“Ermənistan, Azərbaycan və Gürcüstanı Çinin xarici siyasətində prioritetli istiqamətlərə aid etmək olmaz. Bu ölkələr ÇXR ilə ümumi sərhədə malik deyil, onların iqtisadi əməkdaşlığı hələ çox böyük olmasa da, sürətlə inkişaf edir. Bununla belə, Cənubi Qafqaz “Bir qurşaq, bir yol” strategiyasının mühüm hissəsi kimi Pekinin diqqətini cəlb edir. ÇXR xarici işlər naziri Van İnin (Wáng Yì) Zaqafqaziya respublikalarına may səfəri bu əhəmiyyəti bir daha təsdiqləyib. Hər üç ölkə səfəri “tarixi səfər” adlandırıb”.
Cenub.az Azpost.info-ya istinadən bildirir ki, bu barədə tarix elmləri namizədi Sergey Markedonov Karnegi Moskva Mərkəzində yazıb.
“Çin Azərbaycana da böyük diqqət ayırır. ÇXR-in regionla ticarət dövriyyəsinin 40%-i bu ölkənin payına düşür. Çinin “CTIEC Group” dövlət şirkəti Bakıda “Norm” sement zavodunun tikintisində iştirak edib. Asiyadan Avropaya pəncərə kimi Xəzər dənizinin sahillərindən Qara dənizin sahillərinə uzanan Bakı-Axalkalaki-Tiflis-Kars dəmiryol xətti də Pekinin marağına səbəb olur. Yerli siyasətçilər və ekspertlərin gurultulu bəyanatlarına baxmayaraq, Çindən Avropaya tranzitdə Cənubi Qafqaz əhəmiyyətli regiona çevrilməyib. Bir çox məsələ plan və bəyannamə səviyyəsində qalır. Bu da o deməkdir ki, vəziyyət indiki şəkildə davam edəcək”, – məqalədə deyilir.
“İnfrastruktur proqramları baxımından Ermənistanın mövqeyi kifayət qədər zəifdir. Ermənistanın yalnız Gürcüstan və İranla sərhədləri açıqdır. Ona görə bu ölkə regional logistik və enerji layihələrin çoxunda iştirak etmir. Ancaq Pekin Avrasiya İqtisadi İttifaqı və Tehran arasında əlaqələndirici həlqə kimi bu istiqaməti də nəzərdən keçirir. Ermənistana idxal sahəsində Çin artıq ölkənin strateji müttəfiqi Rusiyadan sonra ikinci yeri tutur”, – eskpert qeyd edir.
“Əməkdaşlığın qurulmasında nəinki Çinin, eyni zamdan region dövlətlərinin də öz maraqları var. Çinin ardıcıl olaraq ərazi bütövlüyü prinsipini dəstəkləməsi Gürcüstan və Azərbaycan üçün son dərəcə vacibdir. Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə görə, “Azərbaycan və Çin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləyib, ölkəmiz Tayvan məsələsində həmişə vahid Çin mövqeyindən çıxış edib və bu mövqe gələcəkdə də dəyişməz olaraq qalacaq””, – Markedonov yazır.
Məqalə müəllifi burada da bəzi nüansların olduğunu vurğulayır:“Dünyanın güc mərkəzlərindən eyni dərəcədə uzaq qalaraq, balanslı siyasət yürüdən Bakı Pekinlə münasibətdə daha geniş manevr imkanına malik olduğu halda, Tiflisin ÇXR ilə yaxınlaşması Qərb tərəfdən tənqid predmetinə çevrilir. Məsələn, Van İnin mayda Gürcüstana səfər etməsi ABŞ-da narazılığa səbəb olub”.
“Ermənistanın Çin istiqamətində başqa məqsəd və hədəfləri var. Ermənistanı Dağlıq Qarabağla birləşdirmək ideyasını təbliğ etmək məlum səbəblərdən dolayı mümkün deyil. Tayvan, Tibet və Sincan ilə problemlər yaşayan ÇXR qondarma dövlətçilik və irredentizmin legitimləşdirilməsinə dəm tutmayacaq”, – ekspert qeyd edir. “Üstəlik, hər üç ölkə üçün Çin Rusiya və Qərbin alternativi hesab edilir. Həm Tiflis, həm İrəvan, həm Bakı hər biri özünəməxsus şəkildə Moskva, Vaşinqton və Brüsselin onların ərazilərində münasibət ayırd etməsindən təngə gəlib”, – məqalədə deyilir.
Markedonovun fikrincə, Pekin haqqında regionun əsas oyunçusu kimi bəhs etmək hələ çox tezdir: “Qafqazda xarici siyasətin diverfikasiyasına tələb yaranan kimi Pekin region ölkələri üçün cəlbedici siyasi çərçivələr yaradır. Bu zaman ÇXR-in regionun daxili problemlərinə qarışmaq istəməməsi onu hər üç ölkə üçün rahat tərəfdaşa çevirir”.
Material Böyük Britaniya Xarici İşlər Nazirliyi və Birlik İşləri üzrə nazirliyin dəstəyi ilə həyata keçirilən “Rusiya-Çin antanta” layihəsi çərçivəsində hazırlanıb. (Xpressa)