Alman dilini yaxşı mənimsəyirdim və onu öyrənərkən sürətlə irəli gedərək, müharibə zamanı əsir düşmüş, 1943-cü ildən 1947-ci ilə qədər SSRİ-də əsir həyatı yaşamış keçmiş Vermaxt zabitlərinin memuarlarını oxumağa girişdim. Bu, mənim əlimi daha bir informasiya qaynağına – qərbi Almaniya qəzetlərinə çatdırdı. O zaman Sovet İttifaqında tələbələrə institutda Qərb qəzet və jurnalları oxumaq icazəsinin verildiyi unikal bir mərhələ oldu. Sonra bütün nəşrlər yasaqlandı, amma mənə həmin “açıq mərhələ”də qəzet-jurnal oxumaq xoşbəxtliyi müyəssər oldu və mən acgözlüklə hər şeyi oxuyurdum – SSRİ-də çox az-az adam üçün bu nəşrlər əlçatan idi.
Tədricən anladım ki, Qərb başqa dünyadır. Orada hər şey fərqli idi. Tamamilə başqa siyasi və sosial sistem kimi, mənəvi dəyərlər də başqaydı. Kütləvi informasiya vasitələrinə sərbəst çıxış Qərbi sanki başqa planet kimi görməyə imkan verirdi. Yalnız iyirmi yaşım olanda anlamağa başladım ki, indiyə qədər naməlum olan dünyanı dərk edirəm. Bu vaxta qədər yaşadığım həyatda sovet təbliğatı inadla iddia edirdi ki, ən mükəmməl cəmiyyət bizim ölkəmizdədir, Sovet İttifaqı yeganə düzgün yolla gedir, kapitalist dünyası öz silsiləvi iqtisadi böhranlarıyla istismar, zorakılıq, aqressiya dünyasıdır, kapitalistlər fəhlə sinfinin təkmilləşdiirlmiş istismar sistemini tətbiq ediblər. Onların tərifli demokratiyası isə şər və zorakılığı gizlədən gözəl fasaddan başqa bir şey deyil. Mən dərk etməyə başlamışdım ki, bütün bunlar yalandır, məsələ tamamilə başqa cürdür. Təbliğat iddia edirdi: “Bizdə ağıl-kamal dünyasıdır, onlarda sərsəmlikdir”.
Ancaq qərbi Almaniya qəzetlərini oxuyarkən, anlayırdım ki, gerçəkdə tam əksinədir. Bunu dərk etmək sarsıdıcı idi, amma o qədər təhlükəliydi ki, mən bu barədə kiməsə danışmağa cürət etmirdim. Özümə rəva gördüyüm şey yalnız Qərb haqqında kasad təsəvvürümü genişləndirən xarici radiostansiyalara qulaq asmaq idi. “Azadlıq” radiosunun səsini Moskva ətrafında quraşdırılmış radio qülləsindən “batırırdılar”, ancaq mən hərdən “Amerikanın səsi” və Bi-Bi-Si-nin informasiya xidmətlərinin verilişlərini tutmağa müvəffəq olurdum. Bizim radio o zaman texniki baxımdan mükəmməl deyildi və Sovet İttifaqında buraxılan radioqəbuledicilər 25 metrdən aşağı olmayan qısadalğalı diapozona malik idilər, Avropa stansiyaları adətən verilişlərini 21, 19 və 16 metrlik dalğalarda yayırdılar və bunu isə tutmaq olmurdu. Digər dalğalardan (məsələn, 49, 41 və 25 metr) istifadə etmək olardı, ancaq onları elə “batırırdılar” ki, heç nə başa düşmək olmurdu. Fəqət, təcrübə topladıqdan sonra mən aşkar etdim ki, ötürücü stansiyalar sezilmədən bir dalğadan başqa dalğaya keçirlər və DTK-nın operatorları siqnal gəlincəyə və şkalada qeydə alınana qədər boş havanı “vururlar”.
Nəyə görə mənim bir çox müasirlərim həqiqətin, gerçəkliyin ilk çağırışlarına reaksiya vermirdilər, bilmirəm. Yalnız onu düşünürəm ki, mənim alman dili öyrənməyə başlamağım böyük xoşbəxtlik olmuşdu və mənə Qərb qəzet-jurnallarını, kitablarını oxumaq imkanı vermişdi.
İkinci kursun sonlarında elanlar lövhəsində belə bir məlumat peyda oldu: “İkinci əcnəbi dili öyrənmək istəyənlərə dekanlığa ərizə vermələri təklif olunur”. Mən həmin vaxt ingilis dilindən çox qorxurdum. Mənim qorxum irrasional xarakter daşıyırdı və öz məlumatsızlığımla izah olunurdu: düşünürdüm ki, bu dil inanılmaz dərəcədə çətindir və onun öhdəsindən gələ bilmərəm. İngilis dilinin tələffüzü çətin görünürdü, konstruksiyası isə mənə çox əziz olan alman dilinə heç oxşamırdı. Bununla belə, mən dekanlığa ərizə verdim, başa düşürdüm ki, gec-tez ingilis dilini öyrənməli olacağam.
İki həftədən sonra dekanlıqdan məlumat verdilər ki, ingilis dilini öyrənənlər çox olduğu üçün administrasiya özü hansı prinsipə görəsə (məlum olmadı) seçim aparıb. “Qordiyevski, siz çex və İsveç dillərindən birini seçə bilərsiniz”, – katib mənə bildirdi. Mənim dostlarım arasında çexlər və slovaklar olduğu üçün dərhal çex dilini seçdim, çünki müstəqil olaraq dərs vəsaiti ilə bu dillə məşğul olmuşdum.
Qardaşım qərarımı bəyənmədi. Həmin vaxt o, DTK-da işə qəbul olunmağa hazırlaşırdı və artıq reallığı mənə ağıllı məsləhət verməyə kifayət edəcək qədər bilirdi. “Axmaq olma”! – o dedi: “Əgər sən çex dilini seçsən, o zaman bütün ömrün boyu Praqa və Bratislavada miskin konsulluq şöbəsində oturacaqsan və bundan başqa dünyada bir şey görməyəcəksən. İsveç diliylə məşğul ol! Birincisi, İsveç yaxşı ölkədir, ikincisi, bu, Skandinaviyanın digər ölkələrinə yol deməkdir. Oradan Avropanın istənilən yerinə gedə bilərsən”.
Qardaşım Vasilko mənə nisbətən böyük sinik və materialist idi. Məndən bir neçə yaş böyük olan qardaşım müharibənin sərtləşdirdiyi oğlan uşaqlarının arasında böyümüşdü, yalnız karyera barədə düşünürdü, həmin vaxt mənim bir çox həmyaşıdlarım isə əsasən idealistlər idi və mənəvi dəyərlərə böyük önəm verirdilər. Ancaq qardaşımın bu sözləri mənim həyatımı dəyişdirdi. Mən İsveç dilini seçdim və bunun proqnozlaşdırıla bilinməz nəticələri oldu. Demək olmaz ki, mən ikinci xarici dil olaraq İsveş dili ilə maraqla məşğul oldum – əla müəllim tərəfindən tədris edilən Norveç dilindən fərqli olaraq, İsveç dilini pis öyrədirdilər. Kurs fövqəladə şəkildə zəngin olsa da, tədris saatları kifayət qədər deyildi. Nəticədə mən nə qədər çox çalışsam da, İsveç dilini lazımi səviyyədə mənimsəyə bilmədim.
İngilis dilinin öyrədilməsini və Avropa ölkələrinin iqtisadi coğrafiyasına girişi nəzərdə tutan yarımillik Qərbi Avropa ədəbiyyatı kursu qat-qat artıq məhsuldar oldu. Bununla bağlı olaraq tanış olduğum kitablardan biri “Qulliverin səyahəti” idi. Bu kitab o qədər əyləncəli və yumor dolu kitab idi ki, mən ondan parçaları dostlarma və anama üzündən oxuyurdum. Sonralar İngiltərədə bu kitabı rusca üç dəfə oxuduqdan sonra ingilis nəşrini də aldım ki, ruscaya tərcüməni orijinalıyla tutuşdurum. Conatan Sviftin qaba yumoru çox xoşuma gəlirdi.
Bizim bütün akademik fənnlərimizə marksist ideologiyası nüfuz etmişdi. Məktəbdə Sovet İttifaqının tarixindən öyrəndiyimiz məlumatlar yarımçıq idi; indi biz inqilaba dair, Kommunist Partiyasının tarixi haqqında, o cümlədən Avropada və Rusiyada ilk marksist təşkilatlarının yaranması barədə daha çox öyrənirdik. Biz hələ də “təmizləmə”lər haqqında bütün həqiqəti bilmirdik. Mən, əlbəttə, Xruşovun məxfi çıxışını oxumuşdum, ancaq onun mətninin tarix kitablarında təkrar nəşrinə rəsmən icazə verilmirdi, yalnız yüngülcə düzəldilmiş variantı dərc olunmuşdu. Ancaq biz iyirminci və otuzuncu illərə dair materialları oxuyarkən, fərq edirdik ki, Leninin tərəfdarları və silahdaşları olan dürüst və ağıllı inqilabçılar bir-birinin ardınca yoxa çıxıblar. Həmişə qızğın ictimai marağa səbəb olan mövzulardan biri də partiyanın 1934-cü ildə keçirilən və Mərkəzi Komitəyə növbəti seçkilərin baş tutduğu XVII qurultayı idi. İndiyə qədər də təsdiq olunmayan əfsanəyə görə, gizli səsvermədə Sergey Kirov Stalindən çox səs alıb. Ona görə ki, qurultay nümayəndələrinin çoxunun Stalindən zəhləsi gedirmiş və ondan qurtulmaq istəyirmişlər. Kirov həmin ilin dekabrında Stalinin əmri ilə öldürülüb və 1938-ci ilin sonuna qədər həmin qurultayın nümayəndələrinin yetmiş faizi artıq öldürülmüş olub. Stalin kimin kimə səs verdiyini bilməyib, amma nümayəndələrin üçdə ikisini məhv edib.
Biz belə faktları uzun-uzadı müzakirə edirdik, ancaq mən hələ də kommunizmi tam olaraq inkar etməyə hazır deyildim. Üstəlik, inanmaq istəyirdim ki, kommunist hərəkatının başlanğıc mərhələsində nəsə xoşməramlı və nəcib şeylər olub, ancaq sonradan hamısı amansızlığın və terrorun qarşıqlığı içində yoxa çıxıb. Kənd təsərrüfatının kollektivləşdirilməsi sosial tərəqqiyə gətirib çıxarmalıydı, amma fəlakətlə nəticələnib. Baş verənlər haqqında mənim anlayışım məhdud idi. Mən hələ də sistemin hüdudları daxilində mövcud idim, amma məyusluq hissim gündən-günə artırdı.