Populyar Kanal13 İnternet televiziyasının Bakı ofisinin 35 yaşlı rəhbəri Əziz Orucov mənim tanıdığım ən sakit, təvazökar, hətta utancaq jurnalistlərdən biridir. Bizim peşəmizdə bu keyfiyyətlərə (xüsusilə sonuncusuna) nadir rast gələrsən. Ancaq hakimiyyətin gözünə o, tamam başqa qiyafədə – “çətin islah olunan” cinayətkar qismində görünüb. Hüquq-mühafizə orqanları bu “təhlükəli elementi” 2017-ci ildə “ifşa etmiş” və qanunsuz sahibkarlığa, vəzifə səlahiyyətlərindən sui-istifadəyə, habelə polisə müqavimət göstərdiyinə görə 6 illiyinə həbsxanaya göndərmişdi.
Bununla belə, xalq onun adından qərar verən məhkəməyə inanmamışdı. Jurnalistin tənqidə görə cəzalandırıldığı qənaətində olan yerli ictimaiyyət də, beynəlxalq təşkilatlar da kəskin etiraz bildirmişdilər. 2018-ci ilin aprelində Ali Məhkəmə işə yenidən baxmış, hökmü yüngülləşdirmiş, 6 illik həbs qərarını 3 illik şərti cəza ilə əvəzləmişdi.
Şərti cəza müddəti yarını keçəndən sonra Əziz Orucov, qanunun verdiyi imkandan istifadə edərək, cəzanın qalan hissəsinin ləğvi üçün məhkəməyə üz tutmuşdu. Əksəriyyət bunun məhz belə olacağını düşünürdü.
Amma dünənki prosesdə hakim Şəlalə Həsənova, şəraiti qiymətləndirib, jurnalistin hələ yaxşı islah olunmadığı qərarına gəldi.
– Şəlalə Həsənova mənim 2017-ci il mayın 2-də guya polisi vurduğum üçün həbs olunmağım barədə siyasi sifarişlə qərar çıxarmış ilk hakimdir. Onda demişdim ki, həqiqəti bilmək istəyirsinizsə, hadisə yerində kamera görüntülərinə baxın. Çünki üzümə duran polis əməkdaşı “haranızdan vurmuşam?” sualıma da cavab verə bilməmişdi, hakimin qulaqları eşidə-eşidə “paqonlarımı cırıb çıxım ortaya?” demişdi. İndi də həftələrlə davam edən prosesin yekunu olaraq bizim heç bir vəsatətimiz ciddiyə alınmadı. Məhkəmədə iştirak edən Malışov soyadlı dövlət ittihamçısının barəmdə “Hələ islah olunaraq tərbiyələnməyib” deməsi isə mənə hökmdən ağır oldu. Mən ümidli idim, inanırdım ki, ətrafımızda nələrsə dəyişməyə başlayır və bunun təzahürünün şahidi olacam. Amma gördüm ki, 2 may 2017-ci ildə baş verən biabırçılıq, özbaşınalıq 5 noyabr 2019-cu ildə də davam edir”…
Məhkəmə Əziz Orucovun işi üzrə sonuncu qərarını çıxaran gün Freedom House təşkilatının dünya ölkələrində İnternet azadlığı ilə bağlı növbəti illik reytinqi dərc edildi. Azərbaycan orada İnterneti qeyri-azad olan ölkələr siyahısında yer almışdı. Buna münasibət bildirən rəsmilər yenə “düşmənləri” yamanlayır, reytinqdə “erməni barmağı” axtarırdılar. Bir müddətdən sonra RSF, CPJ, başqa beynəlxalq qurumların reytinqləri aşkarlanacaq. Əminəm ki, onlar da bizə başucalığı gətirməyəcək və yenə kənarda baiskar axtarışı başlanacaq. Şəlalə Həsənovalar, Malışovlar, siyasi sifarişlərlə jurnalist və blogger “tərbiyələndirən” digər hakimlər, prokurorlar, müstəntiqlər, bloklanan saytlar, qanunların ildən-ilə artan məhdudlaşdırıcı normaları yada düşməyəcək.
Sonra da hakimiyyət təəccüblənəcək ki, onun tərbiyə metodları niyə öz bəhrəsini vermir, əksinə, müstəqil mövqeli tənqidçi jurnalistlərı də açıq-aşkar siyasi mübarizəyə qoşur, müxalifətçiliyə sövq edir.
Press Klub