Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür


Tənqidçi Mehman Qaraxanoğlunun “Məğlub olmayanlar” essesini təqdim edirik.

(Həmid Piriyevin “Məğlub”u haqda qeydlər)
Çin mifologiyasının şair qəhrəmanı Xan Fuk poeziyada ən yüksək zirvələri fəth etmək üçün əziz atasından ayrılıb, dünyalar qədər istədiyi sevgilisiylə əvvəlcədən müəyyənləşdirilmiş toyunu da təxirə salıb, cəmi bircə dəfə yuxu və ya qarabasma kimi gözünə görünən İlahi Söz Ustadının arxasınca naməlum istiqamətlərə yol alıb gedir. Uzun yolçuluqdan sonra o, öz məqsədinə çatır; qocanı bambuqdan düzəldilmiş tənha daxmasının qabağında, saman həsirin üstündə ud çalan yerdə görür. Ustad onu görsə də, musiqini yarımçıq kəsmir, ayağa qalxmır, salamlaşmır, yalnız təbəssüm göstərir ona. Burada olduğu müddətdə zamanı və əvvəlki “yüklənmiş” yaddaşını unudan gənc, keçmiş şeirlərinə nifrət etməyi də öyrənir. Sərhədsiz zaman daxilində o, ucsuz-bucaqsız harmoniyaya qovuşur və yenidən doğulur... (Bu haqda Herman Hessenin məşhur “Şair” essesi vardır)
Mifoloji mətndə ən çox diqqətimizi cəlb edən “keçmiş şeirlərinə nifrət etmək” ifadəsi oldu. Gənc və çox istedadlı Həmid Piriyev cəmi 47 səhifəlik portret şeir-hekayə və monoşeirlər kitabını “Məğlub” adıyla “Çardaq” nəşriyyatında (“Zirzəmi”nin antonimi kimi qəbul edin!) çap etdirməsi və həmçinin həmin şeirlərin ümumi ruhu istər-istəməz sözügedən ifadəni xəyalımda ağ-qara fonda yenidən vizualllaşdırdı. Kitabın redaktoru Ataqam, tərtibçisi Nizami Əlisoy, rəssamı isə Əminə Baloğlanovadır. İthaf da çox maraqlıdır: “Sənə və yandırdığım şeirlərin xatirəsinə”. Bəri başdan deyirik: Əgər bütün yazdıqlarımıza şedevr kimi baxıb, “axsaq”, zəif və “boz”larını yandırmağa əlimiz qalxmırsa, vay bizin halımıza! Məəttələm o yazarlara ki, onlar ta əvvəldən şirinquş sümürən uşaqlar kimi ömürlərində bircə dəfə özlərinə qarşı üzə bilməyiblər! Mövcud stereotipləri dağıdıb gənc qələmdaşlarına nümunə olan Həmid Piriyev öz məğlubiyyət səbəblərini başqalarının boynuna yıxmır, ədəbi reputasiyadan bir qıram da olsa asılı olmadığını səssizcə bəyan edir və keçmiş şeirlərindən sanki biryolluq yaxa qurtarmaq istəyir. Obrazlı desək, “keçmiş şeirlərinə nifrət edən” Həmid məhz “çardaq”da da bu şeirlərin fatihəsini oxumalıydı. Və belə də olur...

Vaxtilə Həmidin “Yerüzündə axırıncı gecə” hekayəsini doğma Kulisə təqdim edərkən yazmışdıq:
“Bilirsiniz, bu gənc istedad, həqiqətən, öküz zəhmətkeşliyi ilə adamı heyrətləndirir. Şeir, tərcümə, reportaj, hekayə, roman, sosial şəbəkələrdə qeyri-ənənəvi kommetlər və s. onun qələmindən sürətlə çıxır. Konveyrdən çıxan məhsullar kimi. Adama deyərlər, eheyy, hara tələsirsən?! Deyəkmi hara tələsir? Tezbazar özünü “bitirməy”ə. “Fərasətli” oxucu hesab olunan tənqidçilərin biganəliyi də özünü bitirmək ritualını sürətləndirir. Çünki gənclik özünütəsdiqə hədsiz dərəcədə meyillidir. Belə də olmalıdır! Tənqidçilər isə hind filmlərindəki qanun keşikçiləri kimi həmişə sonda yetişirlər. Gözümüzün önündə nə qədər parlaq istedadlar məhv olub!”.

Kimin xoşuna gəlir, gəlsin, kimin xoşuna gəlmir, gedib su içsin, Həmid Piriyev Abşeron rəssamlarının zaman-zaman rəngkarlıqda etdiklərinibu gün nəsrdə eləyir; həzinliklə qabalıq, doğru bildiyimiz yalanla qart bağlamış həqiqət, “primitiv” nostolji ilə çulğaşan qəddar rasionallıq onun yaradıcılığında çox qabarıqdır. Və bütün bunların fonunda o, reallığı ideallaşdırmadan olduğu kimi təsvir etmək üçün çabalar göstərir, ənənəvi üslubçuluq azarından qurtulmaq üçün daima mücadilə aparır. Onu nəsrdə əsl gənc “abşeronçu” adlandırmaq olar. “Abşeronçu” olmaq haradasa tabulara qarşı çıxmaq, üsyançı olmaq deməkdir.

Abşeron hara, qrafoman sentimentallıq, klonlaşdırılmış romantika, şizofrenik məhəbbət oyunları hara?
Cavad Mircavadov olan yerdə bunlardan söhbət açmaq, sadəcə, banallıqdır, həqiqəti aparıb min kilometr uzaqlıqlardakı qumluqda basdırmaq (Necə ki, Mircavadov öz divlərini basdırırdı) kimi bir şeydir.
Ən azından, rəhmətlik Tahir Salahovun “Abşeron qadınları”ndan utanmaq lazımdır.
Həmişə düşünmüşəm ki, nəsrimiz rəssamlıqdan çox-çox geri qalır. Məsafəcə yüz kilometr, zamanca yüz il. Hələ indi-indi, son illərdə həmin uzaqlıqlar minumuma enməkdədir. Amma rəssamlıq da bir yerdə durmur, axı...
Həmid Piriyevin və ümumən, bügünkü bəzi gənclərin (Yaxşı olar “bəzi”nin yerinə bir-iki ad yazım: Kazim Kazomoviç, Orxan Saffari, Emil Rasimoğlu, Müşfiq Şükürlü və s.) yaradıcılığı haradasa mənə küçə incəsənətini (Və ya çöl!) xatırladır. Küçə incəsənətinə qarşı bizdəki aqressiya başadüşüləndir. Çünki biz hər şeyin hazırını - rəndələnmişini, hamarını istəyirik. Bununla təbiətə qarşı çıxdığımızın fərqinə varmırıq, çünki orada başqa cürdür – kələ-kötürlük hamarla, düzən xaosla, qanqal güllə iç-içə nəfəs alır. Məsələ elə bu “nəfəs” sözündədir; küçə incəsənəti bomboz küçələrə bir rənglilik qataraq etiraz fonu yaradır, gözlərimizin alışdığı mizanları – təyinatlı aktyor performanslarını, səhnə, loja və pərdəni yerlə-yeksan edib, məkanı – sinəni böyüdür, nəfəs genişliyi yaradır.

İngiltərədə müasir İncəsənət Cəmiyyətinin əsası 1910-cu ildə qoyulmuşdur. Adətən, “müasir”lə yanaşı, “modern” sözü də işlənib. Özlərini modernist adlandıranların hamısı, şəksiz ki, “lüks” məhsullar yarada bilməz. Müəyyən individual klassifikasiyalar aparıb, modern incəsənəti “axmaq incəsənət” (Brayan Eşbi) adlandıranlar da olub. Bütün hallarda - istər incəsənət “axmaq” olsun, istər “ağıllı”, fərqi yoxdur, o, nəyisə, ən azı, “gözəl olmayan həyat”ı (Tarkovski) kompensasiya etməyi bacarmalıdır.
ADO-nun (Azərbaycan Dağınıq Oda Teatrının) yaradıcısı, rejissoru və aktyoru Elmin Bədəlovun bu arada küçədəki “oyunbazlığı”nın da polis tərəfindən “yumşaq” təpki ilə qarşılanması dediklərimizlə ilişkilidir.
Küçə hara, azad incəsənət hara?!
Bəs azadlıqsız incəsənət mövcud ola bilərmi?
Axına qarşı üzmədən nəyəsə nail olmaq qeyri-mümkündür. Və... nəsillərarası qarşıdurmalar da labüdləşir. Kiçik bir misal gətirək: Binaların “rənglənməsi”nə gənclər sakitcə baxıb keçə bilərlər, amma yaşlıların öz binalarının “inqilablaşması”na qarşı dirənişləri, ən azından, aşağıdakı suallarla faktlaşa bilər:
Çəkdiyiniz rəsm siyasi deyil ki?
Niyə binamızı korlayırsınız?
Ədəbiyyatda da oxşar mənzərədir. Az qala “etirazçı” cavanları ədəbiyyat evini zibilləməkdə suçlayan qocalar zühur edir. Guya bu ev məhz onlara məxsusdur. Əslində, onların saxta təəssübkeşliyi arxasında öz şəxsi maraqları durur; dövlətdən ev, villa, medal, vəzifə qoparmaq azarları... İmkanları olsa, “ədəbiyyat evi” adlanan absurd nəsnəni də öz nəvələrinin adına keçirərlər. Ruhən azad olmayan incəsənət, o cümlədən, ədəbiyyat ölümə məhkumdur.
Hekayəçilik “Məğlub”da toplanan şeirlərin canı, qanıdır. Bu tip şeirlərdən hekayəyə adlamaq, zənnimizcə, Həmid üçün çətin olmayıb, əksinə, kibrit çəkib onları “yandırmaq qədər” asan olub və küllərini səpməklə də şeir və hekayə sahillərini birləşdirə bilib. Sərt, tikanlı, “kobud” dil qayıq funksiyasını yerinə yetirib:
Adı hacıydı amma bərk söyüş söyəndi
Ağzını açdısa vur ağzının üstündən
Hamını söyürdü
Adam keçirdi söyürdü
Qarğa uçurdu söyürdü
Mən anadangəlmə hacıyam deyirdi
Amma söyürdü
(“İtirilmiş ömrün romantikası”)
Nağılvari intonasiya şeirdəki aqressiyanı, nevroloji tonu götürür sanki. Əksər şeirlərində bu intonasiya hakimdir. Yenə də Mircavadovun rəsmləri gəlib durur gözümüzün önündə. Adam heyrət edir: Qəddarlığı, yırtıcılığı, hiyləgərliyi, fəndgirliyi (Yeri gəlmişkən, Həmidin “Fəndgir” adlı şeiri də var) misilsiz rəng kontrastları ilə vermək əsl möcüzədir.

“Gənc romançıya məktublar”daMario Varqas Lyosa romançıları iki qismə bölür: Qrammatikaya əməl edənlər və qrammatik qaydaları pozanlar.
Zənnimizcə, Həmid Piriyevin yeri bu ikisinin arasındadır...

Kulis az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10