qalan tələbələrlə maraqlandıq. Ancaq tələbələr dərsdə olduğundan onların nə özləri, nə də bu xarabalığa bənzəyən binada hansı şərtlər altında yaşadıqları barədə məlumat ala bildik.
Beşinci mərtəbədə kirayə qalan tələbələrdən cəmi biri evdəydi, o da binada hər hansı zəhərlənmə hadisəsindən xəbərsiz olduğunu bildirdi. Ayaqüstü də olsa, tələbədən bu dözülməz şəraitdə necə yaşadıqlarını soruşduq. Öyrəndik ki, kifayət qədər darısqal olan mənzillərin hər birində 3 tələbə qız birlikdə qalır və ümumilkdə aya 300 manat kirayə pulu ödəyirlər.
Tələbə qız binanın təhsil aldıqları universitetlərə yaxın ərazidə yerləşdiyinə və ətrafda o qiymətə normal şəraitli ev tapa bilmədiklərinə görə burada qalmağa məcbur olduqlarını vurğuladı. Bildirdi ki, qaldıqları mənzilin şəraiti də çox pisdir, yağış yağanda başlarına tökülür. Onu da dedi ki, istilik sistemi olmadığına görə otağı kondisioner və ya "tok peçi" (elektrik sobası) ilə qızdırırlar.
Elə bu vaxt bina sakinlərindən biri – beşinci mərtəbədə yaşayan Sevda xanımla qarşılaşdıq. Sevda xanım bildirdi ki, bina “Bakıbaştikinti” idarəsinə məxsus olub, təxminən, 60-70-ci illərdə tikilib və tələbələr üçün nəzərdə tutulub. Sonradan binada həmin idarənin işçiləri ailələri ilə birlikdə məskunlaşıblar. Hazırda binada Sevda xanımın ailəsi kimi 13-ə yaxın məcburi köçkün ailəsi yaşayır. Digər sakinlərə isə artıq “kupça” (çıxarış) verilib. Başqa yerdə ev alan və ya tikən sakinlər isə mənzillərini tələbələrə kirayə verirlər.
“Kupçası”, eləcə də maddi vəziyyəti imkan verən sakinlər mənzillərinin eyvanlarında və ya artırma eyvanlarda ayrıca mətbəx və sanitar qovşağı yaradıblar. Ümumi istifadədə olan mətbəx, hamam otağı və ayaqyolu isə bərbad vəziyyətdədir. Kəskin qoxudan yaxınlaşmaq belə, mümkün olmayan hamam və ayaqyolunun insan sağlamlığı üçün böyük təhlükə olduğu açıq-aşkar görülür. “Nikolaydan qalma” iki qaz sobasından və “ayaq üstdə qırxı çıxan” masadan ibarət olan mətbəxdə sakinlər həm də paltarlarını qurudurlar.
Üzləşdiyimiz mənzərə, bina sakinlərinin bizlə bölüşdüyü problemləri, dərdləri az qalmışdı ki, buraya gəlişimizin əsas səbəbini unutdura. Sevda xanım çox darısqal otaqda iki tələbə böyütdüyünü bildirəndə isə gəlişimizin fərqinə vardıq. Sualmıza cavab olaraq Sevda xanım da binada belə hadisə baş vermədiyini bildirdi: “Yan mənzildə 3 tələbə qız yaşayır, ikisi mənim qızımla yaşıddır, 20 yaşları var, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbələridir, indi dərsdədirlər. Nə axşam, nə bu gün zəhərlənmələri, ümumiyyətlə xəstələnmələri və təcili yardım çağırmaları barədə hər hansı xəbərimiz olub. Əgər belə hadisə olsaydı, mütləq xəbərimiz olardı”.
Sevda xanımla sağollaşıb birinci mərtəbəyə düşdük. Orada qarşımıza binanın daha bir neçə sakini çıxdı. Binanın süpürgəçisi işlədiyini bildirən Arzu Məmmədova da bu gün, ümumiyyətlə yaxın günlərdə binaya hər hansı bir təcili tibbi yardım maşını gəlmədiyini vurğuladı: “Zahid Xəlilov 54 ünvanı buradır, düz gəlmisiz. Ancaq buraya təcili yardım çağırışı olmayıb. Hamıdan qabaq mən yuxudan dururam, saat 7-də həyəti süpürürəm, əgər təcili yardım gəlsəydi, mən mütləq xəbər tutardım. Ağbirçək qadınam, sizə yalan deməyəcəm ki, burda elə hadisə olmayıb”.
A.Məmmədovanın dediklərini Qarabağ veteranı olduğunu bildirən digər bir bina sakini də təsdiq etdi: “Əgər binada hansısa tələbə xəstələnsəydi, mən özüm təcili yardım çağırardım və həmin tələbəylə birlikdə özüm də gedərdim xəstəxanaya. Bu ünvanda elə hadisə baş verməyib. Ünvanı sizə səhv veriblər, ancaq hər yanlışlıqda bir naxış var, madam ki, gəlmisiz, bizim bu binamızdan da yazın. Ağbirçək qadınlarıq, övladlarımız böyüyüb, evlənmə yaşları keçir, ancaq mənzillərimizin darısqal olması, üzləşdiyimiz bu şərait balalarımızı evləndirməyə imkan vermir. Şəhərin mərkəzində yaşasaq da, çox acınacaqlı vəziyyətlə üz-üzəyik”.
Bina sakininin də dediyi kimi, həqiqətən də şəhərin mərkəzində istismar müddətini başa vurmuş belə bir binanın yerləşməsi çox acınacaqlıdır. Ətrafında göz oxşayan "göydələnlər" ucladılmış bu bina gözdən uzaq olmasa da, könüldən iraq düşüb. Binanın aqibətinin necə olacağı, aidiyyəti qurumların bu barədə nələr düşündüyü isə bina sakinləri kimi bizə də qaranlıq qaldı.
Qaranlıq qalan digər məsələ isə Səhiyyə Nazirliyinin baş vermiş hadisə ilə bağlı mediaya göstərdiyi ünvan oldu. Əgər hadisə Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanında baş veribsə, bina sakinlərinin niyə bu barədə məlumatı yoxdur? Yox əgər, qızlar həmin ünvanda yaşamırlarsa, Nazirlik hansı səbəbdən dəqiqləşdirilməmiş məlumat yayır? Ümid edək ki, suallarımız cavabsız qalmayacaq.
Qeyd edək ki, sözügedən ünvanda yerləşən binanın hansı səbəbdən laqeydliklə üz-üzə qalmasına isə növbəti yazımızda ayna tutmağa çalışacağıq.
Ayna.az