"Xalqımın toy kimi bir adəti var"... Amma bu adət bizə yaman baha başa gəlir. Toy başlayana qədər keçdiyimiz təntənəli mərasimlər (elçilik, nişan, xınayaxdı, qız toyu, oğlan toyu, gəlin maşınları, şadlıq sarayı... Və bu proseslər baş verərkən ortalıqda baş verən kiçik, nəzərə alınmayan prosedurların hər biri bəyi və ya toy sahibini hər dəfə müəyyən məbləğdə xərcə salır. İndi bu mühüm xərclərin siyahısına prestijli hacıların nikah kəsmək trendi də əlavə olunub.
Bakıda ASAN Xidmət, Vətəndaşlıq Vəziyyətləri Aktlarınin Qeydiyyat Şöbəsi (VVAQŞ) və Səadət Sarayında rəsmi nikaha girmək olar.
VVAQŞ-də və ASAN Xidmət mərkəzlərində bəy tərəfindən rəsmi rüsum olaraq 5 manat ödənilir. Həmin məkanlarda təntənəli nikah üçün 50 manat ödəmək lazımdır. Bu qiymətə “ZAQS” işçiləri şirniyyat masası, musiqi, şampan şərabı, fotokamera ilə çəkiliş aparmaq imkanı yarada bilərlər.
“ZAQS” nümayəndələrinin nikah kəsmək üçün toyun qeyd edildiyi restorana və ya digər məkanlara gəlişi 181 manat təşkil edir. Bakı ətrafına gəlmək üçün yolun uzaqlığından asıllı olaraq əlavə vəsait ödənilir (10-15 manat).
ASAN Xidmətin nikah məmurunun Bakıda restorana gəlişinə görə 170 manat, Sumqayıtda 100 manat , Gəncədə 120 manat rəsmi rüsum nəzərdə tutulub.
Dövlət nikahının kəsilməsində hər şey rüsumlaşdırılıb və bir problem yoxdur. Dövlətin nəzərində ər arvad olandan sonra qalır Allahın nəzərində ər-arvad statusu almaq. Burada rəsmi rüsumlar yoxdur deyə məsələ bir az başqa cürdür. Ən azından yeni trendlərə əsasən...
Hər işdə göstərişi sevən azərbaycanlılar toylarına ən tanınan, ən bərkgedən müğənnini gətirmək yarışı apara-apara şou biznesimizin əsasını qoydular. İndi daha iş müğənnilərdən keçib dini nikah masasına. İndi də ən məşhur hacıların kəbin kəsməyə dəvət edilməsi yarışı başlayıb. Deyilənə görə, onların kəbin kəsmə xərcləri toy müğənnilərinndən geri qalmır. Adlarını müğənnilərlə qoşa yazdıra-yazdıra rənglərini almasalar da, huylarını aldılar. Artıq prestij baxımından kəbin kəsənin də önəmi var. Təbii ki, söhbət əsl imanlı insanlardan, təqva sahiblərindən getmir.
Dini nikahın kəsilməsi üçün müxtəlif məbləğlər tələb olunur. Sorğularımız da göstərir ki, hətta dini nikaha görə 100 manat verənlər var. Bəzi axundlar və mollalar halallıq üçün verilən az miqdarda pula qane olmurlar.
Kəbin kağızını yazdıqdan sonra 10-20 manatla razılaşmayanlar yenicə evlənənlərin ailələrindən ən azı 50 manat pul istəyirlər. Bu vəziyyət həm paytaxt Bakıda, həm də əksər rayonlarda müşahidə olunur.
Bəs görəsən dində belə bir tələb irəli sürülürmü?
İlahiyyatçı Hacı Şahin Həsənli Bizimyol.info saytına verdiyi açıqlamada bildirib ki, dində nikah və talaq dualarının oxunması üçün hansısa haqqın tələb edilməsi barədə göstəriş yoxdur. “Şəxsən mən indiyəcən nə nikah bağlanmasını, nə talaq oxunmasını pul müqabilində etməmişəm”,- deyə o bildirib.
Amma dində nikah bağlanmasından da ağır iş mollalara talaq duasının oxunmasıdır. Redaksiyamıza üz tutan Qənirə Həsənova bildirib ki, ərindən rəsmən ayrıldıqdan sonra dini yolla da boşanmaq üçün üz tutduğu məscidlərin hamsısında mollalar sözü bir yerə qoyubmuş kimi ona eyni fikri səsləndiriblər: “Nikah pozulması Allahın ən sevmədiyi əməldir. Cənnət və cəhənnəm mələkləri ayağa qalxır, yer-göy titrəyir, belə ağır duanı oxumaq böyük məsuliyyətdir , buna görə onun halallıq haqqı da daha bahadır”.
Hacı Şahin bu məsələyə münasibət bildirərkən qeyd edib ki, bəli, nikahın pozulması Allahın sevmədiyi əməllərdəndir. Lakin heç kim nikahı boş yerə pozmaz. Tərəflər bu qərara gəldikdn sonra talaq oxumağın ağırılığı, yükü, məsuliyyəti də mollanın üzərinə düşmür. Bu deyilən fikir cəfəngiyyatdır.
Din bir çox güclərin öz mənafeyini gücləndirmək üçün istifadə etdiyi çox yaxşı alətdir. Kimin əlində silaha çevrilməsindən asılı olaraq çox güclü təsir vasitəsidir. Onu alış-veriş obyektinə çevirib min illərlə əziz, mübarək bildiyimiz mənəvi paklığına toxunmaq insanı çox qorxunc hala sala bilər. Çünki hər insanın içində sevgisi olmasa da, Allah qorxusu mütləq var. O qorxu onu başqalarına qarşı bir qədər ölçülü-biçili davranmağa məcbur edir. İnsanların əlindən o Allahı alıb yerinə ədalətsiz bir varlığı qoysalar, o zaman hər kəs öz bildiyi ədaləti irəli sürəcək. Sonunu isə hərə özü düşünsün...