- Ağadadaş müəllim ixtisasca filoloqsunuz, müəllimlik fəaliyyətiniz də olub. İlk peşənizdən ötrü qəribsədiyiniz olur?
- O dövrün öz gözəllikləri, öz qaydaları vardı. İndiki dövrlə mənim müəllimlik etdiyim illəri müqayisə edəndə təəssüflənirəm. Mənəvi dəyərlərimiz çox dəyişib. O dövrün gözəlliklərini yaşamasaydım, bəlkə indi bu qədər narahat olmazdım. Mən düz yeddi il kənd məktəbində müəllim işlədim. O dövrdə və o cür müəllim olmağı yenidən istəyərdim. Elə olsaydı qazancımız da çox olardı. Maddi qazancı nəzərdə tutmuram. O biri qazancı deyirəm. Samirə xanım, insanın həyatı axar çay kimidir. Bəzən bizim xəbərimiz olmadan həyat da bizi götürüb aparır.
Almaniyada təzə tikilən binaların arasında hasar yoxdur. Hasar əvəzinə çoxlu çəmənliklər var. Orda olanda fikir verirdim ki, insanlar özləri də bilmədən həmin çəmənliklərin içərisindən ötüb keçirlər. Bir müddət sonra çəmənliklərdə cığırlar əmələ gəlməyə başladı. Adamlar şüuraltı öz yollarını təyin edirdilər, özlərinə yol açırdılar. Bizim həyatımız da elədir.
- Siz də həyat cığırınızı şüuraltı təyin etdiniz, ya hər şey əvvəlcədən ölçülüb biçildi?
- Pedoqoji fəaliyyətlə məşğul olduğum illərdə musiqinin gücü daha ağır gəldi. Həm də görünür qismətim belə imiş ki, məni o həyatdan qoparıb bu biri həyata gətirdi. Bugünkü həyatıma görə də Allahdan razıyam. Amma onu bilirəm ki, müəllim də işləsəydim heç nə itirməzdim, vicdanlı müəllim olardım. Çünki müəllim işlədiyim illərdə xeyli həssas məqamlar yaşamışam. Təsəvvür edin ki, uşaq olub küncdə dayandığım sinfə illər sonra jurnalla girirdim. Mənə, ailə üzvlərimə dərs deyən müəllimlərlə birlikdə çalışırdım. Məktəb direktorunu görüb futbola ara verməyən uşaqlar məni görəndə dayanırdılar, papaqlarını çıxarıb salam verirdilər. Bir dəfə direktorumuz bunun səbəbini məndən soruşanda dedim, vallah mən onlara belə məsələlər haqqında heç nə demirəm, amma görünür həmin uşaqları sizdən bir az çox sevirəm. Yəni bütün bunlar ifadə olunmaz dərəcədə gözəl hisslər idi.
- Bayaq dövrlər arası fərqlərdən danışdıq. Sizcə, nə baş verdi ki, bu gün yaranan musiqilər elə bun gün də unuduldu, bayağılaşdı, dözülməz hal aldı?
- Bu gün həyatın dinamikası çox dəyişib. İndi illər ay kimi, aylar həftə kimi ötüb keçir. Bugünkü həyata cəmiyyətimiz hazır olmalıydı. Nisbi götürəndə bizim cəmiyyətimizin hazırlığı çox aşağı səviyyədə oldu. Hər insanın intellekti, dünyaya baxışı ona imkan vermir ki, cəmiyyətdəki dəyişikliklərə, həyatın sürətinə uyğunlaşa bilsin. İnsan müəyyən düşüncə sahibi olmalıdır ki, qorumalı olduğu şeylərə məsuliyyət hissi ilə yanaşsın. Misal üçün Amerikada təhsilin, tibbin inkişafı hər saniyə yenilənir. Əgər həmin saniyələri təqib edən azərbaycanlı müəllim, həkim yoxdursa, bu millətin bəlasıdır. Cəmiyyətdə heç nə bir-birindən ayrı deyil. İnsanların təhsil səviyyəsi, həyata baxışları, sosial həyatdakı problemləri, seçimləri düzgün nizamlanmadığından qəzalarla dolu ömür yaşamalı olurlar. Sovet dövründə musiqi sahəsində ciddi senzura yaradılmışdı. Düzdür onun da ədalətsiz tərəfləri vardı, amma ədalətsiz işin içərisində də müəyyən faydalar olurdu. İnsanı sərbəst buraxdıqca öz ağlının məhsulunu cəmiyyətə ötürür və diktə edir. Senzura həmin diktənin qarşısını alırdı.
- İndi efir də bizə nələrisə diktə edir...
- Bəli, hal-hazırda biz çox böyük gücə malik olan efirin diktəsi altındayıq. Efir ilk dəfə eşidib-güldüyümüz, rişxənd etdiyimiz səsləri o qədər bizim qulaqlarımıza ötürür ki, biz o səslərin səs olduğunu qəbul edirik. Bizi bunlara alışdırılar. Mən indi ad da çəkə bilərəm. Amma istəmirəm kiminsə qəlbinə toxunum. Misal üçün nə zamansa bərbad səviyyədə oxuyan müğənni indi əməkdar artistdir. O, müğənni ilk dəfə efirdə oxuyanda mən başımı tutdum, dedim, vay, vay, vay demək bu da baş verdi. Amma bu gün oxuyanda fikirləşirəm ki, elə belə də olmalıdır. Burda təəccüblü heç nə yoxdur. Əslində isə qəbul olunmaz şeyləri insana qəbul elətdirirlər, onun beyninə yeridirlər. Hətta xaric səsləri də adamın qulağına yeridə bilirlər. Ona görə mən də efirə nəzarət edən insanların özləri bilsin, bir də vicdanları bilsin deyirəm. Heç kimin haqqı yoxdur ki, bu xalqın mənəviyyatını, zövqünü korlasın. Bizim xalqımız çox istedadlı, gözəl xalqdır. Amma bu gün insanlarda sevgi azlığı, sevgi qıtlığı var.
- Nədən yarandı bu sevgisizlik?
- Maddiyyat mənəviyyatın önünə çox keçdi. Sosial həyatda maddiyyat ciddi məsələdir. İnsan psixologiyasına maddiyyat qədər təsir edən şeylər çox azdır. Külli miqdarda pul görən insanın ruhi vəziyyətini müşahidə etsəniz, görərsiniz o, nə hala düşür. Elmdən, təhsildən, yaradıcılıqdan uzaqlaşdırılanda cəsədə çevrilə biləcək qədər də mənəviyyatlı insanlarımız çoxdur. Bəzən deyirlər ki, filankəs pis adam olsa da milyonçudur. Tanrı özü həmin milyonçuya dünya malının içərisində məhv olacaq qədər maddiyyat bəxş edir. Belə adamların ailə dəyərləri bərbad halda olur. Tanrı sevmədiyi insanları özündən bu yolla uzaqlaşdırır, sevdiyi insana isə dərd, əzab verib onu imtahan edir.
- Madiyyat həm də tanrıdan uzaqlaşmaqdır?
- Bəli. Maddiyyat mərhəmət hissini itirmədiyin zaman səni tanrıdan uzaqlaşmağa qoymur. İmkanlı insan paylaşmağı, ətrafını görməyi bacaranda mərhəmət hiss də öz-özünə yaranır. Tikəsini ac qalan insanlarla bölüşdürən imkanlı oğlanlarımız, nazirlərimiz də var. Amma bunu bacarmayanlar da var. Onlar bizim sosial həyatımıza zərər vuran adamlardılar. Baxın, bizdə kollektiv idman növlərində qələbələrimiz çox-çox azdır, amma fərdi oyunlarda uğurlarımız çoxdur. Çünki bizdə fərdi qələbə qazanan hər kəs özünü irəli çəkir. Heç kim kollektiv naminə qazanılacaq qələbənin yükünü öz üzərinə götürmək istəmir. Bizim insanlarımız fərdi qələbəni daha çox sevirlər.
- Musiqi seçiminizə səbəb həm də Sabir Mirzəyevə olan sevginiz olub...
- Mən Sabir Mirzəyevi həyatda görməmişəm, heç onun cəlilabadlı olduğunu da bilməmişəm. Amma Sabir Mirzəyevin səsi bütün səslərdən fərqlidir. Onun səsi başqa çalarlı, yolu fərqli bir yol idi. Sabirin ifası mənim üçün bütün ifalardan maraqlı gəlirdi. Ona görə də onun səsinin əsiri olmuşdum. Hətta bir vaxtlar onun kimi ifa edir, onu yamsılayırdım. Bir az böyüyəndən sonra anladım ki, orijinala toxunmaq, onu yamsılamaq olmaz. Mənim də öz yolum, öz cığırım olmalıdır. Bu yolu yaratmaq üçün bir neçə il heç bir xanəndəyə qulaq asmadım, özümə qadağa qoydum. Amma Sabir mənim artıq qanımda, yaddaşımda var idi. Ondan yalnız özümdən asılı olmayan məqamlarda istifadə edirdim.
- Deyilənə görə, çox xarakterli adam olub.
- Elə oxumağı kimi şəxsiyyəti də çox təmiz idi. Sabirin bir üzü vardı. İkiüzlü olsaydı, onda heç nə alınmazdı. Seyid Şuşinski rəhmətlik onun müəllimi olub. O deyib ki, bir sarı gədə gəlib sizin hamınıza qənim kəsiləcək. Elə doğurdan da elə oldu. Çünki sənət aləmində hər kəs öz gücünü bilir. On, on beş müğənni bir yerdə əyləşəndə kimin kimdən qorxması, yerini, gücünü bilməsi dərhal müəyyən olunur. Burda təbii ki, ifaçılıqdan söhbət gedir. Kim kimdən harda əskikdir onu bildiyi üçün həmin hissləri də daxilində yaşayır. Ona görə də Sabir müəllimi görəndə ondan qorxanlar olurdu. Sabir Mirzəyevin konsertləri olanda mən onların birini də ötürmürdüm. Zalda elə yer seçib otururdum ki, sağımda, solumda heç kim olmurdu. Ac adamlar kimi hərisliklə onu dinləyirdim.
- Ağadadaş müəllim, inzivaya çəkildiyiniz dönəmlər də olub. Bu hansı zərurətdən yaranmışdı?
- Olub, olub. İlk kasetimi buraxan zaman özümə müəyyən qadağalar qoydum. Ondan sonra əmimgilin həyətində olan kitabxananı oxuyub bitirdim. O, dövrün poeziya nümunələrinin hamısını əzbərləmişdim. Nəriman Həsənzadənin, Vaqif Bəhmənlinin, Loğman Rəşidzadənin, Mədinə Gülgünün şeirlərini qəzetdən kəsib dəftərlərə yapışdırırdım. Sonra onları kitab kimi oxuyurdum. Vaxt olub ki aylarla evdən çıxmamışam. Baxmayaraq ki, cavan idim, amma özümü hər şeydən təcrid eləmişdim. Əgər mənim həyatımda həmin təcrid dövrü olmasaydı, sonrakı uğurlarım da olmazdı. Mən özümü tamam təmizləyəndən, sıfırlayandan sonra ifaçılığa başladım. Artıq kifayət qədər də bazam vardı.
- Yəni ədəbiyyatın sizə köməyi oldu?
- Köməyi oldu nədir, ədəbiyyat məni insan kimi, sənət adamı kimi formalaşdırdı. Mən məşhur olanda iyirmi iki, iyirmi üç yaşım vardı. Universitetdə mənə APİ-nin xalq artisti deyirdilər. İnsanlar məni doğurdan da çox sevirdilər. Bu sevgini qazanmaq üçün inanılmaz əmək sərf elədim. Bu məqsədli idi. İndi mənim o vaxtkı yaşımda olan müğənniyə o zamanlar oxuduğum qəzəlləri, şeirləri, bayatıları versəniz, o, oxumaz. Bu gün bu yaşdan o yaşa baxanda özümə də qəribə gəlir ki, necə olub mən o qədər cavan yaşda ifalarımdakı şeirlərimlə qızlarımıza nəsihət vermişəm. Təzad təəccüb doğurur. İndiki gənclər həmin şeirlər üzərində mahnı ifa edib, disk çıxartsa mən adımı dəyişərəm. İndikilər insanları dingildədən mövzular axtarırlar.
- 1970-ci ilin sonlarından artıq böyük populyarlıq qazansanız da efirə çox gec, 1985-ci ildə çıxmısınız. İndiki dövr üçün bu fakt çox təəccüblü səslənir. Bu qədər gecikmə nə ilə bağlı idi?
- İndikilərə bunu başa salmaq olmaz. Situasiyanı analiz edə bilməzlər, anlamazlar. O vaxtlar mən hər şeyi öz axarına buraxmışdım. Daha maraqlı şeylərin yaranmasını gözləyirdim. Yaşlısından tutmuş cavanına qədər insanlar mənimlə haqqımda o qədər danışırdılar ki, özüm də məəttəl qalırdım. Amma onlar bilmirdilər ki, haqqında danışdıqları adam mənəm. Bu bilirsiniz adam necə zövq verir? Elə yaşamaq mənim üçün rahat idi. Məşhur olandan dörd il sonra efirlərə çıxdım. Həmin o dörd il mənim həyatımın ən gözəl dövrləri idi. Öz bölgəmizdə bilirdilər ki, mən kiməm. Amma rayondan kənara çıxanda heç kim məni zahirən tanımırdı. Hətta Bakıda toyda olanda mənə gəlib sifariş verirdilər ki, Ağadadaşdan oxu. Mən də oxuyurdum. Onlara həm səs oxşarlığı, həm də mahnıların hamısını əzbərə bilməyim təəccüblü gəlirdi. Bəzən bütün kaseti mənə oxutdururdular. Ancaq sonralar efirə çıxmaq mənim üçün şərt oldu. Çünki məşhurlaşdıqca mövzu, müzakirə obyektinə çevrildim. Mənim haqqımda kimin ağlına nə gəldi danışmağa başladı. Məşhurluğumun fəsadlı tərəfləri yavaş-yavaş özünü göstərirdi. İnsanlar danışırdılar ki, Ağadadaş başında aerodrom papaq, yan-yörəsində quldur dəstəsi ilə qatarların qarşısını kəsib, adamları soyur. Ona görə də mən kim olduğumu canlı şəkildə, efir vasitəsi ilə bildirməli oldum.
- Ağadadaş müəllim, gəncliyinizdə sizi toylardan efirə çəkib gətirmə faktı oldu?
- Məni efirə gətirmək üçün çox ciddi addımlar atılıb. Allah rəhmət eləsin, “Dan ulduzu” ansamblının rəhbəri Oktay Kazımov Gülarə Əliyevanın arzusu ilə Cəlilabada gəlmişdi. Onda mən onunla birgə Bakıya Gülarə xanımın evinə gəldim. Konsert üçün onunla proqram hazırladıq. Amma həmin ərəfədə ilin bütün günləri mənim toylarım vardı. Qərara aldıq ki, ayrıca vaxt ayırıb ansamblda çıxış edim. Ancaq iş elə gətirdi ki, Gülarə xanım dünyasını dəyişdi. Onunla işləmək mənə qismət olmadı. Rəhmətlik Məhəbbət Kazımov vaxt ayırıb “Dan ulduzu” ilə bir neçə mahnı yazdıra bilmişdi.
- Sizin musiqi həyatınızda İslam Rzayev mərhələsi də olub.
- İlk dəfə İslam müəllim məni yoxlayanda münsiflər heyətində Qulu Əsgərovdan tutmuş, Zaur Rzayev, Mayis Məmmədov, Kəmalə Rəhimli, Nisə Qasımovaya qədər xeyli xanəndə vardı. İslam müəllim məni yoxlayanda tarzən Abulla müəllimə demişdi ki, hamı getsin, bu oğlan qalsın. Ondan sonra o, məni musiqinin bütün janrlarında yoxladı. Hansı janrda arzuladısa, oxudum. Bizim tanışlığımız ordan başladı. Sonradan da İslam müəllimlə yaxın dost olduq. Həmişə məşqlərdən sonra İslam müəllim məni və Abdulla müəllimi saxlayırdı. Ona deyirdi ki, Abdulla tarı yığışdırma. Sonra məndən xahiş edirdi ki, “Ağadadaş o yolu oxu, elə qulağımızda həmin səslə evə gedək”. Yəni əslində elə həmin yol bizim yolumuz idi. Başqa bir yol yox idi.
- Deyilənlərə görə, o dövrdə İslam müəllimin ətrafına yığılan xanəndələr muğama İran boğazları gətirdiyi üçün müəyyən qınaqlara məruz qalıb. Siz yol deyərkən bunu nəzərdə tutursunuz?
- Onlar İran boğazları deyildi. Həmin boğazlar elə bizim muğamımızın çalarları idi. Sadəcə o vaxtı rəhmətlik Üzeyir Hacıbəyli muğamdakı dörddə bir tonları çıxarıb. Bununla da bizi qərbləşdirib. Əslində insanın ruhuna toxunan da elə həmin yarım tonlar idi. Onları çıxarmaqla muğamın təsir etmə gücü azalır. Əslində isə muğamın kökü birdir axı. Təbii ki, mən Üzeyir bəyə irad tuta bilmərəm. Ola bilsin ki o, sovet ideologiyasının qurbanı olub. Və yaxud da əgər Üzeyir bəy bunu etməsəydi, həmin sistem bizim musiqimizin dünyaya çıxışının qarşısını alacaqdı. Yəni Üzeyir bəy müəyyən səbəblərdən bunu edib. Bəs bu gün niyə bizi hansısa boğazlar ifa etməkdə qınayırlar? Üzeyir Hacıbəyli operanı muğama söykəyərək yazıb ki, operanın nə olduğunu xalqına göstərə bilsin, sevdirsin. Bu günə qədər də bütün oxuyanlarımız “Leyli və Məcnun”un çörəyini yeyirlər. Evləri də, maşınları da, bütün nəsilləri də Üzeyir bəyə, onun yaratdığı operaya borcludur.
- “Qarabağda məktəb yoxdur, ləhcə var” demişdiniz. Bu fikirləriniz də kifayət qədər də etiraza səbəb olmuşdu. Qarabağlı ifaçılardan Arif Babayev, Nəzakət Teymurova sizə sərt cavablar verdilər. Öz fikrinizdə qaldınız?
- Mən də efir vasitəsi ilə onlara cavab verdim. Qarabağ şivəsi ola bilər. Və yaxud da qərb bölgəsinin xörəkləri ilə cənub bölgəsinin xörəkləri eyni ola bilməz. Bu, musiqimizdə də belədir. Bəzi adamlar musiqi dili, muğam vasitəsi ilə vətəni bölməyə çalışırlar.
- Amma Qarabağda Cabbar Qaryağdıoğlu məktəbini də danmaq olmaz.
- Məgər Cabbar Qaryağdıoğlu muğamı özü kəşf eləmişdi? Cabbar Qaryağdıoğlu ötən əsrdə yaşayıb. Amma Azərbaycan muğamının kökü gedib Şah İsmayıl Xətainin dövrünə qədər çıxır. Düzdür, bugünkü strukturda olmayıb, amma mövcud olub. Axı Azərbaycan muğamının tarixi iyirminci əsrdən başlamır. Şah İsmayıl Xətai iki dəfə Təbrizi fəth edib. Muğam başda olmaqla bizim bütün musiqi, mətbəx mədəniyyətimiz Təbrizdən, şah quruluşundan, məclislərindən gəlir. O dövrdə Cabbar vardı? Niyə biz tariximizin o dövrünü qaranlığa gömüb, Cabbardan başlayırıq? Bu öz-özünə qarşı düşmənçilik deyilmi? Yəni mən bunları demək istəmişəm. Bölgə musiqisi sünni-şiə məsələsi kimi həmişə bizə çox zərər gətirib. İnkişafımızın qarşısını alıb. Biri Şamaxı məktəbini, o birisi Bakı məktəbini, bir başqası da Qarabağ məktəbini misal gətirir. Axı Qarabağ və ya Şamaxı məktəbi deyilən anlayış yoxdur. Azərbaycan, Təbriz muğam məktəbi olub. Gələnlər də ordan gəlib. Təbii ki, Qarabağda muğamın əjdahaları olub. Yenə də olacaq. Ancaq onları hansısa məktəbə aid etmək doğru deyil. Məktəb məsələsini ortaya atırlarsa, bəs ədalət naminə Sabir Mirzəyevi hansı məktəbə aid edək? Onda belə çıxır ki, o, qarabağlı deyilsə, azərbaycanlı da deyil?
Belə bir fikir yaradırlar ki, ancaq qarabağlılar oxumalı, qalanları susub yerlərində oturmalıdırlar. Niyə qardaş?! Axı Qarabağ ifaçılarının da mənfi cəhətlərini mən görürəm. Şəxsən mən Arif Babayevin qarşına elə mövzu qoyaram ki, əgər o, bu mövzuda ifa edə bilsə, mən başımı kəsərəm. Oxuya bilməz! Arif Babayev də elə əsər oxuya bilər ki, mən özümü öldürsəm də onu ifa edə bilmərəm. Məsələnin başqa bir tərəfi isə ondan ibarətdir ki, mən indi sizinlə danışdığım dildə nə Arif Babayevlə, nə də Nəzakət Teymurova ilə danışa bilməzdim. Onlar məsələni başqa yerə aparıb bağlamaq istəyirdilər. Məqsəd başqa idi.
- Məqsəd nə idi?
- Məqsəd məni nüfuzdan salmaq idi. Efirə çıxıb Bakı xanəndəsini gətirdim. Onlara elə efirdən müəyyən məsələləri sübut etmək istəyəndə, mənimlə döyüşənlərin hamısı qaçıb aradan çıxdılar. Yəni yenə deyirəm Qarabağ yolu ola bilər, amma məktəbi yox. Məktəbi bu qədər kiçiltmək olmaz. Mənim kökümü, soyumu, bütün ənənələrimi bir qarabağlı ifaçıya bağlamaq, dəyərlərimizə belə insafsızca yanaşmaq olmaz. Ayrımçılıq nadan insanlara xas fikirdir. Arif Babayev də, Nəzakət Teymurova da mənim yenə də dostlarımdılar. Amma Nəzakət özü də etiraf edir ki, bu gün mənimlə birlikdə əyləşib intellekt söhbəti edə bilməz. Elə Arif də bunu bacarmaz. Onlar ancaq Allahın verdiyi istedada söykənib yaşayan insanlardılar. Mən də öz tariximə söykənib yaşayan insanam. Həmin söz-söhbətdən sonra Arif Babayev mənə zəng edib üzr istədi. Mənə dedi ki, Ağadadaş, sən yaxşı ifaçısan. Mən də ona eyni xoş sözləri dedim. Amma tarixim artıq mənim üçün namus məsələsidir.
- Ağadadaş müəllim, iyirmi, otuz il əvvəl belə söhbətlər vardı?
- Heç vaxt olmayıb. Bu söhbətləri yaradanlar yenə də Qarabağ ifaçıları oldu. Vallah, onlar yaratdılar. Onlara görə yaxşı səs ancaq qarabağlılara məxsusdur. Deyə-deyə özlərini də gözə gətirdilər, bizi də. Tanrı isə təkəbbürlü insanları sevmir.
- Həm toy, həm də efir müğənnisi oldunuz. Amma toy heç vaxt efir mədəniyyətinizi üstələmədi. Balansı saxlamaq çətin oldu?
- Maraqlı sualdır. Buna görə sizə minnətdaram. Yenə də hər şey gəlib bizim dəyərlərimizə söykənir. Mən efirdə və yaxud da toyda çox-çox fərqli adam olsaydım, qeyri-səmimi davransaydım, yəqin ki, balansı saxlaya bilməzdim. Mən hər iki tərəfdə eyni adam olduğum üçün, eyni düşüncə sahibi, bir simalı adam olduğum üçün Allah mənə balansı qorumaq gücünü qismət elədi.
- Maskadan istifadə etdiyiniz məqamlar olmadı?
- Mümkün olan şey deyildi. Yaradıcılıqda o iş alınmır. Maska varsa, deməli sənət də yoxdur, ürək də. Maskalı ifaçı ifası ilə insanları kövrəldə bilməz. Ürək olan yerdə beyin ikinci plana keçir. Allah da deyir ki, mən insana şah damarından da yaxınam. Demir beyin hüceyrəsi qədər yaxınam. İnsanı insan edən, onu sevdirən həmin şah damardı. Həyatda hər cür saxtakarlıq etmək olar. Amma şah damarda, ürəyin içərisində saxtakarlıq etmək olmaz. Ürəkdə allah varsa, deməli hər şey var.
- Şöhrət və pul. İkisi də sizin həyatınıza birlikdə daxil oldu. Onların qarşısında davam gətirmək çətin olmadı?
- Şöhrət və pulu daşımaq hər kişinin işi deyil. Bu çox ağır məsələdir. Onun çəki vahidi də yoxdur. Bu həyat imtahanıdır. Gələcək həyat, maddi və mənəvi rifah həmin imtahandan asılıdır. Maddiyyat insanın şəxsiyyətini, hətta genetikasını belə dəyişmək gücündədir. Əgər pulun qarşısında tam, bütöv şəxsiyyət varsa, onda ona heç nə ola bilməz. Mən həmişə imtahanlarda olmuşam. Onlar olmasaydı, bu gün tamam fərqli yerdə olardım.
kulis.az