Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda evində döyülən kişilərə yiyə duran yoxdur


Qadına qarşı zorakılıq halları mütəmadi olaraq gündəmə gətirilir. Cəmiyyətdə də “zorakılıq” sözü işlənərkən, ağla ilk gələn məhz qadınlar olur. Məsələn, ölkəmizdə hər il 800-dən çox cinayət işi məişət zorakılığı ilə bağlıdır ki, burada şiddətə məruz qalan tərəf daha çox qadınlardır. 

Statistik göstəricilərə görə, ötən 5 il ərzində zorakılıq hallarının təxminən 86 faizi qadınlara qarşı törədilib. Son günlər də ölkəmizdə sıxlıqla qadına qarşı şiddət nümunələrini görürük. Lakin reallıq odur ki, fiziki və psixoloji zorakılığa məruz qalan kişilərin sayı da heç də az deyil.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov hələ 2017-ci ildə ölkədə zorakılığa məruz qalanların 14,5 faiznin güclü cins nümayəndələri olduğunu açıqlayıb. 2019-cu ildə də bu göstərici dəyişməz qalıb.

Ümumiyyətlə, qurum rəsmisinin məişət zorakılığı ilə bağlı müxtəlif dövrlərdə verdiyi açıqlamalara nəzər salsaq görərik ki, “kişilərə qarşı şiddət yoxdur” ifadəsini reallığı əks etdirmir. Doğrudur, fiziki zorakılığa məruz qalanlar arasında 25-34 yaşlı kişilərin sayı azlıq təşkil edir. Amma bu yaşda olan kişilər, əsasən, psixoloji zorakılığa məruz qalanlardır.

Psixoloji araşdırmalara görə, məişət zorakılığının əsas səbəbi ailəyə kənar müdaxilə və maddi problemlərdir. Deyilənə görə, ailədə maddi problem yaranarkən, qadınlar kişilərə psixoloji təzyiq göstərməyə başlayır, münaqişə böyüdükdə isə kişi qadını döyür, yəni bir tərəf psixoloji, digər tərəf fiziki zorakılığa məruz qalır. 

Kişilərin psixoloji və fiziki zorakılığa məruz qalmalarındakı bir digər amili isə onların uşaqlıq və yeniyetməlik dövrü ilə əlaqələndirirlər. Belə ki, ana və atası tərəfindən şiddətə məruz qalan, fikirlərini ifadə etməkdən çəkinən, mütəmadi olaraq əzilən güclü cins nümayəndələri böyüdükdən sonra fərd kimi formalaşmaqda çətinliklə üzləşirlər. Kişinin uşaqlıq problemini bilən bəzi xanımlar isə bundan istifadə edərək onu daha da əzməyə, ailədə güc sahibi olmağa çalışır. Həmçinin fiziki qüsuru olan şəxslər də olur ki, qadınların zorakılığına qarşı hər hansısa müqavimət göstərməkdə aciz qalır.

Dünyadakı zorakılıq göstəricilərinə nəzər saldıqda da kişi zorakılığının az olmadığı görünür. Məsələn, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölkədə hər 4 kişidən biri fiziki şiddət görüb. Cinsi və fiziki şiddət qurbanlarının təxminən 56%-i 25 yaşından əvvəl bu təcrübəni yaşayıb. Ümumən isə ABŞ-da orta hesabla dəqiqədə 20-yə yaxın insan fiziki zorakılığa məruz qalır. Bir il ərzində bu, 10 milyondan çox qadın və kişiyə bərabərdir. Dünya Səhiyyə Təşkilatınınaraşdırmasına görə, kişilərə qarşı fiziki zorakılıq halları 3,4 faizdən 20,3 faizə qədərdir. Qurbanların əksəriyyəti isə uşaqlıqda təhqir və ya pis rəftara məruz qalan şəxslərdir.

İngiltərənin Milli Statistika Bürosunun rəqəmləri isə göstərir ki, məişət zorakılığına məruz qalan hər üç qurbandan biri kişidir. Bu isə ümumilikdə 757 min kişiyə bərabər. Qurumun yaydığı məlumatda bildirilir ki, polisdə qeydə alınan məişət zorakılığı cinayətlərinin 26 faizi kişilərə qarşı törədilib.

Bu gün təkcə Azərbaycanda qadına şiddətə qarşı mübarizə aparan bir çox qurumlar mövcuddur. Bunlardan biri elə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Həmçinin bir çox QHT-lər də var ki, məhz bu kimi halların aradan qaldırılması istiqamətində fəaliyyət göstərir. Lakin şiddətə məruz qalan kişilərin problemlərinə baxan konkret bir qurum və ya sığınacaq barədə məlumat yoxdur.

Mövzu barədə Yenisabah.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bir neçə il əvvəl zorakılığa məruz qalan 2 kişi Birliyə müraciət edib. “Təmiz Dünya”da onlara sadəcə hüquqi və psixoloji yardımın göstərilməsi mümkün olub:

“Kişilər sığınacağa verə bilmərik, amma hüquqi və psixoloji məsələlərlə bağlı Birliyə müraciət edə bilərlər. İndiyədək zorakılığa məruz qalan cəmi 2 kişi olub. Onlara da hüquqi məsələlərlə bağlı kömək eləmişik. Güclü cins nümayəndələrinin müraciəti bir-iki il əvvəl olub. Hər iki şəxs də qadın tərəfindən psixoloji zorakılığa məruz qaldığını bildirib. Birinin xeyli yaşrı vardı, uşaqları böyük idi, digərinin övladları 10 və 12 yaşlarındaydı. Hər ikisi Bakı sakini idi. Çalışdıq ki, onlara daha çox uşaqlarıilə bağlı məsələlərdə köməklik göstərək. Qəyyumluğa müraciət etmələrini tövsiyə etdik. Yekunda isə hər iki kişi boşandı”.

Sayad HƏSƏNLİ





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10