Kamran Əsədov: “Müəllimlər eyni test tapşırıqlarını kopyalayaraq öz şagirdlərinə işlədirlər”
Dərsliklərin çətinləşməsi barədə gedən müzakirələrdə çox vaxt kurikulum sisteminin tətbiq edilməsi qabardılır, əsas problemlərdən biri kimi göstərilir. Sözügedən sistemə keçidin təhsilimizi zəiflətdiyini, şagirdlərin yersiz olaraq həddindən artıq yükləndiyini səsləndirənlər arasında müəllimlər də var, valideynlər də.
Mövzuya dair AYNA-nın suallarını cavablandıran təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, orta məktəblərimizin kurikulum standartlarına keçidi 2008-ci ildən olsa da, 2017-ci ildə 9-cu siniflərin buraxılış imtahanı göstərib ki, tədris dövlətin standartlarına uyğun keçirilməyib: ““Kurikulum” Azərbaycan təhsil sisteminə 1990-cı illərdə yeni pedaqoji termin kimi daxil olub. Mənası əski latın dilində “yol”, “istiqamət” deməkdir. Daha sonralar elm və təhsil sahələrində xüsusi termin kimi işlənməyə başlandı. Amma 2008-ci ildən etibarən orta məktəblədə tədris kurikulum standartlarına uyğun olaraq həyata keçiriilməyə başlayıb. Bu, o deməkdir ki, 2008-ci ildən etibarən müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istifadə etməli idilər. Amma Dövlət İmtahan Mərkəzi tərəfindən 2017-ci ildə IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticəsində məlum oldu ki, orta məktəblərdə şagirdlərə tədris dövlətin standartlarına uyğun olaraq həyata keçirilməyib. Şagirdlərin nəticələri göstərdi ki, hazırda 4472 orta məktəbimizdə dərslər dövlətin tələb etdiyi standartlara uyğun olaraq həyata keçirilmir”.
“Göründüyü kimi, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərimizin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı”, - deyə Əsədov fikrini davam etdirib.
Ekspert bildirib ki, kurikulum dünyanın mükəmməl, inkişaf etmiş ölkələrində qəbul edilən təhsil üsullarından biridir, lakin bizdə uğursuz alınıb: “Kurikulum qiymətləndirmə, şəxsiyyətlilik və sair baxımından kifayət qədər üstünlüyə malikdir. Geridə qoyduğumuz 11 il ərzində müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər. Amma 20 il ərzində müəllimlər ənənəvi test tapşırıqlarını, ənənəvi dərsi necə tətbiq etməyi öyrəniblər və onlar bunu mənimsəyiblərsə, yeni sistemdə belə, ənənəvi, köhnə qaydadan istifadə edirlər. Real vəziyyət budur ki, müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri aşağı nəticələrə görə qınamaq lazım deyil”.
Həmsöhbətimiz hesab edir ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir: “Çünki əmək bazarına kadrlar universitetlərdən daxil olur. Əgər müəllimlərin kurikulumu, müasir təhsili, qiymətləndirməni bilməyini istəyiriksə, onda bu proqramı, lazımi resursları ali məktəblərin tədris proqramına salmaq lazımdır”.
Ötən illərin buraxılış imtahanlarında fənlər üzrə nəticələri xatırladan ekspert zəif nəticənin səbəbini tədris prosesinin düzgün qurulmamasında görür: “2017, 2018 və 2019-cu illərdə kurikulum standartlarına uyğun keçirilmiş imtahanlarda iştirak edənlərin 70 faizi öz ana dilindən və riyaziyyatdan 2 aldı. 70 faiz insan minimum suala düzgün cavab verə bilmədi. Demək olar, 5 alan olmadı. Bu, ona görə idi ki, müəllimlər hələ də kurikulum biliklərini əldə edə bilmirlər. Məktəb direktorları düzgün tədris prosesi qura bilmirlər”.
“Kurikulum standartlarından biri öyrədilən bilik və bacarıqların KSQ-lərdə, BSQ-lərdə, “Formativ”lərlə yoxlanılmasıdır. Amma müəllimlər hələ də bunun ənənəvi qapalı test üsulu ilə yoxlanmasını həyata keçirirlər. Halbuki, digər konseptual bacarıqların yoxlanılması müxtəlif test tapşırıqları ilə yoxlanılmalıdır. Amma hələ də müəllimlər kurikulumu qəbul etmək istəmirlər. Çünki düşünürlər ki, bunun üçün pul lazımdır. Yəni hər dərsin hazırlanmasına əlavə vəsait tələb olunur. Həqiqətən də, müəllimlər burada haqlıdırlar. Düzdür, müəllimlərin maaşları kifayət etmir ki, kurikulumdan hazırlaşsın. Amma bu, o demək deyil ki, onlar kurikuluma hazırlaşmamalıdırlar. Əgər onlar bu sistemdə işləyirlərsə, dövlət onlara maaş verirsə, kağızla, printerlə və s. ləvazimatlarla təmin edirsə, 45 dəqiqə dərsdə oturursa, müəllim keyfiyyətli iş ortaya qoymalıdır”, - deyə müsahibimiz söyləyib.
Ekspert məktəb direktorlarının fəaliyyətsizliyinə, 155 mindən çox müəllimin kurikulumla bağlı kurslarda iştirak etməsinə baxmayaraq, bu tədris formasını mənimsəyə bilmədiklərinə diqqət çəkib: “Hazırda 4500-dən çox orta məktəbdə 155 min müəllim çalışır. Onların çox cüzi bir hissəsi kurikulumdan dərs keçir. Ən bərbad ikinci bir hal ondan ibarətdir ki, sosial şəbəkələrdə müəyyən müəllim qrupları var, burada ənənəvi üsullarla, yaxud kurikulum üsulu ilə test tapşırıqları hazırlayırlar. Bütün müəllimlər eyni test tapşırıqlarını götürüb kopyalayaraq öz şagirdlərinə işlədirlər. Yəni heç bir əziyyət çəkmək istəmirlər. Dövlət İmtahan Mərkəzinin sədri haqlı olaraq keçirdiyi obyektiv, şəffaf imtahanlarla ortaya bir nəticə qoydu ki, bəli, orta təhsil məktəblərimizdə direktorlarımızın fəaliyyətsizliyi nəticəsində fənn müəllimləri kurikulumu ənənəvi üsulla həyata keçirməyə başlayırlar. Dövlət bu standartın həyata keçirilməsi üşün 30 milyon manatdan çox vəsait xərcləyib. Amma təsəvvür edin ki, 155 mindən çox müəllimimizin, demək olar ki, hamısı kurikulum təlimlərinin iştirakçısıdır. Onlar deyirlər ki, kurikulum kurslarından keçmişik, diplomlarımız, sertifikatlarımız var. Amma ortada olan nəticə odur ki, bizim müəllimlərimiz hələ də kurikulumu başa düşə bilmir, mənimsəyə bilməyiblər”.
Əsədov hesab edir ki, müəllimlər 6 aydan bir kurikulum təlimlərində iştirak etməlidirlər: “Yoxsa Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanı üçün mövzu əzbərləyib, 3-5 sual yazmaqla kurikulum öytənmək olmaz, Təhsil Nazirliyinin bir həftəlik 20 manata keçirdiyi kurikulum təlimləri ilə müəllimlərdə bu müasir yanaşmanı formalaşdırmaq olmaz. Düşünürəm ki, məsələnin pis tərəfi ondan ibarətdir ki, müəllimlərimizə 2-3 günlük kurikulum təlimləri ilə kurikulumu mənimsədə bilmərik. Mütləq şəkildə müəllimlərimiz 6 aydan az olmamaq şərti ilə kurikulum təlimlərində iştirak etməlidirlər. Təlimləri nəzəriyyə üzərində yox, praktika üzərində keçmək lazımdır. Müəllimlər üçün kurikulum təlimləri təşkil edən qurumlar, inanın ki, ancaq kağız üzərində təlimlər keçirlər. Ən çox da kurikulum təlimləri keçirənlər sertifikat paylamaqla məşğuldurlar. O təlimləri keçənlər kurikulumu dəqiq öyrənmirlər. Hesab edirəm ki, kurikulum təlimlərini Dövlət İmtahan Mərkəzi həyata keçirməlidir. Çünki Dövlət İmtahan Mərkəzi, digər qurumlardan fərqli olaraq, daha peşəkar səviyyədə bu işi təşkil edir. Digər qurumlar isə bunu, sadəcə, formal olaraq həyata keçirir. Müəllimlərin biliyi bu qurum tərəfindən yoxlanarsa və yüksək nəticə göstərən müəllimlərə sertifikatlar verilərsə, bu, qısa müddətdən sonra arzuolunan nəticəni ortaya qoya bilər”.
Həmsöhbətimiz “Kurikulumu ləğv etmək lazımdır”, “bu, özünü doğrultmadı” kimi fikirlərlə razılaşmır: “Hörmətli təhsil “ağsaqqallarımızın” bu günlərdə yayılan fikirlərinin geniş izahına ehtiyac var. Müasir dünya təhsili ilə ayaqlaşmaq adına zaman-zaman yeni və innovativ proqramlara müraciət etmək məcburiyyətindəyik. Kurikulum termini proqram sözünün sinonimi kimi qəbul edilib. Ən yaxşı halda demək olar ki, bugünkü proqramlara yenidən baxmaq, günün tələbi ilə ayaqlaşdırmaq lazımdır. “Kurikulumu ləğv edək” deyərkən nəyi nəzərdə tuturuq? Mənə görə proqram kifayət qədər doğrudur. Lakin icrasında hansısa problemlər var və bu da həll olunmalıdır”.
Əsədov kurikulum sisteminin tətbiqi nəticəsində qazanılmış və itirilmiş məqamları belə izah edib: “Bu sistemin bu cür olmasının yeganə səbəbi məktəbdə keçirilən təfəkkür yönümlü tədrisin son nəticədə qiymətləndirməsinin düzgün aparılmamasıdır. Həyati bacarıqlara, praktiki biliklərə söykənən dərsi keçən müəllimin şagirdi qəbul imtahanında sadəcə bilikdən imtahan verir. Bunu da görən müəllim valideynin tələbinə cavab vermək üçün dərslikləri kənara atıb ənənəvi bilik yüklü dərsə üz tutur. Bu da ona gətirir ki, kurikulum özünü doğrultmadı”.
Kurrikulum bizə nə qazandırdı, nə aldı? Mütəxəssisin qənaətin belədir:
Qazanılanlar
- Təlim alma, təlimə getmə mədəniyyəti;
- Təlimçilər;
- Şagirdmərkəzli təlim-tədris;
- Müəllimin müasir tədrisdə yeni fasilitasiya rolunu anlaması;
- Təlimdə və tədrisdə müxtəlif üsullar;
- Əyaniliyin artması.
İtirilənlər
- Maddi vəsait;
- Klassik müəllim özünəməxsusluğu;
- Kurikkulumun bəzi müəllimlər tərəfindən anlaşılmazlığı səbəbi ilə standart müəllim yanaşması.
Aləmdə Nəsib