Yay tətilini səmərəli keçirmək istəyən insanlar əsasən səfalı bölgələrimizə üz tuturlar. Azərbaycanın rayonlarında otel sayı az, qiymətlər baha olduğundan bütün turistlərin tələbatı ödənmir. Bu səbəbdən insanlar şəxsi evlərdə kirayədə qalmağa üstünlük verirlər.
Cenub.az Konkret.az-a istinadən xəbər verir ki, rayonlara görə qiymətlər də dəyişir. Məsələn, İsmayıllı rayonunun dağ və dağətəyi kəndlərində 50-70 manatdan aşağı ev tapmaq mümkün deyil. Qəbələdə isə qiymət günlük 80-100 manat arasında dəyişir. Quba rayonunda da standart qiymət 70-100 manat civarındadır.
Maraqlısı odur ki, ev sahibləri turistlərdən otel qiymətinə bərabər pul alsalar da, təklif olunan xidmətin səviyyəsi otellə müqayisədə bir neçə dəfə aşağı olur. Belə ki, “od qiymətinə” ev kirayə tutan turist yataq dəstini özüylə gətirməlidir. Bu evlərdə turistlərə heç vaxt gigiyenik vasitələr təqdim olunmur.
Digər məsələ isə internetə çıxış imkanının həmişə müşkülə çevrilməsidir. Belə demək mümkündürsə, ev sahibləri həftəlik 400-500 manatın müqabilində turistlərə 4 divar və 4 çarpayı təklif etməklə kifayətlənirlər.
Qiymətlərin bu qədər baha, xidmətin keyfiyyətinin aşağı olmasına səbəb nədir?
Azərbaycanda ev turizmi nəyə görə inkişaf etməyib?
İqtisadçı Xalid Kərimli problemli məsələ ilə bağlı Yenisabah.az-a danışıb. O əsas səbəbi turizm ənənələrinin olmamasında görür:
“Ev turizminin olmamasının əsas səbəbi turizm ənənələrinin olmamasıdır. Bu bazar tədricən formalaşır. Bəzən insanların da xüsusiyyətlərindən asılı olur. İnsanların çoxu evlərində yad birinin qalmasına razı olmurlar. Bu problemə görə bazara təqdim edilən əmlak sayı azdır. Əmlak bazarına turistik məkanlar, şəxsi evlər təklif olunsa, ortada rəqabət başlayacaq. Rəqabətin sonu qiymətlərin daha sərfəli olmasına gətirib çıxaracaq. Rəqabətin az olması qiymətlərin yüksəlməsinə səbəb olur. Güclü rəqabət yaratmaq mütləqdir”.
İqtisadçı Azərbaycanda turizmin yeni inkşaf etməsini də əsas problem kimi görür:
“Turistik bölgələrdə texnologiyada aşağı səviyyədədir. Ümumi götürsək turizm sahəsində təklif az, xidmətin keyfiyyəti isə aşağıdır. Əhalinin turistik mədəniyyət ənənələrinin yeni formalaşması lazımi keyfiyyətin əsas götürülməsinə imkan vermir”.