Rusiya BMT-də köçkünlərin geri dönüşü məsələsini niyə qaldırıb?
“Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ofisinin nəzarəti altında geri qayıdır”.
Bu cümlə ötən il noyabrın 10-da 44 günlük müharibəni bitirən, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs bəyanatında yer alıb. Sənədin 7-ci maddəsi yalnız qaçqınların və köçkünlərin geri dönüşünü və bu prosesin BMT-nin nəzarəti altında aparılmasını ehtiva edir. Amma müharibənin bitməsindən ötən 13 ay ərzində keçirilən görüşlərdə, imzalanmış birgə bəyanatlarda bu maddənin icrası gündəmə gətirilməyib. Ümumi şəkildə qeyd olunub ki, 10 noyabr bəyanatı icra olunmalıdır, bu sənədə daxil edilən kommunikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi xüsusilə qabardılır. Hazırda əsas mübahisə də bu iki məsələ ətrafında davam edir.
Qaçqın və köçkünlərin geri qaytarılması prosesi isə birtərəfli qaydada aparılır. Atəşkəsdən dərhal sonra Rusiyanın birbaşa dəstəyi ilə Xankəndi və ətraf ərazilərdən Ermənistana köçmüş ermənilər geri qaytarılır. Bölgəyə gətirilmiş sülhməramlı kontingentin ilk aylar əsas missiyası köç prosesini təşkil etmək, onların humanitar problemlərini həll etmək, dağılmış infrastrukturu yeniləmək və s. idi. Ötən bir il ərzində Qarabağa qaytarılan ermənilərin ümumi sayı barədə müxtəlif rəqəmlər səsləndirilib. Ermənistan mənbələri bölgədə 40-50 min, Azərbaycan 20-25 min nəfər erməni sakinin olduğunu bildirir. Rusiya prezidenti isə Soçi görüşündə Qarabağa 53 min erməninin qaytarıldığını məmnunluqla elan etdi. Azərbaycandan bu bəyanata hər hansı cavab verilmədi, ümumiyyətlə, rəsmi Bakı 10 noyabr bəyanatının sözügedən 7-ci bəndinin icrası ilə bağlı hədsiz passivlik nümayiş etdirir. Əlbəttə, bu sakitlik real şərtlərə bağlıdır. Hazırda sülhməramlıların nəzarətində olan ərazilərə azərbaycanlı əhalinin köçürülməsi qeyri-mümkündür. Çünki orada Rusiyanın himayə etdiyi cinayətkar separatçılar Azərbaycana tabe olmayan “dövlət” qurub, onun silahlı dəstələri var, habelə Ermənistan ordusunun bir neçə minlik hərbi birləşməsi də onların sərəncamındadır. Belə bir şəraitdə ölkə qanunlarının işləmədiyi ərazidə, təmas xəttində Azərbaycan ordusuna qarşı silah tuşlayan separatçılarla birgə yaşayış qeyri-mümkündür. Eləcə də ermənilərin Hadrut və s. bölgələrə qayıdışı da real deyir. Azərbaycan onların qayıdışına zəmanət versə belə cəmi bir il əvvəl bitmiş müharibənin psixoloji travmaları, təhlükəsizlik təminatı və s. problemlər bu qayıdışı müşkül edir.
Həmçinin infrastruktur problemləri də BMT mandatı ilə köçkünlərin geri dönüşünün uzun illər sonra mümkün ola biləcəyini göstərir. Məsələn, ermənilər Hadruta dönsə, onların evləri var, çünki məskunlaşma aparılmayıb. Bəs Xankəndidə yaşamış azərbaycanlı əhali qaytarılsa, harada yaşayacaq, onların yaşayışı, sosial məsələləri, təhlükəsizliyi, yerli idarəçilikdə iştirakı və s. problemlər necə həll olunacaq? Bu cür sualların sayını istənilən qədər uzatmaq mümkündür.
Moskva bu məsələni BMT Təhlükəsizlik Şurasının dekabrın 7-də keçirilən iclasında qaldırıb. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Gennadi Kuzmin təşkilatı məcburi köçkünlərin və qaçqınların Azərbaycanın Qarabağ bölgəsinə qayıtmasına daha fəal kömək etməyə çağırıb. “Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli bəyanatında nəzərdə tutulduğu kimi, məcburi köçkünlərin və qaçqınların Dağlıq Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıtması üzrə BMT Qaçqınlar üzrə Ali Komissarlığının işini gücləndirməkdə maraqlıyıq. 2020-ci ildə atəşkəs razılaşmasından sonra münaqişə zonasında bütün hərbi əməliyyatlar dayandırılıb. Rusiya heç bir siyasi maraq güdmədən prosesin sırf humanitar xarakter daşımasını vurğulamaqla, BMT-nin hərtərəfli yardım göstərməsini istəyir. Biz təşkilatı regionda humanitar missiyanın əldə edilməsi üçün İrəvan və Bakı ilə dialoqu davam etdirməyə çağırırıq”,- deyə, o, vurğulayıb.
Rusiyanın bölgədəki maraqları kontekstindən çıxış etsək, Moskva bu məsələdə doğurdan da maraqlıdırmı? Bu suala birmənalı cavab vermək çətindir. Amma bir məsələ dəqiqdir ki, müəyyən mərhələdə köçkünlərin geri dönüşü mümkün olacaqsa, hər iki tərəfdən onların təhlükəsizlik problemlərinin qarantı Rusiya olacaq. Bu isə hazırki sülhməramlı kontingentin imkanları xaricindədir. O zaman gərək həm Dağlıq Qarabağa, həm də ermənilərin qayıdacağı Azərbaycanın başqa bölgələrinə çoxminlik Rusiya hərbçiləri yerləşdirilsin. Bu isə dövlət maraqları ilə uzlaşmır və əlavə hüquqi, siyasi və humanitar problemlər vəd edir.
Politoloq Elxan Şahinoğlu Pressklub.az-a şərhində xatırladır ki, Rusiya Azərbaycan və Ermənistan arasında əsas moderatordur, Moskvanın vasitəçiliyi ilə iki bəyanat qəbul olunub: “Soçi görüşündən sonra da bir bəyannamə qəbul edildi və Kreml prosesi tam nəzarətdə saxlayır. Bundan başqa, ara-sıra beynəlxalq təşkilatlar da köçkünlərin qaytarılması məsələsini qaldırır. Putin də deyir ki, Rusiya başqa təşkilatların da prosesdə iştirak etməsini istəyir, məsələn, Minsk Qrupunun. Amma Azərbaycan bunda maraqlı deyil”.
Ekspertin sözlərinə görə, Rusiyanın BMT-də bu məsələni qaldırması o demək deyil ki, Kreml həqiqətən köçkünlərin geri qayıtmasını arzulayır və prosesi dəstəkləyəcək: “Mən inanmıram ki, Moskva ABŞ və Fransanın Qafqazda fəallığının artırmasına razılaşar. Çünki onlar vasitəçi kimi prosesə qoşulsalar, Moskva hazırda əlindəki kartların bir hissəsini onlarla bölüşməli olacaq. Hazırda Rusiyanın Qərblə bir sıra problemləri, cümlədən Ukrayna böhranı, Yaxın Şərq münaqişəsi və s. var. Amma Qarabağ məsələsində sanki əməkdaşlığa hazır kimi görünür, BMT-də qaldırılan məsələ də onlardan biridir”.
E. Şahinoğlu vurğulayır ki, Kreml azərbaycanlıların geri dönüşü məsələsini qaldırmır. “Hazırda Rusiyanı ən çox düşündürən məsələ Qarabağda ermənilərin sayının artırılmasıdır. Putin Soçi görüşündə dedi ki, 53 min erməni artıq geri qayıdıb. Onun sözündən belə çıxır ki, Qarabağdakı ermənilərin sayının artması üçün çalışacaq. Biz ermənilərin qayıtmasının əleyhinə deyilik, amma onlar Azərbaycanın qanunlarına tabe olmalıdırlar”, – politoloq qeyd edib.
Turqut