Dünya ictimaiyyəti çox qısa müddətdə türk dövlətlərinin birliyinin yeni uğurlarına şahid olacaq
Ümumi tarixi köklərə və mənəvi bağlara malik türkdilli ölkələrin xalqları bu gün fəal inteqrasiya prosesinə qoşulmaqdadır. İnkişafın bu mərhələsində həmin ölkələr artıq sosial-iqtisadi mühitdə önəmli tərəflərdən birinə çevriliblər. Halbuki cəmi-cümlətanı, 20 il əvvəl hadisələrin belə inkişaf edəcəyini təsəvvür etmək də mümkün deyildi.
Bir müddət əvvəl çox aktual sayılan "slavyan dünyası" (Avropa ərazisində Rusiya, Ukrayna, Polşa, Bolqarıstan, Belarus, Çexiya kimi ümumi dil köklərinə malik 20-dək dövlət və xalq nəzərdə tutulur) isə SSRİ-nin süqutundan sonra ümumiyyətlə ikinci plana keçdi.
Çağdaş türk dünyası müxtəlif ölkə və qitələrdə yaşayan 165 milyonadək insanı əhatə edir. Türkdilli xalqlar 20-dən çox dövlət ərazisində, o cümlədən Cənubi Amerikada və Avropa Birliyi ölkələrində yaşayır. Təkcə Rusiya ərazisində tatar, başqırd, çuvaş, kumık, tuvalı, xakas, yakut, karaçay, çərkəs, balkar, noqay kimi türk xalqları məskunlaşıb.
Moldovada yaşayan qaquzlar da türkdilli xalqlar sırasındadır. Dünyada gedən qloballaşma prosesinə görə türklərin müəyyən qismi dünyanın müxtəlif hissələrində, o cümlədən ABŞ və Avstraliya ərazilərində yaşayırlar.
Türklərin böyük əksəriyyəti dini mənsubiyyətinə görə müsəlmandır.
Türkdilli xalqlar arasında gedən sürətli inteqrasiya prosesinin ilk addımları yaxın tariximizlə bağlıdır. 1992-ci ildə yeni təşəkkül tapan post-sovet ölkələri öz suverenliklərini beynəlxalq miqyasda təsdiq etməyə can atırdı. Elə o arada Türkiyə paytaxtında bir neçə ölkə başçısı tərəfindən Ankara sazişi imzalandı. Bu sənədlə tərəflər böyük Türk dünyasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək niyyətlərini rəsmi şəkildə bəyan etdilər.
Düz 10 il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması barədə deklarasiya imzalandı. Qüvvəyə minən sənəd əlaqələrin genişlənməsi və inkişafı strategiyasını müəyyən etməliydi. Bu hadisə qardaş xalqların əlaqərinin inkişafındakı yeni və daha məzmunlu, daha praqmatik mərhələyə start vermiş oldu.
Bu müddət ərzində Şura üzvləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin birgə təşəbbüsü ilə Türk Parlament Assambleyası - TürkPA, beynəlxalq türk mədəniyyəti təşkilatı olan TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, Ticarət-sənaye palatası kimi bir sıra faydalı institusional qurumlar yaradıldı.
Bu günlərdə Azərbaycan paytaxtında Türk Şurasının növbəti yığıncağı keçirildi. Son tədbirdə Özbəkistan və Macarıstan kimi dövlətlər də fərqli statuslarda sözügedən quruma üzv oldu.