Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Məşədi İbad” filmi Azərbaycandan əvvəl İranda çəkilib – 1953-cü ildə Üzeyir bəyin əsərini kim ekranlaşdırıb? (NADİR VİDEO)



Korifey bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı “O olmasın, bu olsun”  operettası əsasında 1956-cı ildə çəkilmiş bədii film Azərbaycan kinosunun incilərindən sayılır.

Böyük uğur qazanmış bu film dünyada, xüsusən Yaxın Şərq ölkələrində populyarlıq qazanıb.  Maraqlıdır ki, bu əsər müxtəlif vaxtlarda digər ölkələrdə də ekranlaşdırılıb.

Üzeyir bəyin “O olmasın, bu olsun” operettası əsasında 20-ci əsrin 50-ci illərində İranda bədii film çəkilibmiş. İnternetdə İranda çəkilmiş həmin film yerləşdirilib.  Maraqlı olan odur ki, bu ekran əsəri 1953-cü ildə çəkilib.  Azərbaycan isə yalnız 3 ildən sonra -1956-cı ildə əsərə ekran həyatı verib.

90 dəqiqə davam edən bu filmin rejissoru və ssenari müəllifi Səməd Sabahi,  prodüseri Əziz Kardvani və Hakimandır.

Filmdə rolları Əsgər İmprari, Fataneh, Məsumə Heyyar, Tağı Zuhuri, Əli Tabeş, Barat Loo, Rza Kərimi, Möhsun Fərid, Nəcəfi və Cavad Təqdasi ifa edir.

İran filminin Azərbaycanda çəkilmiş  eyni adlı ekran əsərindən çox zəif olduğu ilk baxışdan aydın olur. Filmdə Üzeyir bəyin musiqiləri bir qədər təhrif olunmuş halda ifa olunur. Gülnaz və Sərvərin oxuduğu əsas partiyalar yoxdur. Məşədi İbadın oxuduğu yerlər isə peşəkar xanəndə tərəfindən səsləndirilməyib. Tarixi planda hadisələr təhrif edilib. Filmdəki əhvalatın Bakıda deyil, sanki İranda baş verdiyi təsiri bağışlayır. Sərvər tələbə deyil.  Məşhur hambal obrazı da fərqli təqdim olunub.  Məşədi İbadın toy səhnəsində qonaqlar hambalı rəqs etməyə məcbur edirlər.  Filmdə kasad pavilyon səhnələri və təsvirlər diqqəti cəlb edir. Rejissor bizim gözümüzün öyrəşdiyi epizadlardan tam fərqli format təqdim edib.

Ekran işinə iki Azərbaycan mahnısı daxil edilib.

Bu ekran əsəri bəzi suallar doğurur. Filmin mövcudluğundan o vaxt  sovet Azərbaycanında xəbərləri olubmu? Necə olur ki, bir çox mizanlar və qrimlər oxşardır. Bunu indi yalnız kino araşdırmaçılarından dəqiqləşdirmək mümkündür.  

Amma bir məsələ tam aydındır: Azərbaycanda çəkilmiş “O olmasın,bu olsun” filmi tam peşəkar kino işi sayılır.

İran variantına baxsanız əmin ola bilərsiniz.

Azpost.info






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10