Havaların istiləşməsi ilə ilanların çöl-bayırda görünməsi, insanlarla rastına çıxması halları çoxalıb.
Qeyd edək ki, Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. İlanlar əsasən Kür-Araz ovalığında, Qarabağ, Şirvan düzənliyində, Muğan düzündə, bir sözlə, ölkəmizin bütün isti və quraq dağətəyi çöllüklərində olurlar. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar diqqətli olmalıdırlar.
Hazırda ölkəmizdə 29 növdə ilan olduğu bildirilir ki, bunun da 17 növü zəhərsiz, 5 növü yarızəhərli, 7 növü isə zəhərlidir. Zəhərsiz ilanlar tamamilə təhlükəsizdir. Onlardan kor ilanı, qərb yatağanı, qarabaş rinxokalamus, xaltalı eyreniz, dinc eyreniz, nöqtəli eyrenis, qonur ilanı qeyd etmək olar.
Yarızəhərli ilanlar insan və digər məməlilər üçün təhlükəli deyil. Lakin zəhər dişi ağızın arxa şırımında olduğundan barmağınızı ağzına saldıqda sizi zəhərləyə bilər. Dişləməsi isə insanda allergik reaksiya verə bilir. Bu növdən olan ilanlardan damalı su ilanı, bəzəkli təlxə, oxvari qum ilanı və digərlərini qeyd etmək olar.
Zəhərli ilanlar isə gürzəkimilər dəstəsinə aid olub, zəhəri olduqca təhlükəlidir. Bu ilanların sancması əksər hallarda ölümlə nəticələnir.
Xatırladaq ki, hər il 100 min insan ilan sancmasından dünyasını dəyişir. Eyni zamanda, zəhərli ilanlar bir çox dərmanların və elmi araşdırmaların ən vacib qaynağı sayılır.
Belə ki, dünyada qurudulmuş ilan zəhərinin bir qramı təxminən 300-800 dollardır. Zəhər təmizlənib sertifikatlaşdırıldıqda isə qiymət 2 dəfəyə qədər artır. Beləliklə, 1 qram ilan zəhəri bir barel neftin qiymətindən bahadır.
Hazırda dünyanın ilan zəhərinə olan illik tələbatı 10 kiloqramdır. Bu məhsulu dünya bazarına əsasən Cənubi Koreya, Çin, Vyetnam, Hindistan kimi Asiya ölkələri, eləcə də isti iqlimə malik digər ölkələr çıxarır.
Hər bir ilan növünün zəhəri ayrı-ayrı xəstəliklərdə istifadə olunur. Kobra ilanının zəhəri sinir-əsəb sistemi ilə bağlı olan xəstəliklərin, gürzə və gürzə kimi ilanların zəhəri ürək, qan-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir.
Azərbaycanda da vaxtilə sovet dövründə ilan zəhəri istehsal olunub. Həmin dövrdə ilan zəhəri istehsalı Zirə qəsəbəsi və Ağsudakı Herpetoloji kombinatlarda aparılıb. Xüsusən də Zirə Herpetoloji Kombinatı müxtəlif əczaçılıq zavodlarına hər il olduqca yüksək qiymətə zəhər idxal edirdi. İstehsalı artırmaq üçün maraqlı kampaniyalar aparılır, ilan tutub təhvil verənə bahalı mükafat verilirdi.
Ümumilikdə Orta Asiya və Azərbaycanda cəmi bir yerdə 5 kq ilan zəhəri istehsal olunurdu ki, onun da 70 faizi ölkəmizin payına düşürdü. Bu isə kifayət qədər yüksək göstəricidir. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra bu kombinatlar ləğv olunmasa da, fəaliyyəti dayandırıldı.
Mövzu ilə bağlı Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov Cebhe.info-ya müsahibə verib.
- Azərbaycanda vaxtilə tibbi sahə üçün zəruri hesab edilən ilan zəhəri istehsal olunub. Sovet dövründə Orta Asiya və Azərbaycanda cəmi 5 kq ilan zəhəri istehsal olunurdu ki, onun da 70 faizi ölkəmizin payına düşürdü. Hazırda bu sahədə vəziyyət necədir?
-Azərbaycanda ilan zəhəri 1969-cu ildən başlayaraq 1995-ci ilədək istehsal olunub. Sovet dönəmində müstəqil təşkilat kimi işləyib, ilan zəhəri istehsal etmişik. Hər il 3 kq quru ilan zəhəri Estoniya ölkəsinə təhvil verilib. Həmin ölkədə ilan zəhərindən maz hazırlanıb. SSR-nin tibb bazarı hazırlanmış dərman preparatlarla təmin edilib. 1989-cu ildə Səhiyyə Nazirliyi Estoniyaya ilan zəhərinin ixrac edilməməsi ilə bağlı qarşıya şərt qoydu. Şərtlərdə bildirilirdi ki, ilan zəhərini xarici bazara nazirlik özü çıxaracaq, digər ölkələrə satacaq, ya da dərman preparatları hazırlayacaq. Beləliklə, 1989-cu ildən ilan zəhərinin Estoniyaya ixrac edilməsi və kombinatın da müstəqil olaraq fəaliyyət göstərməsi dayandırıldı.
-Bəs bu ilan zəhərinin aqibəti necə oldu?
-Səhiyyə Nazirliyinin ilan zəhərininin satılması üçün maliyyə vəsaiti yox idi. Nazirliyin dövlət büdcəsindən verdiyi maliyyə hesabına 1989-cu ildən 1994-cü ilədək istehsalı davam etdirə bildik. Bu müddətdə istehsal olunmuş 3 kq ilan zəhəri vardı. Bu xammal nazirliyə təhvil verildi. Nəticədə həmin ilan zəhəri nə satıldı, nə də ondan dərman preparatı hazırlandı.
Bu günədək ilan zəhəri hələ də qalmaqdadır. Estoniyaya ilan zəhərinin ixrac edilməməsiylə bağlı nazirliyin qərarından sonra biz bazardan çıxdıq. Bu zaman Estoniya ilan zəhərini Belarus və Rusiyadan almağa başladı. Həmin vaxtı bazar da məhdudlaşdı. Əvvəlki tibb bazarı ilan zəhərindən hazırlanmış tibb preparatını satmadı. O zaman ilan zəhərinə ehtiyac da azaldı. Səhiyyə Nazirliyi Estoniya bazarından çıxandan sonra yeni bazar formalaşdıra bilmədi. Artıq 30 ildən çox müddətdir ki, həmin zəhər saxlanılır.
-Maraqlıdır, qaldığı zaman zəhərin tərkibi dəyişib, keyfiyyəti itmir ki?
-Əlbəttə, tibbi xammal kimi yararsız hala düşüb.
-Deyilənlərə görə, 1 qram ilan zəhəri bir barel neftin qiymətindən bahadır. Bu, həqiqətən belədir?
-İstehsalçı olan heç bir təşkilat bu gün ilan zəhərinin qiymətini açıqlamır. Bu, kommersiya sirridir. Əldə etdiyim məlumata görə, xammalın qiyməti 400-500 dollar arasında dəyişir.
-Azərbaycan ilan zəhərini yenidən istehsal etsə, hansı sahələri inkişaf etdirə və əlbəttə ki, xeyir verə bilər?
-İlan zəhəri istehsalı təbii resursun hesabınadır. Yəni başqa heyvanlar kimi şəxsi təsərrüfatında saxlayasan, satasan, məhsul əldə edəsən və s. belə deyil. İlan zəhəri təbiətdə olan ilanların ovlanılması və süni şəraitdə saxlanılması ilə əldə edilir. Yəni, ilan zəhəri istehsal olunsa da, bunun alınması tam təbii resurslardan asılıdır. Azərbaycanda gürzə ilanlarının zəhəri istehsal olunub. İldə neçə dəfə, hansı mövsümdə, hansı ərazilərdən, nə qədər gürzə ovlanılması ilə bağlı norma qoyulur, kvota müəyyənləşir. Buna uyğun olaraq ilanlar qanuni şəkildə ovlanılır. Bundan sonra ovlanılmış ilanlar gətirilib süni şəkildə saxlanılır və ilan zəhəri istehsal olunur.
Azərbaycanda olan gürzə ehtiyatı ilə ildə maksimum 1 kq ilan zəhəri istehsal etmək mümkündür. Qarabağımız çox şükür ki, qaytarıldı. Qarabağ düzənliyində və bir çox ərazilərimizdə gürzə ehtiyatımız var. Buna baxmayaraq, müəyyən şərt və qaydaları gözləməklə Azərbaycan ildə 1 kq yarıma qədər ilan zəhəri istehsal edə bilər. Əgər süni yetişdirmə problemini də həll edə bilsək, bu miqdar daha da çox ola bilər. Bu həm də o zaman mümkün olacaq ki, bizə rəsmi olaraq ilan zəhəri ilə bağlı sifarişlər qəbul olunsun. Bunun bazarı olsun, bilək ki, istehsal olunan ilan zəhəri bəlli yerə, bəlli miqdarda satılacaq. Hələlik ilan zəhərinin satılmasından söhbət gedə bilməz.
-Azərbaycana bununla bağlı sifariş ola bilərmi? Olarsa, siyahıda hansı ölkələr yer alar?
-Avropa ölkələri, elə əvvəlki tək Estoniyanın özündən sifariş ola bilər. Müxtəlif ölkələrdə farmokoloji kombinatlar var. İlan zəhəri tərkibindəki komponentlərə, fermentlərə görə xammal kimi lazımlıdır. Onun tərkibindəki bioloji aktiv fermentlərdən saç möhkəmləndirmədə, dərinin sağlamlığında istfadə edilir.
-Qeyd ediyiniz kimi, ilanın ovlanma mövsümü var. Bu hansı aylarda aktuallaşır?
-Təbii ki, soyuq aylarda ilanlar olmur. İlin soyuq aylarında ilanlar qışlamada olurlar. Haradasa noyabr ayının əvvələrindən martın axırlarınadək ilanlar üçün qışlama dövrü olur. Aprel ayından oktyabr ayınadək ilanların fəallaşan dövrü olur. Çoxalma dövrlərində, yəni may-iyul aylarında onları ovlamaq olmaz. Bu dövrdə ilanların ovlanması qadağandır. Təxminən 80 sm-dən uzun ölçülü ilanlar ovlana bilər. İlanların ovlanılması mövsümü, saya və ölçüsünə görə olur.
-Bayaq dediyiniz kimi, saç və digər kosmetoloji dərman preparatları üçün ilan zəhərindən istifadə edilir. Daha hansı dərmanların hazırlanmasında bu zəhərə ehtiyac duyulur?
-İlan zəhərindən daxilə qəbul üçün nəzərdə tutulan preparat hazırlanmır. Yalnız ağrıkəsici dərman kimi istehsal olunur. Cənub- Şərqi Asiya ölkələrində gürzələrdən xalq təbabətində metodlarla istifadə olunur. O cümlədən ilanların dərisi, qanı, piyi, dərinin üst epidermis qatından da istifadə olunur. Bundan spirtli cövhərlər hazırlanır. Xəstəliklərə qarşı xarici sürtkü materialı kimi istifadə edilir. Bəzi ölkələrdə ilan zəhərindən hazırlanan preparatlar daxilə də istifadə edilir. Hazırlanan dərmanı jenşen bitkisinin dəmləməsi ilə qarışdrıb alınan spirtli cövhəri durulaşdırıb, zəif dərəcədə yuxusuzluğa, cinsi zəifliyə qarşı istifadə edirlər.
- Sonda bununla bağlı nə demək istərdiniz?
- İlanların süni şəraitdə daha səmərəli saxlanılması üçün metodların təkmilləşdiliriməsinə ehtiyac var. Biri var ilanı il yarım istifadə edəsən, biri də var 4-5 il istifadə edəsən. Saxlanılma texnologiyasını təkmilləşdirmək lazımdır. Bunun üçün təcrübələr aparılmalıdır. Tədqiqatların aparılması üçün lazımı şərait yaradılmalıdır. Hansı sahələrdə ilan zəhərindən istifadə edilməsi üçün araşdırma aparmaq olar. Xalq təbabəti metodlarından istifadə edib, cövhərlər hazırlamaq mümkündür. Təbii ki, bununçün maliyyə vəsaiti, avadanlıq, cihazlar, labaratoriya şəraiti lazımdır.