Rusiyanın “makiyajsız üzü” danışır
Kremlin Azərbaycandan hansı tələbləri var?Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri Vladimir Jrinovskinin açıqlamaları Azərbaycanda sərt reaksiyalar doğurub. Xatırladaq ki, Jirinovski Rusiya mediasına müsahibəsində Qarabağdakı Rusiya hərbçilərinin təhlükəsizliyini tam təmin etmək üçün Bakıya təsir göstərmək lazım olduğunu deyib. Azərbaycanda diktatura mövcud olduğunu iddia edən partiya lideri bildirib ki, prezident İlham Əliyev Moskvanın dəstəyi ilə ayaqdadır, ABŞ prezidenti Bayden istəsə, müxalifət onu iki həftəyə devirər və s…
Azərbaycan XİN avqustun 1-də Rusiyanın müvəqqəti işlər vəkilini dəvət edərək ona rəsmi etirazını çatdırıb. Rəsmi Bakı Dövlət Dumasının deputatı Jirinovskinin qərəzli, təhqiramiz, məsuliyyətsiz və provokasion açıqlamalarından ciddi narahatlığını ifadə edib, bunun iki ölkə münasibətlərinə zərər vurmağa hesablandığını vurğulayıb. Jirinovskinin açıqlamasına və Azərbaycanın notasına hələlik rəsmi Moskvadan cavab yoxdur. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova “İzvestiya” nəşrinə yalnız onu deyib ki, Dağlıq Qarabağ ətrafında vəziyyətin tənzimlənməsi üçün hər gün işlər aparılır.
Vladimir Volfoviç Jirinovski Azərbaycanda və dünyada bir çoxları tərəfindən qeyri-ciddi siyasətçi kimi qəbul olunsa da, nəzərə almaq lazımdır ki, onun partiyası Rusiyanın sistem partiyalarından biridir, oğlu İqor Lebedev isə Dövlət Dumasının sədr müavinidir. LDPR sədrinin diplomatik etiketə, siyasi etikaya ziddi bəyanatları əslində Rusiya dövlətinin daxilindəki əhval-ruhiyyəni əks etdirir, bu baxımdan onun dediklərini əhəmiyyətsiz saymaq olmaz. Elə Azərbaycan XİN-in demarşı da göstərir ki, rəsmi Bakı Jirinovskini kifayət qədər ciddiyə alır. Deməli, bu adamı “Rusiyanın makiyajsız siması” adlandıranlar o qədər də haqsız deyillər.
Onu da xatırlatmaq yerinə düşər ki, bundan əvvəl Rusiya Dövlət Dumasının digər fraksiya rəhbəri, Ədalətli Rusiya Partiyasının rəhbəri Sergey Mironov “Dağlıq Qarabağ Rusiyaya birləşdirilsin” təşəbbüsü ilə çıxış etmişdi. Rusiya Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy isə Azərbaycanı faktiki işğalla hədələmişdi. “Qarabağdakı sülhməramlılara qarşı hansısa təhdid baş verərsə, Azərbaycanın vəziyyəti Gürcüstandan da pis olacaq. Ötən dəfə Tbilisinin götürülməməsi hadisəsi olsa da, bu dəfə ondan betər ola bilər”, – deyə bir neçə ay əvvəlki TV çıxışında Tolstoy söyləyib.
Azərbaycan iqtidarına yaxın deputatlar Jirinovski haqqında nə qədər aşağılaycı ifadələr işlətsələr və onu “axmaq”, “məsuliyyətsiz” adlandırsalar belə, LDPR sədrinin bu tonda danışması təsadüfi deyil. Azərbaycan ictimai fikrində üstünlük təşkil edən versiya bundan ibarətdir ki, Rusiyanın Azərbaycandan tələbləri var və onların yerinə yetirilməsini gözləyir. Bu, Azərbaycanın Kremlin inteqrasiya layihələrinə qoşulması (KTMT, Avrasiya İttifaqı), habelə Qarabağdakı sülhməramlı missiyasını qanuniləşdirilməsindən ibarətdir. Məlumdur ki, Moskvadan təkidli tələblərə baxmayaraq, rəsmi Bakı bu təşkilatlara qoşulmaq niyyətini ifadə etməyib. Paralel olaraq, Bakı Avropa Birliyinə də eyni münasibət sərgiləyir. Ötən ay regionda səfərdə olan Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel Bakıda qəbul edilsə də, Azərbaycan Şərq Tərəfdaşlığı ölkələri rəhbərlərinin iştitrakı ilə Batumidə keçirilən toplantıya qatılmadı. Məlumdur ki, Azərbaycan Ermənistan və Gürcüstandan fərqli olaraq, AB-nin çoxmilyonluq yardım proqramlarından kənarda qalıb. Bu da birmənalı şəkildə Bakının qorumağa çalışdığı balans siyasəti ilə bağlıdır.
Azərbaycan bəyan edib ki, Qoşulmama Hərəkatının fəal üzvü kimi ancaq ikitərəfli əməkdaşlıq xəttinə üstünlük verir. Amma Moskva bu siyasətlə razılaşmır, Bakını öz klublarına daxil etməyə çalışır.
Qarabağda sülhməramlı missiyanın mandatının qanuniləşdirilməsinə gəlincə, ekspertlər bildirirlər ki, 10 noyabr sənədi bəyanatdır və parlamentlərin ratfikasiyasından keçmədiyinə görə hüquqi qüvvəyə malik deyil. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamalarında Rusiya sülhməramlıları haqqında “Azərbaycan ərazilərindəki müvəqqəti yerləşdirilmiş” ifadəsindən istifadə olunur. Yəni işarə edilir ki, Rusiya əsgəri burada müvqqətidir və vaxtı tamam olanda regionu tərk etməlidir. Ötən ayın sonu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan etdi ki, Azərbaycan onlardan fərqli olaraq, sülhməramlıların mandatını təsdiqləyən əlavə sənədi imzalamayıb. Bakı bu bəyanatı təkzib etmədi. Məlumdur ki, yanvarın 8-də Ermənistanın Vatikandakı keçmiş konsulu Mikael Minasyan belə bir sənədin Azərbaycan tərəfindən imzalanmadığını, Bakının Moskva qarşısında əlavə şərtlər qoyduğunu bəyan etmişdi. Bu şərtlər erməni qoşunlarının Qarabağdan çıxarılması, Qarabağa səfərlərin Bakının razılığı ilə təşkil olunması və Xankənində yerli idarəçiliyin Azərbaycan və Rusiya tərəfindən birgə formalaşdırılmasından ibarətdir.
Jirinovskinin məlum çıxışında da bu məsələyə eyham vurulur. Rusiya tərəfi Qarabağdakı əsgərlərinin həyatına hansısa təhlükələrin olduğunu qabartmaqla Bakını sülhməramlıların statusu ilə bağlı sənədi imzalamağa məcbur etmək istəyir. Ancaq LDPR sədrinin çıxışına nota ilə cavab verilməsi Bakının bu təzyiqlərə müqaviməti davam etdirməsindən xəbər verir. Bu müqavimət nə qədər davam edəcək, görəcəyik.
Turqut