Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölümlə qalım arasında seçim - Həyatımız təhlükədədir



Ekspert: “Vətəndaşlar həddindən artıq məsuliyyətsiz olublar, heç nədən qorxmurlar”

 

Havalar soyuduqca, ənənəvi problemimiz yenidən canlanır – dəm qazından boğulmalar. Hər il yazılır, deyilir, dartışır, səbəb-nəticə əlaqələri qurulur, lakin problem həllini tapmır ki, tapmır...

 

Xüsusilə, son zamanlar cəmiyyətdə iddialar var ki, mənzillərə verilən təbii qazın tərkibində hansısa qatqılar var. Yəni həmin qatqılar qazın normal yanmasına mane olur, zəhərli effekt yaradır və nəticədə boğulma hadisələri meydana gəlir.

 

Cenub.az xəbər verir ko, ayna.az yenidən məsələni gündəmə gətirmək, çıxış yolları aramaq məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov müraciət edib. Qurumun rəsmisi qatqı məsələsini birmənalı şəkildə istisna edib: “İstehsalat Birliyinin nə marağı var ki, o qazın tərkibinə nəsə qatsın? Həm də onun məsuliyyəti böyükdür.  Bunu kim iddia edir, bilmirəm, amma düzgün səslənməyən bir fikirdir. Biz heç vaxt belə bir şeyə gedə bilmərik. Ümumiyyətlə, bu, nəyə lazımdır axı?! Qazın keyfiyyətini də artırmır. Mən heç bilmirəm, söhbət hansı maddələrdən gedir”.

“Biz, ümumiyyətlə dəm qazından zəhərlənmələr barədə məlumatları qəbul etmirik. Çünki bu sahədə artıq nəzarət mexanizmi “Azəriqaz”da deyil. Nəzarət mexanizmi Energetika Nazirliyindədir. Onlar da məişətdə istifadə olunan cihazların standartlara cavab verb-verməməsini yoxlayırlar. Dəm qazı ilə bağlı zəhərlənmələr baş verərkən bizim ekspertlərimiz ora dəvət olunur. Biz yalnız gedib baxırıq ki, görək, hamam otağının qapısı çölə və ya içəri açılırmı. Yəni birbaşa bu işdə nəzarətçi deyilik, yalnız rəy veririk. Qapının aşağı hissəsində dəliklərin, hava nəfəsliklərinin olub-olmamasını yoxluyub rəy veririk. Baxırıq ki, orda hansı cihazdan istifadə olunur. Bəziləri kombidən istifadə edir, bəziləri fərdi evlərdə elə hamam otağınının içərisində o kustar üsulla hazırlanmış cihazlardan istifadə edirlər. İstənilən halda biz kənardan ekspert rəyi veririk. Bizim ekspertimizin ora dəvət olunmasının əsas səbəbi də odur ki, belə hadisələr böyük miqyas almasın deyə, qaz təchizatını dərhal dayandıraq”, - deyə C.Səfərov bildirib.

 

Bakı Qaz İstismar İdarəsinin keçmiş rəisi, ekspert Nüsrət Qasımov deyib ki, baş verən faciələrin bir sıra səbəbləri var: “Birinci səbəb odur ki, insanlar çox məsuliyyətsiz olublar, heç nədən çəkinmirlər, qorxmurlar. İkincisi, Bakı şəhəri artıq “bezrazmer” olub. Əvvəllər əhalinin 60%-i rayonlarda, 40%-i şəhərdə yaşayırdı. İndi isə əksinə olub - 60%-i paytaxtda,  40%-i rayonlarda yaşayır. Rayondan gələnlər də şəhərdə neft-qaz kəmərlərinin üstündə, qoruq zonalarında ev tikirlər və bundan sonra böyük problemlər yaranır. Digər tərəfdən isə, bəziləri elə yerlərdən gəliblər ki, heç vaxt qaz görməyiblər. Elə bilirlər ki, necə istəsələr, qazdan elə də istifadə edə bilərlər. Bu da yolverilməzdir. Çünki qazın özünün normativləri, standartları var ki, harada quraşdırmaq olar, harada olmaz. Kimin quraşdırdığı, quraşdıran şəxsin lisenziyasının olub-olmadığı çox vacibdir”.

“Abonentlərin sayı çoxaldıqca özbaşınalığın da sayı artır. Səhlənkarlıqlar da artır. Bəziləri bilərəkdən edirlər, bəziləri bilmədən edirlər. Qazın qayda-qanunlarına da məhəl qoymurlar. Sovet dönəmində qaz, su qızdırıcıları 10 ildən bir dövlət tərəfindən dəyişdirilirdi. Dörgözlü sobalar da iyirmi ildən bir dəyişdirilirdi. İndi isə bunu etmirlər. Bizim yerli standartlara uyğun olmayan, haradan gəldiyi bəlli olmayan cihazlar, sobalar quraşdırırlar. Bizim standartlarda qaz cihazının girişində optimal təzyiq 130 millimetrdir. Lakin məsələn, İrandan gətirilən sobalarda təzyiq 178 millimetrdir. Onu da əhali gedib alır. Lazım olan effekti almadığından, gedib naşı ustaları çağırırlar, onun qaz çıxan deşiklərini deşib böyüdürlər və qazla hava arasında olan mütənasiblik pozulur”. – ekspert vurğulayıb.

 

Onun sözlərinə görə, 1 kubmetr təbii qazın yanması üçün 9,5 kubmetr hava lazımdır: “Həmin normadan artıq və ya əskik olanda, karbon 4 oksid əvəzinə karbon mono oksid, yəni dəm qazı çıxır. İnsan da 7-30 dəqiqə arası onunla nəfəs alarsa, artıq ölümə hazır olur. Bunların ölçüləri var. Dördgözlü sobalar 15 kubmetrdən aşağı olmayan mühitdə quraşdırılır. Yəni otağın hündürlüyü 2 metr 20 sm olmalıdır. Eni və uzununu hesablayanda 15 kubmetr etməlidir, pəncərə gözlüyü, təbii işıq mənbəyi və ventilyasiya kanalı olmalıdır. Ventilyasiya kanalı bir saatda üç dəfə otağın havasını dəyişməlidir. Qaz kalonkaları 7,5 kubmetr olmalıdır. Qapısı bayıra açılmalıdır, qapının aşağısında deşik olmalıdır ki, həmin deşikdən təmiz hava daxil olsun. Lakin insanlar qapını kip bağlayırlar. Deşikləri də qapayırlar ki, tüstü gəlməsin. Hava çatışmadıqda isə dəm qazı əmələ gəlir.  Dəm qazı da 7 dəqiqə ərzində insanın müqəddəratını həll edir”.

 

N.Qasımov deyib ki, sovet dönəmində ayda bir dəfə qaz işçiləri mənzillərdə profilaktik xidmət göstərirdilər, yoxlama aparırdılar: “Sobaların təmizliyinə, düzgün yanmasına və s. nəzarət edirdilər. İndi, guya camaat daha da savadlı olub, deyirlər ki, “6 aydan bir yoxlanılmalıdır”. Təəssüflər olsun ki, heç 6 ildən bir də gəlmirlər. “Azəriqaz” isə yalnız sayğacların çıxışına qədər cavabdehlik daşıyır”.

 

“Ümid qalır mətbuat vasitəsilə aparılan maarfiləndirmə işlərinə. Bu, öz effektini verir. Statistika göstərir ki, ildən-ilə belə hadisələrin sayı azalır. Deməli, mətbuatla bu işləri aparmağımız çox böyük effekt verir. Cürbəcür iddialar gəzir ki, guya, qaz zəhərlidir. Ancaq bu insanlar düşünmürlər ki, bir sözü deyəndə onun elmi əsası olmalıdır. Tüstü bacaları təmizlənməlidir. Bildiyim qədəriylə, təmizləmək üçün camaatdan səkkiz manat pul istəyirlər. Onu da verməyə imkanları olmur. İllərlə təmizləmirlər. Buna görə də belə zəhərlənmə halları olur”, - deyə mütəxəssis əlavə edib.

 

“Zəhərlənmənin ilkin simptomları hansılardır və qarşısının alınması üçün nələr ediməlidir” sualına isə həmsöhbətimiz belə cavab verib: “İlkin olaraq başgicəllənməsi, sifət rənginin ağarması, huşun itməsi, ürək bulanması müşahidə olunur. Hamamda çimən adamı tez-tez yoxlamaq lazımdır. Əgər zəhərlənmə olubsa, onu dərhal ordan çıxarmaq lazımdır. Yaxasını açıb, ayyaqlarını isti suya qoyurlar. Təmiz havada olması mütləqdir. Ölüm ayağındadırsa, ürəyini masaj edirlər. Huşu özünə gələndə, yaxşı olar ki, həmin adama bir stəkan şərab verilsin. Şərab qan dövranını tezləşdirir. Paralel olaraq təcili yardıma zəng etmək lazımdır”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10