Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi məşhur "Vokaliz” mahnısı yenidən ermənilər tərəfindən oğurlanıb. Bu dəfə mahnını erməni müğənnisi Siruşo (Siranuş Harutyunyan) "Yurmala” festivalında ifa edərək, onu erməni mahnısı kimi təqdim edib.
Məsələ ilə bağlı xalq artisti bu cür reaksiya verib:
"Məncə, bizə o da azdır - hətta səhnədə olan bəzi ortabab səviyyəli ”müğənnicik"lər "Vokaliz” kimi caz-folk olan mürəkkəb əsərə ad qoyub, guya ələ salmaq istəyirdilər - "Takka tukka”.
Daha demirdilər ki, əvvəl icad etmək, sonra da ifa edə bilmək üçün anadan təzədən doğulmalıdırlar".
Qeyd edək ki, xalq artisti bu mahnın ilk dəfə 2001-ci ildə ifa edib. Mahnın səs-sorağı ölkə hüdudlarını aşıb. 2005-ci ildə isə erməni müğənnisi Vartuni Vartanyan da bu mahnın ifa edərək, onu erməniləşdirmiş, özününküləşdirmişdi.
Ümumiyyətlə, bu günə qədər sonsuz sayda bəstəkar və xalq mahnılarımızın ermənilər tərəfindən oğurlandığının şahidi olmuşuq. Onlardan bir neçəsini təqdim edirik.
Bu cür mahnılarımızdan biri bəstəkar Aygün Səmədzadəyə məxsus, Aygün Bəylər tərəfindən ifa edilən məşhur "Tut ağacı” mahnısıdır. Qeyd edək ki, bu mahnı bir neçə ölkə ifaçısı tərəfindən oğurlanaraq, müəllif hüquqları pozulub. İlk dəfə rus müğənnisi onu "Ana” mahnısı kimi təqdim edib oxuduqdan sonra erməni müğənnisi tərəfindən erməni mahnısı kimi oxunmuşdu. Həmçinin mahnı elə "Tut ağacı” adı altında yunan müğənni tərəfindən yunan mahnısı kimi təqdim olunmuşdu.
Azərbaycanın məşhur xalq mahnısı "Tut ağacı boyunca” mahnısı isə dəfələrlə ermənilər tərəfindən oğurlanaraq, özününküləşdirilib. Lakin maraqlı faktdır ki, bir neçə il öncə Rusiyada yaşayan erməni müğənnisi Vaçik Oqanyan bu mahnını məhz Azərbaycan dilində oxumuşdu. Eləcə də Bakıda anadan olmuş "Boka” ləqəbli məşhur erməni müğənni Boris Davidyan da başqa bir Azərbaycan xalq mahnısını - "Bu qala, daşlı qala”nı Azərbaycan dilində ifa etmişdi.
Əlixan Səmədovun balabanda ifa etdiyi bir çox məşhur mahnıları, o cümlədən "Sən gəlməz oldun”u Civan Qasparyan balabanda təkrarlayaraq, öz adına çıxarıb. Onun oğurladığı Azərbaycan mahnıları sırasında Tofiq Quliyevin "Sənə də qalmaz”, Rauf Hacıyevin "Saçlarına gül düzüm”, Cahangir Cahangirovun "Ay qız”, Emin Sabitoğlunun "Neyləyim”, Eldar Mansurovun "Melodiya” və "Gecə zəngləri” var.
Əməkdar artist Lalə Məmmədovanın məşhur "Məktəb illəri” mahnısı da erməni müğənnilər tərəfindən oğurlanıb.
Ötən il isə tarixən türk mahnısı kimi tanınan "Ninnə yarım” mahnısı ermənilər tərəfindən ifa edilərək, onlara məxsus mahnı kimi təqdim olunmuşdu. Xatırladaq ki, bu mahnını erməniləşdirərək oxuyan Spitaklı Hayko Tiqran Osetriyanla birlikdə Zeynəb Xanlarovanın repertuarından olan məşhur "Sən Müşfiqin yanında qal” mahnısını oğurlayaraq, internet resuslarında öz adlarına çıxartmışdılar.
Təxminən 2003-cü ildə Rəqsanə İsmayılovanın ifa etdiyi "İnanımmı” mahnısı bir neçə il sonra erməni müğənnisi tərəfindən ifa edilib və müəllifi barədə məlumat verilməyib. Bu məqamda xatırladaq ki, adıçəkilən mahnını 2014-cü ildə Yeni il şənliyi ərəfəsində Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov da ifa edib.
Beləliklə, ermənilər tarix boyu nəinki torpaqlarımıza göz dikib, işğal edib, həm də mədəni irsimizi, mədəniyyətimizi, musiqimizi oğurlamağa, öz adına çıxarmağa çalışıb və bəzən də nail olublar. Araşdıranda məlum olur ki, ən məşhur erməni bəstəkarların əsərləri, mahnıları məhz Azərbaycan bəstəkarlarının əsərlərinin, melodiyasının, xalq və eləcə də aşıq musiqisinin plagiatıdır.
Bu cür nümunələrdən biri də ermənilərin fəxrlə ifa etdikləri, A. Xaçaturyana məxsus olan məşhur "Yerevan” mahnı-himnidir. Hələ sovet dövründə Xaçaturyanın əsərləri, mahnıları ətrafında müzakirələr gedirdi. Çünki yazdıqları bütövlükdə Azərbaycan musiqi irsini təşkil edirdi və məşhur musiqişünaslar onun həm Azərbaycan xalq mahnılarını, həm də aşıq poeziyasını tamamilə təkrar etdiyini bildirirdi.
Bu barədə söz düşəndə isə Xaçaturyan deyirdi: "Müasir musiqidə plagiat yoxdur, müasir musiqidə kollaj vardır”.
Ermənilərin uzun illərdir ki, fəxrlə oxuduğu "Yerevan” mahnı-himninə gəldikdə isə, mahnı 1948-ci ildə yazılıb. Lakin mahnını dinlədikdə məlum olur ki, musiqi tamamilə Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı "Arşın mal alan” operettasından "Əsgərin mahnısı”nın eynisidir. Bunu zamanında sovet musiqişünasları da təsdiqləyib. Tarixdən o da məlumdur ki, Hacıbəyovun bu operettası dəfələrlə dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da nüfuzlu konsert salonlarında erməni əsəri kimi təqdim edilib.
Bir faktı da qeyd edək ki, Xaçaturyanın "Armenin rəqsi”, "Karen və Nunenin rəqsi”, "Erməni-kürd rəqsi” və digər rəqslərin əslində erməniləşdirilmiş "Şalaxo” və "Uzundərə” rəqslərimiz olduğu da artıq çoxlarına məlumdur.
(Yeni Müsavat)