Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Narkomaniyanın qarşısını necə almalı?


Son günlər ölkə gündəminin əsas müzakirə mövzularından biri narkotik vasitələrin, xüsusilə də kimyəvi tərkibli narkotik təsirlərə malik həblərin çox ucuz qiymətə və açıq şəkildə satılmasıdır. Sosial şəbəkə istifadəçiləri yazırlar ki, Azərbaycanda onlayn şəkildə, əsasən də “Instagram” vasitəsilə “patı”, “şüşə” adlandırılan narkotiklər, eləcə də “Metamfetamin”, “Tramadol” kimi psixotrop maddələr satılır, həm də çox ucuz qiymətə – 3-5 manata. Ölkənin bir çox yerlərində bu vasitələrdən istifadə edənlərin sayında kəskin artım olduğu barədə həyəcan təbili çalınır. 
Narkomaniyanın qarşısının alınması üçün dövlət hansı addımları atır və atmalıdır? Mütəxəsisslərin hansı təklifləri və məsləhətləri ola bilər?
Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Zamin Əliyev “Press Klub”a açıqlamasında Mərkəzə müraciət edənlərin sayında artım olduğunu vurğuladı:
“Bu, həm narkotik qəbul edənlərin sayının artması, həm də Mərkəzin apardığı aktiv müalicə işləri ilə bağlıdır. Çünki cəmiyyətdə artıq belə bir fikir formalaşıb ki, Mərkəzə çəkinmədən müraciət etmək olar, onların məlumatlarının məxfiliyi qorunur, normal müalicə kursu aparılır. Əvvəl bu proseslərdə çətinliklər var idi. İndi isə normal şəkildə müraciət etmək imkanları var”.
Həkim-narkoloq deyir ki, narkotik istifadəçilərinin sayında keçən ilə nisbətən artım mövcuddur:
“Bu baxımdan maarifləndirmə işlərini media nümayəndələri vasitəsilə də aparmalıyıq. Bizə bu yöndə dəstək olsanız, çox yaxşı olar. Narkotikdən asılı olan şəxsləri müalicə etməzdən əvvəl, onların həmin yola düşməsinin qarşısını almaq ilk növbədə bizim məqsədimiz olmalıdır. Çünki asılı olan şəxsləri artıq müalicəyə götürmüşük və onların sağalması uzun bir prosesdir. Müalicə alıb, sağalmaq isə hər bir xəstənin öz iradəsindən asılı olan bir məsələdir, xəstəlik xroniki xəstəlikdir və yalnız həkimdən, xəstədən asılı deyil. Burada bütün cəmiyyət bir olmalıdır. Xəstəyə həkim, ailəsi, ətrafı, özü – hər bir şəxs köməklik göstərməlidir. Şəxsin tibbi cəhətdən sağalması ilə yanaşı, cəmiyyətə adaptasiyası da təmin olunmalıdır. Sağalan xəstələrimiz az deyil”.
Z. Əliyev narkotik aludəçilərinin yaşı ilə bağlı statistikanı da diqqətə çatdırdı:
“Statistikaya əsasən 25-45 yaş arası olan şəxslərdə aludəçilik daha çoxdur. Narkotik istifadəçiləri arasında gənclər, yaşlılar az deyil. 18-65 yaş arası statistik rəqəmlərə əsasən bunları qeyd edə bilərik. Təəssüf ki, xəstələrin arasında qadınlar da var”.
Ağ ölümlə mübarizədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün görülən inzibati tədbirlər də ciddi əhəmiyyət daşıyır. DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Nadir Məmmədov “Press Klub”a açıqlamasında 2021-ci ilin 6 ayı ərzində narkotiklərlin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində 4 mindən çox cinayət faktının qeyd alındığını və qanunsuz dövriyyədən 1 ton 800 kq-dan artıq müxtəlif növ narkotik vasitələrin çıxarıldığını bildirdi:
“Azərbaycandan narkotiklərin tranziti üçün istifadə olunması və qaçaqmalçılıq yolla daşınmasının qarşısını almaq istiqamətində tədbirlərimiz davam etdirilir. Ötən müddət ərzində Daxili İşlər Nazirliyi tərəfindən 300 kiloqramdan çox narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb”.
Narkomaniya probleminin həllinə xidmət edən mühüm addımlardan biri də cəmiyyətdə, xüsusən də yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “Press Klub”a açıqlamasında deyilənlərin əksinə olaraq, narkotik aludəçiliyi, narkotik istifadəçiləri ilə bağlı artımın qeydə alınmadığını söylədi:

“Son 5 ili əvvəlki 10-20 illə müqayisə etsək, azalmanın olduğunu müşahidə edə bilərik. Nümunə üçün qeyd edə bilərəm ki, yetkinlik yaşına çatmayanlar arasında narkotiklərin satışı ilə bağlı açılan cinayət işləri 2020-ci ildə yalnız dörd fakt olub. Narkotik istifadəçiləri arasında uşaqların sayında da azalma var. Bu cür problemlərin aradan qaldırılması Dövlət Komitəsinin prioritet məsələlərindən biridir. Zorakılıq, narkotiklərlə mübarizə, insan alverinə qarşı mübarizə, yetkinlik yaşına çatmayan insanların hüquqlarının müdafiəsi kimi işlər Komitənin prioritet işlərindəndir”.
E. Səfərov ailə üzvlərinin, qadınların, yetkinlik yaşına çatmayan şəxslərin narkotik və ya alkoqol asılılığının aradan qaldırılması ilə bağlı Dövlət Komitəsi tərəfindən bir çox maarifləndirici tədbirlər həyata keçirildiyini, bu sahədə araşdırmaların da aparıldığını qeyd etdi:
“Bütün bu işləri QHT-lərlə bərabər regionlarda da aparırıq. Nəticə oktyabr ayında ictimaiyyətə təqdim olunacaq. Təbii ki, bu sahədə maarifləndirmə və təbliğat işləri gücləndirilməli, araşdırmalar daha dolğun və davamlı şəkildə aparılmalı, hər regiona uyğun müvafiq preventiv mexanizmlər formalaşdırılmalıdır”.
Şöbə müdirinin sözlərinə görə, Dövlət Komitəsi tərəfindən bu sahədə roliklər, kitablar, bukletlər, elektron məhsullar hazırlanır, sosial şəbəkələrdə təbliğat aparılır, Dövlət Komitəsinin Facebook, YouTube, Instagram səhifələri və saytı vasitəsilə maarifləndirmə, təbliğat işləri aparılır:
“Bütün bunlar BMT, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində davamlı şəkildə aparılmalıdır. Bu yöndə çalışırıq. Təəssüf ki, bu cür hallar bütün dünyada olduğu kimi, Azərbaycanda da var. Bizdə qurbanlarla da işlər aparılır. Daxil olan siqnallara əsasən narkotik aslılığı olan şəxslər, narkotik istifadə edən qadınların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası yönündə bir sıra işlər aparılır”. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10