“Qurbanın anonimliyi təmin olunur və ona düşdüyü vəziyyətdə nəcə hərəkət etməli olduğu izah edilir”
Məişət zorakılığı müxtəlif formalarda olur. Çox vaxt fiziki zorakılığın nə vaxt və necə baş verdiyi barədə danışılır. Döymək, həyat yoldaşını, tərəfdaşını incitmək - bir çox qadın bunu yaşayır, baxmayaraq ki, kişilərin də eyni vəziyyətdən əziyyət çəkdiyi hallar olur. Amma bu cür zorakılıq asan üzə çıxır - göyərmələr, sınıqlar, yanıqlar bunu göstərir və bu faktları tibbi müayinədən keçirməklə sübut etmək olar.
Cəmiyyətdə iqtisadi və psixoloji zorakılıq faktları da az deyil, lakin günahkarlar buna görə heç bir cəza çəkmirlər və kiminsə günahkar olduğunu sübut etmək kifayət qədər problemlidir. İqtisadi zorakılıq faktı zamanı insan maliyyədən məhrum olur, məsələn, qazandığı hər şeyi əlindən alırlar və ya evdar qadından danışırıqsa, ən zəruri şeylərə belə, pul vermirlər. Yəni təzyiq göstərən tərəf maliyyədən qurbanına qarşı təsir vasitəsi kimi istifadə edir.
Psixoloji zorakılığa isə təhqir, alçaldılma, özünə hörmətin aşağı salınması, hədələmə, total nəzarət və s. daxil ola bilər. Qurbanda komplekslər, qorxular, nevrozlar, depressiya inkişaf edir ki, bunu da kimisi alkoqolla “boğur”, kimisi də həyatına son qoymağa qərar verir.
Məişət zorakılığına qarşı mübarizənin bütün cəbhələrdə aparılması, təkcə fiziki xəsarətlər deyil, həm də psixoloji xəsarətlərə önəm verilməsi vacibdir. Azərbaycanda məişət zəmində iqtisadi təzyiq və psixoloji təzyiq göstərənləri daha ağır cəza gözləyə bilər – bu barədə yerli mətbuat yazır. Belə ki, məişət zorakılığının qarşısının alınması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər təklif edilir.
Bir halda cəzanın sərtləşdirilməsi əmlakdan əldə edilən gəlirdən məhrum etmə, iqtisadi asılılıq yaratmaq və ya belə asılılığın saxlanması və bu cür vəzifədən sui-istifadə hallarına şamil ediləcək. Buna görə sənəd layihəsində 100 manatdan 300 manatadək miqdarda cərimə və ya 60 saatadək ictimai işlər, habelə 15 sutkayadək müddətə inzibati həbs nəzərdə tutulur. Hazırda isə Məcəllə yalnız pul cəzasının tətbiqini nəzərdə tutur.
Bundan əlavə, məişət zəminində psixoloji zorakılığa görə cəza sərtləşdirilir. Belə ki, psixoloji təzyiqə və ya dözülməz psixoloji şərait yaratmağa görə 300 manatdan 500 manatadək miqdarda cərimə ilə yanaşı, 60 saatadək ictimai işlər və ya üç ayadək müddətə inzibati həbs cəzası da tətbiq oluna bilər. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə qanunvericilik aktlarında dəyişikliklər edilməsi ilə bağlı dövlət orqanlarına təkliflər göndərilib.
AQUPDK-nın İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun AYNA-ya dediyinə görə, əsas problem cəzanın sərtləşdirilməsi deyil, qəbul edilmiş normaların həyata keçirilməsidir: “Nəticə ondan ibarətdir ki, psixoloji zorakılıq faktlarına və zorakılığın iqtisadi formasına görə, təəssüf ki, inzibati və cinayət məcəllələrində qəbul edilmiş normalar, maddələr tətbiq edilmir. Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin və digər dövlət qurumlarının əsas vəzifəsi belə zorakılıq faktlarının qeydə alınması, bu çərçivədə profilaktik işlərin aparılmasıdır. İllərlə davam edən bu cür zorakılıq müxtəlif ağır problemlərə, intiharlara səbəb olur”.
“Dövlət Komitəsi məişət zorakılığının qarşısının alınmasına dair Dövlət Proqramı, 2020-ci il noyabrın 27-də qəbul edilmiş Milli Fəaliyyət Planı çərçivəsində bu istiqamətdə fəaliyyətini digər aidiyyəti dövlət qurumları ilə birgə davam etdirir. Bu sahədə təkcə maarifləndirmə işləri aparılmamalıdır, həm də bu sahədə çalışan insanların işinin təkmilləşdirilməsi lazımdır”, - deyə Səfərov bildirib.
Onun sözlərinə görə, ilk növbədə məişət zorakılığı faktlarının qeydə alındığı ailələrlə işləmək lazımdır: “Həssas təbəqələrlə işləmək lazımdır, məsələn, erkən nikahlar, belə nikahlarda uşaqların doğulması, dövlət qurumları tərəfindən qeydə alınan zorakılıq faktları və ya bununla bağlı şikayətlər olan zaman. İqtisadi və psixoloji zorakılıq faktlarını müəyyən etmək çox çətindir, lakin mümkündür. Bunun üçün bu istiqamətdə çalışacaq xüsusi təlim keçmiş psixoloqlar lazımdır. Bundan sonra psixoloqlar qurbanlarla reabilitasiya işləri aparmalıdırlar”.
“Bu cür zorakılıq formalarını müəyyən etmək üçün beynəlxalq təcrübədən istifadə etmək və eyni zamanda qurbanın kömək istəməsinə imkan verən mexanizmlərdən istifadə etmək mümkündür. Dövlət Komitəsinin zərərçəkmişlərə ilkin psixoloji yardımın göstərildiyi 860 nömrəli “qaynar xətti”, həmçinin (012) 49370 39 nömrəli hüquqi yardım xətti fəaliyyət göstərir. Qurbanın anonimliyi təmin olunur və ona düşdüyü vəziyyətdə nəcə hərəkət etməli olduğu izah edilir”, - deyə AQUPDK rəsmisi vurğulayıb.
Psixoloq Eldar Haqverdi də AYNA-ya şərhində deyib ki, bu anlayışların özü tam aydın olmadığından, prinsipcə, psixoloji zorakılıq, təzyiq, o cümlədən iqtisadi zorakılıq faktını sübut etmək asan deyil: “Bununla belə, bu cür zorakılıq faktlarını məhkəmədə sübut etmək mümkündür”.
“Psixi sağlamlıq sferasında çalışanlar zorakılığın nəticələri ilə işləyirlər və onlar yalnız qurbanın vəziyyətinə, məsələn, travmasonrası stress pozğunluğunun mövcudluğuna ekspert qiyməti verə bilərlər. Həyata keçirilən tədbirlər demokratikləşmə istiqamətində zəruri addım olduğundan, olduqca əhəmiyyətlidir”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Müəllif: Elya Belskaya