Atan soğan, anan sarımsaq, hardan oldun gülməşəkər?”
Azərbaycan ata sözü
.
Bu gün azərbaycanlı yazıçını narahat edən qlobal problemlər nədən ibarətdir? Heç zad. Arvadı qocalıb, özünün də dişləri tökülmüşdür. Bir də deyir, camaat çəngəl-bıçaq götürüb bir-birini yortmaqla məşğuldur, buna xüsusilə pis baxıram. Həqiqətən, adamlar qırılıb qurtarsa, ədiblərimizin ədəbi və əbədi əsərlərini kimə oxutdurarıq? Biri var camaat olsun, lakin kitab arası açmasın. Biri də var kitab olsun, camaat olmasın. İkincisi ən pis haldır. Bəxtiyar müəllim vaxtilə bu temada “Latın dili” şeiri yazmışdı, şeirə görə dəhşətli işgəncələrə və təqiblərə məruz qalaraq Ali Sovetin deputatı seçilmişdi.
Söz yerinə düşər, dəyərli ədibimizin əsas narahatlıqlarından biri isə hamının ev, təqaüd, fəxri ad istəməyidir. Pah-pah... Hətta vax-vax (hərəyə başa düşdüyü xalqın dilində yazmalıyıq)... Özün sovet hökumətindən dəniz qırağında aldığın imarətin külafirəngisində oturub dalğalara baxırsan, hökumətdən almadığın ad qalmamışdı (sonra bəzilərini geri aldılar, lakin tema bu deyildir), ancaq indiki cavanlar və cüvanəzənlər belə fikrə qərq olanda bunu pisləyirsən.
Şəmkirin keçmiş icra başçısı Alimpaşa müəllim demişkən, niyə belə eləyirsən axı?
O partlamaya düşüb ölənləri görmürsən?
Mövzudan uzaqlaşmaq çıxmasın, bu yaxında hardasa xəbər gözümə dəydi, deyir, Alimpaşa müəllim türmədə şeir yazır. Yox, bu dəfə güman edirik “Arazı ayırdılar” deyə çığırmır, vətən harayı qoparmır. Bəlkə içəridən “Kürdəxanı dəftəri”, “Dörd divar arasında”, “Pəncərədən görünən göy üzü”, nə bilim, canım sənə desin, “Hanı mənim pullarım, anne” mövzu və başlıqlarını əhatə edən poemalarla çıxacaqdır. Çünki yazıçı həyatdan yazmalıdır. Hansısa məşuqun bal dodağını, lalə yanağını, nə bilim, aşiqin silikonlarını, sponsor həcinin təsbehini tərənnüm edən poeziya bizə lazım deyildir. Atalar demişkən, poe-ziyanın yarısından qayıtmaq da yeydir.
Əlqərəz, yazıçımız dünyanın taleyindən narahatdır. Lakin onu ən çox narahat edən yuxarıda sadaladıqlarımız yox, keçmiş arkadaşları olan, medallarını zamanın narahat küləklərindən qoruyub saxlamış ədiblərimizə qoşulub... gülə bilməməyi imiş. Zarafat eləmirəm, əziz oxucunun bu cızma-qaranı oxumağa sərf elədiyi bitlərə və baytlara, bəlkə meqabaytlara and olsun ki, elə bu cür də söyləmişdir. Sitat: “Bunların hamısı ağlamalıdır. Ancaq burası bəlkə daha çox ağlamalıdır ki, biz – Filankəs və Behmankəslə (sənətkarların adını çəkibdir, lakin mən yazmıram, mənası olmadığı üçün) bundan sonra bir də heç vaxt heç nəyə bir yerdə gülməyəcəyik”.
Söhbətin kodunu bir az da açsaq, yazıçımız deyir ki, bu saat Azərbaycanda ərin arvadını bıçaqlamağı, sənətkarların ad davası, dünyada koviddən qırılanlar, arvadların qocalmağı, yazıçıların saçının ağarması, pomidorun bahalaşması, xiyara qurd düşməsi, Almaniyada daşqınlar, Tokioda coşqunlar, Əfqanıstanda basqınlar, bambılı kliplərimizdə küskünlər, televizorda pırpız tellə şeir oxuyan miskinlər (qafiyə tuturam, burda da məna aramayın) və sairə və ilaxır bəlkə yola veriləndir, təki üç dənə yazıçı bir yerdə nəyəsə güləydilər.
Hələ insafən orda “bəlkə” sözünü işlədib, yəni, tam hökm verməyibdir, vəziyyətin müqəddəs üçlüyün gülüşləri olmadan düzəlmək ehtimalına yer ayırıbdır.
Tərs məntiq tələb edir ki, hökumətimiz sərəncam versin, tədbirlərə əl atsın, bu üçlüyü hansısa yolla təzədən bir yerə toplasın, uca sənətkarlarımız qəhqəhə ilə, şaqraq gülüşlərlə, nə bilim, Cokonda təbəssümü, şeytan qımışması ilə – kimə hansı yarayırsa – gülüşsünlər və dünyanın vəziyyəti də düzəlsin. Ən ağlamalısı düzələndən sonra, dünya nə qələt edir gülmür?
Üç yazıçımızı güldürmək üçün lazım gəlsə Rafael və Coşqun konsert verməlidir. AzTV hava proqnozu yerində də Çarli Çaplinin kinolarını göstərməlidir. Hətta iqtisadi potensialımız var ki, rəhmətlik Arif Quliyevi dirildib gətirək, səhnəyə çıxsın.
İndi söz əlaqədar təşkilatlarındır – bəs siz bir yerə toplaşıb gülüşə bilirsinizmi?