Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Doğrudanmı Masallının 15-dən artıq istirah­­­­­­ət mərkəzi su altında qalacaq, Şıxlar kəndinə gedən yol bağlanacaq, dəmbəlovlular 2-ci dəfə yurdlarından köçməyə məcbur olacaq?


Viləşçay Dəryaçasının 2-ci bəndinin inşasına hazırlıq işlərinə başlanılması yerli sakinlərdə qəribə suallar  və ciddi narahatlıqlar yaradıb.

Cenub.az olaraq hələ ötən ilin 13 oktyabr tarixində Masallıdakı Viləşçay Dəryaçasının 2-ci bəndinin inşasına hazırlıqla bağlı  Masallı. Viləşçay dəryaçasının 2-ci hissəsinin açılması üçün işlər hansı mərhələdədir?” adlı geniş araşdırma yazı təqdim etmişdik.

Həmin yazının tam mətni ilə BURDAN tanış ola bilərsiniz.

Adı çəkilən yazıda Vləşçay dəryaçasının 1-ci bəndinin inşası ilə bağlı keçmişə nəzərə salmış, indiki dövrə qədər vəziyyəti tədqiq etmiş, həmçinin, Viləşçay Dəryaçasının 2 növbəsinin tikintisi bizə nə verəcəyi sualına da aydınlıq gətirərək bildirmişdik ki, “hazırda mövcud su anbarına 46 milyon kub.m su yığılarsa,  2-ci növbə başa çatandan sonra 46 milyon kub.m-dən əlavə də daha 80 milyon kub metr su ehtiyatı yaradılacaq. Əgər indi Masallıda hərbi11 min 275 hektar sahə suvarılırdısa bundan sona əlavə olaraq 20175 hektarın da suvarılmasına imkan yaranacaq.


Bu isə,  Masallı rayonunun bütün, Cəlilabadın Masallıya yaxın kəndlərinin  əkin sahələri üçün su probleminin həll deməkdir. O cümlədən rayonun içməli su tələbatı daha əhatəli və yüksək səviyyədə ödəniləcək. Hazırkı yüksək texnologiyalar vasitəsi ilə bu işləri daha qısa müddətə, daha keyfiyyətlə icra etmək imkanı olacaq. Bütün hallarda burada yüzlərlə mütəxəssisin və fəhlənin çalışacağı planlaşdırılır”.

Viləşçay dəryaçasının 2-ci bəndinin Dövlət Proqramına salınmış layihəsi ilə bağlı nəzərdə tutulan  işlər intensivləşdikcə yerli sakinlərin narahatlıqları da artır.

Viləşçay dəryaçasının yerləşdiyi Qəriblər İnzibati Ərazi Dairəsinin əhatə etdiyi Şıxlar, İsi, Qəriblər kənd sakinlərinin narahatlıqları nədən ibarətdir?

Qəriblər İƏD-nin Şıxlar kəndindən olan, Rusiyada yaşayan iş adamı Ağayev Baladadaş cenub.az-a aşağıdakıları bildirir:

Rayonumuzda aparılan tikinti işləri bizdə də həmişə fərəh doğurub və doğurur. Viləşçay dəryaçasının 1-ci bəndinin inşası da bu yurda çox uğurlar gətirib. 2-ci bəndin inşası da yeni iş yerləri, Masallının, Cəlilabadın kənd təsərrüfatına geniş imkanlar yaratmağa hədəflənir. Təsəvvür edin ki, söhbət bir neçə yüzmilyonluq layihədən gedir. (Bəziləri hətta milyardlardan söhbət açır -red) Amma ortada çoxlu “əmmalar” var.


  1.   Ata yurdum, tarixi abidələrlə zəngin olan Şıxlar kəndi ucqarda olduğu üçün həmişə ciddi problemləri olub. Əl-ələ verib çətin relyefdə yerləşən kəndimizə öz vəsaitimizlə yol çəkdirmişik, işıqlandırma sistemi yaratmışıq. İndi Viləçayın 2-ci bəndinin inşası ilə bağlı kəndə min əziyyətlə çəkdiyimiz yol və 34 ev  yeni layihəyə görə suyun altında qalacaq, 100-dən artıq evə gedən yol bağlanacaq. Bu isə 1500 illik tarixə malik  Şıxlar kəndinin mövcudluğunu sual altında qoyur                                
  2.  Təxmini hesablamalarımıza görə bəndin genişlənməsi, suyun səviyyəsinin artması səbəbindən bu ərazidəki ən azı 15 istirahət mərkəzləri Türkan”-nın yarısı,  “Viləş stv “, “Turist-1”, “Turist 2”,  “Giləvar”, “Gölüstü” restoran və otel,  Pik-nik”, “Palma”, “Ceyran bulaq”, “Meşəbəyi”,  “Udman”ın bir hissəsi, “Rasim otel”, “Muğan”, “12-ci kilometr” və digər istirahət obyektlərinin, qısası.  Viləşçayının sol-sağ sahilində, 50 metrlik məsafədə olan bütün tikililərin su altında qalacağı gözlənilir.                                                   
  3. Bizim tərəflərin əhalisinin çoxu mal-qara ilə dolanır. Bu tikinti bizi əsas örüş yerlərindən mərhum edəcək, demək mal-qara saxlaya bilməyəcəyik. Yerli sakinlər turist obyektləri və heyvandarlıqla dolanırdılar. Onların da hər ikisi bəndin qurbanına çevrilir.                          
  4. Bu əraziyə daxil olan Dəmbəlov kəndinin sakinlər illər öncə bir dəfə Dəmbəlovdan Qəriblər kəndinə köçüblər. İndi onlar 2-ci dəfə yaşadıqları ərazidən köçməyə məcbur olacaqlar.                                                    
  5. Viləşçayın 1-ci bəndi inşa olunanda bu ərazidəki meşə zolaqlarında 330 hektar meşə sahəsi ayrılmışdı. 40 ildə bu sahədən demək olar ki, istifadə edilməyib. İndi Mətərə, Xubalı Qışlağı, Kanədi (köhnə kənd) adlanan həmin əraziləri kol-kos basıb. Hansı ki, bu ərazilərə 60 milyon kub.m su toplamaq olardı. Əgər ağıllı fikirləşsəydilər, elə həmin 330 hektardan bu bəndin genişlənməsi uçun istifadə edilirdi.                                           
  6. Bir məqama da diqqət yetirim. Yuxarıda qeyd etdiyim 330 meşə sahəsində çoxlu içməli su mənbələri olan bulaqlar var. Lakin yeni layihədə bəndlərə axıdılacaq sular əsasən kükürdlü, hidrogen sulfidli, mineral tərkibli sulardır ki, bunlardan da içməli su kimi faydalanmaq problemlər yaradacaq.                                                                  
  7. Heç kimə sirr deyil ki, hazırda mövcud bəndin 20 metr hündürlüyündə, eləcə də ümumi dəryaçanın ən azı 1/3-lik hissəsi palçıq altındadır. Bu səbəbdən dəryaçanın imkanlardan tam istifadə olunmur. Yeni bənd tikmək əvəzinə bu qədər geniş sahəni liklərdən, palçıqdan təmizləsəydilər, daha faydalı və səmərəli olardı.                                        
  8. Viləşçay dəryaçasının 2-ci bəndinə bu qədər su toplana biləcəyi belə sual altındadır.            
  9. Lap toplansa belə, Viləşçayın Qızılağac kəndinə, körfəzinə qədər, Xəzərə tökülən məsafədə şirin su qıtlığı yaranacaq.                                                                    
  10. Bu ərazi olduqca mənzərəli ərazidə yerləşdiyi üçün İsi, Şıxlar, Qəriblər kəndlərində torpağın qiyməti demək olar ki, Bakı ilə eynidir. Burada çox bahalı, hətta milyonluq mülklər var. Hökumət buna görə milyon manatlarla kompensasiya ödəməlidir.

Həm də maraqlıdır ki, bütün bu işlərlə bağlı yerli sakinlərlə heç bir söhbət eləyən olmayıb. Bura gələn xəritə çəkmə mütəxəssisləri içərisində yerli hakimiyyətin nümayəndələri gözə dəymir.

Bütün deyilənlərlə bağlı necə deyərlər, hökumət tərəfinin də fikrini öyrəndik. Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov deyilənlərə aşağıdakı münasibəti bildirdi:

  • Viləşçay su bəndinin 2-ci hissəsinin reallaşması üçün işlərə artıq start verilib. Daha dəqiqi desək, 5 ildən artıqdır ki, bu sahədə intensiv işlər aparılır. Hazırda isə konkret heç nə deyilə bilməz. 3 variantda layihələr hazırlanır – 85, 110 və 130 milyon kub metr su tutumu üçün. Mühafizə zonası da, ayrılacaq məbləğ də buna uyğun olacaq. Yəni su tutumundan asılı olaraq mühafizə zonası 50 metr də ola bilər, 100 metrdə, daha da çox. Və həmin məsafələr uyğun olaraq bilinəcək ki, hansı obyektlər, hansı evlər bu ərazilərə düşür. Hazırda “Gidrotrans” layihələndirmə şirkəti qiymətləndirmə işləri aparır, evlərə nömrələr qoyur və sair işlər aparır. Hər şey bu layihələndirəmə işləri başa çatdıqdan və həmin layihələrin hansının dövlət başçısı tərəfindən təsdiqindən sonra bilinəcək. Eləcə də bu mərhələ başa çatdıqdan sonra yerli sakinlərlə, müvafiq təşkilatlarla birgə görüşlər keçiriləcək, insanlar bütün səviyyələrdə məlumatlandırılacaq.


Qısası, hər şey yaxşı olacaq.

Hazırladı: Zahir Əmənov. Cenub.az üçün






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10