Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kitabına icazə verilməyən azərbaycanlı alim: “Güneydə daha orijinal əsərlər yaranır” – Müsahibə



Kitabına icazə verilməyən azərbaycanlı alim: “Güneydə daha orijinal əsərlər yaranır” – Müsahibə

Kulis.az "Sözün Güneyi" layihəsindən Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, Güney Azərbaycan ədəbiyyatının tədqiqatçısı, filologiya elmləri doktoru Esmira Fuadla müsahibəni təqdim edir.
- Esmira xanım, çağdaş Güney Azərbaycan ədəbiyyatı hansı spesifik cəhətlərinə görə diqqət çəkir?
- Bu gün Güney Azərbaycanda ədəbi prosesə ötəri bir göz atsaq, modern, postmodern, metamodern, avanqard ədəbiyyatın gəlişməsinin, klassik, yazarların ənənəvi ədəbiyyatı yeni yanaşma üsulu ilə çağdaşlaşdırmaq cəhdlərinin şahidi olarıq. Yəni, 21-ci əsrin birinci rübündə yeni ədəbi cərəyanlarının hər biri Güney ədəbiyyatı üçün aktualdır. Tərz, üslub fərqinin, inkar və istehza elementlərinin, yenilənmə cəhdlərinin, “struktur və stil özəlliyinin, bədən və ruh anlayışının, insan və təbiət münasibətlərinin, dəyərlərə təkrar baxışın və interpretasiyasının, yer və göy sevgisi arasındakı harmoniyanın itməsi, doqmaların dağıdılması” məsələlərinin ədəbi müstəviyə gətirilməsinin şahidiyik...
Ədəbi əsərlərin dilində üç yön özünü göstərir. Yazarlardan bəziləri Anadolu türkcəsində, bəziləri Quzey Azərbaycanda mövcud olan ədəbi dildə, bəziləri isə ortaq türkcədə yazmağa üstünlük verirlər.
Sualınızın cavabını Məhəmmədrza Ləvayinin fikirləri ilə tamamlamaq istəyirəm: “Kimliyi inkar edilən, şiddət və assimilyasiyaya məruz qalan Güney Azərbaycan ədəbiyyatçısı özünü ədəbiyyatda qorumağa çalışır, ədəbiyyatını həm dil, həm də fəza baxımından qorumaq üçün cəhd edir, həm Quzey, həm də Türkiyə ədəbiyyatına yanaşır, amma hər ikisindən də fərqlənir, eyni zamanda Güneydəki müqavimət ədəbiyyatının Quzey Azərbaycan və Türkiyə ədəbiyyatından ətkilənir və bir ayrıcalıq, özəllik daşıyır... Bunlar hamısı türk ədəbiyyatıdır. Buna görə də, Güney ədəbiyyatı həm Türkiyə, həm də Quzey Azərbaycandan çox şeylər alır... Sadəcə dil deyil, düşüncə də alır və... Güney ədəbiyyatının bəzi xüsusiyyətləri Latın Amerikası ədəbiyyatı ilə oxşardır...
Tərcümə əsərləri xalqların bir-birini daha yaxından tanımasına, yazarların həmin əsərlərdən faydalanmasına vəsilə olur. Dünya ədəbiyyatından, tarix və mədəniyyətin müxtəlif sahələrini əhatə edən örnək əsərlərin ana dilinə çevrilərək oxuculara sunulması Güneydə ədəbi prosesin hər zaman diqqət mərkəzində olub. Güney Azərbaycanda bu sahədə də çox iş görülüb və bir tərcümə hərəkatı başlanıbvə hızla gəlişməkdədir”.
- Cənubda şeir ənənəsi güclü olub. Bu ənənənin modernizasiya prosesi necə gedir?
- İstər forma, istərsə də məzmunca, içərik baxımından da modern şeirdə bu prosesə ilk başlayan Əlirza Nabdil Oxtay olub. Böyük anlayışları, qlobal düşüncələri qapsayan imgələr, obrazlar yaradan Oxtayın şeirləri içərik baxımından azad, sərbəstdir, bədiiliyi, poetikası, şeirsəlliyi ilə də klassik şeirdən büsbütün fərqlidir. Beləliklə, Oxtayın başlatdığı və bu gün Vətən, bağımsızlıq, milli kimlik, ayrılıq, Güney türklərinin haqq və hüquqlarının təmini və s. məsələləri hədəfə alan çağdaş dövr türk şeirində çeşidli mövzular yer alır, ənənəvi klişe və standartlardan uzaq bir şəkildə inkişaf edir. Çağdaş dövrün şairləri “insan” yaradacaq, ruhunu təlatümə gətirəcək şeirlər yazmaq, bu mövzuları qapsamaq üçün həyatın dibinə enir, siyasətin təkcə görünən tərəflərinə deyil, eyni zamanda görünməzlərinə, pərdəarxasına baş vurur, məişətin alt qatını, insanın gündəlik həyatda yaşadıqlarını, getdikcə gəlişib inkişaf edən elmin, texnikanın yeniliklərini, hətta mətbəxdə baş verənləri belə, ütüsüz-boyasız, tamamilə yeni bir formada modern şeirə gətirirlər. Məhz bu yanaşma sonucunda Dr. Hüseyn Süleymanoğlu “Bilimsəl”, Ziba Kərbasi “Nəfəs”, Nadir Əzhəri “Donuq şeir planı”, son zamanlar isə “Arəstə mücərrəd” adlandırdığı öz “Nano” şeirini, Məlihə Əzizpur, Ərgin Avşar, Məsud Haray “Flash fiction - Fləş fikşn”, minimalist, başqa sözlə kibriti şeir və öykülər yazaraq Güneydə dinamik inkişaf edən yeni şeirdə xüsusi tərz yaradırlar.
Qısacası, bu gün Güney Azərbaycanın gənc şairləri bəzən bircə söz də fırtına qopara bilər amacıyla “Avangard şeir”ə daha çox maraq göstərir, orta və yaşlı nəsil yazarları isə həm ənənəvi, həm yeni, sərbəst-modern şeirə üstünlük verməklə maraqlı mövzuları fərqli biçimdə ifadə etməyə, istənilən yerindən açıb oxuduqda maraqlı ola biləcək modern əsərlər yaratmağa çaba göstərirlər. Araşdırmaçı Hümmət Şahbazi, Nasir Merqatı, Həmid Nitqi, Həmidə Rəiszadə Səhər, Hadı Qaraçay, Kiyan Xyav, Saleh Ətayı, Həmid Şəhanəqi, İsmayıl Mədədi Ülkər, Nıgar Xyavı, Məhəmmədrza Ləvayı və Lalə Cavanşıri modern şeirin özəlliklərini məniməsəyən şairlər olaraq dəyərləndirir.
- Nəsr sahəsində daha konkret nələrdən və kimlərdən danışmaq olar?
- Bir ulusun ruhu onun sənət növlərində, özəlliklə ədəbiyyatında imkanlar kəşf edərək, özünü göstərə bilir. Güney Azərbaycan ədəbiyyatında yeni bir dalğa, güclü nəsr-düz yazı örnəkləri ərsəyə gətirən yazarlar nəsli yetişib. Nasir Mənzuri, Vali Gözətən, Kiyan Xiyav, Fəriba Vəfi, Həmid Arğış, Rüqəyyə Kəbiri, Vəhid Məliki, Məmmədrza Ləvayi, Hamid Əhmədi, Tağı Fazili, Əziz Səlami, Əlirza Zihəqq, Əli Daşqın, Aqşin Ağkəmərli, Güntay Gəncalp, Eyvaz Taha, Əli Nurvəş Çağla, Nadir Paşa, Səhər Xiyavi, Sara Turi, Ruqəyyə Əbdüli Sazaq və b. yazarlar bu gün ciddi nəsr yaradıcılığı ilə məşğuldurlar.
1990-ci ildən etibarən start götürən modern ədəbiyyat dalğaları hələ şeirin uzun əsrlərdən bəri hökm sürən klassik formasını və məzmununu dağıtmaqla yanaşı, özünü keçmişdə çox nadir hallarda yazılmış roman, povest, hekayə, dramaturgiya və nəsr janrında da sınadığını bildirən Ərəstu Mücərrədi, Nasir Mənzurinin “Avava”, “Qaraçuxa”, Ə.M.Ağdaşlının “Şaman”, Əhməd Xeyrullapurun “Alzaymer”, Saleh Ətayinin “Mənim adlarım”, Ərəstu Mücərrədinin “İtən kölgələr”, Rüqəyyə Kəbirinin “Evim”, “Yerdən uca torpaq”, “Quşlar daha qorxmurlar”, “Aclıq baratası”, Elçin Həsənzadənin “Qıl körpüsü”, Vəhid Məlikinin “Adsızlar”, “İyirmi birinci qərnin mərəzi”, Hafiz Xiyavinin “Alça gözündən gəlsin” romanlarını, Eyvaz Tahanın “Qurşun hardan açıldı” povestini, Kiyan Xiyavın “İydə bulvarı”, Davud Dustdarın “Hobbana”, Hamid Əhmədinin “Tutmaz tora”, “Tapılmaq üçün itmək”, “Bir dialektik həcc yolçuluğu”, Qəfur İmamizadənin “Qırmızım”, “Sümükləri qalmışdı”, Saleh Ətayinin “Don Kixot və Dəli Domrulun körpüsü”, İsmayıl Xürrəminin “Ayaq üstə ölülər”, Rza Kaziminin “Bu şəhər üstdən şeytan toruna oxşayır”, “O it mənə baxırdı”, Rəsul Qədirinin “Ölməzlik” hekayə-öykü toplularını modern ədəbiyyatın örnəkləri sayır...
Əli Daşqının “Kor bayquş”, “O da məndim, bu da mənəm”, Əli Nurvəş Çağlanın “Dəlilərin sevgisi” və “Niyar karvanı”, Ülkər Ucqarın “Balıqçı əllərinə doğru” romanları, Həmid bəy Arğışın (Rüstəmi) “80 il hekayəmiz”, Araz Əhmədoğlunun “Son tüfəng”, Züleyxa Nailin (Siyaməkxani Bozqurd) “Sızanaq”, N.Sübhinin “Soyuq gecə” hekayə topluları, Elyar Poladın, Nadir Paşanın silsilə öyküləri, Mirmusa Haşıminin “Bir əsgərin xatirələri” xatirə-romanı da son çağ Güney nəsrinin uğurlu örnəklərindən sayıla bilər.
Güneydə ana dilinin ən incə özəllikləri dilçi alim, qüdrətli yazar Nasir Mənzurinin irihəcmli “Avava” və “Qaraçuxa” romanlarının sətirlərində sərgilənir.
- Əlifba məsələsi qarşılıqlı oxunmada bizə çox mane olur. Razısınızmı?
- Əlbəttə, əlifba fərqi o taylı-bu taylı Azərbaycan ədəbiyyatını yaradan aydınların bir-birinin əsərlərini oxumasına çətinlik törədib və bu gün də törədir. Arxiv materiallarının çox hissəsi bu nədənlə oxucuların əksəriyyətinin üzünə bağlıdır. İndi də orfoepiya məsələsi çıxıb gündəmə.
- Nə qədər maneələr olsa da, cənubda ədəbi mühit də var, kitablar da çıxır və şimaldan şeirlər, hekayələr, hətta romanlar əski əlifbaya uyğunlaşdırılaraq yayılır.
- Bu, günün reallığıdır və istənilən qədər örnəklər saya bilərəm... Güneydə artıq münbit ədəbi mühit formalaşıb...
- Şimali Azərbaycan ədəbiyyatının Cənuba təsiri barədə nə deyə bilərsiniz?
- Sözsüz ki, Güney ədəbiyyatına Quzey yazarlarının əsərlərinin, buradakı ədəbi dilin təsiri böyükdür. Keçən əsrin 50-60-cı illərindən başlayaraq bu ətkilənmə daha çox olub. B.Q.Səhəndin, K.M.Sönməzin, H.M.Savalanın, 1946-cı il hadisələrindən sonra Quzeyə pənah gətirən Ə.Tudə, S.Tahir, B.Azəroğlu, M.Gülgün, H.Bülluri, İ.Cəfərpur, Ə.Hüseyni və b. yaradıcılığında Quzey Azərbaycan ədəbiyyatının, daha çox Səməd Vurğunun və buradakı ədəbi dilin təsiri aydın hiss olunur.
Bu gün isə bütövlükdə o taylı-bu taylı ədəbiyyatın bir-birinə təsiri qaçılmazdır. Hətta deyərdim ki, artıq balans Güney ədəbiyyatının xeyrinə dəyişib, çünki Güneydə gəlişən söz sənəti son çağda daha orijinal əsərlərlə gündəmi tutur, sınırları sürətlə aşır, uluslararası yarışmalarda Fəriba Vəfi, Ruqiyyə Kəbiri, Ülkər Ucqar, Qafur İmamizadə kimi yazarlar önəmli ödüllərə sahiblənirlər…

              

- Cənubda həm də milyonlarla potensial oxucu və tamaşaçı var... Bir anlıq düşünəndə ki, biz o auditoriyaya maneəsiz çıxa bilsək, nələr olar, adam lap həyəcanlanır...
- Çox doğru söyləyirsiniz. Güney xalqı bütün zamanlarda Quzey ədəbiyyatına və burada mövcud olan həyata, yaşam tərzinə maraq göstərib. İctimai-siyası məsələlərdə, mühüm tarixi mərhələlərdə Güney türkləri Quzeyin arxasınca gedib, Bakının simasında daim özlərinə arxa, dayaq görüb, ümid yeri sanıblar. Şairləri milli bayrağımızı, dövlətimizi öyüblər, ədəbiyyatımızın alovlu təbliğatçısı olublar. B.Vahabzadə, Y.Səmədoğlu, R.Rövşən, V.Səmədoğlu, R.Behrudi, B.Vəziroğlu, S.Səxavət, İ.Yaşar, Ə.Ol, M.Yaqub və digər yazarlarımızın əsərlərini böyük tirajla çap edərək yayıblar. Amma təəssüf ki, bu gün də Güneydə hər əsərə çap azadlığı verilmir. Örnək olaraq deyə bilərəm ki, “Güney Azərbaycanda çağdaş ədəbi proses” kitabımın yayımına İrşadi-İslam idarəsi rəsmi şəkildə icazə vermədi, amma “Söz sərrafı Şəhriyar” monoqrafiyam 2019-cu ildə Tehranda əski əlifbada çap olundu.
- Gəlin, yenə konkret imzalar üzərində dayanaq. Müasirlərimizdən başqa kimləri oxumağı məsləhət görərdiniz?
- Ustad Şəhriyarı və klassikləri, Səhənd, Rza Bərahəni, Səməd Behrəngi, Qulamhüseyn Saidi (Gövhər Murad), Nasir Mənzuri, Əliza Nabdil Oxtay, Əziz Səlami, Heydər Bayat, Nigar Xiyavi, Məhəmmədrza Ləvayi, Ruqiyyə Kəbiri, Vüqar Nemət, Hümmət Şahbazi, Hadi Qaraçay, Oqtay Vətənxah, Əkrəm Dorosti, Süsən Nəvadeye Rəzi, Ramin Cahangirzadə, Məsud Haray, Rəsul Qədiri, Məhəmməd Abedinpur və adlarını çəkə bilmədiyim digər yazarların əsərlərini oxuyuram və oxumağı önərirəm.
- Xanım yazarların aktivliyi də ürəkaçan faktdır. Onlardan Ruqiyyə Kəbiri kimi Bakıda kitabı çıxanlar da var.
- Eyvaz Tahanın Ruqiyyə Kəbiri haqqında deyir: “Şeirin hələ də baş alıb getdiyi bir vaxtda nəsr çatışmazlığımız göz qabağındadır; həm elmi nəsr, həm də bədii nəsr. Dəfələrlə demişəm: demokratik bir toplumun yazı janri nəsrdir. Özəlliklə bədii nəsr. Ruqəyyə Kəbirinin öyküləri, romanları estetik həzzi ilə yanaşı bu baxımdan önəmlidir. Son vaxtlar güneydə onun qədər professional bədii nəsr yazan olmamışdır. Buna vətəndaş toplumun gerçəkləşməsinə doğru atılan addım kimi baxmalıyıq.” Bu fikirlər son dərəcə obyektiv dəyərləndirmədir. Səkinə Purhəsən, Məlihə Əzizpur, Ülkər Ucqar, Fəriba Vəfi, Nigar Xiyavi və digər xanım yazarların da kitabları Bakıda “Qanun” nəşriyyatında yayınlanıb.
- Həm də Güneydən gəlib Bakıda yaşayan imzalarımız var: Dalğa Xatınoğlu, Ümid Nəccari, Sayman Aruz və başqaları...
- Dalğa Xatınoğlu, Ümid Nəccari, Sayman Aruz - hər üçü ədəbiyyatda öz sözlərini deməyi bacarmış qələm adamlarıdır. Aruz həm şeir yazır, həm də “Yüz il inqilab” adlı nəsr əsəri də məlumdur. Dalğa Xatınoğlu və Ümid Nəccari isə yalnız şeirlər yazır. Dalğa “Heç nəyini sevdim” şeirində çox səmimidir, sətirlərdə yansıtdığı sevgi doğaldır, təmənnasızdır, riyasız-boyasız, süni bər-bəzəksiz özünü bədii ifadədir. Dalğanın dəniz tək dərin hisslərinin sözlə ifadəsinə inanmamaq mümkün deyil... Sevdalanmış gənclərin etirafları canlı, sadə, həm də özəldir:
Utanırdı, qulağıma söylədi astaca,
Yalnız bir qulağım eşidəcək qədər asta: “Sevirəm”.
Ah bə,- bağırdım: - Bu sayaq sevməyini sevdim.
Üzülürdü, üzünü üzümə söykədi astaca,
Yalnız bir gözüm görəcək qədər yaxın...
Dişləyib daddım gözündən saçan ışıq şüasını,
Özü kimi duzlu-duzlu gəlirdi göz yaşı...
Ah bə, - bağırdı - Mən sənin heç nəyini sevdim...
- Eyni zamanda, sizin akademiyada və Azərbaycan Yazıçılar Birliyində müvafiq şöbə və bölmələr də var.
- Bəli, AMEA-da Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi var ki, burada 1976-cı ildən bəri Güney ədəbiyyatı ardıcıl, həm də sistemli şəkildə araşdırılır. AYB-də də uzun illər Balaş Azəroğlunun, bu gün isə Sayman Aruzun başçılıq etdiyi eyni adlı şöbə fəaliyyət göstərir.
- Cənubda tənqid və ədəbiyyatşünaslıq nə yerdədir?
- Güney Azərbaycan ədəbiyyatının çox önəmli qolu olan ədəbi tənqidin gəlişməsi ədəbi fikirdə özünü göstərən elmi-nəzəri problemləri öyrənmək, həmin problemləri, çatışmazlıqları tədqiq etməklə bağlıdır. Yaranan əsərlər haqqında obyektiv fikirlərə söykənən yazılar, qərəzsiz dəyərləndirmə əsasında, obyektiv yanaşma ilə qələmə alınan məqalələr, polemika və diskussiyalar yönləndirici funksiyası ilə ədəbiyyatşünaslıq, ədəbi tənqid sahəsində böyük rol oynayır. Gəncəli Səbahinin silsilə ədəbi-tənqidi məqalələrinin yer aldığı “Şeirimiz zamanla addımlayır” kitabı bu yöndə ən gözəl örnəkdir.
20-ci əsr Güney ədəbiyyatşınaslığı, eləcə də ədəbi tənqid sahəsindəki boşluğu Ustad Məhəmmədhüseyn Şəhriyarın əsərlərinin araşdırılması sonucunda ərsəyə gələn tədqiqat əsərləri qismən də olsa, doldurmaqdadır. İranda və Güney Azərbaycanda ardıcıl olaraq Şəhriyarın yaradıcılığını sevə-sevə tədqiq edən ədəbiyyatşünas alimlərdən həyatda olanları - Böyük Nik Əndiş Nobər, Nüsrətulla Fəthi Atəşbəyli, Lütfulla Zahidi, Əhməd Kaviyanpur, Cəmşid Əlizadə, Əbülfəz Əli Məhəmmədi, Hümmət Şahbazi, Məhəmməd Rəhmanifər, Məhəmməd Rasipur, Ələkbər Radpur, Məryəm Müşərrəf və başqaları bu gün də öz tədqiqatlarını davam etdirir və ədəbi tənqidin gəlişməsinə öz töhfələrini verirlər.
Qeyd edək ki, 20-ci əsr Güney Azərbaycan ədəbiyyatında poema janrının öyrənilməsi və tədqiqi məsələləri də daha çox ustad Şəhriyar və onun sənət möcüzəsi - “Heydərbabaya salam” poeması ilə bağlıdır. İran və Güney Azərbaycan şeirinin və ədəbi tənqidin ünlü simaları İrəc Mirzə, Məlik üş-şüara Bahar, Əbdüləli Karəng, Mehdi Rövşənzəmir, Əli Zəhri, Nüsrətulla Fəthi Atəşbəyli, Seyid Məhəmmədhüseyn Mübəyyin, Yəhya Şeyda, Böyük Nik Əndiş və b. şairin həyatı, zəngin poeziyası və özəlliklə “Heydərbabaya salam” poeması haqqında fikirlər söyləmiş, araşdırmalar aparmışlar.
Keçən əsrin sonlarında və 2010-cu illərdə Çağdaş Güney Azərbaycan aydınlarını ən çox düşündürən məsələ ölkədə məhz professional ədəbiyyatın yarana bilməməsinin səbəbləri idi. Çağdaş dövrün ünlü şairləri - Hadi Qaraçay, Səid Muğanlı, Nadir Əzhəri, Hümmət Şahbazi, dr. Hüseyn Süleymanoğlu, Ruqiyyə Kəbiri, Kiyan Xiyav, Məlihə Əzizpur, Elşən Böyükvənd, Qadir Cəfəri və b. bunun səbəbini Güney Azərbaycan ədəbiyyatında bu gün yeri daha çox hiss edilən tənqidçilərin olmamasında və ədəbi tənqid xarakterli yazıların azlığında görürlər. “Yəni, özəlliklə gənc yazıçı nəslinin daha da güclənməsi üçün tənqidçinin olması çox önəmlidir. Çünki tənqidçi yazılan əsərlə oxucu arasında bir körpü kimi sayılmaqdadır və yaranan hər sənət türü özəlliklə ədəbi əsərlərin yeni qazanclarına yol açar. Bu gün bu boşluq getdikcə daha da hiss olunmaqdadır (Məlihə Əzizpur)”.
Çağdaş ədəbiyyatda imzası olan hər bir qələm adamına qısqanclıq duyğusu ilə yanaşmadan yüksək dəyər verməyi bacaran, ədəbi-tənqidi fikirlərini məqalə və kitablarında sərgiləyən Nasir Mənzuri, Hümmət Şahbazi, Əziz Səlami, Eyvaz Taha, Nadir Əzhəri, Səid Muğanlı, Məlihə Əzizpur, Əkbər Azad, Həmid Arğış, Əli Daşqın, Rza Həmraz və b. bu boşluğu aradan qaldırmaqdadırlar.
- Sizcə, niyə bu gün Azərbaycan şeirində sovet zamanındakı kimi cənub mövzusu yoxdur?
- Zəngin tarixə malik qədim türk yurdu Azərbaycan iki imperiya dövləti - İran və Rusiya arasında bölünsə də, mədəniyyətimizin milli-bəşəri və dünyəvi dəyərlər əsasında zənginləşməsinə heç vaxt əngəl törədə bilmədilər və ədəbi-tarixi ənənələrə söykənən söz sənətimizdə yüksək mənəvi-əxlaqi dəyərlər, bədii-estetik ideyalar yenə də ədəbiyyatın mövzusuna çevrildi. Nəticədə Quzey Azərbaycanda M.F.Axundzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir, C.Cabbarlı, M.S.Ordubadi, S.Rəhimov, S.Vurğun, M.İbrahimov, S.Rüstəm, R.Rza kimi müqtədir yazarların Cənub mövzusunda yaratdığı ənənələri 20-ci əsrin 50-80-cı illərində Azərbaycan poeziyasında B.Vahabzadə, N.Xəzri, Ə.Kürçaylı, Q.Qasımzadə, N.Həsənzadə, A.Zeynallı, C.Novruz, M.Araz, X.Rza, habelə Güney Azərbaycandan Bakıya pənah gətirən və yaradıcılığı bilavasitə Güneylə bağlı olan B.Azəroğlu, Ə.Tudə, S.Tahir, M.Gülgün, H.Billuri, İ.Cəfərpur və b. uğurla davam etdirdilər. Bu yazarlar böyük Vətənin Arazın o tayındakı parçasını, orada yaşayan soydaşlarımızın həyatı, mübarizə tarixi, yaşam tərzi, adət-ənənələri, mifoloji görüşləri, folkloru və s. məsələləri əks etdirən və böyük tarixi-ictimai, ədəbi-mədəni və bəşəri əhəmiyyət kəsb edən müxtəlif janrlı əsərlər yaradaraq ədəbiyyatımızı daha da zənginləşdirdilər. Bu günün prizmasından baxdıqda, həmin prosesin ləngidiyini görürük. Bəlkə də səbəbi bu taydan o taya gedən yolların qısalmasında, iki əsrə yaxın sürən özləmin sona çatmasında, ayrılıq dərdinin sakitləşməsində axtarmalıyıq. Ya da yuxarıdan göstərişin gəlməsi lazımdır. Axı, bizlər nə qədər möhtəşəm işlərə imza atsaq da, eyni zamanda “Ura!” psixologiyası ilə yaşamağı, əmrlərə boyun əyməyi sevirik. İnanın, əgər sabah ən yuxarı səviyyədə dəstək verilsə, yazarların əksəriyyəti qələmə sarılacaq və Güney Azərbaycan mövzusunda möhtəşəm əsərlər yaratmaqda yarışa girəcəklər!..
- Lakin əksinə, cənublu şairlər Qarabağdan şeirlər, hətta poemalar yazırlar...
- Heç şübhəsiz, Birinci Qarabağ savaşında yaşanan faciələr, işğal, əsirlik və itkinliklər, ağrılı olaylar Güney və Quzey ədəbiyyatına necə yansımışdısa, 44 günlük İkinci Qarabağ savaşı, dünyanı heyrətdə qoyan Şuşa zəfəri və bir də Qarabağın, Şuşanın simvoluna-simgəsinə çevrilən Xarıbülbül gülü, beləcə, ən qısa zamanda ədəbiyyatın mövzusuna çevrildi. Təbrizli şair Rəsul Qədiriyə, eyni zamanda Bəhram Əsədiyə Xarıbülbül və Ağabəyim ağa ilə bağlı kədərli əhvalatı danışdım, yeni əsər üçün ən gözəl mövzu olduğunu söylədim. Bəhram bəy eyni adlı şeir, Rəsul bəy isə Qarabağa və Xarıbülbülə həsr elədiyi və 30 iyunda Kulis.az -da yayınlanan “Xarıbülbül” poemasını qələmə aldı... “Xarıbülbül” poeması Sizin saytda yayımlandığından Bəhram bəyin eyni adlı şeirini oxucularınızın diqqətinə sunuram:
İllər oldu ayrılığın,
İtirdinmi arı, bülbül?
Yoxsa köksünü deşdimi?
Ayrılığın xarı, bülbül?
Nalələri ucalmışdı,
Özün qəfəsə çalmışdı,
Boynu bükülü qalmışdı,
Çox etmişdi zarı bülbül...
Canın sıxdı qanlı qəfəs,
Azadlığa etdi həvəs,
Qulaqları ala bir səs,
Düşürürdü darı bülbül...
Otuz il, hicranın sonu,
Çağırdı bir sevən onu,
Gördü vətən ordusunu,
Çiçəkləndi xarı bülbül...
İlin gözəl çağlarında,
Qarabağın bağlarında,
Gözəl Şuşa dağlarında,
Axtarıram yarı bülbül...
Yar-yar deyə yara çatdın,
Şəkəri şərbətə qatdın,
Ay Allahım, nə yaratdın?|
Yarı çiçək, yarı bülbül...
Şükür olsun yaradana,
Balaya qovuşdu ana
Yoxlar oldu “Sınmaz” fəna,
Aldı ələ varı bülbül...
Qeyd edim ki, Arazın hər iki qıyısında yazarlarımız hələ də susmayıblar. Şanlı əsgərlərimizin, ordumuzun, igidlərimizin, milli qəhrəmanlarımızın ədəbiyyatda daha parlaq obrazını yaratmaq əzmi ilə qələmlərini sınamaqda davam edirlər.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10