Zərif cins sükan arxasında və ya pərdə arxasındakı həqiqət
Zemfira Ağayeva: “İşi qadın aparır, amma hər şey həyat yoldaşının adına yazılıb”
Qadın sahibkarlığı indi bütün dünyada trenddədir. Ölkəmizdə də fəal şəkildə inkişaf edir, baxmayaraq ki, bir çox ekspertlər biznesdə gender məsələsinə diqqət yetirməyə ehtiyac olmadığını düşünürlər. Bir tərəfdən, Azərbaycanda qadınlar və kişilər üçün həqiqətən bərabər şərait mövcuddur. Digər tərəfdən, biznesin bir qadının işi olmadığını göstərən stereotiplər hələ də mövcuddur. Bundan əlavə, zəif cins biznes və ailə qayğıları arasında bir tarazlıq tapmalıdır.
Bəzi hesablamalara görə, qadınların kişilərlə bərabər sahibkarlıq fəaliyyətinə cəlb edilməsi qlobal Ümumi Daxili Məhsulun (ÜDM) təxminən 10%, dünya iqtisadiyyatının isə əlavə 5 trilyon dollara qədər artımını təmin edə bilər. Sahibkarlıq əvvəllər əsasən kişi işi idisə, indi dünyanın əksər ölkələrində gender fərqi azalmaqdadır.
İqtisadi İslahatların Təhlili Mərkəzinin məlumatına görə, Azərbaycanda hər beşinci fərdi sahibkar qadındır. 2020-ci ildə 174.329 sahibkarlıq subyekti qeydiyyata alınıb ki, onlardan 9230-u kommersiya hüquqi şəxs, 165.099-u fərdi sahibkardır. Qadınlar 1.373 (14.8%) kommersiya hüquqi şəxs, 33.742 (20.4%) isə fərdi sahibkar kimi qeydiyyata alınıblar.
Azərbaycan Qadın Sahibkarlar İctimai Birliyinin sədri Zemfira Ağayeva AYNA-ya müsahibəsində ölkədə qadın sahibkarlığının inkişaf istiqamətlərindən danışıb.
- Təşkilatınız ölkədə qadın sahibkarlığının inkişafı üçün hansı addımları atır?
- Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi fəaliyyətə 1998-ci ildə başlayıb, 2001-ci ildən Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Ölkədə qadınların iqtisadiyyatın inkişafında rolunun artırılması və sahibkarlığa cəlb edilməsi, onların təhsili prioritet fəaliyyətimizdir. Bu məqsədlə mütəmadi olaraq seminarlar keçirilir, eyni zamanda qadınlarımıza xarici dillər, İKT bacarıqları, müvafiq iqtisadi məlumatlar, qaynaqlardan faydalı istifadə, bilik, bacarıq və s. aşılanır. Hazırda birliyimizin nümayəndəlikləri Azərbaycanın 20 bölgəsində fəaliyyət göstərir. 16 inkişaf etmiş ölkədən olan qadın sahibkar birlikləri ilə əlaqə qurmuşuq və əməkdaşlıq edirik.
Qeyd etmək yerinə düşər ki, 2002-ci ildə təşkilatda 870 nəfər, 2004-cü ildə 1500, 2008-ci ildə 2500, 2015-ci ildə 5000 nəfər qadın sahibkar təmsil olunurdu və hazırda onların sayı 7 min nəfərdən çoxdur. Üzvlərimizin 70%-ni gənclər təşkil edir. Gənclərimizin əksəriyyəti sahibkarlıqla bağlı peşə hazırlığı kurslarına gəlir.
Sahibkarların və gənc sahibkar qadınların fəaliyyətini stimullaşdırmaq və inkişaf etdirmək, həmçinin beynəlxalq sərgi və forumlarda iştirakını təmin etmək üçün mütəmadi olaraq peşəkar təlim kursları, seminarlar, təlimlər, sərgilər təşkil edirik. Gənc sahibkar qadınların mentorlarla görüşləri, müzakirələr, biznes forumları, gənc sahibkar qadınların hazırladıqları məhsulların sərgiləri davamlı olaraq keçirilir və dəstəkləyici tədbirlər təşkil olunur. Sərgilərdə dövlət qurumlarının və digər icraçı təşkilatların nümayəndələri, bank və vergi nümayəndələri, mentorlar iştirak edir.
- Sizcə, yuxarıdakı statistika qadın sahibkarlığı sahəsində real vəziyyəti əks etdirirmi?
- Real araşdırmalar göstərir ki, sahibkarlıqla məşğul olan qadınların çoxu arxa planda olur. Məsələn, bir qadın işi aparır, amma hər şey həyat yoldaşının adına yazılıb. Və ya bir qadın işlə məşğuldur, amma sahibkar kimi qeydiyyatdan keçmir. Bu vəziyyət təbii ki, statistikaya mənfi təsir göstərir.
- Qadın sahibkarlar ümumiyyətlə, hansı sahələrdə işləyirlər və hansı çətinliklərlə üzləşirlər?
- Qadın sahibkarlar ən çox təhsil və xidmət sahələrində çalışırlar. Çətinlikləri sadalasaq, əsas problem qadınların öz hüquqlarını bilməmələri, iqtisadi bilgilərin olmamasıdır. Məlumatlı qadın üzləşdiyi problemləri özü həll edir. Özünü daha inamlı hiss edir və dəstəyə ehtiyacı yoxdur.
Ölkəmiz üçün məişət zorakılığı kimi əhəmiyyətli bir problemə də toxunmaq istərdim. Məişət zorakılığının əsas səbəblərindən biri yenə də qadının öz hüquqlarını bilməməsi, təhsilinin olmaması, ailədə iqtisadi böhran və erkən nikahdır. Dünyanın əksər dövlətlərində aktual olan bu problemi həll etmək üçün qadınlara təhsil, hüquq və vəzifələri haqqında məlumatların verilməsi və peşə orientasiyası verilməsi vacibdir. Bu halda qadın ayaq üstə durub, taleyinin sahibi ola biləcək.