Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Danabaş, İtqapan, Təzəkli... - Mirzə Cəlildə məkan adlarının simvolikası



Mehman Qaraxanoğlunun "Mirzə Cəlil nəsrində məkan adlarının simvolikası" yazısını təqdim edirik:

Mirzə Cəlil nəsrinin simvolik örtüyünü qaldırmadan onun daxilinə nüfuz etmək çox çətindir. “Məkan” adları da onun nəsrində kommunikator (məlumat ötürən) missiyasını həyata keçirir. Əgər oxucu resipient (məlumatı qəbul edən) ampulasında özünü “görə bilmirsə”, ötürülən informasiyalar onun üçün “pontamim” səviyyəsində qalacaq.

“İndiyədək hər nə yazmışıq, hər nə danışmışıq hamısını zarafat hesab eləyiblər; halbuki yazdıqlarımın çoxu zarafat babətindən yazılmayıb, bəlkə lap doğrudan-doğruya yazılıb". Mirzə Cəlil. ("Şahsevənlər" məqaləsi).

Dahi yazıçı özü bizə mesaj verir ki, yazdıqlarımı zarafat kimi qəbul etməyin! Əgər cümlənin “altını üstünə çevirsək”, həmin fikir bu cür “cilvələnər”: Məni yalnız tənqidi realizmin nümayəndəsi kimi qəbul etməyin! Amma avtoritar rejim bu mesajı “qulaqardına” vurdu, vurmaya bilməzdi, ən yaxşı halqa onu “Molla Nəsrəddin” standartı”ndan çıxış edib “satirik yazıçı” kimi təqdim etməklə heç də “diqqətdən kənar”da saxlanmadığıını fokuslayırdı. Həqiqətən, sözün geniş anlamında, Mirzə Cəlil heç bir zaman “diqqətdən kənar”da qalmayıb – “gözünü ömrümdə birinci dəfə açan kimi qaranlıq gördüyü dünya”da onu həmişə qarabaqara izləyiblər. “Nigarançılıq” hekayəsində polis tərəfindən izlənilən 6-7 müsafirdən birinin də Mirzə Cəlilin olması şübhəsizdir. “Siyasət” sözünün qorxusundan onun ilk “S” səsini tələffüz edə bilməyən” böyük yazıçı və əqidə dostları daima nəzarətdə saxlanılmış və izlənilmişdir.

Diqqətli oxucunun yuxarıda “məkan” sözünün qabıqcıqda yazıldığının fərqinə varmış olduğuğunu düşünürük. Çünki dahi yazıçıda “məkan” adları “oynayan” fonetik qabıqlar və ya şərtiliklərdən başqa bir şey deyildir. Ad konkret məkanı deyil, ictimai-siyasi epoxanın mahiyyətini və yazıçı qayəsini şəkilləndirir. Sadəcə, ad bir freskadır - kəsik-kəsik hıçqırıqlarla müşaiyət olunun göz yaşı ilə epoxanın nəm divarlarına çəkilən işarələr sistemidir. “Danabaş, “İtqapan”, “Zurnalı”, “Təzəkli”, “Qapazlı” və s. Biz bu işarələr sisteminin izi ilə XIX əsrin sonları və XX əsrin əvvəllərinə çox rahat gedib çıxa bilərik. Oradan da daha əski çağlara, bu günə və gələcəyə... Beləliklə, adların semantik stixiyası onun fonetik qabığını bizə “unutdurur”.

“Danabaş”. Bu, kənd adı deyildir! Necə ki, “Ölülər” kəndi yoxdur. Bu, danabaşların yığıldığı simvolik bir “məkan”dır. Biz əgər “məkan”ı başqa sözlə əvəz edə bilsək, həqiqətə bir köynək də yaxın ola bilərik. Amma bu sözü tapa bilmirik.

İnsanlar birdən-birə “ölülər”ə çevrilə bilməz. Danabaşlığın müəmmalı iksirini içəndən sonra “ölülər” dünyasına düşmək olar.

“Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. Hər ikimiz Danabaş kəndində anadan olmuşuq”. “Əhvalatlar”ın ilk cümlələridir. Özünü təqdim edərkən durub deyəsən ki, mən Danabaş “kəndi”nin sakiniyəm, zənnimizcə, bundan ağrılı “tanışlıq” formatı ola bilməz. Bu, dünya nəsrində bəlkə də ən faciəvi təqdimatdır.

“Kənd” heç də XIX əsrin sonlarının “kəndi” deyildir. Belə çıxır ki, Xəlillə Sadıqın babaları da burada doğulub - yüzillərin, minillərin “kəndi”dir. Ona görə də “Cəlil Məmmədquluzadə XIX əsr Azərbaycan kəndinin real mənzərəsini vermişdir” tezisinə yenidən baxmaq gərəkir, zira bu, dahi yazıçının nəhayətsiz təfəkkürürünü sosrealizm qəliblərinə salmaq cəhdindən başqa bir şey olmayacaq. Biz əgər mətnin ana materiyasından gələn səsi (“Qəlbimdən gələn səs mənə çox zadlar öyrədir. Haman səs pak və təmiz insafımın səsidir ki, hamıda o insaf var. Hər kəs guş-huş ilə onun buyurduğuna qulaq asıb, əmrinə əməl etsə, çox sirlərdən agah olub, çox şeylər bilər”. Əsərin əvvəlində Sokratdan gətirilən sitat-epiqraf həm də Mirzə Cəlilin qəlbindən qopan sədalardır!) eşitsək, kəndin əsl adı belə alınar: “Danabaş Xudayarın kəndi”. Və ya Xudayarların. Çünki bizdə tarixən arxetipləşən bir nitq manerası vardır: Hər hansı bir məktəbi, kəndi, rayonu onu idarə edənin adı ilə adlandırmaq. Belə bir nitq iyerarxiyası həm də bizim etnopisxoloji “çəki”mizi ortaya qoyur. Şərq təfəkkürü, ümumiyyətlə, monarxik istiqamətə meyillidir. Bu gerçək rakursdan yanaşdıqda böyük yazıçının bilərəkdən əsərin adını simvolllaşdırması gün kimi aydın olur. Bəli, sözügedən “məkan” (kənd deməyə dilim gəlmir!) danabaşların toplaşdığı bir simvolik “yer”dir. Dahi Mirzə Cəlil Kərbəlayi İsmayılların qlavalara (danabaşa!), Xudayarların katdalara (danabaşa!!), Qasıməlilərin yasavullara (danabaşa!!!) çevrilməsinin “sadə” və faciəvi mexanizmni açıb qoyur ortaya.

Əvvəlki yazılarımızada “Danabaş...”ı məşhur ingilis yazıçısı Corc Oruellinin “Heyvanıstan” povesti ilə müqayisə edib qeyd etmişdik ki, sonralar danabaşlar (Mirzə Cəlil) yığılaraq öz fermalarını – heyvanıstanı (Corc Oruell) əmələ gətirirlər. Əsər prosesin əvvəlini – monarxik və totalitar rejimdə danabaşlığa keçidi simvolllaşdırır. Mirzə Cəlil danabaşlığı əmələ gətirən ictimai-siyasi formasiyanın mahiyyətini açır, sirrini faş edir. Ədib “gözəgörünməyən” təkləri (danabaşları), Corc Oruell isə “görünən” çoxluğu (donuzları) təsvir edir.

“İtqapan”. Novruzəli “İtqapan” kəndinin sakinidir. Xana “sovqat” gətirən Novruzəli poçtxananı tanımasa da, divanxananı yaxşı tanıyır. Çünki o, məlum olaydan bir həftə qabaq kəndin katdasından “nəçərniyin yanına şikayətə” gedib. Amma bunu divanxanadakılardan və özündən başqa heç kəs bilmir. Tələsməyək, informasiya hörmətli xana da ötürülüb... Xan, Novruzəlidən poçtxananı tanıyıb tanımadığını soruşur. O isə cavab verir: “Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?” Xanın verdiyi ikinci sual çox sirlərin üstünü açır. Əslində, süjetin sonrakı inkişaf istiqamətini də həmin sual müəyyən edir: “Çox əcəb, nəçərnik divanxanasını ki tanıyırsan?”. Bu, həm sualdır, həm də qəti bir hökm! Novruzəlinin gizlətmək istədiyi həqiqətin üstünün açılması məqamıdır. Az aşın duzu olmayan bu “kətdi adam” gözlənilməz tərs zərbədən səndirləyir və əsl həqiqəti açmağa məcbur olur: “Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram”. Bu yerdə ən yumşaq halda adama deyərlər, bəs bunu niyə əvvəl demirdin? Novruzəlini yalan deməyə nə məcbur edir? Bəs bu informasiyanı xana kim və nə üçün ötürüb? Olayın xana məlum olduğunu intiutiv hiss edən Novruzəlinin ayrı yolu qalmır, “açır sandığı, tökür pambığı”: “Keçən həftə mən elə gəlmişdim nəçərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda çox incidir. Əslinə baxsan, bizim bu katdamız özgə tayfadandı; odu ki, bizi görməyə gözü yoxdu. Keçən həftə mənim iki buzovum itmişdi. Getdim...”. Novruzəli ardını gətirə bilmir. Xan onun sözünü “məqamında” kəsir. Çünki bundan sonrakılar xana da məlumdur...

Xanı Novruzəlinin söhbətindən daha çox yazdığı məktubun poçta tez çatdırılması maraqlandırır. Beləliklə, yaşadığı “”kənd”in adına uyğun olaraq Novruzəlini “xronoloji ardıcıllıqla” itlər “qapır”.

Birincisi, katdadır ki, onun çörək ağacından - ruzusundan “qapır”. İki buzovun itməsində əli olan katda! Onun Xudayarın “şineli”ndən çıxmasına şəkk-şübhə ola bilməz.

Novruzəlini “qapan”lar sırasında xan ikinci sırada dayanır. Xan çox “yumşaq” “qapır”. Əgər xan Novruzəlinin “yalanı”nın üstünü açmasaydı, kişi durub gedərdi öz evinə və onun başına məlum hadisə gəlməzdi. Yumşaq desək, xan Novruzəlini yalan demək üstündə “cəzalandırır”.

Divanxana saldatları isə Novruzəlini ölümcül “qapırlar”. Hadisədən agah olan xanın Novruzəliyə dediyi sözlər adamım damarlrında qanı dondurur: “Di indi əhvalatı nağıl elə, Novruzəli! Sənin bu hekayətin çox şirin hekayətdi. Kitaba yazılmalıdı...”. “Novruzəli durdu ayağa, xana yavuqlaşıb və çuxasının ətəyi ilə gözünün yaşını silib başladı”.

Mirzə Cəlil bütün ömrü boyu bizə bu cür “şirin” hekayətlər nəql edib...

“Zurnalı”. Soyuq qış axşamlarının birində iki nəfər İran seyidi özlərini “Zurnalı” kəndinə çatdırırlar. Onların əvvəllər də bu kəndin müsəlmanlarından mehribanlıq görmələri aydın olur. Lakin Sultan ağa və onun ətrafında olan “absurd dəstə” bu dəfə “özlərinin məşhur kişmiş oyunu” ilə naçarlıqdan onlara sığınan hər iki binəvanı kənddən qovurlar. Qurduqları teatral oyunla və ya el arasında deyildiyi kimi, zurna-balabanla... Kəndin adı onun sakinlərinin əməllərini simvolizə edir.

Mirzə Cəlil Nehrəm kəndində müəllim işlədiyi zaman birpərdəli “Kişmiş oyunu” komediyasını yazmışdır. Yazılma tarixi bəzi mənbələrdə 1892-ci il, bəzilərində 1894-ci il göstərilir. Əsərdə kişmiş oyunu iki erməninin – Karapetlə Sərkizin başına gətirilir. 1904-cü ildə yazdığı “Kişmiş oyunu” hekayəsində isə ermənilər “iki İran əhli” ilə əvəz olunur. Hər iki əsər absurd teatr elementləri üzərində qurulub. Oxucunun diqqətini daha çox süjetdəki fasiləsiz hərəkətlilik, gözlənilməzlik, qəribə xaos, mənalı “mənasızlıq” özünə çəkir. Amma bu “mənasızlığ”ın içərisində də Mirzə Cəlilin bizə ötürmək istədiyi mesaj çox aydındır: Mənalı Vaxtınızı boşluğa, mənasızlığa, lağlağaya, heçliyə sərf etməyin!

Hekayə bizə “Keşişlə axundun vəzi” felyetonunu xatırladır. Xatırlayırsınızsa, felyetonun birinci cümləsi belədir: “İrəvan quberniyasında bir kənd var idi: adı Samanlıqdır”

Həmin kənddən iki nəfərin səsi ucadan gəlir; biri keşişin, biri də Molla Qurbanqulunun. “Keşiş uca səslə kəndlilərə bu sözləri deyirdi: - Erməni millətinin dünyada üç sevgili balası var: “vətən”, “millət” və “dil”. Və nə qədər ki biz həmin üç sevgili balaların yolunda fəda olmağa qadirik, nə osmanlının hamidiyyə əsgəri və kürdləri, nə Rusiyanın Qalitsinləri və nə zəmanənin qeyri bir təqazası erməni millətinin bəqasına xələl yetirə bilməyəcəklər”. Əziz oxucu, rica edirəm, bircə dəfə oxuyub keçməyin. Təkrar-təkrar oxuyun!

İndi də bizim Molla Qurbanquluya qulaq asaq: “Babi-həftüm (Yeddinci fəsil). Əgər bir şəxs yata, yuxusunda həcəmət görə, həmin şəxs dünyada heç bir bəlaya və naxoşluğa giriftar olmayacaq”.

Sual olunur: Biz həmin “ilıq” samanlıqdan çıxmışıqmı?! Yox, sivilizasiya bizdən də yan keçməyib, mənəvi “təkamülümüz”, “tərəqqimiz” göz önündədir – həmin “Zurnalı”nı böyüdüb “şəhər”ə çevirmişik, vəssalam. Ən azından, xalqın başında duran bir çox “başsız” məmurların yeri gəldi, gəlmədi hər dəfə eyni zurnanı püfləməsi və tele-kanallarda “kütləviləşən” şouların fonunda bu, çox aydın görünür.

“Təzəkli”. “Fatma xalanın əri Qatır ürküdən şəhərinin sakini Kərbəlayi Xalıqverdi Təzəkli kəndindən bir at almışdı”. (“Fatma xala”) Götürülüb qaçan at Heydərli pirinə getmək istəyən Fatma xalanı əvvəlki sahibinin evinə - Təzəkli “kəndi”nə gətirir. Hekayə bu sadə həyat hadisəsi əsasında yazılıb. Amma dahi yazıçı bu “sadə”liyə elə “müərkkəb” fon verir ki, heyrət edirsən. Sən demə, mövcud olmayan Təzəkli “kəndi”nin sakinlərinin beyinlərindən gerilik, nadanlıq, cahillik, bir sözlə, təzək və peyin iyi gəlirmiş. Yazıçının əsas hədəfi də onlardır. Amma ortada “güdaza gedən” Fatma xala olur! “Yazıq Fatma xala!!!”

“Qapazlı”. Xatırlayırsınızsa, Qurbanəli bəy məhz “Qapazlı” kəndinin məşhur” sakinidir. “Müstəbid Rus hökuməti”nin (Mirzə Cəlil) qapazı altında olan bir kəndin... Əgər desək ki, Qurbanəli bəy qapaz altda olduğunu sezmir, onun “acıları”nı yaşamır, ağ yalan olar. Pristavın arvadının ad gününə qatılan Qurbanəli bəyin hərəkətlərində bir gərginlik, qeyri-müəyənlik, narahatlıq vardır. Yazıçı bunu çox zərif detallarla verir. Qurbanəli bəyin itin başını tumarlayıb gözlənilmədən “malades, sobak” deməsi də, balkonda pristavın xanımını görüb “izdrasti!” çığırması da, sağ əlini yuxarı qaldırıb “Urra!” qışqırması da bəyin daxilindəki narahatlıqdan, gərginlikdən xəbər verir. Nəhayət, xanımın əlini əlinə alıb rusca “nə qədər ki, mənim canım sağdı, sənə mən nökərəm, ay xanım” deməsi “Qapazlı” kəndinin bu “məşhur” bəyinin daima qorxu və xofla müşaiyət olunan sındırılmış, yerlə-yeksan olmuş mənliyini ortaya qoyur.

Hələ 1967-ci ildə 29 yaşlı Anar Cəlil Məmmədquluzadəni anlamaq dərdinin bütün zamanlarda olacağı haqda xəbərdarlıq edir. Çox dəqiq proqnozlaşdırılır ki, İsgəndəri anlamaq Mirzə Cəlili anlamaqdan çox-çox asandır. Çünki “Mirzə Cəlilin anlamaq miqyasları və üfüqləri İsgəndərinkindən qat-qat geniş, dərin və əhatəli idi”. (“Anlamaq dərdi” essesi)

Mirzə Cəlil nəsrindəki bütün “məkan” adlarına diqqətinizi yönəltmək imkanından məhrumuq. Məqsədimiz gələcəyin oxucu və tədqiqatçılarına xırda ipucları verməkdir. Nə qədər nail olduq, bunu yalnız siz deyə bilərsiniz...        /kulis.az/

Hazırki əsas şəkil






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10