Biz onunla hər gün axşamçağı ofisimin qarşındakı Xətai parkında görüşürdük. 4-5 ağsaqqal bir yerə toplaşıb xatirələrini təkrar-təkrar paylaşardı.
Ən maraqlı lətifələr, kəskin zarafatlar isə Rəfailə məxsus idi. Düzü, lətifə yarışında uduzduğum adamlardan biri elə Rəfail idi. Hansı lətifəni başlayan kimi o həmin lətifənin sonun dərhal deyərdi. Çoxunu “dayıoğlu” deyə çağırardı.
Sonuncu zəngləşməmiz ölümündən bir gün əvvəl, necə deyərlər, onun üçün sonuncu axşam olacaq gün, 8 fevral, axşam saat 10-da oldu. Masallının tarixi ilə bağlı məlumatlar alacaqdım. Söhbətə zarafatla başladıq.
Zarafatca da soruşdum ki, “hələ “ölməmisən”?”, o da ərklə ”get aşığını at, səhər bir az da iylənəlim, birisi gün gəlirəm, aniktodlaşmağa”. Bir gün sonra, həmin günün səhəri isə xəbər gəldi ki, Rəfail həyatla vidalaşdı.
Bir-birindən duzlu zarafatları, replikaları, ərklə iradları hələ də yaddaşlardadır. Heç vaxt üzündən təbəssüm əskik olmazdı. İndi isə onu xatırlayanda, sadəcə söhbətin əvvəlinə “Rəfalin sözü olmasın” yox, “Rəhmətlik Rəfailin sözü olmasın” deyirlər.
Özü də deyirdi, gedəcəm, o dünyadakıları güldürməyə.
Kaş ki, belə koloritli, maraqlı, duzlu-məzəli adamlarımız çox olaydı.
Yerin görünür Rəfail. Allah səni rahat eləsin!
Zahir, cenub.az