1991 i il, 18 may.
Qazaxıstan, Baykonur.
Sovet İttifaqı Pilotlu Gəmilərin Sınaq Uçuşları üzrə Dövlət Komissiyasının sədri, əslən Bakıdan, Pirşağıdan olan azərbaycanlı general Kərim Kərimov SSRİ-nin növbəti kosmonavtlarını - Anatoli Artsebarski, uçuş mühəndisi Sergey Krikalyov və ingilis qadın kosmonavt Helen Şarmanı “Soyuz” kosmik gəmisində kosmosa yola salır. Adi, necə deyərlər, ənənəvi yola salmadan sonra heç kimi ağlına gəlməzdi ki, bu uçuş Krikalyovu bütün dünyada məşhur edəcək. Heç Sergeyin də ağlına gəlməzdi ki, uçuşa qalxmasından sonra onun anadan olub böyüdüyü ölkə dağılacaq, yerində 15 respublika yaranacaq, hətta doğma şəhəri Leninqradın adı belə dəyişəcəkdi. Bütün bunlar hələ sonra olacaqdı.
Hələ ki iki rus və bir ingilis kosmonavt uçuşu sağ-salamat başa vurub “Mir” kosmik stansiyasında tədqiqatlara başlayırlar. Eyni kosmik gəmiylə 3 nəfər uçsa da, biz Sergeyin adını nahaq yerə xüsusi vurğulamadıq. Aşağıda bunu oxuyacaqsınız. Hələlik Sergey Krikalyovla qısa tanışlıq.
Sergey 1958-ci ildə Leninqrad şəhərində anadan olub.
1981-ci ildə Leninqrad Mexanika İnstitutunu bitirib, mühəndis-mexanik ixtisası alıb. Kosmosda istifadə edilən avadanlıqların sınaqdan keçirilməsi ilə məşğul olub. Yeri gəlmişkən, 1985-ci ildə “Salyut-7” stansiyasında problem yarananda xilasetmə qrupunda işləmiş, stansiya ilə birləşmək və bort sistemlərini təmir etdirmək üçün metodlar hazırlamışdı.
İlk dəfə kosmosa 26 noyabr 1988-ci ildə “Soyuz TM-7” gəmisində Aleksandr Volkov və fransız kosmonavt Jan-Lui Şretienlə birgə uçub. Bu uçuşdan sonra Krikalyov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Həmin uçuşun müddəti 151 gün, 11 saat, 8 dəqiqə, 24 saniyə olub. Ümumiyyətlə, qəhrəmanımız üst-üstə 6 dəfə kosmosda olmuş və orada üst-üstə 803 gün keçirmişdi. Bu isə 26 ay 27 gün deməkdi.
***
Uçuş zamanı Krikalyov 7 dəfə açıq kosmosa çıxdı, müxtəlif modulları sınaqdan keçirdi.
7 gündən sonra xanım Şarmen “Mir”də olan əvvəlki ekipajla geri qayıtdı. Krikalyov və Artsebarski isə orda qaldı.
Sonradan ingilis kosmonavt xatirələrində yazacaqdı: “Sergey stansiyada quş kimi uçurdu. Çox diqqətcil və nəcib bir oğlan idi. Çox maraqlı bir nüansı deyim. Biz boş vaxtlarımızda adətən kitab oxuyardıq. O isə həmişə Yerə baxardı”.
Əslində kosmonavtlar 7 ay sonra geri qayıtmalıydılar. Amma necə deyərlər, sən saydığın say, görək tarix nə sayır.
Hə, Sergeyin qoyub getdiyi ölkədə aləm bir-birinə qarışmışdı. Qayıdış gününə 2 ay qalmış SSRİ dağılır. Sergeyin geri qayıdışı üçün maliyyə belə tapılmır. Bundan sonra Qazaxıstan müstəqilliyini elan etmişdi. Baykonurun hüquqi sahibiydi. Qazaxlar heç bir hazırlığı olmayan astronavt Toktar Əbubəkirovu və Avstriyanın ilk kosmonavtı olacaq Frans Fibeki onun yanına göndərirlər. Amma nə Fransın, nə də Toktarın əsəbləri dözür. Heç bir həftə keçməmiş onlar Yerə qayıdırlar. Artsebarski də Sergeyi “Mir”də tək qoyur.
Amma Sergey orada uzun müddət tək qalmır. Tez bir zamanda Aleksandr Volkov, hə, həmin Volkov kosmik gəmiylə onun yanına göndərilir. Amma bu dəfə məlum olur ki… Sergey yenə Yerə qayıda bilməyəcək. Çünki “Mir” stansiyasında Serqey Krikalyov və Aleksandr Volkovun Yerə qayıtması üçün vur-tut bircə “Raduqa” tipli kapsul qalmışdı. Bir tərəfdən də stansiyada işlər yarımçıq idi. Onları bitirmək lazım olacaqdı. Ona görə də Yerə qayıdış bir də 1992-ci il martın 25-də baş tutur. SSRİ-dən kosmosa uçan Sergey Rusiyaya geri qayıdır. Bu uçuşdan sonra Krikalyov Rusiya Federasiyasının Qəhrəmanı (1 saylı Rusiya Federasiyasının Qəhrəmanı vəsiqəsi) adına layiq görülür. Uçuş müddəti isə 10 aydan artıq - 311 gün, 20 saat, 1 dəqiqə, 34 saniyə çəkir.
Kosmosda bir əsir həyatı yaşayır sanki. Bu müddət ərzində meyit rəngi alır, ciddi çəki itirərək az qala bir dəri, bir sümük qalır. Arkalıq kəndi yaxınlığında eniş edən kimi torpağı qucaqlayır. Və...
Və ovcuna götürüb, yalayır...
lent.az