Cenub.az bir həftə öncə bölgəmizdə yaşayıb dünyasını dəyişən, eləcə də hazırda yaşayıb yaradan 9 qəzəlxanın əsərlərindən nümunələr dərc etmişdi. (İlk yazının linki:Bölgəmizin qəzəlxanaları) Həmin qəzəllər gözlədiyimizdən də böyük marağa səbəb oldu. Haqlı olaraq balaca giley-güzar edənlər də tapıldı ki, bəzi qəzəlxanlar qəzəllərində bütün tələblərə tam ələm etmir, az da olsa əruzun qaydalarını pozurlar. İnanırıq ki, qəzəlxanlarımız bu gileylərdən nəticə çıxardacaqlar. Növbəti təqdimatımızda daha bir qrup qəzəlxanlarımızın əsərlərini sizə təqdim edirik:
LƏNKƏRAN
XİLQƏT TALIBOV
Allah bizə Qur'anını göndərsə də, sadə,
Versək biz Əlisiz ona mə'na, çətin işdir.
ÇƏTİN İŞDİR
Abad ola onsuz qoca dünya, çətin işdir,
Haqq zülmə baxıb etsə tamaşa, çətin işdir.
Min rəng ilə min ne'məti, min zinəti vardır,
Dünyanı bu cür sevməmək əsla, çətin işdir.
Boğmaq qəzəbi, səbr edib öz haqqını keçmək,
Öz qatilin əfv eyləmək amma çətin işdir.
Əxlaqını, rəftarını gördükdə Əlinin,
Mat qalmaya düşmənləri hətta, çətin işdir.
Allah bizə Qur'anını göndərsə də, sadə,
Versək biz Əlisiz ona mə'na, çətin işdir.
Tərsa eşidə təkcə onun bircə kəlamın,
Eşqində onun olmaya şeyda, çətin işdir.
Qaldırdı peyəmbər Əlinin tutdu əlindən,
İqrar eləmək bir belə guya, çətin işdir?
Xilqət, qoşulub adına minlərlə qəsidə,
Tapmaq ona layiq iki misra çətin işdir.
GİZLƏNİB
Hansı canda axtarım, məndən o canan gizlənib,
Aşiqi çoxdur demək, min canda bir can gizlənib.
Ovlamağçün yan-yana hazır durub kiprikləri,
Qorxudan könlüm quşu saçında pünhan gizlənib.
Kaş biləydim mən, nədir qəlbində yarın niyyəti,
Gözlərindən kaş görəydim mən, nə fərman gizlənib.
Hərdən ağzından çıxan sözlər ilan zəhrin dadır,
Çox zəhər vardır ki, onda dərdə dərman gizlənib.
Qaşların vermiş önə kipriklərin qəsdimdədir,
Sanki, ləşgər arxasında şah, sultan gizlənib.
Var əgər Quranda min-min ayələr, amma sənin,
Bircə saçın ayətində xeyli Quran gizlənib.
Aşiqanə şerinə Xilqət, bir az irfanı qat,
Dinləyən anlar, sözündə hansı ünvan gizlənib.
ƏLİNƏ
Dəysə bir dəf'ə əlim sən kimi canan əlinə,
Sönmərəm, bir daha düşsəm neçə tüfan əlinə.
Canımın süfrəsinə qəmzən uzatdıqda əlin,
Gözlərim su tökəcək sevdiyi mehman əlinə.
Çatdıra bilmədi sən tək gülü dövran mənə,
Bilmirəm batdı tikanınmı bu dövran əlinə?
Ya ayaqınla özün gəl, ya da də'vət mənə yaz,
Baş ayaqlarına, canım da ki, qurban əlinə.
Xəstənəm, neştəri-nazınla mənim qanımı tök,
Çünki çarəm budur, al neştəri, ey can, əlinə.
İncələn tük kimi bil, haqq-ədalət tükənər,
Ölsə bəxtim, düşəsən onda ki, nadan əlinə.
Çəkmisən ovcuna sən zinət üçün qırmızı rəng,
Almısan qətlimə ya qırmızı fərman əlinə ?
İçib öz andını pak eşqinə Xilqət əvvəl,
Nə gərəkdir ki, ala bir daha Qur'an əlinə.
NURMƏMMƏD AĞA
MASALLI
Birinin ləbləri ətşandı, suya təşnədi o,
Birinin baği-gülüstanidə fəvvarəsi var.
VAR
Birinin parəsi yox, sinədə min yarəsi var,
Birinin yarəsinə çarə edən parəsi var.
Hələ namümkün olan sirri suallar nə qədər!..
Nə qədər müşkül ola, axırı bir çarəsi var.
Kimi payi-piyada yolları pəjmürdə gəzir,
Kiminin göydə uçan məxsusi təyyarəsi var.
Birinin ləbləri ətşandı, suya təşnədi o,
Birinin baği-gülüstanidə fəvvarəsi var.
Kiminin kakili var, isminə bir “mir”də qoşub,
Əsl seyyid odu ki, bir ulu səccarəsi var.
Ağa Nurməmmədi mehman çağırıblar bu toya,
Bəyin ondan savayı, xeyli qonaq-qarəsi var.
GƏLİR
Qəlbimə zövqü-səfa bəzmi-səfalərdən gəlir,
Təb özü ruh kimidir-hərdən gedir, hərdən gəlir.
Ey ürək, qürrələnib çox da təfaxür eyləmə,
Bu təxəyyüllər sənə başdan gəlir, sərdən gəlir.
Əri ər olsa, qadından sən xəyanət gözləmə,
Arvada gəlsə xətər, bil kişidən, ərdən gəlir
Bir məqami-eşqdir çün muğamın hər güşəsi,
Bu təravət nəğməyə incə qəzəllərdən gəlir.
Ağa Nurməmməd, dua eylə tanrı dərgahına,
Çörəyin sözdən çıxır, söz də halal tərdən gəlir.
DÜŞMƏSİN
Sən elə bax ki, gülüm gözlər gözümdən düşməsin,
Atəşə yansın dilim, gözlər gözümdən düşməsin.
Gəl mənim pəjmürdə əhvalımı sən faş eyləmə,
Bircə sən bil, mən bilim, gözlər gözümdən düşməsin.
Ağlama göz yaşların yandırdı bağrım başını,
Göz yaşın qoy mən silim, gözlər gözümdən düşməsin
Od salıb yandırmaq istər gözlərin eşq xanəmi,
Qoyma yansın mənzilim, gözlər gözümdən düşməsin.
Nuri-çeşmin ömrümü gör nə çıraqban eylədi,
Sönməsin qoy qəndilim, gözlər gözümdən düşməsin.
Gəl ağa Nurməmmədə sən gözlərinlə “can” de ki,
“Can” desin qoy qənd dilim, gözlər gözümdən düşməsin.
MƏNİ
Mən kiməm? Şeirim nədir? Danəndələrdən sor məni.
Qəzəli fəhm eyləyən xanəndələrdən sor məni.
Arif olsa əhli-məclis, hər kəlam dürdanədir,
Şövq ilə ahəng tutan sazəndələrdən sor məni,
Eşq özü eşq deyil, onda nəzakət olmasa,
Bu nəzakətlər üçün nazəndələrdən sor məni.
Necə görsün uğrumu bədxah olan, bərbad olan,
Könlümü abad qılan fərxəndələrdən sor məni.
Hər qəbahət həm utanc, həm də xəcalətdir müdam,
Bir qəbahət eyləsəm, şərməndələrdən sor məni.
Etibarsızlıq, xəyanət, bil, gədalıqdan törər,
Hər zaman sabitqədəm payəndələrdən sor məni.
Ağa Nurməmməd əzəldən hər sözü mərdanədir,
Mərdi mərdanə görən hər bəndələrdən sor məni.
RƏNA ƏLİSAQIZI
Masallı
Nə edim ki, gecikib dəryada sultan gəmisi,
Bəlkə yenə yetəcək, yelkənim karə, bilirəm.
BİZƏ GƏLSİN
Örtsün niqabın, bülbülü -xarım bizə gəlsin,
Cənnəti - yarım, gülü - xarım bizə gəlsin.
Neçə ildir yarıma, halimi ərz eyləmirəm ,
Afəti - yarım, sinəsi - tarım, bizə gəlsin.
Arzumdu Xudam, yarla iltifata gəlim,
Əndamı-qarım, qisməti-barım bizə gəlsin.
Yuxum da ərşə çıxıb, şəmilə həmdəmdi gecəm,
Şux-nigarım, o xoş-güzarım bizə gəlsin.
Bimari-eşqim ilə, fəryadi-qandır gecələr,
O ahu-zarım, intizarım bizə gəlsin.
Sənsən yer üzündə, Qəmərim, səltənətim,
Şəmsi-baharım, dilidarım bizə gəlsin.
Esqi-mülkümdə neyim, ahu-fəqanda gülüm,
Səbrü-qərarım bərqərarım bizə gəlsin.
Rənayam, dözərəm töhmətinə, möhnətinə,
Nəzmi -yazarım, təki yarım bizə gəlsin.
BİLİRƏM
Gileyin dərddən edib dağları parə, bilirəm,
Çaxılan şimşək odun daşları yarə, bilirəm.
Nə edim ki, gecikib dəryada sultan gəmisi,
Bəlkə yenə yetəcək, yelkənim karə, bilirəm.
Küsdürüb qovlamışam səhralara Məcnunumu,
Leyliyə vurğun olan gələr dübarə, bilirəm.
Baxışın müjgan oxu, sözlərin neştər kimidir,
Qəlbimə hakim olub, çəkəcək darə, bilirəm.
Güli-gülzarda bitən çiçəklərim pöhrələnib,
Açılan gül ləçəyi eşqinə çarə, bilirəm.
Könlüm viranədir, uçubdu pərəndələrim,
Ümidim bircə qalıb bülbülü-xarə, bilirəm.
Təzə-tər qönçələnən Rənan idim hala yanan,
Etmə gülşəndə xəta, qallam avarə, bilirəm.
GÜLBALA TEYMUR
Cəlilabad
Çəkələr rəsmimi Fərhdi-Sirin tək dağə,
Ola qurban ona canım, belə bir nəzrim var.
VAR
Səbrlə möhnətə dözdüm, mənim öz tərzim var,
Bilirdi dərdimi dərddaş, ONA bir ərzim var.
Ki, büründüm neçə illərdi tünd siyah rəngə,
Getmədim ayrı yerə, çün ki, bircə dərzim var.
Əkin-biçin yeridir gördüyüm qoca dünya,
Qəm əkib, dərd biçirəm mərz icində mərzim var.
Çəkələr rəsmimi Fərhdi-Sirin tək dağə,
Ola qurban ona canım, belə bir nəzrim var.
O səbrsiz yetişdi dadimə, heyhat, gəldi,
Gülbala, aləmi-ərzdə çün, Əbül-Fəzlim var.
EY ŞƏM…
Ey şəm, nə yanırsan gecə-gündüz bu hal ilə?
Dövrəndə fırlananlara, nəzər et, pir-kəmal ilə.
Allah əta eləyib canllara bəxşi-eşqi- dərd,
Sən nədən atəşlərə qərq olmusan məlal ilə?
Şölən qamaşdırır qaranlığı, kölgələr qaçır,
Zülmətdəki göylər də gülür bir hilal ilə.
Pərvanələr çəkir üzünə hərdən duvağini,
Necə rəbbim bəzəyər çöhrələri üzdə xal ilə.
Şairlərə caizdi bu qəm, Gülbala Teymur,
Pərvanə ola, gün keçirə qeylü-qal ilə.
İLHAM İLHAMİ
Astara
Könlüm quştək qanad açır hər görəndə afətimi,
Qəfəsdən də azad olur, sevinir, xəndan oluram.
NAZ ELƏMƏ
Dərdimə gəl eylə çarə, işvəkarım, naz eyləmə
Gülər üzlüm, qara gözlüm, şux nigarım, naz eyləmə!
Sənsən yarım, qadan alım, alma canım, səni Tanrım
Yox qərarım, tab-təvanım, ey baharım, naz eyləmə!
Hicrindən başım ağardı, könlümü dərd-qəmlər aldı
Nazlı afət, gözəl mələk, ey dildarım, naz eyləmə!
Gecə-gündüz dərdin çəkib ahü-fəqan sızıldaram
Etmə böylə zülmü mənə, inadkarım, naz eyləmə!
İlham olsun sənə fəda, bəsdir, etmə ona cəfa
Ver könlünü binəvaya, tacidarım, naz eyləmə!
OLURAM
Dilbərin ay üzünü gördükdə heyran oluram,
Görməsəm ol afəti, gözləri giryan oluram.
Eşqindən o dilbərin, bir dəliyəm, divanəyəm,
Fəraqi-Leylidə mən əhli-biyaban oluram.
Könlüm quştək qanad açır hər görəndə afətimi,
Qəfəsdən də azad olur, sevinir, xəndan oluram.
Sevirəm çöhrəsini o gül üzlü nazlı yarın,
Surəti-vəsfində onun, şair, qəzəlxan oluram.
Sevin, sevin ki, İlham, belə gözəl yarın var,
Taleyimə şükr eyləyir, Tanrıya qurban oluram!
İSTƏMƏDİ
Könül verdim məh camala, şirin sözlü istəmədi.
Çox yalvardım ol nigara, qara gözlü, istəmədi.
Eşqi ilə Məcnun kimi mən aləmdə sərgərdanam,
Fəda etdim cismi-canım, o gülüzlü istəmədi.
Dedim, ey yar, nazlı nigar, dərdin məni öldürəcək.
Surəti nur, günəş misal, gülər üzlü istəmədi.
Sən qəlbimə saldın atəş, bu od ilə mən yanıram,
Rəhm eylə gəl, qoy qalmayım qəlbi közlü, istəmədi.
Sevdaya gəl, İlham ilə bu eşqdə, nazlı dilbər,
İnkar etdi məhəbbəti, yarla gizli, istəmədi.
XALİD MAHMUD
Lerik
Körpələrtək yatmadım qoynunda sübhün bircə an,
Yırğala hər gün ümidlərnən bələnmiş könlümü.
KÖNLÜMÜ
Səpmə su, göynətmə çox gəl qəlpələnmiş könlümü.
Çalxalanmış, silkələnmiş, dərd ələnmiş könlümü.
Mən bəlakeş yolçuyam, göndər nəyin var, ey sənəm,
Oxşasın dərdin, qəminlə kölgələnmiş könlümü.
Körpələrtək yatmadım qoynunda sübhün bircə an,
Yırğala hər gün ümidlərnən bələnmiş könlümü.
Bağrımın başında eşqin var, sağalmaz yarəsi,
Çarəsi yox, sök, qopar bu ilmələnmiş könlümü.
Əl açıb durdum qapında, ya sevindir, ya da qov,
Ya da hicranınla şad et, sən dilənmiş könlümü.
Xalidin dağlar qədər hicrana tabı var idi,
Bir qaragözlü apardı güllələnmiş könlümü...
ÇAQQILDAYIR
Hər yerə çökmüş sükut, tək bir zaman çaqqıldayır.
Durmayır əqrəbləri, vermir aman, çaqqıldayır.
Bilmirəm hardan gəlib məskən salıb öz yurdu tək,
Həsrətin cırmaqlayır, qəlbimdə qan çaqqıldayır.
Bir qaranquşdur, perikmiş gözlərimdən hey yuxum,
Sallanıb bəxtin dodağı, yox güman, çaqqıldayır.
Son ümiddir tutduğun, dəryada çıxmaqdan yana,
Dalğalar qoynundakı solmuş saman çaqqıldayır.
Xalida, çoxdan gəlib dolmuş sənin ilhamına,
Çün hələ çaqqıldayır, hərgiz yaman çaqqıldayır.
ÇIXAR YADDAN
Çəkilsə pərdə üzündən, qəmər çıxar yaddan.
Sığınsa eşqinə hər kim, bəşər çıxar yaddan.
Qatari-eşqə çatammaz geciksə hal əhli,
Düşərsə karivan yola, səfər çıxar yaddan.
Üzülsə əl ətəyindən, ümid qaçıb getsə,
Açıb tökər saçın gecəm, səhər çıxar yaddan.
Açılsa taybatay ömrüm, varaq-varaq düşsə,
Tökülsə gözlərim yola, nəzər çıxar yaddan.
Ki möhnətinlə çəkər həsrətin, qəmin Xalid,
Bu qarə qüssə məni öldürər, çıxar yaddan.
TUTMUŞ QƏRAR
Eşqi-meracında fikrim dəmbədəm tutmuş qərar.
Xəstə könlüm karivandır dərdə həm, tutmuş qərar.
Bəxtin üstündən keçibdir çox qatarlar, qəlbimin,
Neyləyim, başında bir biçarə qəm tutmuş qərar.
Mən ki hər gün odlanan divanə bir pərvanəyəm,
Çox deyirlər, qoy desinlər yandı şəm, tutmuş qərar.
Qaldırıb yarın səri-kuyində hər gün yellənir,
Kərbəlayəm, bağrım üstündə ələm tutmuş qərar.
Açmışam dərgahına əl, həsrətin cırmaqlasın,
Parçalanmış ruhum üstündə qələm tutmuş qərar.
Xalidi dindirməyin çox, dərdi var, qəmxanədir,
Qoy özüyçün tutsun hərdən qəmlə dəm, tutmuş qərar.
QƏDİMƏLİ ƏHMƏD
Lerik
Çəkdiyin ah, deyirəm, dağlara dəysin, Əhməd,
Dağılır dağ, oyulan qanlı sinəmdən tökülür.
TÖKÜLÜR
Bilmirəm, qaş-qabağın hansı çəməndən tökülür?
Yel əsir, tənhalığımdan saçıma dən tökülür.
Nə qədər gizlədirəm gözlərimin həsrətini,
Görürəm, barmağım üstündə qələmdən tökülür.
Üzünə pərdə çəkir pəncərəm üstündəki Ay,
Qaragünlər o batan Aydakı şəmdən tökülür.
Çəkdiyin ah, deyirəm, dağlara dəysin, Əhməd,
Dağılır dağ, oyulan qanlı sinəmdən tökülür.
BU GECƏ
Məni məndən eləyən kimsədi hicran bu gecə,
Bir qəfəs bülbülüyəm mən,verirəm can bu gecə.
Olmadı taxta rəvan qəlb sarayımda o nigar,
İstəyirdim o ola könlümə sultan bu gecə.
Zülmünü baqi edib gözlərimin darında,
Vermir artıq ruhuma sevgi də bir can bu gecə.
Eşqdə məhbus olub Yusifi-Kənan kimi,
O gülün vəslinə yetmək niyə zindan bu gecə?
İstəyir zülfünü çəksin gecənin şanəsinə,
Sökülür gözləri üstündə gülün dan bu gecə.
O da Əhməddən uzaq olduğuna yox qərarı,
Çəkilib dara könüldən yenə pünhan bu gecə.
SƏNDƏN GİZLİN
Üzünün xalına yazdım sözü səndən gizlin,
Oxudu gizli baxan göz gözü səndən gizlin.
Sənə dönmək sevilmək qədər olsaydı rəvan,
Çəkəcəkdim ümidə yol-izi səndən gizlin.
O qara xal kimi ayrılığın rəngi qara,
Qəlbə zülmət eləyib gündüzü səndən gizlin.
Yanağın şöləsi salmış Ayı gözdən gecələr,
O səbəbdən utanır göy üzü səndən gizlin.
Tənhalıq vadisinə Əhmədi salmış o nigar,
Xəyalı üzdədi, yalnız özü səndən gizlin.
ÇƏKƏN VAR
Yusifi necə zülməti-zindana çəkən var,
Əfsus, elədə aşiqi divana çəkən var.
Çəkdi o da gülüzlü Züleyxa qədərindən,
Bildi ki, gülün yarpağını qana çəkən var.
Daş qəlbli olanlar özünü sanmasın arif,
Saf eşqilə bir dinsizi imana çəkən var.
Zülmətdə cəmi-aşiqə yol göstərən eşqdir,
Həm ədlilə o eşqi çıraqbana çəkən var.
Kim zülmi-bəla bəhrinə düşmüş, o bilir ki,
Bu bəhri-bəladan onu ümmana çəkən var.
Sanmış səni, Əhməd, niyə biganə o dilbər,
Bilmirmi, canın canını canana çəkən var?
Cenub.az üçün hazırladı: Alzaman Baxış