Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstanda yeni siyasi böhran: inqilab, yoxsa tamaşa?


Gürcüstanda növbəti etiraz aksiyalarına start verilib. Noyabrın 14-də proporsional seçki sistemi ilə bağlı konstitusiya dəyişikliyinə səsvermədə 141 millət vəkili iştirak etdi. Bunlardan 101 nəfər lehinə, 3 nəfər əleyhinə səs verdi, 37 nəfər isə səsverməyə qatılmadı. Sonuncuların 35 nəfəri “Gürcü arzusu” partiyasının millət vəkilləri idi. Nəticədə dəyişiklik qəbul olunmadı.

Hakim “Gürcü arzusu” partiyasının sədri, sabiq baş nazir, milyarder Bidzina İvanişvilidir. Səsvermədən keçməyən qanun layihəsinin müəllifi də elə o özüdür. 

Parlamentin tamamilə proporsional seçki sisteminə keçidi bu ilin iyununda baş vermiş etiraz aksiyalarında əsas tələblərdən biri idi. Hakimiyyət həmin məsələdə xalqın istəyini yerinə yetirməyə söz versə də, parlamentin 14 noyabr iclasında fərqli mövqe sərgiləndi. 

Dəyişikliyin qəbul edilməsi üçün 113 səsə ehtiyac vardı. Etirazçıların, o cümlədən müxalifət nümayəndələrinin bir qismi hesab edir ki, qanun layihəsinin müəllifi İvanişvili onları aldatdı, iyun etirazlarında verdiyi sözü tutmadı və partiyası daxilində bu dəyişikliyə “hə” deməyənlər, ümumiyyətlə səsvermədə iştirak etməyənlər məhz İvanişvilinin direktivi ilə hərəkət ediblər. Növbəti məsələ isə budur ki, parlamentdə bəlli çoxluğu itirən hakim partiya bu gedişlə növbədənkənar seçki təyin edə bilər. 

Gürcüstanda hazırda qarışıq seçki sistemi mövcuddur. Bütün zamanlarda bu sistemdə hakim partiyalar qələbə qazanıb. Belə ki, yerlərdəki ən güclü namizədlər hər zaman mərkəzi hakimiyyətin təmsilçiliyində olmağa can atırlar və bütün inzibati resurslar onların seçilməsinə səfərbər olunur. 2016-cı ildə “Gürcü arzusu” 71 majoritar dairənin qalibi olub. Növbəti seçkilər isə 2020-ci ildə keçirilməlidir. 

Gürcüstanda qarışıq sistemin banisi sabiq, devrilmiş mərhum prezident Eduard Şevardnadzedir. 

“Gürcü arzusu”nun da işləri yaxşı getmir: hakim partiyanın layihənin lehinə səs vermiş 7 millət vəkili etiraz əlaməti olaraq təşkilatın sıralarını tərk etdiyini bildirib. Onların arasında vitse-spiker, parlamentin inteqrasiya, təhsil və beynəlxalq əlaqələr komitələrinin rəhbərləri var. Proporsional seçki sisteminə keçid həm də Gürcüstanın siyasi tərəfdaşlarının tələbidir və hakim partiyanı tərk edənlər nüfuz etibarilə beynəlxalq aləmlə geniş əlaqələri olan şəxslərdirlər. Belə ki, Avropa İttifaqı və NATO-ya istiqamət götürmüş Gürcüstan qarşısında qoyulmuş əsas tələblərdən biri seçki sistemindəki məlum islahatdır. AŞPA-nın Gürcüstan üzrə həmməruzəçiləri parlamentin qərarını “bir addım geriyə” adlandırıblar. Tbilisidəki ABŞ və Avropa Birliyinin nümayəndəlikləri də narahatlıqlarını ifadə ediblər.

Sabiq vitse-spiker Tamar Çuqoşvili deyib: “Bu dəyişikliklər bizim üçün çox vacib idi. Amma əksinin olması ciddi fəsadlara səbəb ola bilər ki, buna görə də biz məsuliyyət daşımağa hazır deyilik”.

Belədə indiki vəziyyət nə ilə nəticələnə bilər?

İnqilab?

Müxalifət və vətəndaş cəmiyyəti artıq xalqı küçələrə səsləyiblər. Hakim partiyadan qopmalar var. Müxalifətin əlində media resursu da mövcuddur. Amma əvvəlki illərə nisbətən müxalifət dağınıqdır. Gürcüstan tarixində onun birliyi iki dəfə daha aydın nəzərə çarpıb; 2003-cü ildə “qızılgül inqilabı” buna ilk misal olub, ikinci dəfə isə müxalifət 2012-ci ildə Saakaşvili iqtidarını devirmək üçün İvanişvilinin ətrafında birləşib. Sonra gürcü müxalifəti yenidən parçalandı, Saakaşvili ölkədən getdi, onun partiyası iki hissəyə bölündü. 2018-ci ildəki prezident seçkisində də müxalifət biləşmədi. Amma burada xırda bir nüans var: 2012-ci ildə hakimiyyəti dəyişmək məqsədi hətta fərqli ideologiyalı partiyaları bir araya gətirmişdi. Son hadisələrdə mövqelərin eyniliyi göz önündə olsa da, müxalifətin birləşməsi nəzərə çarpmır. 

Başqa məqam müxalifətin maliyyə dayaqlarının olmamasıdır. 2003-cü ildə Şevardnadzenin devrilməsi üçün Qərb fondları inqilabçılara dəstək vermişdi, 2012-ci ildə İvanişvili öz maliyyə resurslarını işə salmışdı. Bu gün isə Qərb əvvəlki kimi Gürcüstan müxalifətinə yatırım etmək iqtidarında deyil, ən azından belə görünür. 

Üçüncü məqam hakimiyyətdən müxalifətə transferlərlə bağlıdır. 2003-cü ildə Şevardnadzeni devirən onun komandası olmuşdu, 2012-ci ildə Saakaşviliyə qalib gələn vaxtilə ona maliyyə dəstəyi göstərən İvanişvili idi. Həm də, Saakaşvilinin köhnə tərəfdaşları yeni hakimiyyətin yanında dayanmışdılar. 2012-ci ildən sonra isə hakim partiyadan gedənlər olsa da, kimsə müxalifət sıralarına qatılmayıb. Gürcü müxalifətini qələbəyə aparan həmişə birlik və ümumi lider olub. İndiki halda birliyin yoxluğundan danışdıq. Liderə gəldikdə isə, 2012-ci ildən bugünədək müxalifətin yeni lideri ortaya çıxmayıb. Saakaşvili hələ də “köhnə lider” statusundadır. Ona da münasibət istər siyasi arenada, istərsə də əhali arasında birmənalı deyil. 

…ya da İvanişvilinin hakimiyyəti davam edəcək?

Səsvermədən sonra İvanişvili xüsusi bəyanatla çıxış edib və günahkar kimi majoritar millət vəkillərini göstərib: “Kiməsə sirr deyil ki, proporsional seçki sistemi majoritarlar arasında məşhur olmayıb”. 

Milyarder partiya sədri müxalifəti də günahlandırmağı unutmayıb: “Müzakirələr bitdi, səsverməyə keçdikdə müxalifətçilər “Gürcü arzusu” deputatlarının üzərinə yürüdülər, onları təhqir etdilər, bu da, görünür, bəzi majoritar üzvlərimizi özlərindən çıxardı və mənim də onları konstruktivliyə dəvət etmək imkanım olmadı”. 

İvanişvili siyasi arenada üzdə olmasa da, həlledici qərarların qəbulunda və müəyyən taktiki gedişlər etmək zərurəti yarandıqda, partiya lideri kimi, manevr imkanlarına malikdir. Bu ilin iyununda ortaya atdığı proporsional seçki məsələsi ilə o, etirazçıları sakitləşdirməyi bacarmışdı. Bundan əvvəl, 2018-ci ildəki prezident seçkisində dəstəklədiyi namizədin ikinci turda qalib gəlməsi üçün 600 min vətəndaşın kredit borclarının ləğvi barədə ideyanı da İvanişvili ortaya atmışdı. Nəticədə onun namizədi qalib gəlmişdi. 

İndiki halda da qəbul olunmamış qanun layihəsi müəyyən dəyişikliklərlə yenidən müzakirəyə çıxara bilər. Yəni, ən sonda İvanişvilinin belə bir addım ata biləcəyi məntiqli görünür.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10