Son iki ildə Azərbaycanda ölümlərin sayı kəskin artıb. Bu statistikada koronavirus pandemiyası, müharibə itikiləri əhəmiyyətli yer tutsa da, başqa səbəblərdən dünyasını dəyişənlərin sayı da əvvəlki illə müqayisədə bir neçə min nəfər çoxdur.
Rəsmi məlumata görə, 2020-ci ildə Azərbaycanda 75 647 ölüm faktı qeydə alınıb. Müqayisə üçün deyək ki, 2019-cu ildə bu göstərici 55 916 olub. 2014-2019-cu illərdə isə orta ölüm göstəricisi 56 190 nəfər təşkil edib.
Başqa sözlə, 2020-ci ildə “əlavə” ölüm 19 457 nəfər olub. Müharibə ilə bağlı itkiləri (həm hərbi, həm mülki əhali arasında) çıxsaq, rəqəm 16 minə bərabər olacaq.
Rəsmi məlumata görə, 2021-ci ilin yanvar ayında Azərbaycanda 7972 ölüm faktı qeydə alınıb. 2020-ci ilin yanvar ayında bu göstərici 5177 nəfər, 2014-2020-ci illərdə yanvar ayı üzrə orta ölüm göstəricisi 5277 nəfər təşkil edib. Başqa sözlə, bu ilin yanvarında “əlavə” ölüm 2695 nəfər olub.
2021-ci ilin ilk 3 ayında isə Azərbaycanda 19 014 ölüm faktı qeydə alınıb. Keçən ilin ilk 3 ayı ilə müqayisədə 18% artım var. Eyni zamanda, 2014-2019-cu illər üzrə yanvar-mart ayları üçün orta göstəricilərlə müqayisə etsək, bu, 4185 “əlavə” ölüm deməkdir.
TƏBİB-in məlumatına görə bu ilin ilk üç ayında COVİD-19 xəstəliyi müəyyən edilmiş şəxslər arasında 926 ölüm faktı qeydə alınıb. Rəsmi məlumata görə, 2020-2021-ci illər üzrə koronavirus infeksiyasından ümumilikdə 5125 nəfər vəfat edib. Ölkədə il ərzində dünyasını dəyişənlərin əksəriyyəti isə müxtəlif daxili xəstəliklər nəticəsində həyatlarını itirirlər. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə:
– qan dövranı sisteminin xəstəliklərindən – 41 228 nəfər (27% artım)
– yeni törəmələrdən – 9 879 nəfər (+12%)
– travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən – 6 060 nəfər (+117%)
– bəzi infeksion və parazitar xəstəliklərdən – 5 875 nəfər (+787%)
– tənəffüs sistemi xəstəliklərindən – 3 149 (+70%) nəfər həyatını itirib.
Rəqəmlərdən göründüyü kimi, qeyd olunan bütün xəstəliklər üzrə ölüm faizi xeyli yüksəlib. COVİD-19 pandemiyasına görə ən yüksək artım (+787 faiz) infeksion və parazitar xəstəliklərin payına düşüb.
Ölüm sayının artması ilə bərabər, ölüm yaşının da aşağı düşdüyünü söyləmək olar. Bunu “Facebook”da keçirdiyimiz qısa sorğu zamanı da gördük. Bir neçə saat davam edən sorğuda 22 nəfər iştirak etdi, onlar 46 ölüm faktı barədə məlumat verdilər. Müəyyən olundu ki, ötən aylarda vəfat edənlərdən 11-i 70 yaşdan yuxarı, 20-si 50-70 yaş aralığında, 11-i 40-50 yaş aralığında, 4-ü 40 yaşına qədər insanlar olub. Sorğunun nəticələrindən məlum olur ki, vəfat edənlərin dörddə birindən azı – 23,9 faizi 70 yaşdan artıq yaşaya bilir. Halbuki rəsmi statistika Azərbaycanda orta ömürün 75,8 il olduğu göstərilir.
Qəbul edirik ki, “Facebook” sorğusu etibarlı sayıla bilməz və buna istinadən qəti fikir irəli sürmək doğru olmaz. Amma rəsmi rəqəmlər də orta ömürlə bağlı rəsmi rəqəmi təsdiqləmir. Məsələn, 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib. Ölümün “cavanlaşması” dinamikası əsasən 2006-cı ildən yüksəlməyə başlayıb. Xüsusən kişilər arasında erkən ölümlərin sayı kəskin artıb. Rəsmi məlumatlara görə, 2019-cu ildə vəfat edən kişilərin 50 faizi 65 yaşa çatmayıb. Qadınlarda isə bu rəqəm nisbətən yuxarıdır, vəfat edən hər 100 qadından 30 nəfəri 65 yaşadək həyata vida edir.
Beləliklə, Dövlət Statistika Komitəsinin məlumatları arasında ziddiyyət yaranır. Sual olunur ki, ölkədə orta ömürün 75,8 il olması hansı statistikaya əsasən müəyyən olunub?
Qeyd etmək lazımdır ki, bu rəqəm hökumətin işinə hədsiz dərəcədə “yarayır”, çünki pensiya yaşı həmin rəqəmə əsasən müəyyən edilir.
Hökumətin yanaşmasına əsasən orta hesabla vətəndaş təqaüdə çıxdıqdan sonra 12 il pensiya ala bilər. Bu da beynəlxalq standartlara uyğundur. Amma təqdim edilən rəqəmlərdən görünür ki, yaşlı əhalinin əksəriyyəti pensiya almadan həyatla vidalaşır. Beləliklə, bu sosial təminat növü müxətlif səbəblərdən əlçatmaz olaraq qalır.
“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.
Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq müəyyənləşdirilir.
Əmək pensiyası yaş həddinə çatmış, lakin yaşa görə əmək pensiyası hüququ yaranmayan şəxslərə “Sosial müavinətlər haqqında” qanuna əsasən yaşa görə 130 manat sosial müavinət verilir.
Beləliklə, nəticə olaraq yaranan mənzərə ondan ibarətdir ki, Azərbaycanda pensiya yaşı əhalinin real orta ömür nisbətinə görə hədsiz yüksəkdir. Həm rəsmi məlumatlardan, həm də sorğudan əldə olunan rəqəmlərdən görünür ki, ölkədə orta ömür 60 yaş civarındadır. Hökumətin illərdir dəyişmədiyi 75,8 orta ömür yaşı vətəndaşların pensiya almaq hüququnu məhdudlaşdırır. Bu barədə geniş ictimai müzakirələr başlamalıdır, eyni zamanda əhalinin sağlamlığıın qorunması, tibbi xidmətlərə əlçatımlılıq problemləri də gündəmdə olmalıdır.
Turqut