“Anamın üstünə qışqırdım ki, niyə ayağının altına yıxılıb, Mehmanın getməsinə mane olmadın?”
“Hər il yanvarın 20-də yenidən ölüb-dirilirəm. Artıq 32 ildir ki, oğlum Mehman soyuq məzarda uyuyur. O sağ olsaydı inanıram ki, həyatım tam başqa cür olardı. Həyət evi tikdirmək ən böyük arzusu idi. Deyirdi ki, ana səni yaxşı yaşadacam. Sən cavanlıq görmədin, hər şeyini, hətta həyatını, ömrünü mənə həsr etdin. Həqiqətən də mən onu böyütdüm, özümü yaddan çıxartdım. Amma Mehman üzümü güldürmədi, məni ağlar günə qoydu. Nə yaşadı ki, nə də yuxu görsün?!”
Bunu Moderator.az-a açıqlamasında 20 yanvar şəhidi Mehman Həsənovun anası, əməkdar artist Səmayə Musayeva bildirib. O daha sonra əlavə edib.
“Ondan doymadım, 4 il hərbi xidmətdə qaldı. Hərbi təyyarəçi olmaq istəyirdi, sənədləri hazırlamışdı, daxil olacaqdı da. Mən onu qoymadım ki, orada qalsın. Çünki komandirinin, generalın qızını almaq istəyirdi. Hərbi xidmətdə həmin generalın sürücüsü idi. Dedim ki, Mehman, səni əziyyətlə böyütmüşəm, niyə orada qalmaq istəyirsən?! Yarızarafat, yarıciddi dedi ki, cavan qızsan da ay ana, get evlən sən də! Dedim ay əclaf, mənə yol göstərirsən?! Dedim yox, qayıt gəl evə! Gəldi, elə 20 yanvar hadisələrinə tuş gəldi. Oğlumun rus qızı ilə evlənməsinə mane olduğum üçün o qədər peşmanam ki. Peşmanlığımın həddi-hüdudu yoxdur! Bəlkə də evlənsəydi şəhid olmazdı, başı ailəsinə qarışardı. Mehman həmin qızı çox istəyirdi. Dedi ki, onunla evlənməyimə razı deyilsənsə, heç kimlə evlənməyəcəm! Anayam da, istəyirdim ki, öz millətimin qızı ilə evlənsin. Mehman şəhid olanda qardaşım oğlunun 7 yaşı var idi, 1-ci sinifdə oxuyurdu. Tənhalıqdan başıma hava gəlirdi, az qalırdı ki, dəli olum. Təkliyə dözmək çətin idi. Ona görə də qardaşım oğlunu övladlığa götürdüm. Yaxşı ki, mənim işim var idi, teatr mənim Allahdan sonra yeganə xilaskarım idi. Bəlkə də teatrda çalışdığıma görə sağlam qaldım”, - deyə aktrisa bildirib.
Səmayə Musayeva 20 yanvar gecəsini belə xatırlayır.
“Mən ona üzünü qırxdıra bilmirdim, deyirdim ki, ay oğul, sən göyçək balasan, niyə üzü tüklü gəzirsən? Danışmırdı, dinmirdi. 100 sual verirdim ona, bəlkə birinə cavab verərdi, ya verməzdi. 19-u günü gecəsi 6-ya 20 dəqiqə işləmiş evdən çıxdı. Deyirdim ki, ay bala, hara gedirsən? Deyirdi ki, otur evdə, sənin nəyinə lazımdır mən hara gedirəm? O Məlumat Hesablama Mərkəzində baş mexanik işləyirdi, bütün böyük telefon stansiyalarına o baxırdı. Deyirdi ki, haradasa telefon qırıla bilər, mən mütləq işdə olmalıyam. Çıxıb getdi, gəlmədi, nigaran qaldım. Bizim binamızdan qonşunun uşaqları meydana gedirdilər, mən də onlara qoşulub getdim. Nə qədər axtardım, tapmadım. Yer qalmadı gəzim. O gecə elə soyuq idi ki. Nə qar var idi, nə yağış, amma şaxta qılınc kimi kəsirdi, insanın iliyini dondururdu. Kor-peşman evə qayıtdım. Anam da ağır xəstə idi. Deməli mən meydana gedəndə, o evə gəlib. Ona tikdiyim bel bağını götürüb və bir-iki hazırladığım şirniyyatdan yeyib, çıxıb. Evdən çıxanda anam ona deyib ki, Mehman getmə, anan səni axtarır. Bu saat gələcək. Anama deyib ki, o niyə məni axtarır? Axı niyə evdə oturmur? Mən evə gələndə anama dedim ki, niyə ayağının altına yıxılıb, onun getməsinə mane olmadın? Evdən çıxıb, yenidən meydana yollanıb ki, maşını ilə camaatı yoldan çıxarsın. Maşını işə düşməyib, maşından düşüb, piyada gəzəndə güllə düz ürəyindən dəyib (ağlayır)”, - deyə aktrisa bildirib.
Aktrisa 47 il çalışdığı Akademik Musiqili Teatrdan böyük diqqət və qayğı gördüyünü bildirib.
“47 il Akademik Musiqili Teatrda fasiləsiz çalışmışam. Canım sağ olsa yenə də işləyərəm, amma canım ağrıyır. Səhhətim imkan vermir ki, teatrda çalışım. Teatrla bağlı nə lazım olursa sağ olsunlar o dəqiqə istəyimi yerinə yetirirlər. Mənə deyirlər ki, sən gəlmə, xəstə adamsan. Sağ olsunlar, qoruyurlar məni. Teatrdan, ələxsus da direktor Əliqismət Lalayevdən çox böyük diqqət və qayğı görürəm. Bayramlarda, doğum günümdə, 20 yanvar günündə özü şəxsən zəng edir, istəyimi soruşur. Deyir ki, mən sənin direktorun yox, qardaşınam. Nə lazımdırsa mənə de. Əllərindən gələn qədər köməklik göstərirlər. Mən ona öz təşəkkürümü bildirirəm, təki bütün teatr direktorları onun kimi olsun. O müharibə dövründə də teatrdan cəbhəyə yollanan işçilərin ailələrinə maddi yardımlar göstərirdi”, - deyə aktrisa bildirib.