"Siyasət adlı məndə bir mərəz yox " - Şəhriyar
Yaxşı ki, Şəhriyarın bu misrası var, yoxsa, gərək belə yazaydım - mən siyasətə qarışmıram. Yazmamış olum.
Neçə gündür papatya ləçəyi qırırdım.., yazım, yazmayım? Bir də gördüm ki, yazmışam.
"Ayıltmadı kalemim şu türk ilə əcəmi. Nə koydular diyeyim, nə kəsdilər dilimi”- Əli bəy Hüseynzadə.
Həyat və ədəbiyyat! Qafiyə sözlərdir. Ədəbiyyat həyat tərzimə çevrilib, amma pəncərədən çöldəki həyat adamı diksindirir, ikisinin arasında gedib - gəlirəm və siyasətə də ədəbiyyatın gözü ilə baxıram. Siyasət isə ...
Tomas De Vaal (postsovet məkanlarını araşdırır) araşdırdığı ölkələrə ədəbiyyatın dili ilə yanaşır. Rusiyanı Qoqolun "Müfəttiş" komediyası, Ukraynanı Çexovun "Albalı bağı" pyesi ilə, Gürcüstanı isə Dostoyevskinin "Karamazov qardaşları "əsəri ilə müqayisə edir. Görəsən, bizə niyə yanaşmayıb və sizcə, hansı əsərlə baxardı Azərbaycana, postsovetin ən qaynar ocağına? Yəqin, Dostoyevskinin "Alçaldılmışlar və təhqir edilmişlər" əsəri ilə...
Tarixən də ədəbiyyat adamları siyasilərə necə dağ çəkiblərsə, od qoyublarsa, taa qədimdən ədəbi simalar edam olunur, çarmıxa şəkilir, boynu vurulur, diri - diri dərisi soyulur, sürgün, işgəncə, güllələnmə, daha nələr! Amma, yenə də: “haqq sözü derkən, utana bilmirəm” - söylədi Sabir, “İblisə uydu bəşəriyyət” , - dedi Cavid, “niyə məni döyürsünüz ?!” - yazdı Mirzə Cəlil.
Bir zamanlar Monteskye deyəndə ki, insan insanın canavarıdır, materialistlər töküldü üstünə ki, yox, insan insanın dostu, yoldaşı və qardaşıdır. Dünya binnət olandan bu canavarlıq var, rəsmən iki dünya müharibəsi, milyonlarla insanın öldürülməsi.., amma biz əyani olaraq bu canavarlığı ilk dəfə 20 Yanvarda gördük, Qarabağda şahidi olduq. Mənim üçün Rusiya deyilən bir ölkə bitmiş oldu, amma bu siyasət anlamındadır...
Adətən şairin ilham mənbəyi saralmış bir yarpaq da ola bilir, publisistin ilhamı gündəmdir. Gündəmimiz Lavrovun dedikləri, Rusiyadan əsən şimal küləyidir.
Urset! Ah, bu Urset!. Ax, bu urusbaşlılar!
Vəziyyət getdikcə dəyişir, Urset sevdalısı yalnız kişilər deyil, qadınlar da deyirlər ki, ora olmasa, dolana bilmərik, çörək ağacımızdır Urset. Sanki orda akademik işləyirlər. Mən onları başa düşürəm, iş yerləri yoxdur burda. İşləyin, amma ordan bura kafanızda bəla gətirməyin.
Zamanında iş dalınca Rusiya çöllərindən Bakıya üz tutanlar çox olub. Ötən əsrin əvvəllərində Bakı neft mədənlərində çalışmaq, çörək pulu qazanmaq üçün bir ordu qədər Ursetdən axışmışdılar Azərbaycana. Volqaboyundan barjlarla Xəzərə, ordan da Bakıya gəlirdilər, sonra da XI Qırmızı Ordu ilə soxuldular. Bir dəfə indiki İstiqlaliyyat, keçmiş Kommunist küçəsinin İqtisad Universiteti ilə üzbəüz, üzüm yarpaqlarının örtdüyü eyvandan qoca bir rus qadını oturub küçəni seyr edirdi. Böyük qardaşım qadını göstərib -“ bu, XI Qızıl Ordu ilə gələnlərdəndir” - dedi və əlavə etdi: “evin sahibi bəyi Sibirə göndərib, bu evi də ona veriblər”. Yedilər, doydular, ev - eşik sahibi oldular, təltif olundular, nataşalar baş köşəyə keçdi. Bir soruşun, heç bizə minnətdarlıq etdilərmi? Minnətdarlıqları üstümüzdən keçən tankları oldu. Qarabağı da işğal edib, ermənilərə verdilər.İndi də deyirlər ki, bu iş sizlik deyil, bu problemi Mardakert erməniləri həll etməlidir. Mardakert bir addımlığımızda olduğundan, Tərtərə bitişik olduğundan yazdım. Mardakertə bax ee.., gözümüzü açandan evimizin damını, döşəməsini vuran, ipəkqurdu üçün həyətimizdəki çəkil ağaclarını qıranlar indi vətənimin taleyini həll etmək statusundadırlar.
Ataları Ursetdə olan şagirdlərimin çoxunun üzündə bir qəmküsarlıq var. Bir dəfə də yazmışdım, vaxtında pul -para da göndərmirlər, sonra hamısını Xoşqədəmdə axtarırlar…
Hələ qızları Urset oğlanı deyib ərə verən valideynlər. Şəxsən tanıdıqlarım var, qız ordan yalvarır ki , məni gəlin aparın, ata burdan deyir ki, ordan meyitin çıxar. Az keçmədi, qız özünü 10 -cu mərtəbədən atdı, ata “arzusuna” çatdı və Allah üçünə qəşəng başdaşı da qoydurdu, o məsum qıza. O qıza bacım dərs demişdi, biri də mənim qonşumdur, dedim, verməyin qızı bu urset gədəsinə.., artıq evlərinə qayıdıb.
Azərbaycanın ən kiçik rayonu Tərtərdə bu il rus bölməsinə - birinci sinfə 50 -yə yaxın uşaq gətiriblər. Özünüz şərh edin, hara gedirik? Urseti sevdiyimiz qədər Qarabağı sevsəydik , indi tikan üstdə oturmazdıq. Bunu elə-belə yazmadım, hərdən Feysbukda ruslardan narazılıq edən statuslara bəzən Rusiyanın hansı düzündəsə bir parça çörək tapan azərbaycanlı qəzəblə yazır ki, “rusla işiniz olmasın”.
Nəhayət, yazının başlığı haqqında. Yadınızdadırsa , Berlin divarı sökülür, rus ordusunu qatarlara doldurub yola salırdılar, almanlar da sevinirdilər. Amma birinin əlində kobud hərflərlə yazılmış lövhə vardı: ”İdi domoy , İvan”. Nə demək istədiyimi “ivansevərlər” anlasın. Biz qrafikamızdan rus hərflərini söküb atdıq, kaş canlı hərfləri də söküb ata biləydik!
Bəsti İsmayılova
Tərtər şəhər 2 saylı məktəb-litseyin ədəbiyyat müəllimi