Bu il SSRİ-nin dağılmasının 28 ili tamam olur. Şübhəsiz, zəngin hadisələrlə və müəmmalarla dolu olan arxadakı illər araşdırmaçılara geri çevrilib belə nəhəng dövlətin qəfildən çökmə səbəblərini bir daha müzakirə etməyə imkan verir.
ABŞ-ın Konnektikut ştatının Uesli Universitetinin dövlət idarəçiliyi üzrə professoru Piter Rutland və “Leninin qardaşı: Oktyabr inqilabının səbəbləri” kitabının müəllifi Filip Pomper araşdırmalarında SSRİ-nin suqutu ilə bağlı maraqlı məqamlara toxunublar.
Müəlliflər “SSRİ-nin dağılmasında hansı siyasi fiqur hamıdan artıq məsuliyyət daşımalıdır?” sualını qoyaraq, buna cavab axtarıblar.
Təhildə qeyd olunur ki, adi adamlar bu suala cavabda ya SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun, ya da ABŞ prezidenti Ronald Reyqanın adını çəkirlər: “Lakin əsl həqiqətdə bunun ən böyük məsuliyyətini İosif Stalin daşıyır. Stalini çox vaxt iblisanə keyfiyyəti olan dahi strateq kimi qələmə verirlər. Deyirlər ki, o, Qərbin zəifiliyndən və Qırmızı Ordunun Berlində olmasından istifadə edərək, sovet imperiyasını Avropanın dərinliklərinə qədər genişləndirmək fürsəti qazandı.
Həqiqətdə isə Stalinin sovet hakimiyyətini Mərkəzi Avropada yayması strateji səhv idi. Bu addımla o, sonda sovet dövlətini ölümə məhkum etdi. Stalin ideoloji rəhbəri Vladimir Leninin “imperializm kapitalizmin ən yüksək mərhələsidir” arqumentini tam ciddi olaraq qəbul etmişdi. Bu isə o demək idi ki, kapitalizm mövcud olduğu müddət ərzində imperialist müharibələri vasitəsilə ərazi işğalına can atacaq. SSRİ-ni belə hucumlardan müdafiə etmək üçün Stalin özünün nəhəng ordusunu sülh zamanı dəstək sayır və Şərqi Avropanı gələcək hucumlardan qorunmaq üçün bufer zonası kimi nəzərdə tuturdu”.
Məqalədə qeyd olunur ki, Stalinin strateji təfəkkürü dəhşətli dərəcədə köhnəlmişdi. 1945-ci ildən sonrakı onilliklərdə heç bir imperialist hucumu olmadı. Çünki nüvə başlıqları ilə təchiz olunmuş qitələrarası ballistik raketlər supergüclər arasında müharibəni ağlasığmaz eləmişdi. Bundan başqa, birinci və ikinci dünya müharibəsindən sonra dünyada imperialist düşüncə tərzi dağılmaya məruz qalmışdı: “1945-ci ildən sonrakı onillikdə Avropanın müstəmləkə imperiyaları mərkəzdənqaçma prosesində idi və ABŞ özü imperiya qurulmasında, yeni kütləvi müharibədə maraqlı deyildi. Stalin özünü mövcud olmayan hərbi təhlükədən müdafiə etmək fikri ilə SSRİ-ni çoxmillətli bir imperiyaya çevirdi. Bu, elə bir vaxtda baş verdi ki, imperiya yaratmaq praktikası artıq dünyada anaxronizm sayılırdı. Bununla da SSRİ-də millətçilik güc yığmağa başladı.
Stalini müdafiə edənlər (Belələri müasir Rusiyada çoxdur) onu SSRİ-ni faşist hucumundan xilas edən uzaqgörən lider kimi təsvir edirlər. Onlar Stalin zamanında repressiyaya düçar olmuş sovet vətəndaşlarının əzablarını ölkənin sürətli sənayeləşdirməsi və milli təhlükəsizliyinin qarantının əvəzi kimi qələmə verir və Stalinin cəza sisteminə bununla bəraət qazandırırlar. Lakin həqiqətdə isə Stalin 20-ci əsrin ortalarında müharibələrin xarakteri və hakimiyyətin təbiəti haqqında 19-cu əsrə aid köhnə arqumentin tələsinə düşmüşdü”.
Təhlildə vurğulanır ki, Qərb imperializmindən müdafiə olunmaq cəhdi ilə Stalin SSRİ-ni özünüməhvetmə yoluna saldı. Bununla SSRİ şişirdilmiş hərbi büdcənin yükü altına düşdü. Bu hərbi büdcə isə ölkə ÜDM-in 25 faizi demək idi. Stalin eyni zamanda nəzarəti saxlamaq üçün milyonlarla əsgərini Avropada yerləşdirməyə məcbur oldu: “İkinci Dünya müharibəsinin sonunda Stalin Baltik ölkələrini, Moldaviyanı və Qərbi Ukraynanı SSRİ tərkibinə daxil etdi. Bu işğal edilmiş ərazilərdə yaşayan əhalinin böyük əksəriyyəti SSRİ-nin tərkibində olmaq istəmirdi. Əgər Stalin Baltik ölkələrini SSRİ tərkibinə qatmasaydı, Finlandiya kimi müstəqil olmağa qoysaydı o zaman, ola bilsin, Qorbaçovun islahat səyləri uğurla nəticələnəcəkdi. Məlum olduğu kimi, yenidənqurma məhz Qafqazda və Pribaltikada baş qaldırmış milli hərəkat dalğası nəticəsində tezliklə suqut etdi. Bundan başqa Qorbaçovun Azərbaycandan tutmuş Litvaya qədər millətçi hərəkatı silah gücünə yatırmaq cəhdi Boris Yeltsinin rəhbərlik etdiyi demokratik qüvvələrin yenidənqurma koalisiyasından getməsi ilə sonuclandı…”
Müəlliflər qeyd edirlər ki, Şərqi Avropada kommunist hakimiyyətlərinin dinc yolla buraxılmasına rəhbərlik etdiyinə görə, 1990-cı ildə Qorbaçova Nobel Sülh Mükafatı verildi.
Lakin Şərqi Avropada sovet ordusunun gücü ilə kommunist blokunu dəstəkləməkdən imtina qərarı Qorbaçov deyil, 1981-ci ildə Yuri Andropov tərəfindən verilmişdi. Polşada “Həmrəylik” hərəkatı ilə üz-üzə qalanda DTK-nın o zamankı rəhbəri Andropov Brejnevi inandırmışdı ki, SSRİ-i üçün ikinci “Praqa baharı” mənfi nəticələnə bilər.
Polşa kommunistləri problemi hərbi vəziyyət elan etməklə özləri həll etməli oldular. 1988-ci ildə Qorbaçov sadəcə 1981-ci ildən sovet siyasi xətti olan məsələni publik şəkildə elan etdi.
“Böyük dövlətlər birinci cərgədə qalmaq istəyirlərsə, qlobal sistemin dəyişən xarakterinə adaptasiya olunmağı bacarmalıdırlar. Liderlər situasiya barədə son uğurlara söykənərək deyil, xeyli irəlini düşünməyi bacarmalıdırlar. Nə siyasətçilər, nə də generallar “sonuncu patrona qədər” müharibəni davam etdirməməlidirlər. Stalin özünün strateji seçimində bu tipik səhvə yol verdi. O, özünü ikinci dünya müharibəsinin təkrarlanacağına və imperialist ziddiyətlərinin yeni raundunun başlanacağına inandırdı. Onun varisləri və SSRİ-nin iki nəsli bunun ağır qiymətini ödəməli oldular”, -deyə təhlildə vurğulanır.
Azpost.info