Təqaüdə çıxdıqdan sonra onu tədbirlərə, görüşlərə dəvət edərkən “Stalinin şəxsi tərcüməçisi” kimi təqdim edəndə, o, bu təqdimatdan çox da razı qalmayıb, əlavə olaraq hər dəfə diplomatik statuslarını da saymaqla özünü daha yaxından tanıtmağa çalışıb. Jurnalistlərlə ünsiyyətdə olmağı sevməyən Vladimir Pavlov çox nadir hallarda müsahibə verib, xatirələrini bölüşüb...
Vladimir Pavlov 1915-ci ildə Moskvada anadan olub. Orta məktəb illərində xarici dilləri öyrənməyə böyük həvəs göstərib. Bu həvəsə baxmayaraq valideynləri onu başqa səmtə istiqamətləndiriblər və o, məktəbi əla qiymətlərlə bitirdikdən sonra Moskva Energetika İnstitutunda ali təhsil alıb.
Pavlov tələbəlik illərində də xarici dillərə olan həvəsini arxa plana çəkməyib. Artıq 20 yaşı olanda o, 5 dildə sərbəst danışmağı bacarıb. Alman və ingilis dillərini isə mükəmməl bilib.
Gənc yaşlarından partiya sıralarına daxil olan Vladimir Pavlov fəal ictimaiyyətçi kimi tanınıb. Əlavə olaraq xarici dilləri bilməsi ilə Pavlovu Moskva şəhər Partiya Komitəsinin rəhbərliyinin diqqətində saxlayıb. Elə bu diqqətin sayəsində də 1939-cu ildə 24 yaşında olarkən Pavlov şəhər partiya komitəsinə dəvət olunub. Onu təlimatlandırdıqdan sonra Kremlə göndəriblər. Mərkəzi Komitənin kadr məsələləri üzrə katibi Georgi Malenkov Pavlovla söhbət aparıb, ona Xarici İşlər Nazirliyi strukturunda işləməyi təklif edib.
Vladimir Pavlov 1939-cu ildən 1953-cü ilə qədər Xarici İşlər Nazirliyində ayrı-ayrı vəzifələrdə çalışsa da, əsas işi İosif Stalinin şəxsi tərçüməçisi qismində görüşlərdəki iştirakı olub.
Müasirlərinin qənaətinə görə, gənc olmasına baxmayaraq, İosif Stalin Pavlova etibar edib, onun işini yüksək qiymətləndirib. Pavlov özü də bu haqda fikirlərini bölüşüb:
“Stalinlə ilk görüşüm 1939-cu ilin avqustunda olub. Həmin ərəfədə Almaniyanın xarici işlər naziri Ribbentrop Moskvada səfərdə idi. Mən rəsmi və qeyri-rəsmi görüşlərdə, hətta məxfi söhbətlərdə iştirak edirdim. İlk işim olduğundan təbii ki, həyəcan keçirirdim. Amma buna baxmayaraq, işimin öhdəsindən gəlirdim. Hətta bu görüşdə bütün sənədlərin tərcüməsi də mənə həvalə olunmuşdu. Səfər başa çatandan sonra Stalin şəxsən mənə təşəkkürünü bildirdi. Onun kiməsə şəxsən təşəkkür etməsi isə, demək olar ki, nadir hadisə sayılırdı...”
Pavlov Almaniyada SSRİ xarici işlər naziri Vyaçeslav Molotovla Hitlerin görüşündəki bəzi maraqlı məqamlar haqqında da xatirlərini mətbuatla bölüşüb:
“Hitler fikirlərini çox sərbəst və səlis ifadə etməyi bacarırdı. Onun nitqində heç bir qüsur tapmaq mümkün deyildi. Məntiq, ardıcıllıq, dəqiq ifadələr onu əsl peşəkar natiqlərə bənzədirdi. Amma sonda onun haqqında təəssüratlarım tam fərqli oldu. Mən bu cür nitq qabiliyyəti olan insanı fiziki cəhətdən də möhkəm sayırdım. Hitler görüşün sonunda mənə əl uzatdıqda hiss etdim ki, onun soyuq və tərli əli xəstə adamların əli kimi gücsüz, zəif, boşalmış idi...”
Vladimir Pavlov birbaşa Vyaçeslav Molotovun tabeçiliyndə olub. Yəni o, nazirliyin əməkdaşı kimi xidməti vəzifəsi ilə bağlı ortaya çıxan sualları birbaşa onunla həll etmək məcburiyyətində qalıb. Pavlov bu məsələdə Molotovun heç də yaxşı rəhbər olmadığını söyləyib:
“Molotov nazirliyin əməkdaşlarına heç vaxt qayğı göstərmirdi. Hətta ən yaxşı işçiləri belə qiymətləndirmirdi. O, həmişə narazı idi və həmişə nöqsan axtarırdı. Biz işlədiyimiz dövrdə XİN-in binası ilə “NKVD”-nin binası yanaşı idi. Günlərin birində hansısa bir məsələ ilə bağlı onun qəbulunda idim. O, mənə sona qədər qulaq asmamış səsini tonunu qaldırdı:
- Siz ancaq tələb etməyi bacarırsınız. Amma iş vaxtı bizim tələbləri unudursunuz. Bu isə o deməkdir ki, sizin yeriniz bura yox, oradır...
O, barmağını pəncərəyə tərəf uzadıb “NKVD”-nin binasını göstərirdi. Amma Stalin heç vaxt belə etməzdi. Yaxşı xatırlayıram, Yalta konfransında ziyafət zamanı Stalin qədəhini qaldırıb bizə yaxınlaşdı. Biz üçümüz, mən, Ruzveltin və Çörçilin tərcüməçiləri yan-yana oturmuşduq. O qarşımızda dayanıb şərəfimizə gözəl sözlər dedi:
- Biz burada yeyirik, içirik, söhbət edirik, zarafatlaşırıq və özümüzü sərbəst hiss edirik. Amma tərcüməçilər heç şərab da içə bilmirlər. Çünki onların bütün diqqətləri bizim danışığımızdadır və bizi bir-birimizə anlatdırmaq üçün bütün biliklərini sərf edirlər. Yəqin ki, həmkarlarım da tərçüməçilərin şərəfinə badə qaldırmaqdan imtina etməzlər.
Beləliklə, dünyanın ən güclü siyasi liderləri şərəfimizə qədəh toqquşdurdular...”
Vladimir Pavlov sonuncu müsahibəsində Stalinin zarafatlarını da xatırlayıb:
“Stalinin özünəməxsus yumor hissi var idi. Çörçillə görüşündən sonra otaqda ikimiz olanda məndən soruşdu:
- Volodya (adətən mənə belə müraciət edirdi), sən mənim dediklərimi dəqiq tərcümə etdin?
Bu məqamda Lavrenti Beriya otağa daxil oldu. Stalin sualı yenidən təkrar etdi.
- Əlbəttə, yoldaş Stalin
Beriya zarafatla söhbətə müdaxilə etdi:
- Yoldaş Stalin, mən də bu cavan oğlandan şübhələnirəm. Bəlkə həbs edək?
- Lavrenti Pavloviç, bir də ayılacıq ki, ətrafımızda heç kim qalmayıb. Sən elə hamını həbs edirsən.
Kiçik bir pauzadan sonra Stalin üzünü Beriyaya tutdu:
- Lavrenti, amma sənin fikrinlə razılaşmaq olar. Pavlov mənim bütün sirrlərimi bilir. Məncə, onu Sibirə göndərməyin vaxtıdır.
Mən Stalinin bu sözləri ciddi, yaxud zarafatla dediyini anlaya bilmirdim. O da mənim bu şaşqınlığımı görüb əlavə etdi:
- Volodya, narahat olma, sən hələ mənə Hitlerin yalvarışlarını tərcümə edəcəksən.
Bundan sonra mən bir az rahatlandım...”
Pavlovla bağlı daha maraqlı bir hadisə Tehran konfransı zamanı baş verib. Görüş zamanı Stalin müttəfiqlərindən, Ruzvelt və Çörçilldən ikinci cəbhənin konkret hansı tarixdə açılacağını eşitmək istəyib. Uzun müzakirələrdən sonra müttəfiqlər həmin tarixin nə vaxt olacağını dəqiq deyə bilmədiklərini söyləyiblər. Bu fikiri eşidəndə Stalin ayağa qalxıb qapıya tərəf üz tutub və geri çevrilmədən yüksək səslə etirazını bildirib:
- Bizim burada olmağımız artıq mənasızdır, bizdə müharibə gedir.
Bundan sonra Pavlov da qapıya tərəf üz tutub, o da Stalin kimi arxaya baxmadan onun sözlərini yüksək səslə tərcümə edib. Sonralar Çörçill Pavlovun bu jestini zarafatla tez-tez xatırlayıb.
Stalinin vəfatından sonra Vyaçeslav Molotov Pavlovu işdən azad edib.
1953-1974-cü illərdə Vladimir Pavlov xarici ədəbiyyatları nəşr edən “Tərəqqi” nəşriyyatının direktoru vəzifəsində çalışıb.
1974-cü ildən təqaüdə çıxan Vladimir Pavlov 1993-cü ildə 78 yaşında vəfat edib.
İlham Cəmiloğlu.