Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Uşağa görə məzuniyyət götürən atanın pulunu kim verəcək?


Əmək qanunvericiliyinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair yeni qanun layihəsi hazırlanıb.

Bu barədə Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, layihədə bir çox təkliflər, eləcə də əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər əksini tapır. Bu təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməsini, yəni, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə doğuş gününə təsadüf edən ərəfədə səhiyyə müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsini nəzərdə tutur. Məcəlləyə dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bu mərhələdən sonra layihə aidiyyəti üzrə təqdim ediləcək.

Qeyd edək ki, atalıq məzuniyyəti ilə bağlı təkliflər vaxtilə Milli Məclisdə müzakirə olunub və nəticəsiz qalıb. Bununla belə, bu vaxta qədər qanunvericilikdə atalıq məzuniyyəti ilə bağlı xüsusi maddə nəzərdə tutulmasa da, Əmək Məcəlləsi uşağın dünyaya gəlməsi ilə bağlı atalara bəzi təminatlar verirdi. Belə ki, işəgötürən təqvim ilində bir dəfə həyat yoldaşı hamiləlik və ya doğuşla bağlı məzuniyyətdə olan işçinin ərizəsi əsasında ona 14 təqvim günü müddətinə və ya ailə, məişət və digər sosial məslələrin həlli üçün 7 təqvim günü müddətinə ödənişsiz məzuniyyət verirdi.

Ödənişli atalıq məzuniyyətinin qanunvericilikdə öz əksini tapması təklifi isə cəmiyyətdə birmənalı qarşılanmayıb.

Hüquqşünas Sahib Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, Əmək Məcəlləsində atanın və ya ailənin digər üzvünün qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə hüququ var.



“Yəni uşağın anadan olmasından sonra 3 il müddətində istifadə oluna bilən qismən ödənişli sosial məzuniyyətdən ata və ya ailənin digər üzvü də istifadə edə bilər. Bu, o halda zəruri olur ki, ana və ataya nisbətən daha çox əmək haqqı alır. O, ailənin əsas qazanc gətirəni olduğu üçün hamiləliyə və doğuşa görə məzuniyyət hüququ başa çatdıqdan sonra ya özü, ya ata, ya da ailənin digər üzvü qismən ödənişli məzuniyyətdən istifadə edə bilir. Qismən ödənilən məbləğ Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaiti hesabına verilir. Digər halda doğuş nəticəsində ana vəfat etdikdə, tam ödənişli (hamiləliyə və doğuşa görə) məzuniyyətin ikinci hissəsindən ata istifadə edə bilər”.

S.Məmmədov bildirib ki, bu hal ödənişsiz məzuniyyət növü kimi 130-cu maddədə nəzərdə tutulub:


“Əgər indi bu, tam ödənişli olacaqsa, pulunu kim verəcək? Çox güman ki, DSMF yox. Bəs onda işəgötürən niyə ödəməlidir? Axı bizdə 30 ildir kapitalizmdir. Vahid xalq təsərrüfatı yoxdur. Özəl sektor niyə belə ödənişi etməlidir? Korporativ sosial məsuliyyət (KSM) bu halda işləmir.

Bütün imtiyazların xərclərinin çəkilməsinin sahibkarın üzərinə qoyulması Konstitusiyaya ziddir. Əslində Konstitisiya Məhkəməsi (KM) belə layihələri ləğv etməlidir. DSMF və ya başqa dövlət fondundan ödəniləcəksə, başqa məsələ. Buna görə də işəgötürənlər əmək münasibətlərini rəsmiləşdirmək istəmir. Bu qədər reformalardan sonra ölkədə məşğul olanların üçdə biri ilə əmək müqaviləsi bağlanıb.

Onun da az qala 80% dövlət sektorudur. Özəl sektorda isə hətta bağlanan müqavilərində əmək haqqı düz göstərilmir. Səbəblər çoxdur. Əsaslardan biri də belə imtiyazların işəgötürənin belinə yüklənməsidir. Məsələn, məni dəvət etsəydilər, mən bu variantın əleyhinə olardım və onu əsaslandırardım”.

Günay Şahmar
Cebhe.info





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10