Noyabrın 29-da saat 10-da 200-ə yaxın müxalifətçi Gürcüstan parlamentinin binası önündə piket keçirməyə cəhd edib, ancaq polis kordonları onların binaya yaxınlaşmasını əngəlləyib. Piketçilərin bir neçəsi həbs olunub. Məclisin sessiyası parlament binası önündə etirazçılarla polis arasında baş verən qarşıdurma fonunda açılıb.
“Parlament sessiyalarını boykot qərarımız qüvvədədir”. Bu sözləri Musavat.com-a açıqlamasında Gürcüstan parlametinin üzvü Azər Süleymanov deyir. Vahid Milli Hərəkat Partiyasının təmsilçisi olan millət vəkilinin sözlərinə görə, seçki sistemi ilə bağlı qərar yenidən məclisin gündəliyinə daxil edilməyənə qədər müxalifət partiyalarından olan heç bir deputat məclisin sessiyalarına qatılmayacaq.
- Bu gün parlamentin növbəti yığıncağıdır. Yetərsayın alınması böyük sual altındadır. Müxalifətçi deputatlar olaraq biz sessiyaya qatılmasaq da, məclisin işini yaxından izləyirik. Hər keçən gün “Gürcü Arzusu”na yetərsay əldə etmək, parlamentin gündəliyindəki məsələləri müzakirəyə çıxarmaq çətinləşir. Çünki hakimiyyətin vətəndaşlara basqısı gücləndikcə hakim partiya özü çat verir. Proseslər başlayandan 10-dan çox deputat hakim partiyadan istefa verib. Mən hətta rəqəm səsləndirməyə də çətinlik çəkirəm. Çünki dediyimiz rəqəmlər artıq “köhnə” ola bilər. Proseslə bağlı proqnozumuz budur ki, vətəndaşların etirazları sayəsində parlament seçkisinin tarixini önə çəkmək mümkün olmasa belə, seçki məcəlləsini dəyişmək qaçılmazdır. Vətəndaş seçki prosesini pozmaq yox, yarıtmaz hakimiyyəti azad, ədalətli seçki yolu ilə dəyişmək istəyir.
- İtqidar düşərgəsi iddia edir ki, müxalifət kənardan idarə olunur, ölkədə sabitliyi pozur və Gürcüstanı ötən əsrin 90-cı illərinə qaytarır...
- Gürcüstanı öz yarıtmaz siyasəti ilə 30 il geriyə atan əslində “Gürcü Arzusu” partiyasıdır. Bu partiyanın sayəsində Gürcüstan kasıblar ölkəsinə çevrilib, ölkə sürətlə boşalıb. Hesablamalarımıza görə, bu gün ölkədə cəmi 2 milyon əhali yaşayır və hökumət 2 milyon əhalinin belə yaşayışını təmin etmək gücündə deyil – ailələrin çoxu xaricdən göndərilən vəsait hesabına ayaqdadır. Hökumət iş yerləri yaratmaq haqqında ümumiyyətlə düşünmür. Hakimiyyətin “xaç atası”, keçmiş baş nazir Bdzina İvanişvili ötən gün mətbuat konfransı keçirib deyir ki, heç 10 il sonra da heç bir iqtisadiyyat Gürcüstanda 2 milyon iş yeri aça bilməz, nə yaxşı, gənclər mövsümü işlər üçün Avropaya gedir, indi müqaviləsiz, sığortasız işlıyirlər, 2-3 ilə onlarla da müqavilə bağlanar. O, vətəndaşların Gürcüstandan çörək dalınca didərgin düşməsini Avropanın fəthi kimi qiymətləndirir. Bu cür məsuliyyətsiz yanaşma ölkədə çox ciddi etiraz dalğası yaradıb, hətta iqtidar partiyasının üzvləri və hakimiyyəti dəstəkləyən aydınlar bu yanaşmanı qəbuledilməz saydıqlarını bildiriblər. Bu iqtidar Saakaşvili dönəmində dirçələn Gürcüstanı belə əzik, yıpranmış vəziyyətə gətirib.
- Müxalifət partiyaları hakimiyyətin xarici siyasət kursundan da razı deyil. Narahatlıqlarınız əsasən nədəndir?
- Gürcüstanın Kremlin qərarlarına tabe edilməsindən. Biz bütün ölkələrlə bərabərhüquqlu əsasda işbirliyinin, mehriban münasibətlərin tərəfdarıyıq. Rusiya Gürcüstan ərazilərinə qoşun yeridib, Abxaziya və Osetiyanı ölkədən qoparıb, ərazilərimizin 20 faizi işğal edilib. Ancaq 2012-ci ildən Gürcüstan iqtidarı Rusiya ilə elə rəftar edir ki, sanki Tiflisin Moskva qarşısında konkret öhdəlikləri var. Bu təslimçilik düşüncəsi qəbuledilməzdir.
- Prezident Saakaşvili dönəmində də müxalifət bağımsızlığın şərti olduğunu iddia edir, Gürcüstanı ABŞ-ın 52-ci ştatı adlandırırdı. Sizcə, baş verənlər supergüclərin Qafqaz siyasətlərini dəyişmələrindən yaranır, yoxsa, başqa səbəblər var?
- Öncə onu deyim ki, Saakaşvili dönəmində təkcə müxalifət yox, iqtidar təmsilçiləri də Gürcüstanı ABŞ-ın 52-ci ştatı adlandırırdılar. Çünki o illərdə Gürcüstan gerçəkdən də böyük çısrayış etmiş, demokratik dəyərləri sürətlə gəlişdirmişdi. Kommunizm sisteminin açdığı rüşvət, korrupsiya, yerlibazlıq, qohumbazlıq kimi yaraları hakimiyyət qısa zamanda kəsib ata bilmişdi. Çox ciddi islahatlar həyata keçirildi. “Gürcü Arzusu” bu yaraları ən ağır forması ilə Gürcüstana gətirdi. Bdzina İvanişvilinin şəxsi bankiri baş nazir, diş həkimi səhiyyə naziri, cangüdəni daxili işlər naziri oldu, sinif yoldaşları, kurs yoldaşları, yerliləri sürətlə vəzifələrlə yerləşdirildi, vəzifə sahibi olanlar əmlak bazarını ələ keçirdilər, iqtisadiyyatın normal inkişafını əngəllədilər. Bu gün ölkədə çörək oğurladığı üçün cinayət məsuliyyətinə cəlb edilən nə qədər vətəndaş var. İvanişvili isə rəsmi statistikaya görə Gürcüstanda 48,4 milyon hektar torpaq sahibi olub.
- Gürcüstan polisi aksiyaçılara qarşı yetərincə kobuddur. Basqı qorxunu artırırmı?
- Tam əksinə. Burada qorxunu insanlar ötən əsrin 90-cı illərində yeniblər. Bəlkə də bu gürcü xalqının azadlıq arzusunun qüvvətli olmasındandır, basqı daha aqressiv formaya keçdikcə, daha çox insan etiraz səsini ucaldır. İvanişvili iyun ayında Rusiya Dövlət Dumasının Gürcüstana gələn kommunist deputatına etiraz edildiyi üçün vətəndaşların, sözün birbaşa mənasında gözünü çıxardı. Polis də etiraf edir ki, aksiyaçılara baş nahiyəsindən rezin güllə vurmaq əmri almışdı. Nəticə oldumu? Müxalifətin ondan sonra təyin olunan bütün mitinqlərini daha genişmiqyaslı olub, vətəndaşlar iradələrini göstərmək üçün son qəpiklərini xərcləyib Tiflisə mitinqə gəliblər.
- Ölkənin iqtisadi dirçəlişinin yollarını deyəsən, uğurli iş adamı İvanişvili də görə bilmir. Sizcə, Gürcüstanı inkişaf potensialı niyə tükənib?
- Qətiyyən belə deyil. Hər şey idarəetmədən asılıdır. Lari "Gürcü Arzusu"nun iqtidarı dönəmində dollar qarşısında 1,65-dən 3 lariyə enib. Bu, bir daha onu sübut edir ki, siyasi vəzifələrə iş adamlarını gətirmək olmaz, onlar sadəcə öz bizneslərini böyütmək haqqında fikirləşəcəklər. Belələrində vətən, millət, dövlət anlayışı ya olmur, ya da çox aşağı səviyyədə olur. Əgər Gürcüstanın iqtisadi potensialı yox idisə, necə oldu ki, Saakaşvilinin dönəmində iqtisadiyyat qısa zamanda 10 dəfələrlə böyüdü, ölkəyə milyardlarla investisiyalar gətirildi? Bu hakimiyyət dönəmində iri investorlar Gürcüstandan çəkilib, ölkənin ciddi gəlir qaynağı turizm potensialı düzgün qiymətləndirilmir. Avropa ölkələri ilə heç bir iş aparılmadığından ölkə Rusiya turistlərinin ümidinə qalmışdı. Yaydakı siyasi böhran onların da “ayağını kəsdi”. İvanişvili iqtidara “hər kənddə bir zavod tikəcəyik” vədi ilə gəlmişdi, ancaq nəinki hər kənddə, heç ölkə üzrə sanbalı istehsal sahələri yarada bilmədi.
- Borçalıda, sizin təmsil etdiyiniz Marneuli rayonunda durum necədir?
- Ölkə genəlində necədirsə, Marneuli və azərbaycanlıların kompakt yaşadığı digər bölgələrdə də elə. Əhalinin gəlirləri azalıb, heç bir sosial layihə həyata keçirilmir, kəndlərin infrastruktur problemləri çözümünü gözləyir. Əhali borc içərisindədir. “Gürcü Arzusu” ermənilərə dəstək verdiyi , onların təmsilçilərini yüksək vəzifələrə təyin etdiyi halda, azərbaycanlıların önəmli postlara yolunu süni əngəllərlə bağlayır. Borçalıda dalbadal bir neçə seçki uduzduğuna görə, məcbur qalıb bu il Marneuli meriyasına azərbaycanlı namizədin qələbəsini tanıdılar. Sevincimiz yenə Azərbaycan tərəfdəndir. SOCAR təhsil layihələri həyata keçirir. Gənclərimiz ali təhsil almaq fürsəti qazanır. Gürcüstan Azərbaycana bu dəstəyə görə minnətdar olmalıdır. Ümumiyyətlə, Azərbaycanın Gürcüstanla bağlı siyasəti son dərəcə müdrikdir. Əgər Keşikçi dağ məbədi ilə bağlı Gürcüstanın yaratdığı süni problemə Azərbaycan eyni reaksiyanı versəydi, çox böyük böhran yaşana bilərdi.
- İqtidarın vəziyyəti çətinləşdikcə, Saakaşvili faktoru daha qabarıq gözə çarpır. Siz eks-prezidentlə davamlı təmasdasınız. O, ölkənin yükünü yenidən götürməyə hazırdırmı?
- Bir neçə gün öncə Gürcüstan aydınlarının böyük bir nümayəndə heyəti Mixeil Saakaşvili ilə görüşmək üçün Kiyevə getdi. Geniş müzakirələr oldu. O şəxslərin içərisində bir zamanlar Saakaşviliyə kəskin müxalifətdə olan insanlar da vardı. Hər kəsin yeganə fikri odur ki, etirazçı elektoratın birləşdirici qüvvəsi yalnız Saakaşvilidir. Hələlik o şəxslərin adı açıqlanmır. Ancaq yaxın günlər də onların özləri xalqın qarşısında çıxacaqlar. Ola bilər ki, bu elə həftəsonu mitinqlərindən birində olsun.
Musavat.com
Tiflis