Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı şəhər 3 saylı tam orta məktəbinin kollektivinə: - Ehtiyatlı olun, təzə direktor küsəyəndir



Yarpaq” "Meşədən" küsüb, “Ağacın” xəbəri yoxdur 

Xəbər verdiyimiz kimi Masallı rayonunda 15-dən artıq məktəb direktoru yeri boşdur. Yeni dərs ili ərəfəsində həmin  direktorsuz məktəblərin vakant yerlərinə yeni rəhbərlər təyin olunsa da, bəzi təyinatlar qəribə suallar doğurub.

     Belə qəribə təyinatlardan biri də əvvəllər Məmmədoba ümumi, sonradan Tüklə   tam orta məktəbinin direktoru olan Hakım Qurbanovun  təyinatıdır.

Hakim müəllim Mahmudavar İnzibati Ərazi Dairəsinin Mololon kəndində anadan olub. İxtisasca Tarix müəllimidir. İlk müəllimlik fəaliyyətinə doğma Mololon kəndindəkı məktəbdə başlasa da işdə yol verdiyi nöqsanlara görə, Əmək Məcəlləsinin 70 (c) maddəsi ilə işindən azad edilib. (Çox nadir hallarda olur ki, müəllim belə maddə ilə işdən azad olunur).

Nə isə. Hakim müəllim bu cəzadan sonra fəaliyyətini Tüklə İnzibati Ərazi Dairəsindəki Məmmədoba kəndindəki  ümumi orta məktəbinə təyinat alıb.

Bu Məmmədoba  məktəbi də elə-belə məktəb deyil ha.

Belə ki,  50 ilə yaxın, rəhmətlik Ağayar müəllimin “əsarəti” altında olan bu məktəb az qala təhsil sistemindəki bütün nöqsanları özündə cəm eləmişdi.

Həmin vaxtlar bu məktəbdəki biabırçılıqlara hətta nazirlik də göz yumurdu.


Nəhayət, həmin vaxtlar rəhbərlik etdiyim Cənub xəbərləri qəzeti  yanvar 2010-ci ildə “Məktəb, yaxud ferma?” yazısı ilə bu biabırçılığı ifşa etdi.

Həmin yazının linkini  və həmin məktəblə bağlı bir neçə şəkillə bu yazıya  əlavə edirəm.

 

https://cenub.az/41-mktb-yaxud-ferma-.htmlG

Bəzilərinin internet problemi olduğunu və oxucuları yormamaq üçün həmin yazıdabir parçanı da diqqqətinizə çatdırıram:

Məktəbin müəllimi  Malik Qurbanovun imzası ilə daxil olan həmin məktubdan sətirlər:

1,5 hektar sahəsi olan məktəb həyətində direktor övladları üçün 4 ev, tövlə və digər yardımçı binalar tikib. Ağayar Əliyevin bu binada yaşayan qohumları onlarla mal-qarasını məktəbin həyətində otardır. Mal-qaranın iyindən-qoxusundan siniflərə girmək mümkün deyil. Məktəbin ayaqyolusu olmasa da, direktorun yaxın qohumlarının məktəbin həyətində tikdiyi 4 ayaqyolunun qapıları birbaşa sinif otaqlarına açılır.

Yəqin, deyəcəksiniz ki, bunların Hakim Qurbanova nə dəxli?

Dəxli var. Hakim müəllim nöqsanlı fəaliyyəti ilə bağlı Mololon məktəbindəki işindən kənarlaşdırılıb bu məktəbə təyinat alanda sadaladığım (Tam mətni yuxarıdakı linkdən oxuya bilərsiniz) nöqsanlara görəsusdu, cınqırını da çıxartmadı.

AdI çəkilən yazı ciddi təzyiqlərə, hədə - qorxulara baxmayaraq rəhbərlik etdiyim qəzetdə çap olunaandan və Ağayar müəllim vəzifəsindən kənarlaşdırılandan sonra bir çoxlarının, o cümlədən Hakim müəllimin dili açıldı. O əvvəlcə Məmmədoba məktəbinə direktor müavini, bir qədər sonra isə direktor təyin olundu.

Lakin Məmmədoba məktəbində gözə girən nöqsanlar davam edirdi. Hakim müəllim üçün açıq-aşkar problem yaradanlar da az deyildi. Yayılan məlumatlara görə, Hakim müəllim vəziyyətin tünd olduğunu görəndə, daha bir unudulmaz gediş etdi. Deyilənə görə,  özünə başqa məktəbdə direktor işləmək üçün həmin vaxtlar qurulan “oyunlarda” gizli də olsa, o da iştirak edib. Beləliklə,   30-cu illərin əvvəlində tikilmiş bu məktəb birdəfəlik bağlandı. Hakim müəllim bu əməlinə görə mükafatlandırılaraq” Tüklə tam orta məktəbinə direktor təyin olundu.

Onu da xatırladaq ki, rayonumuzun ən gözəl təbiətinə malik bu kəndin bəxti onda gətirib ki, bu ərazidə  çoxlu xeyirxah  işlərə imza atmış xeyriyyə icması var. Hörmətli Hacı Elşad Şəfəqqətovun rəhbərliyə elə bu xeyriyyəçilər kənddə olduqca faydalı işlər görüblər. Hacı Elşadın şəxsən mənə bildirdiyinə görə, müəllimlərin əmək haqqını çıxmaq şərt ilə, məktəbin hər hansı problemi olarsa, biz xeyriyyəçilərin yardımı ilə həll olunur.

Hakim müəllim də xeyriyyəçilərin bu səxavətindən istifadə edib, özünə məxsus manevrlər edirdi.

2 il öncə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə bu məktəbin dam örtüyü  tam təzələndi. Bundan sonra FHN-nin nümayəndələri baxış keçirtdi, həmin məktəbin binasında dərs  keçməyə yarasız olduğunu görüb, bu məktəbin fəaliyyətinə qadağa qoydu. Məktəbdəki siniflər ərazi nümayəndəliyinin və bələdiyyənin otaqlarına köçürüldü.  Bu yaxınlarda isə məktəbin əsaslı təmirınə başlanılacağı bildirilir.

Sual oluna bilər- bəlkə bunlar doğrudan Hakim müəllimin təşkilatçılığı hesabına olub?

Cavab:- elə idisə Hakim müəllim anadan olduğu kəndinə - Mololon kəndinə gedən 4 kilometrlik yolun heç olmasa Qredrlə hamarlanmasına niyə təşkilatçılıq etmədi?

Yadıma bir nümunə düşdü. Atatürk hakimiyyətə təzə başladığı illərdə bir ucqar məktəbə gedir. Müəllimlərin çoxunun üzütüklə və səriştəsiz olduğunu görüb narazı halda məktəbdən çıxır. Və heç kimin gözləmədiyi halda məktəbin yaxınlığındakı bir bərbad küçəyə dönür. Küçənin niyə belə bərbad olduğunu görüb köməkçisindən soruşur ki, bu küçə niyə belə xaraba gündədir. Köməkçisi deyir ki, maddi çətinliyə görə, abadlaşdıra bilmirlər. Atatürk deyir ki, səbəb təkcə maddiyyat deyil. Belə müəllimləri olan məktəbin küçəsi də belə olar.

Deyəsən, bir az uzağa getdim. Bir dənə də öz ətrafımızdan nümunə götürək. Hakim müəllimin Rabil Abdinov adlı bir dostu var. Əgər Rabil müəllim həmin kənddən olsa idi, yaxud orada işləsə idi, nəyin bahasına olursa olsun, həmin yolu abadlaşdırardı.

Hakim müəllimin yaşadığı 

ərazidə- Mahmudavar ərazisində çox güclü xeyriyyəçilər var. Onlar kənddəki Uşaq Bağçasını, eləcə də kəndarası yolların abadlaşdırılması üçün çox faydalı işlər görüblər. Hakim müəllimin də öz kəndində sözü keçərli olsa idi, bir neçə kilometrli yola heç olmasa bir neçə maşın çınqıl tökdürərdi.

Bəlkə də bu yazını yazmazdım. Hakim müəllimin Masallı şəhər 3 saylı tam orta məktəbinə təyinatı ilə  bağlı yazdığıbm replikadan sonra mənə bir neçə nəfər zəng vurdu. Bildirdilər ki, sizin yaxşı insan, yaxşı müəllim adlandırdığınız Hakim müəllim heç də göründüyü kimi deyil. Hələ insanlıq bir yana, onun tarixçiliyi də heç ürəkaçan deyil. Siz bu vaxta qədər onun tarixçi kimi bir yazısına rast gəlmisinizmi?

Mən də deyilənlərə aydınlıq gətirmək üçün Hakim müəllim bir neçə dəfə zəng vurdum. Lakin o, telefon zənglərimə cavab vermədi. Sonra da öyrəndim ki, Hakim müəllim həmin replikaya görə məndən küsüb. Düzü, gülməyim gəldi. Hakim müəllim bu küsəyənliklə belə nüfuzlu məktəbə necə rəhbərlik edəcək?

Masallının keçmiş Təhsil  Şöbə müdiri Astan İbişov 5 ildən artıq müddətə o məktəbi “ağ günə” çıxarda bilmədi, sonda Köhnə Alvadı məktəbinə “transver” edildi. Masallı rAYON İcraiyyə Komitəsinin keçmiş sədr  müavini, indi Ziyalılar Cəmiyyətinin sədri Qardaş  Fətullayev isə burada bir neçə ay işləyib, vəziyyətin mürəkkəb olduğunu görüb, Türkoba məktəbinə  “transfer” olundu. İndi Hakim müəllim burada inqilab edəcək? Ya da “dözməyib zindana”  yarı-yolda meydandan qaşacaq?

Bir sual da maraqlıdır. Ayrı-seçkilik kimi olmasın, kimin hansı kənddən başqa əraziyə rəhbər göndərilməsi faciə deyil. Təki onun yüksək peşəkarlığı və bacarığı olsun.

Həm də maraqlıdır ki, Hakim müəllimnədən hazırda məktəb direktorluq kürsüsü boş olan  doğma yurdu Mahmudavar, qonşu ərazilər- Boradigah qəsəbə, Türkoba, Ərkivanın  4 saylı məktəblərinə yox, onun yaşayış yerindən ən azı 20 kilometr aralı olan 3 saylı şəhər tam orta məktəbinə təyin etdilər.

Təsəvvür edəndə ki, Masallı şəhərində 8 məktəb var (Şəhər 1, 2, 3, 4,5, 6, 7 saylı məktəblər, bir də “Dəfinə lisey) və bu məktəblərdə 400-dən artıq müəllim çalışır. Niyə bu müəllimlərdən 1 nəfəri də özünə məxsus tarixi və göstəricisi olan  bu posta, yəni şəhər 3 saylı tam orta məktəbinə rəhbərliyə layiq görülmədi?

Bəlkə orta da “briliyant əl” var, biz bilmirik?

İnşallah, 3-4 aya rayona gəlməliyəm. O vaxta qədər də Hakim müəllimin  küsəyənliyi  bitər, 3 saylı məktəbi də “sökməzlər”, biz də şərikləşib, Hakim müəllimlə çay içərik.

İnanırıq ki, Hakim müəllim bu təyinatdan sonra “uşaq-muşaq” düşüncələrdən azad olub, məktəb direktorları sırasında daha peşəkar fəaliyyəti ilə seçilib, onun üçün “ağız tərpədənləri” peşman etməyəcək.

Hakim müəllimin küsəyənlyini yada salıb, bir məzəli deyimi xatırladım – “Yarpaq”“Meşədən” küsüb, “Ağacın xəbəri yox.

Zahir Əmənov, cenub.az

Xüsusi qeyd: LARTİ-nin Masallı Təhsil sektoruna müdirlik həvalə olunmuş Elnur Manafov haqqında da qulağımıza bəzi-bəzi sözlər çatır. Deyilənlər təsdiqini tapsa, yəqin ki, bu mövzuda da maraqlı yazımız olacaq. 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10