Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakıya ən yüksək nöqtədən baxan Tural: “Kran aşdı, dostum kabinədə həlak oldu” - Həyatın içi


“Həyatın içindən” layihəsindən kran sürücüsü Tural İsrafilov ilə müsahibəni təqdim edirik

- Bir az özünüz haqqında məlumat verərdiniz.
- 1993-cü il, mayın 7-də Göyçay şəhərində doğulmuşam. İki qardaşıq, mən evin balacasıyam. Göyçayda doğulmuşam, amma Bakıda böyüyüb başa çatmışam.
- Valideynləriniz nə işlə məşğuldur?
- Atam ticarətçidir. Qardaşım da inşaatda texnika işlədir. Mən 4 il hazırlıqlara getdim, amma universitetə qəbul ola bilmədim. Sevgi məsələlərinə görə başım qarışdı, ona görə qəbul ola bilmədim (gülür). Mən universitetə qəbul ola bilməyəndə müəllimlərim ağladılar. Məktəbdə bir az avara, dalaşqan idim, ancaq yenə də müəllimlərim məni çox istəyirdi. Universitetə girə bilməyəndə də çox heyfsiləndilər.
- Neçənci sinifdə eşqə düşdünüz ki?
- 7-ci sinifdə. Dəhşət sevgi yaşadım.
- Onunla evləndiniz?
- Yox, alınmadı. Qismət deyilmiş.
- Qız da sizi sevirdi?
- Hə, özü də dəhşət. Qarşılıqlı sevgi yaşamışıq. 70 nömrəli məktəbdə oxumuşam. O məktəbdə 20 il ərzində beş-on həqiqi sevgi olubsa, onun biri də bizimki idi: Cəmilə və Tural. Sinfimiz 3 dəfə dağılmışdı, amma direktorun özü gəlib məhz bizim ikimizi eyni sinfə keçirirdi, çünki sevgimizi bilirdi. Bilirdi ki, bizi ayırmaq imkansız bir şeydir.

- Sevgilinizlə yadınızda qalan hansı xüsusi hadisə olub?
- Xahiş edirəm, mümkünsə o xatirələrə qayıtmayaq.
- Bəs niyə qovuşmadınız?
- Alınmadı də. Mənim səhvim oldu. Bir az da ailə problemləri.
- Qızı sizə vermədilər?
- Verirdilər, amma bir az səbr etməli idim. Mən də səbirsiz davrandım. Dayısını döydüm, xalası uşaqlarını döydüm, atası ilə, qardaşı ilə dalaşdım. Özünə də dedim ki, nə ata e, ata mən! O da deyirdi, səbirli olaq. Mən də deyirdim, nə səbir!
- Niyə dalaşırdınız ki?
- Elə bir ərəfə idi ki, gözüm təkcə onu görürdü. İndi ailəliyəm, bir oğlum var. Ona yazdığım məktubları ailə həyatı qurandan sonra dostuma verdim. İndi-indi açıb oxuyuram, baxıram, gülürəm. O qız mənə yazdığı məktublarda gündəlik həyatını saatbasaat yazırdı. Saat 8-də evdən çıxdıq, anamla həkimə getdik, həkim ağbaş bir kişi idi... Hər şeyi yazırdı. Belə...

- Başqası ilə ailə qurdu?
- Yox, deyəsən, subaydı.
- Unutmamısınız onu?
- Onu unutmaq mümkünsüz bir şeydir.
- Öz xanımınızla necə ailə qurdunuz?
- Öz xanımım qohumumdu.
- Münasibətiniz necədir?
- Buna münasibətim daha yaxşıdır, bu, ondan da gözəldir.
- Sevib evləndiniz, ya qohumluğa görə?
- Sevgi deyəndə, qohumluq və əlbəttə sevgim də var yoldaşıma.
- Ümumiyyətlə, Azərbaycanda sosial məsələlər, ev, iş - bunlar çox vaxt sevginin itməsinə səbəb olur. Sizdə vəziyyət necədir?
- Hər şey normaldır.
- Sosial problemləriniz var?
- Xeyr.
- Eviniz var?
- Bəli. Ata evidir, onlarla birgə qalırıq.

- Bu sənəti, peşəni necə seçdiniz?
- Məktəbi bitirdim, əsgərliyə getmədim, evdəkilər məni saxlatdılar. 2010-cu ildə hava limanı tikilirdi, orada qüllə kranlara işarətçi lazım idi. Ora düzəldim, başladım işləməyə. Sonra o işdən çıxdım, getdim başqa yerlərə, məni işə götürmədilər. Hərbi xidmətə yararsız idim deyə... Mən də ərizə yazıb getdim əsgərliyə. Hərbi xidmətdən qayıdandan sonra bir layihədə işə düzəldim. Kranı da onda öyrəndim.
- Hərbi xidməti harada keçdiniz?
- 2013-2014-cü illərdə Tərtərdə xidmət elədim.
- Kranı öyrənməyiniz nə qədər vaxt aldı?
- Bir neçə ay...
- Çətindi öyrənmək?
- Əlbəttə, çətindi.
- Qalxdığınız ən hündür yüksəklik nə qədər olub?
- Mən 50 metrdə olmuşam, indi də 50 metrdə işləyirəm, amma 250-260 metr də olur.
- Qorxmursunuz?
- Təzə-təzə qorxurdum, təxminən beş-altı aya, bir ilə adam öyrəşir. Özün kranı tək idarə edəndə, qorxmursan. Başqasının kranında olanda qorxur adam.

- Siz özünüz nə vaxtdan tək idarə edirsiniz?
- 2014-cü ildən.
- Hər peşənin peşəkarı, lideri olur. Sizin peşədə də var?
- Bizdə də var. Salyanlı Arif. Ləqəb də qoyublar: “Çotkiy Arif”. Dəqiq işləyir deyə. Sonra mənim yerlim var, göyçaylı Asif, o da qəşəng işləyir. İşin peşəkarıdırlar. Qabiliyyət, bacarıq təcrübədən də vacibdir, məncə.
- Sizin işdə ən təhlükəli olan məqam nədir?
- Ən təhlükəlisi küləkli havadır. Küləkdə işləmək olmaz. İndi də külək başlayıb deyə işi saxlamışıq.
- O kabinənin içini bizə təsvir eləyin də. Əlinizin altında nə var orda?
- Hər şey var. Kondisioner, yemək, çay...
- Gününüzün neçə saatını orada keçirirsiniz?
- Saat 8-dən 6-ya kimi.
- Heç düşmürsünüz ordan?
- Mən naharda düşürəm, amma adam var, elə orada yatıb qalır.
- Necə düşüb-qalxırsınız?
- Əl-ayaqla. Hörümçək adam kimi (gülür).
- Qadınlar var bu peşədə?
- Deyəsən, üç nəfər var. Bizdə azdı e. Xaricilərdə çoxdu. Ruslarda hamısı, demək olar, qadınlardı. Onlar çox içirlər deyə qorxmurlar.

- Məvacib nə qədərdir?
- Aylıq 1000 manat.
- Dəyir o zəhmətə?
- Yox, dəymir. Əvvəl daha yaxşı idi maaş. 1500, 2000, 2500...
- Bir tikintidə nə qədər işləyirsiniz?
- Dəyişir. Məsələn, indi olduğum yerdə 4 aydır işləyirəm.
- Kabinədə darıxanda başınızı nə ilə qatırsınız?
- Telefon, Vatsap... Kabinədə oğlumun şəklini yapışdırmışam, 1 yaşı var. Əsəbiləşəndə, ya darıxanda onun şəklinə baxıram.
- Nəyə əsəbiləşirsiniz?
- İşdi də, gərginlik olur, ya kiməsə əsəbiləşirik.
- Ən böyük təhlükəni nə vaxt yaşamısınız?
- Bir dəfə krana yük qoşmuşdular. Bahəddin kişi var idi. Çox da danışandır. “”Vır-vır-vır!” Yükü qaldırırdım. Sən demə, yük harasa ilişibmiş. Yük harasa ilişəndə, krana iki-üç qat ağırlıq düşür. Yükü elə çıxardım, aləm dəydi bir-birinə, elə bildim, kişi öldü. Qışqır-bağırla birtəhər yola verdi məni. Onda çox qorxmuşdum. Girməyə deşik axtarırdım.
- Elə hallar baş verəndə, məsuliyyəti kim daşıyır?
- Məsuliyyət birbaşa məndə olur.
- Belə deyək, göyün yeddinci qatında olursunuz da. Onda nə düşünürsünüz?
- Düşünürəm ki, bircə tez aşağı düşsəydim (gülür). Amma bir kran idarə edən dostum var, lap günlərlə yatıb orda qala bilər. Çox rahat adamdı. Mən isə sıxılıram, düşüb gəzmək istəyirəm. Adam nə qədər eyni yerdə oturar?
- Aşağıda olanda, gündəlik həyatınızda nə ilə məşğul olursunuz?
- Hamı kimi normal həyat... Evə gedirəm, uşağımı gəzdirirəm. Toylara gedirəm.

- Oğlunuzun da bu işlə məşğul olmağını istəyərdiniz?
- İstəyərdim. Nə işlə məşğul olur-olsun, əsas odur, işinin peşəkarı olsun. Bayaq dediyim o Arif kimi olacaqsa, olsun.
- Başqa nə vaxt qorxmusunuz?
- Bir dəfə kranla yük daşıyanda işıqlar söndü. Kranlar da işıq sönsə belə “tormız” eləmir. Onda çox qorxmuşdum, Allah üzümə baxdı, on-on beş saniyəyə işıq yandı.
- Qəza eləməmisiniz indiyə kimi?
- Heç vaxt qəza eləməmişəm, bir nəfərin də barmağını əzməmişəm. Çünki səbirlə, təmkinlə işləyirəm. İşimi ehtiyatlı görürəm.
- Qəzalar olub, ümumiyyətlə?
- Olub. Bir dostum var idi, Elvin. O kran qəzasında öldü. Kran aşmışdı. Deyəsən, öz səhvi idi. Xəbəri eşidəndə özüm də kranda idim. Rəngim ağappaq oldu. Tez yerə düşdüm. Dedim, işləmirəm və getdim. Çox yaxşı insan idi. Özümə görə qorxu keçirmədim, ona görə pis oldum. Bu iş hamıya asan gələ bilər, amma elə deyil. Çox riskli, gərgin işdir. Bəlkə, səsimdən, danışığımdan da bunu hiss edə bilərsiniz.
- Peşman deyilsiniz bu işi seçdiyiniz üçün?
- Yox, peşman deyiləm.
- Niyə təzədən universitetə qəbul olmaq üçün cəhd etmədiniz?
- İstəmədim, soyudum. Kollecə qəbul ola bilərdim o balla, onu da istəmədim. Əsgərlikdən gəlib polisə düzəldim, ora da getmədim.
- Heç yerdə qərar tutmayıb burada niyə qərar tutdunuz? Qazanca görə?
- Əlbəttə, qazanca görə. Bu işi qoyub hansısa 300-400 manatlıq bir işdə işləyə bilmərəm. Doğmaca bibim oğlu 250 manata mühafizəçi işləyir. Özünə də deyirəm, 250 manat sənin nəyinə bəs edir? İşim ağır olsa da olar, əsas odu yaxşı pul qazanım. “Avroviziya” keçiriləndə burda işlər dayandı, gedib Dağıstanda fəhlə işlədim, dəmir işində...

- Aydındı...
- Sizə maraqlı bir söhbət edim. 2013-cü il idi. Bizim Rusif adında kran yoldaşımız var, bütün inşaata həyəcan siqnalı verdi. Hamımız təlaşla yığıldıq bir yerə ki, görəsən, nə olub? Məlum oldu ki, krana naməlum kimsə çıxıb. Biri deyir, qız çıxıb, biri deyir, oğlan çıxıb. Hərənin ağzından bir avaz gəlir. Qorxuruq ki, kimdirsə özünü atacaq, ya bəlkə terroristdir. Ümumiyyətlə, qapıdan necə keçib? Rusiflə ratsiya ilə əlaqə saxlamışıq, kranda, kabinədədir, deyir, bilmirəm kimdir, dilini də başa düşmürəm, çay süzmüşəm, çay içirik (gülür). Nəsə, gözlədik. Sonra gördük, bir şortikli oğlanla qız aşağı düşdü. Oğlan ingilis idi, qız ukraynalı. Xaricilərdə axı adrenalin üçün yüksəklikdən tullanmaq kimi şeylər var. Bunlar da bunun üçün qalxıblarmış. Guya oğlan qızın ad gününə belə hədiyyə edəcəkmiş. Gecə vaxtı idi özü də. Belə bir maraqlı hadisə olmuşdu.
- İstirahətinizi necə edirsiniz?
- 4 aydır fasiləsiz işləyirəm. 10 günlük icazə alıb ailəmlə rayona gedəcəm. Artıq hiss eləyirəm ki, çox yorulmuşam. İldə bir dəfə 24 gün məzuniyyətimiz var.
- Sevdiyiniz qızı axırıncı dəfə nə vaxt görmüsünüz?
- Toyumdan bir ay əvvəl. İki il bundan qabaq.
- Harda gördünüz?
- İşdən gəlirdim. Məndə qəribə bir şey var, məsələn, metroda gedirəm, onu düşünürəm, qəfil, çönüb görürəm, yanımdadır. Bu söhbətlər yəqin, indi qeyd olunmayacaq da (gülür).
- Olunacaq...
- Olunmasın (gülür). Adam bir insanı həftənin altı-yeddi günü yuxuda görər? Yuxudan oyanıram ki, ta əl çək də məndən! Hə, axırıncı dəfə onda görmüşdüm, bibimgilə gedəndə. Toyumdan bir ay əvvəl. Bir də gördüm, məni çağırdı, salam verdi. Oturduq, hər şeyi danışdıq. Amma artıq gec idi də, iş işdən keçmişdi.
- Xanımınız nə işlə məşğuldur?
- Evdardır.
- Sənəti nədir?
- Bağça müəlliməsi.
- Qoyarsınız işləsin?
- Xeyr!
- Niyə?
- Mən işləyirəm də. O işləsə, uşağa kim baxacaq? Mənə nəsə olsa, nə vaxtsa işləyər. Uşağa, atama, anama kim baxacaq bəs? Heç kim bunu səhv başa düşməsin.
- Ona ayda nə qədər pul verirsiniz?
- Mən qadına pul vermirəm heç vaxt.
- Bəs, özünə nəsə almaq istəsə? Kosmetika, şampun, mur-muncuq...
- Nə istəsə özüm alıram.
- Axırıncı dəfə xanımınıza nə almısınız?
- Ətir almışam.
- Nə vaxt, 8 Martda?
- Hə.
- Ad günündə nə alacaqsız?
- Ad gününə hələ var. Nə istəsə alaram.

Samirə Əşrəf
Ulucay Akif





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10