Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Heydər Əliyevə yazdığım şeirə görə zəng vurub dedilər ki...”



Cəlilabadlı şair Gülbala Teymurla müsahibəni təqdim edirik:

- Gülbala müəllim, neçə kitab müəllifisiniz?

- Üç kitab müəllifiyəm və artıq dördüncü kitabım çapa hazırlanır.

- Təbii ki, hamı kimi siz də yaradıcılığa gənc yaşlarından başlamısınız...

- Yeddinci sinifdən şeir yazıram. İlk şeirim Cəlilabadda “Taxılçı” qəzetində çap edilib. 1980-ci ildə isə “Əədbiyyat və İncəsənət” qəzetində  ilk mətbu şeirlərim çıxıb.

- İndi yaradıcılığınız necə gedir?

- Mən bir dəfə yazmışdım ki, şair var qələmdən çörək qazanır, şair də var qələmə xərcləyir. Mən ikincilərdənəm. Özüm üçün şeir yazmışam həmişə. Yanvarın 1-də altmış beş illik yubileyimdi və bu münasibətlə son illər yazdığım şeirlərimdən ibarət kitabım çıxacaq. 

- Ümumiyyətlə, rayon mühitində sizin kitablarınız necə satılır?

- İndiyə kimi kitab satmamışam, heç mağazalara da verməmişəm. Ancaq özüm üçün kitab çıxardıb dost-tanışa vermişəm.

- Bəzən deyirlər ki, rayon mühitində yaşayan yazarlar paytaxtdan kənarda olduğu üçün ədəbi proseslərdə iştirak edə bilmirlər. Sizin rayonda yaşamağınız buna mane olurmu?

- Bu yazmağa mane olmur, amma tanınmağa mane olur, proseslərin içində ola bilmirsən. Mən Bakıda yaşasaydım, indi çox tanınardım, çünki mənimlə ədəbi dərnəyə gələn yazarların hamısı indi tanınmış şairlərdi. 

- Neçə il şəhərdə yaşadınız?

- Beş il təhsil aldığım müddətdə Bakıda yaşadım və sonra rayona qayıtdım. Artıq qırx ildi rayonda yaşayıram. 

- Cəlilabadda yazarlar niyə bir araya gələ bilmirlər? Hər dəfə təşəbbüs yaranır, amma o da yarımçıq qalır...

- Bunun səbəbi çoxdur. Ən böyük səbəbi isə odur ki, istedadsızlar burda ara qarışdırırlar və ona görə də alınmır. Xainlik edənlər çoxdu. Biri eşitsə ki, mən yaxşı şeir yazmışam, kənarda yaxşı qarşılansa da, burda qısqanclıq yaradır. Əgər Azərbaycan Yazıçılar Birliyinin Cəlilabad filialı yaradılsa, ora sədr təyin edilmək məsələsində ortaya çoxlu problemlər çıxacaq, hamı deyəcək mən olum. Ona görə də bu yaradılmır. Bir dəfə biz bununla bağlı yazıçı Anarın da qəbulunda olmuşuq. Əyalətdə yaşamağın bir problemi də budur ki, insan xırdalaşır. Əgər  bu gün şair Murad Köhnəqala üçün yazarlar toplaşıb prezidentdən ev istəyirlərsə, bunu bölgədə etmək qeyri-mümkündür. 

- Neçənci ildən AYB-nin üzvüsünüz?

- 2001-ci ildən AYB-nin üzvüyəm. “Yazıçı” nəşriyyatında kitabımı çapa hazırlayırdılar. 1994-98-ci illər idi və onda iş yarımçıq qaldı. Buna görə də bir müddət həvəsdən düşdüm. 

- Bu gün rayonda ədəbiyyatla bağlı hansı qəzet və dərgilər çıxır?

- Bizdə “Sözün işığı” ədəbi jurnalı çap olunur və bunun çox böyük əhəmiyyəti var. Bununla yanaşı, “Region səs” qəzetinin də ədəbiyyat əlavəsi olur. Bu gün Cəlilabadda AYB-nin 40-a qədər üzvü var. Amma demək olmaz ki, bunların hamısı yazıçıdı. Onların içindən 10-15 nəfər istedadlısı var. 

- Cəlilabadda son dönəmlər çoxlu yazarların olduğu deyilir...

- Belə deyirlər və bizim kifayət qədər istedadlı yazarlarımız var. Mən yazıçı Seyran Səxavətlə görüşəndə bir şeir deyəndən sonra dedi ki, sən kimsən ki, mən səni tanımıram? Dedim ki, siz məni hardan tanıyacaqsınız? Rayonda yaşayıram. 

- Rayona ədəbiyyatla bağlı qəzetlər gəlirrmi?

- Məhdud sayda qəzetlər gəlir. Bununla yanaşı, mən və digərləri ədəbi-bədii jurnallarda çox çap olunuruq. Elə bir problemimiz yoxdu. 

- Siz 2003-cü ildə mərhum Prezidentimiz Heydər Əliyevin xaritəsinə şeir yazdınız və müsabiqədə ikinci yerə layiq görülmüsünüz. Bu fikir sizdə hardan yarandı?

- Heydər Əliyev rəhmətə gedəndə hamı kimi mən də prosesləri diqqətlə izləyirdim. İkinci də ki, Heydər Əliyevə böyük hörmətim var, onu dahilər sırasında görmüşəm və indi də görürəm. Həmin vaxt qəzetlərdə Heydər Əliyevə yazılan şeirlər çap olunurdu. Bir şeir də mən yazdım AYB-ə göndərdim. Fevral ayında mənə zəng vurub dedilər ki, sizin şeiriniz müsabiqədə qalib gəlib. Gedib rəhmətlik şair Ədalət Əsgəroğluyla görüşdüm və dedi ki, sənin şeirinin üstündə çoxlu mübahisə getdi. Şeir birinci yerə layiq idi, amma ikinci yeri verdilər. Onda bizə pul mükafatı və diplom verdilər. “Beynəlxalq Heydər Ata” mükafatına layiq görüldüm. O şeir uzun müddət mətbuatda çap olundu. Şeirin adı “Qoruya bilmədik” adlanır. 

- O müsabiqədən sonra sizə rayonda münasibət necə oldu?

- Əslində o çox güclü şeir idi, mənim Heydər Əliyevə yazdığım üç şeirim var. Heç kimin cəsarəti çatmaz ki, kimsə o şeir haqqında nəsə başqa fikir səsləndirsin. Bu məhəbbətdən yaranan bir əsər idi. Qaldı ki, müsabiqədən sonra rayonda çox maraqla qarşılandım  

- İxtisasca yol mühəndisisiniz. İşinizdə olduğu kimi, ədəbi mühitdə də enişli-yoxuşlu yolları görə bilirsinizmi?

- Mən ədəbi mühitə bir az kənardan baxan adamam. Ədəbi mühitdə yazılarım necə qarşılanır onu tam bilmirəm, amma kənardan baxıb bunun safını-çürüyünü ayırd etməyə çalışıram. Ədəbiyyatda bu gün istedadlı adamlar da, ədəbiyyatın ayağından çəkənlər də çoxdu. Amma təbii ki, zaman özü qəlbirdi, hər şeyi özü sügəcindən keçirəcək. 

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10