O kağızların arasında vaxtilə böyük alimimiz və müstəsna ziyalımız Xudu Məmmədovun mənə göndərdiyi, itmiş sandığım məktublarından biri ilə də rastlaşdım
Tale elə gətirdi ki, tələbəliyin ilk günlərindən başlayaraq uzun illər boyu Bakıda ya müxtəlif yataqxanalarda, ya da ayrı-ayrı ünvanlarda kirayənişin yaşayası oldum – ta doktorluq dissertasiyamın müdafiəsindən 1 il sonra nəhayət ki, öz mənzilim olanadək.
Bu köçhaköçlərdə nə qədər əlyazmam, sənədlərim itib-batdı. Bir müddət öncə yaşadığım köhnə ünvanlardan birindən çardaqdakı karton qutularda salamat qalmış, bir hissəsini yağış-su zədələsə, yaxud tam yararsız hala salsa da, hər halda bir qismi ələ gələn arxiv materiallarımı mənə gətirdilər. Bunların arasında yarımçıq və bitmiş əlyazmalarım da vardı, hələ çap olunmamış məqalələrim və tərcümələrim də, unutduğum fotoşəkillər də, məktublar da. O köhnə məktubların, demək olar ki, hamısı qiymətli insanlardandır. Bəzilərini başqa şəhərlərdən və dünyanın müxtəlif ölkələrindən mənə göndəriblər, bəzilərini Bakıdan kənarda yaşadığım vaxtlarda Azərbaycandan yollayıblar. Şəmsi Bədəlbəylinin, Tofiq Quliyevin, Ənvər Məmmədxanlının, Turan Cavidin, Anarın, Tofiq Abdinin və neçə-neçə başqasının mənə son dərəcə əziz olan məktubları.
Bu məktublar məni istər-istəməz ötən illərə qaytardı, onları yenə oxudum, yenə o dəyərli insanlarla keçmişə qayıdaraq həmsöhbət oldum. Və o kağızların arasında vaxtilə böyük alimimiz və müstəsna ziyalımız Xudu Məmmədovun mənə göndərdiyi, itmiş sandığım məktublarından biri ilə də rastlaşdım. Xudu müəllim haqqında mən bir neçə dəfə yazmışam, verilişlər hazırlamışam, çıxışlar etmişəm. Amma bu yeni tapdığım məktub, sanki mənə söylədi ki, bir də yaz.
Güman edirəm ki, yaxın vaxtlarda Xudu müəllim haqqında ötənlərdə qələmə aldıqlarımı da qovuşduraraq iri bir yazı hazırlayacağam və tezliklə nəşr etməyi düşündüyüm kitabıma daxil edəcəyəm. Hələliksə, həmin yeni tapdığım məktubu paylaşmaq istədim. Bu məktubu Xudu müəllim mənə 1986-cı il yanvarın 29-da Moskvaya, ona yolladığım növbəti məktublardan birinə cavab olaraq yazıb. Təbii, bu silsilənin əvvəli də, ardı da var. Ona görə də həmin məktubdakı bəzi məqamlar aydın olsun deyə, bir balaca izahat verməyə ehtiyac duyulur.
Elə ilk sətirdəcə Xudu müəllim “Tapşırdığın kimi bu məktubu evdən yazıram” deyir. İş ondadır ki, Xudu müəllim o aralıqda özünü bir qədər narahat hiss etmişdi və xəstəxanaya düşmüşdü. Mən də müalicə olunduğu vaxt yazdığım məktubların axırıncısında rica etmişdim ki, tezliklə gümrahlaşsın, növbəti kağızı mənə artıq evdən göndərsin.
Hər məktubda ona Moskvadaykən bitirdiyim və rəy, münasibət bildirməsini arzuladığım yazılarımı da göndərirdim. Həmin yazılardan biri orta əsr Azərbaycan və Şərq şeirində müşahidə etdiyim bir təmayüllə bağlı idi.
O arada mən XIII əsr Azərbaycan şairi Zülfüqar Şirvaninin 1934-cü ildə Londonda faksimilesi nəşr edilmiş “Divan”ını araşdırırdım. Həmin şeirlər toplusunda Zülfüqarın qəsideyi-məsnui silsiləsindən olan bir neçə şeiri ilə də rastlaşmışdım ki, bunlar daxili quruluşu etibari ilə son dərəcə maraqlı idi. Ona görə “daxili quruluşu” yazıram ki, bu şeirlərin zahiri quruluş əlamətləri onsuz da hər kəsə görünə bilərdi. Lakin bu şeirlərdə sirr vardı. Bir şeirin içərisində bir neçə şeir gizlənmişdi. Üzdən baxanda bütöv bir qəsidə idi. Lakin rəngləri seçdirilmiş sözləri yığıb ayrıca oxuyanda büsbütün başqa bir şeir qarşımıza çıxırdı. Müəyyən misraları ayırıb ard-arda düzəndə həm tərsinə, həm avandına oxunurdu. Və bir qəsidənin içərisindən çıxarıla bilən bu şeirlərin hər birinin şəkli də, vəzni də fərqli idi.
Mən Xudu müəllimin laboratoriyasına gedib-gəldiyim, onun yetirmələri ilə dostluq etməyə başladığım zamanlardan kristalların daxili quruluşundakı əlvan mənzərələr və möcüzəli görsənişlər mövzusu ilə maraqlanmışdım, bu istiqaməti babat bildiyim poeziyada, musiqidə izləməyə çalışmışdım. Zülfüqar Şirvani “Divan”ını və bütövlükdə qəsidənin xüsusi bir növü olan, yazılması xüsusi ustalıq tələb edən “qəside-yi məsnui” (rus şərqşünaslığında bunu «искусственная касыда» adlandlrlrlar) örnəklərini araşdıraraq bir məqalə hazırlamışdım. Məqaləni oxumaqçün Moskva və Leninqraddakı bir neçə alimə də təqdim etmişdim, amma bu araşdırma sırf Xudu müəllimin nəzəriyyəsinə uyğun tərzdə aparıldığından ona da göndərmişdim ki, fikirlərini bildirsin.
Bu məktubda Xudu müəllim ilk təəssüratlarını bölüşür və Bakıya qayıdandan sonra bu ətrafda xeyli söhbətlərimiz oldu. Xudu müəllimin bu qısaca məktubunda da onun bilik zənginliyi, nəcibliyi, daxili zərifliyi, həssaslığı aşkarca duyulmaqdadır. Oxuyuram məktubunu, doğma surəti canlanır gözlərim önündə. Sanki heç yazısını oxumuram, özünü eşidirəm. Elə bil yanımdadır, həlim, mehriban səsiylə danışır və ürəyim ağrıyır ki, Xudu müəllimli bu günlər nə qədər uzaq, nə qədər əlçatmazdır...
"Əziz Rafael!
Tapşırdığın kimi, bu məktubu evdən yazıram. Məktubunu yenə də böyük maraqla oxudum. Yazıya nə üçün “Dözüm” adı verdiyini başa düşdüm. Dözüm haqqında yazının adının da dözüm olması gərəklidirmi? Bu temaya bir də qayıdılmayacaqsa, ad məsələsini mümkün qədər çox fikirləşmək yaxşı olardı. Ad məzmunu təkrar etməsin, tamamlasın. Sözsüz mənim dediyim oxucu arzusundan başqa bir şey ola bilməz. Mənimlə bölüşmək istədiyin fikirlərə səmimi cavab verməyə məktublarının çox səmimi olması məni ürəkləndirir.
“Allah heç kimə çəkə bildiyi qədər dərd verməsin” illərlə fikirləşiləsi sözlərdir. Çox-çox sərrast deyilib. Çox düşündürücüdür.
Maqomayev haqqında düşüncələrinə də çox haqq qazandırıram və məsələyə belə yanaşmanı doğru hesab edirəm.
Zülfüqar Şirvani haqqında yazılanlar da çox maraqlıdır və fikirləşdiyin kimi bu məsələnin bizim naxışların quruluşu ilə bağlılığı çox aydındır. Bizim səs naxışlarımızın, musiqi naxışlarımızın quruluşlarındakı ümumiliyi mən çoxdan hiss etmişdim. Ancaq belə bir misala rast gəlməmişdim. Bu çox yazılmalı məsələdir. Tərsinə də oxunduqda mənası olan yazılar bu qəbildəndirlər. Mən çox arzu edirəm ki, bu məsələ ilə söz və musiqi sənətində axtarış aparmağa həvəsi olanlarla rastlaşaydım. Çox da sevinirəm ki, bu fikrə mənim təbliğatımla gəlməyibsən. Bu, çox yaxşı başlanğıcdır (bu sahədə!) və mütləq yazılmalıdır, başqa misallar axtarılmalıdır. Nə üçün o zamanın adamlarının bu yola düşdüyünü və bu yolun təbiətlə necə uyarlı olduğunu, sağlıq olsun, görüşəndə danışarıq.
Əziz Rafael, bu gün məktubunu alıb, bu gün də cavab yazıram. Mənim elə bir işim yoxdur ki, sənin toxunduğun məsələlərdən vacib olsun. Ancaq mənə məktub yazmağa tələsmə, tez cavab verməyə çalışmağına, vaxtının itməsi üçün çox da razı deyiləm. Nə vaxt başqa işlə məşğul olmaq istəməyəndə (belə vaxtlar olur!) mənimlə bir fikir bölüşmək istəyəndə də oxucu, dinləyici olmağa böyük həvəslə hazıram. Bir sözlə, arzunca, imkanınca bu işlə məşğul ol, yorulmağını istəmirəm.
Hər cür xətti oxuya bilməyinlə məni arxayınlaşdırdın deyə bu məktubum keçən səfərkindən də qəliz oldu.
Çox səmimi, mehriban sözlər üçün çox-çox sağ ol. Allah dünyanı belə münasibətlərə ehtiyacı olmayanlardan saxlasın. Bu, zəiflik də olsa, bizi başqa canlılardan yaxşı tərəfdən fərqləndirəndir.
Ən gözəl arzularla, Xudu müəllim. 29.I. 1986"