“Biz heç vaxt belə sevinməmişdik” adlı yazının 2-ci hissəsi
1-ci yazının linki burada: https://cenub.az/14722-video-biz-hec-vaxt-bele-sevinmemisdik-1-ci-hisse.html
Bakı şəhərindəki sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 3 saylı internat məktəbində keçirilən “Son zəng” tədbiri barədə 14 iyun 2023- tarixli buraxılışımızda ətraflı məlumat vermişdik.
[media=https://youtube.com/shorts/Ml3RuYRny3U?feature=share]
Məlumat üçün bildirək ki, ölkəmizdə sağlamlıq problemi olan uşaqlar üçün 10-dan artıq internat məktəbi var.
Onların içərisində tutumuna və əhatə dairəsinə görə 3 saylı internat məktəbi daha çox fərqlənir.
400-dən artıq müəllimin çalışdığı, 600 şagirdin təhsil aldığı (Gürcüstandakı azərbaycanlılar da bu sahədə problemi olan uşaqları həmin internata göndərir) 3 saylı internat məktəbi xüsusi ilə fərqlənir.
Onu da xatırladaq ki, Bakıda eşitməsi və danışması problemli uşaqların təlim və tərbiyəsi üçün iki təhsil ocağı var – biri Şüvəlanda, digər isə Nizami rayonunda (3 saylı internat məktəbi).
Xüsusi ilə vurğulamaq istəyirəm ki, 15-20 il öncə olduqca bərbad vəziyyətdə olan, tövlədə yerləşən Şüvəlandakı əlillər üçün Uşaq Evini də masallılı iş adamı, şair-xeyriyyəçi Gülağa Tənha tam yenidən tələblərə uyğun şəkildə inşa edib. Açılışda ölkənin 1-ci xanımı Mehriban Əliyeva iştirak edib..
Təsadüf elə gətirib ki, hazırda eşitmə və danışma imkanları məhdud olan Nizami Rayonundakı 3 saylı internat məktəbə rəhbərlik də masallılıya- Tariyel Əkbərova etibar edilib.
Öncə ondan başlayaq ki, son 6 aya qədər ölkədə sağlamlığı məhdud olan uşaqlar üçün 2-3 bərbad internat məktəbi var idisə, onun da biri bu 3 saylı internat məktəbi idi. Sosial şəbəkələrdə buradakı saxtakarlıq, əliəyrilik və sair mənfiliklər barədə vaxtaşırı kəskin tənqidi yazılara rast gəlmək olurdu.
2022-cü ilin 16 dekabında isə bu məktəbə Elm və Təhsil Nazirliyinin sərəncamı ilə Masallı Təhsil Şöbəsinin sabiq şöbə və sabiq sektor müdiri Tariyel Əkbərov təyin olundu.
Başa düşürəm ki, T. Əkbərov haqqında fikirlər birmənalı deyil. Uzun illər həm “aşağıdan”, həm də “yuxarıdan”, xüsusilə sabiq icra başçı Şahin Məmmədov tərəfindən ciddi təzyiqlərə, təhdidlərə məruz qalıb. Elə mənim də onunla bağlı tənqidi yazılarım olub.
Məqsədimiz T. Əkbərovu müzakirə etmək, nə boğazdan yuxarı tərifləmək, nə “yıxıb-sürümək” deyil. Fakt odur ki, 6 ay müddətində o, bu məktəbdə nəzərə çarpacaq uğurlara nail olub.
Məktəbdə olarkən onlarla müəllimlə, valideynlə söhbət etdim. Onlar T.Əkbərov haqqında elə hörmət və məhəbbətlə danışdılar ki, dedim, yəni bu, mən tanıyan Tariyel müəllim deyil? Sonuncu tədbirə də Elm və Təhsil nazirinin müşavirinin gəlməsi məktəbin tarixində ilk və yaddaqalan hadisə idi.
T. Əkbərov bəlkə də burada “köhnə günahlarını” yuyur.
T. Əkbərova burada yaxşılığa doğru nədən başlayıb?
Öncə tam aşkarlığı təmin edib. İlk dəfə məktəbin FB səhifəsini yaradıb, Ciddi müqavimətlərə-təzyiqlərə, təhdidlərə baxmayaraq məktəbdə uzun illər kök salan “köhnə qvardiyanı” oradan uzaqlaşdırıb. Hələ yeni komandanı tam formalaşdırmasa da, kollektivə çox bacarıqlı mütəxəssislər cəlb edib.
Son 5 ildə ilk dəfə məktəbdə valideynlərlə görüş keçirib və yüzlərlə valideyn iclasa böyük həvəslə qatılaraq maraqlı təkliflər səsləndiriblər.
Başa düşürəm ki, hər hansı məmur haqqında xoş söz demək indiki zamanda çox çətindir. Amma fakt faktlığında qalır.
İndi burada ciddi intizam, yüksək səviyyədə səliqə-sahman yaradılıb. Nəinki işçilərin, uşaqların haqqına girilmir, əksinə onların zəhməti layiqincə dəyərləndirilir. Təkcə 8 mart Qadınlar Bayramında burada qadınlara 4 min manatdan artıq mükafat verilib. İşçilərin problemləri imkan daxilində yerindəcə həllə edilir.
İndi isə daha konkret əməli addımlardan danışaq.
Sən demə, bu eşitmə və danışma əngəlli uşaqların içində xeyli istedadlar var imiş.
ADA Universtetindəki rəsm sərgisində uşaqlar əl işlərindən 2 min manatadək pul qazanıblar.
Onların musiqiyə, internetə, müxtəlif alətlər düzəltməyə, eləcə də idmana maraqları olduqca yüksəkdir.
Məktəbdən bizə bildirdilər ki, hazırda qonşu ölkələrdəki eyni profilli internatlarla, eləcə müəllim və şagirdlərlə əlaqələr qurmaq, bu sahədə dünya təcrübəsini öyrənmək üçün araşdırmalar aparılır.
Yuxarıda qeyd etdiyimiz kimi əvvəl burada saxtakarlıq o səviyyəyə çatıb ki, bu nöqsanlara görə hətta rəhbərliyə “xox” gəlib, haqq alır, yaxud aylıq “haqq” qoyanlar da olub. T. Əkbərov deyir ki, bəzən bir texniki işçinin elə yerdən adamı çıxır ki...
İndi isə əksinə, kollektivdə sağlam mühiti və aşkarlığı görüb bura daha çox xeyriyyəçilər cəlb olunur. Eləcə də Elm və təhsil nazirliyi məktəbə daim dəstək verir.
Burada hər sinifdə 8 uşaq təhsil alır. Bəzi müəllimlər elə məktəbin keçmiş məzunlarıdır. Qəribəsi odur ki, məktəb hələ də kril əlifbası ilə işləyir.
Məktəbdə müasir kompüterlərə, tikiş maşınlarına, emalatxanada yeni əmək alətlərinə ciddi ehtiyac var.
Şagirdlər burada həm təhsil alır, həm də yataqxanada yaşayır.
Məktəbin az qala yarısında məcburi köçkünlərin yerləşməsi normal fəaliyyət üçün ciddi problemlər yaradır.
Elə şagirdlər var ki, 22 yaşınadək burada qalır, hətta ailə qururlar.
Bu nitqi əngəlli uşaqlar əksər hallarda eyni problemi yaşayan yaşıdları ilə evlənirlər.
Ən ürək ağrıdan məqam isə o idi ki, nitqi əngəlli bu uşaqların əksəriyyəti erkən nikahların qurbanı imiş.
Burada formalaşmaqda olan komanda üzvləri ilə söhbətdən belə məlum oldu ki, bu 3 saylı internat məktəbi yaxın vaxtlarda ölkənin ən nümunəvi internat məktəbi olacaq.
Kimin dediyimizə şübhəsi varsa, Bakının Nizami rayonuna getsin, burada mövcud mənzərə ilə tanış olsun. Ən azından məktəbin fb səhifəsinə baxsın.
Sonda bir daha xatırladırıq ki, hər il ölkəmizdə 150-yə yaxın eşitmə və danışması əngəli olan uşaq dünyaya gəlir (Akademik Əhliman Əmiraslanov). Yetkinlik yaşının 18 olduğunu nəzərə alıb 18-i 150-yə vursaq, bu 18 ildə 2700-dən artıq uşaq edir.
Cenub.az. Zahir Əmənov