- Ayaz müəllim, sabah 61 yaşınız tamam olur. Necə keçdi 61 il?
- Çox maraqlı keçdi. Mən sevmirəm keçmişə nəzər salıb, ondan danışmağı. Çünki həmişə gələcəyə daha ümidlə baxıram və ən əsası özümü hələ yaşlı hesab eləmirəm. Əgər keçmişə qayıdıb nələrisə düzəltmək kimi bir şansım olsaydı, o şansdan istifadə etməzdim. Təbii ki, mənim də səhvlərim olub, ancaq o qədər də çox olmayıb.
- Onda Sovet dövrü üçün də darıxmırsınız, eləmi?
- Mən nəinki Sovet dövrünün həsrətini çəkirəm, hətta o dövrün həsrətini çəkən insanları da sevmirəm. Çünki Sovet həsrətini çəkmək qulun öz zəncirlərinə olan həsrətdir. Mən o dövrü bir vahimə kimi xatırlayıram. İstədiyim kitabları oxuya, istədiyim filmlərə baxa bilmirdim. O vaxt mənim ağlıma gəlməzdi ki, nə vaxtsa Londonu, Parisi görə bilərəm. Bu gün bütün mağazalarda olan adi, ucuz şeylər o vaxt yox idi. O vaxt nişan eləmək üçün konfeti gedib Moskvadan almalı idin. Xaricə çıxmaq olmurdu. Xaricdən gələn adamlara göydən gələn mələk kimi baxırdıq. Doxsanıncı illərin əvvəllərində biz xariciləri necə də qudurtmuşduq, ilahi... Onlara necə də aşağıdan yuxarı baxırdıq. Mənim yadımdadır, o vaxt bulvarda bir Çexoslovakiya sərgisində saqqız paylayırdılar. Uşaqlar da həmin saqqızı almaq üçün saqqız paylayanların üstünə cumdular. Bunu görən təşkilatçılar saqqızları yuxarıdan aşağı uşaqların üstünə səpməyə başladılar. Axı, saqqız nə idi ki, Sovet onu istehsal etmirdi? Həmin mənzərə mənə çox təsir etmişdi. Onlarla belə nümunə deyə bilərəm.
- O nümunələr içərisində kinoya aid olanlar da varmı? Yeri gəlmişkən Sovet dövründə istehsal olunan kinolarımıza münasibətiniz necədir?
- Sovet Azərbaycanında həyat haqqında dərin-fəlsəfi filmlər var idimi? Yox idi. Böyük əsərlər çox az idi. O dövrün filmlərinə nəzər salın, görün o filmlər bu milləti əks etdirirmi? Mən "Ulduz” filminə baxanda dəhşətə gəldim. O film necə də bayağıdır! “Ulduz” filmi ümumiyyətlə biabırçılıqdır, biabırçılıq.
- Bu günün biabırçılıqları hansı filmlərdir? Bu gün çəkilən kommersiya filmlərinə baxmısınızmı?
- Bir dəfə məni bir komediya filminə dəvət etdilər. Təzəlikcə çəkilən komediyalardan biri idi. Düzü, heç öz puluma o filmə bilet alıb getməzdim də. İlahi, mən dəhşətə gəldim. Mən elə bilirdim ki, güldürmək ağlatmaqdan daha çətindir. O filmi və o filmə gülən tamaşaçıları görəndən sonra başa düşdüm ki, bu günün tamaşaçısını güldürmək daha asandır. Mən təəccüb içində gah ekrana baxırdım, gah gülən tamaşaçılara. Axı, o filmi necə çəkmək olar?! Axı, o filmə necə gülmək olar?
- Bəs, çəkməsinlər neyləsinlər? Tamaşaçı o filmi istəyir, pul ordadır, rejissor da onu çəkir.
- Bu nə deməkdir, axı? Necə yəni pul ordadır? Bu qadın deyil ki, desin ki, pul bu kişidədir, buna gedirəm. Bu, kinodur, bu, sənətdir. Bu cür pul qazanmaqdansa, kimisə soymaq daha yaxşıdır. Ən azından oğru təkcə oğurladığı adama ziyan verir. Belə filmlər çəkməklə isə sən millətə ziyan vurmuş olursan. Oğurluq belə film çəkməkdən daha şərəflidir.
- Bir dəfə demişdiniz ki, aktrisalarımız incəsənət naminə soyunmalıdırlar. Bu yanaşmanız xeyli tənqid edilmişdi. Bu gün də həmin fikirdəsinizmi?
- Bəli. Aktrisa həyatda nə istəyirsə onu da geyinsin, bu onun şəxsi işidir. İstəyir hicab geyinsin, ancaq səhnəyə çıxırsa, səhnənin qanunlarına əməl etməlidir. Əgər sənət ondan açıq-saçıq səhnə istəyirsə, o bu səhnələrə çəkilməlidir. Əgər söhbət əsl sənətdən gedirsə. Mən bunu deyəndə mənim üstümə düşmüşdülər. Yenə də deyirəm: Sənət başqa həyat başqa. Həyatda aktrisa özü bilər nə geyinir, ancaq səhnədə o özü deyil, obrazdadır. Qadın həmişə incəsənətdə ən başlıca mövzulardan biri olub. Sənət həyatı göstərməlidir. Məhəbbət də intim də həyatın mühüm tərəflərindən biridir. Bu, sənətdir. Bu sənətin öz tələbləri var. Necə ki, qadın həkim çılpaq kişi meyiti görür və bunu işinin bir hissəsi kimi qəbul edir, aktrisa da bunu işinin bir hissəsi kimi qəbul etməlidir. İstəmirsənsə, seçmə bu sənəti, gəlmə kinoya. Məgər aktrisa həmişə kəlağayıdamı olmalıdır? Mən nəyə görə açıq-saçıq səhnələr çəkəndə xaricdən aktrisa çağırmalıyam?
- Sizin "Yarasa" filmi üçün xaricdən çağırdığınız, kifayət qədər də açıq səhnələrdə rol alan Mariya Lipkina öz müsahibəsində deyir ki, “Yarasa”nın premyerasında həyat yoldaşım həmin açıq səhnələri görəndə pis vəziyyətə düşdü. Dərhal zalı tərk etdi. Təsəvvür edin ki, bunu xaricdən gətirdiyiniz aktrisanız deyir. Bizim kimi hələ də mühafizəkarlığını qoruyan bir toplumun aktrisasına soyunmağı tələb kimi qoymaq ədalətsizlik deyilmi?
- Mən həmin premyerada iştirak edirdim və Mariya Lipkinanın o vaxtkı həyat yoldaşını orda tanımışam. Təbii ki, kiminsə şəxsi həyatına qarışmaq mənim işim deyil. Amma ilkin təəssürat olaraq onu deyə bilərəm ki, o adam ziyalı adam deyildi. Ona görə də bu reaksiyasına təəccüblənmədim. Mən sənət əsərində soyunan aktrisanı müdafiə etməyə həmişə hazıram.
- “Retro” verilişinə başlayanda cəmi 23 yaşınız vardı. Qısa zamanda tanındınız. O yaşda şöhrəti daşımaq çətin olmadı ki?
- “Retro” mənim həyatımda çox böyük rol oynadı. Mən sizə səmimi bir söz deyim, kim deyir ki, şöhrəti sevmir yalan deyir. Şöhrət adamın həyatını xeyli asanlaşdırır. “Retro” mənim taleyimi müəyyənləşdirdi. Moskvadan gələndən sonra kino mühiti üçün çox darıxırdım. “Retro” o vaxt mənə çox kömək oldu. Ancaq onu da deyim ki, məşhurluq mənim üçün həm də məsuliyyət demək idi. Hər dediyim sözün məsuliyyətini hiss edirdim. Deməli, bu yaxınlarda bir mövzu haqqında danışarkən dedim ki, bəs, “Retro”da filan mövzu haqqında heç vaxt danışmamışam. Mən bunu deyəndə bir nəfər sözümü dərhal təkzib edərək dedi ki, Ayaz müəllim, axı, siz 1983-cü ildə bu mövzuda danışıb bu sözü demisiniz? Mən şoka düşdüm. Təsəvvür edin, 1983-cü ildə dediyim bir söz bu adamın yadında qalıb.
- 1983- 1985. Cəmi iki il. Bəs, niyə “Retro”dan belə tez ayrıldınız?
- Bu mövzuya toxunmaq istəməzdim, ancaq mövzu açılmışkən deyim ki, məni “Retro”dan çıxartdılar. Səbəb kimi də onu göstərdilər ki, burjua cəmiyyətini tənqid etmirəm. O vaxt hamı yoldaş Brejnev deyirdi, mən də Fellinidən, Antonionidən danışırdım. Bu da Mərkəzi Komitəni qıcıqlandırırdı.
- Orhan Pamuk “Məsumiyyət muzeyi” romanında yazır ki, bir kanalın olduğu ölkədə məşhur olmağa nə var? Sizcə, bir kanalın olduğu dövrdə yox, indiki onlarla kanalın olduğu dövrdə o məşhurluğu qazana bilərdinizmi?
- Təbii ki, yox. O dövrdə kinoteatrlarda insanlar istədikləri filmlərə baxa bilmirdi. Barlar, diskotekalar yox idi. Əyləncə sahəsi çox məhdud idi, cəmi bir kanal vardı. Düşünürəm ki, populyarlığımın 60%-i o dövrün şəraitinin payına, qalanı mənim payıma düşür. Səmimi desəm, “Retro” mənə daha çox verdi, nəinki mən “Retro”ya. Baxmayaraq ki, məni bu veriliş məşhur edib, “Retro”dan da daha mühüm işlər görmüşəm.
- Şuşada “Xarı Bülbül” festivalında oldunuz. Bu festival yaddaşınızda necə qaldı?
- Bu yaşıma qədər bir çox festivallarda olmuşam, ancaq bu festival... Bu, sadəcə bir festival deyildi, böyük bir tarixi hadisə idi. Bu millət Cıdır düzündə bir daha doğuldu.
- Şuşa haqqında film çəkməyi düşünürsünüzmü?
- Şuşa haqqında film çəkməyə mənim bədii gücüm çatmaz. Mən yalnız Qarabağda həyat normala dönəndən sonra bu mövzuya müraciət edə bilərəm. Amma şəhid anaları haqqında bir sənədli film çəkmək istəyərdim.
- Sizcə Azərbaycan kinosu dünyaya Qarabağ həsrətini çatdıra bildimi?
- Qətiyyən, yox. Kinomuz dünyaya Qarabağ həsrətimizi çatdıra bilmədi. Əksinə, xaricdən dəstək pasifizmə gəlirdi. Hansı filmlərimizi xaric dəstəkləyirdi? O filmləri ki, orda pasifizm təbliğ olunurdu. Guya Azərbaycan xalqı müharibə istəmir, guya Qarabağ unudulub. Bizim kinomuz mənəvi cəhətdən şəhid ailələrinə heç nə verməyib. Veribsə də çox az. Bizim onların yanında üzümüz qaradır.
Müharibə haqqında çəkilən filmlərin əksəriyyəti uşaq təfəkkürü ilə çəkilib. Elə bil ki, fişəng-fişəng oyununu göstərirlər. Bizim təkcə Qarabağ mövzusunda yox, həm də tarixi mövzularda çəkilən filmlərdə böyük problemlər var. Təsəvvür edin, böyük bir şair öz sənətinə görə dərisinin soyulmağına razı olur, ancaq onun rolunu oynayan bir adam qulağının deşilməsinə də razı olmur, sırğanı yapışqanla yapışdırırlar. Külək əsdikcə sırğa uçur. Halbuki Robert Redfort məhbus rolunu oynayanda üç ay türmədə yatmışdı.
- Ancaq xalq sizin adını çəkmədiyiniz filmi şedevr hesab edir.
- Xalqa nə yedizdirirlərsə, onu da yeyir. Deməli, filmdə Teymurləngin oğlu gəlib Şeyxin qızını qaçırır. Təfəkkürə bax. Bütün tarixi hadisələri bir tərəfə qoyub, bunlar qız qaçırır.
- Sovet kinosunda ali instansiya Moskva idi, bu gün ali instansiya haradır, əslində hara olmalıdır?
- Təcrübə göstərir ki, dünya festivalları bizdən konyuktura istəyir. Ona görə də nə festivallar, nə də maddi gəlir dəyər olmalıdır. Kino maddi mədəniyyətin bir hissəsidir. Kino xalqın güzgüsüdür.
- Sizcə, niyə bu gün Azərbaycan filmləri dünyaya çıxa bilmir?
- Dünyaya çıxırıq. Niyə çıxmırıq ki? Filmlərimiz festivallarda nümayiş olunur. Amma yenə də deyirəm festival meyar deyil. Bu gün festivallar kinodan bəzi şeylər istəyir: feminizm, eynicinslilərin münasibəti, pasifizm və s.
- Bəs Sovet kinodan nə istəyirdi?
- Sovet əsas onu istəyirdi ki, hökumətə qarşı bir şey olmasın, çoxmilli ideyalar təbliğ olunmasın. Moskva o rejissorları, o filmləri dəstəkləyirdi ki, həmin filmlərdə adət-ənənələr guya cəhalət adı altında tənqid olunurdu. Mən də əvvəllər belə düşünürdüm ki, o adətlər cəhalətdir. Ancaq zaman keçdikcə anladım ki, milləti ayaqda saxlayan bu adətlər, bu təfəkkürdür.
- Bu xalqın adətləri kimi özünün dili də var. Ancaq siz nədənsə həmişə rus bölməsindən yanasınız. Sizin kimi vətənpərvərliyi ali dəyər hesab edən biri niyə bu mövzuda bu cür düşünür?
- Mən elə vətənpərvər adam olduğum üçün, millətimi sevdiyim üçün rus bölməsinin tərəfdarıyam. Məgər rus bölməsində oxuyan adam vətənpərvər ola bilməz? Mən ətrafımdakı insanlara həmişə uşaqlarını rus bölməsinə qoymağı məsləhət görürəm. Dörd övladımın dördü də rus bölməsində oxuyub və onların dördü də vətənpərvərdir. Ruslar bizdən çox şey alıb, barı biz də əvəzində bunu götürək. Mən Azərbaycan bölməsinə qarşı deyiləm. Ancaq düşünürəm ki, o adamlar ki, “Rus bölməsi bağlansın” deyir həmin adamlar düşməndir. Digər tərəfdən də hazırda rus bölməsində Azərbaycan dili yüksək səviyyədə keçilir.
- Məsələ ana dili kimi tədrisdən gedir. Rusca düşünəndən sonra Azərbaycan dilini bilməyin nə önəmi var?
- Rusca düşünməklə rus kimi düşünmək başqa-başqa şeylərdir, mənə görə.
- Qəbul etsək də, etməsək də bu günün dili ingilis dilidir.
- Bizim kimi bir coğrafiyada yaşayan millət üç dil bilməlidir: Azərbaycan dili, rus dili, ingilis dili. Ana dilin, təfəkkür dilin, dünya dilin. Sən Amerikada doğulsaydın, bir ingilis dili sənə kifayət edə bilərdi. Ancaq bizdə vəziyyət başqa cürdür. Mənim Rusiyanın həm daxili, həm xarici siyasətindən zəhləm gedir. Xüsusilə də otuz ildir sərgilədikləri Qarabağ mövqeləri ilə mənim ürəyimə tüpürüblər. Ancaq dil mövzusu başqadır.
- Ötən il rus dilində ermənilərə etdiyiniz video-müraciətlər sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdı. Ermənilərdən o müraciətlərə cavab verən oldumu?
- Onlar məni tanıyır və məndən çəkinirlər. Biri məni ələ alan salan çox mənasız bir çarx hazırlamışdı. Daha sonra onu “Youtube”dən sildilər.
- Azərbaycan dilində mütaliə edirsinizmi? Ədəbiyyatımızla aranız necədir?
- Ümumiyyətlə, ədəbiyyatla aram çox yaxşıdır. Elə əsərlər var ki, həmin əsərləri ya hər il, ya da ən azı iki ildən bir oxuyuram. Azərbaycan ədəbiyyatında da sevdiyim əsərlər var. Cəlil Məmmədquluzadənin, Anarın, Maqsud İbrahimbəyovun əsərləri var. Poeziyanı da çox sevirəm. Xüsusilə də Nazım Hikmətin şeirlərini:
"Ben bir ceviz ağacıyım Gülhane parkında
Ne sen bunun farkındasın, ne de polis parkında" (gülür)
- Kinematoqrafçılar İttifaqına münasibətiniz hələ də əvvəlki kimidir?
- Mən dəfələrlə demişəm, bir daha deyirəm. Hazırda mənim üzvü olduğum Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı digər ittifaqla birləşsə, mən çıxacam. O ittifaqın üzvü olan şəxslərə ayrı-ayrılıqda hörmətim var, ancaq oranın başında bizə yaraşmayan insan dayanıb. Ona görə bizə yaraşmayan ki, biz ermənilərlə tək real yox, həm də informasiya müharibəsi apardığımız bir dövrdə həmin şəxs bizim cəbhədə deyildi. Demirəm ki, qarşı cəbhədə idi, ancaq dəqiq bizim yanımızda da deyildi. O ittifaqdakı adamlar ya bunu görmür, ya da görür və o cür də düşünürlər. Mənim o adamlarla “salam-ələykim”im var. Bəzilərinə şəxsən hörmətim də var. Ancaq mən heç vaxt o adamın rəhbərlik etdiyi bir təşkilatda ola bilmərəm və olmayacam da. O adam ki, ssenari yazır və orda göstərir ki, bu günün Bakısında rus dilində danışdığı üçün qoca gürcünü döyüb öldürürlər. Bunu yazasan, üstəlik gürcü rejissora verəsən ki, bunu çəksin. Mən belə bir adamın ittifaqında necə ola bilərəm?
- Yəni məsələ sırf ideoloji məsələdir?
- Bəli. Sırf ideoloji məsələdir. Bu gün xoşuma gəlməyən bir şey olsa, üzvü olduğum ittifaqdan da çıxa bilərəm.
- Sizdən mütləq baxılmalı olan film adlarını soruşsaq, hansı filmlərin adını çəkərsiniz?
- Əslində çox belə film deyə bilərəm. Ancaq cavabım qısaca belə olardı: “Böyük şəhərin işıqları”, “Çiyələk talası”, “Rasyemon”, Fellininin “Yol”, “Kabiriyanın gecələri”, “Səkkiz yarım” filmlər.
- Sizə elə gəlmir ki, bütün həyatınız “Yarasa”nın kölgəsində keçdi? Ayaz Salayev deyəndə ağlıma “Yarasa”dan başqa heç nə gəlmir...
- Necə də ağrılı bir sual verdin (bu cümləni üç-dörd dəfə təkrar-təkrar söyləyir). Bilmirəm, bilmirəm... Nə deyim, axı? Bilmirəm. Bu sual mənim həyatımın ən ağrılı sualıdır. “Yarasa” başlanğıc olmalı idi... (sükut çökür)